Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Azad Qaradərəli "Hörgü" (Hekayə)


Orxan Fikrətoğluna

“Baş, adama bu dünyanın işlərindən agah olmaq, özündən dəfələrlə ağır olan bədəni idarə eləmək, bəlkə başqa başları da, hələ desən bir kəndi, şəhəri, lap elə ölkəni fırlatmaq üçün verilib”.

Məmiş bu fikrə gələndə artıq Gəncədəki kənd-kəsək üçün aqronom-filan hazırlayan institutun son kursunda idi.

Elə diplomu alar-almaz Vartaşendən, yoxsa Qutqaşendən olan (o bu rayonları həmişə dəyişik salardı, hətta sonralar adları dəyişib Oğuz, Qəbələ olanda da bir-birindən ayıra bilmirdi) qrup yoldaşı Ayişəni başdan çıxardıb özü ilə gətirdi kəndlərinə.

Kəndlərinin ayağında, Tumaslı deyilən yerdə qıza tərs bir şillə çəkdi, sonra da əl atıb onun donunun yaxasındakı düymələri dartıb qırdı. Qız qışqırmaq istəyəndə əli ilə ağzını qapadı:

-Az, səfehləmə! Belə eləməsəm, dədəmnən nənəm səni əvə buraxmazdar. Bizdə özü gələn gəlini qapıdan içəri qoymurlar. Bıracan özün gəlmisən, bırdan beləsini mən aparacam.

Ayişə dörd ildə bircə dəfə də üz vermədiyi bu gədəyə niyə qoşulub gəldiyini indi anladı. Qadınlar kişiləri təkcə puluna, yaraşığına görə istəməzlər ki?!

Gərək kişinin başqa başları da idarə eləyə bilən başı olsun. O da ki Məmişdə.

Bir az nəm-nümdən sonra anası ərini də yola gətirdi. Gənclərə cah-cəlallı toy elədilər. Sonra hər ikisi elə öz kolxozlarındaca işə düzəldilər.

Oğul-uşaq sahibi oldular. Məmiş kimi adam sevgi-mevgi qanmasa da, Ayişə onu özünə elə öyrəşdirdi ki, bunun adı sevgi deyildisə də, ayrı şey də deyildi.

Məmiş bir də görürdün ki, öz iş yerindən piyada basa-basa ğünün istisində gəlirdi Ayişənin sahəsinə.

Ya da axşam qaş qaralan kimi qaçırdı evə ki, gözəl arvadını qucaqlasın.

Gərək bunu hökmən deyim. Ayişə lap elə gözəl deyildi. Amma suyuşirin idi. Hələm-hələm kişi onun baxışlarına tab gətirə bilməzdi.

Gözlərində məchul bir iksir vardı. Baxanda səni dartıb öz arxasıncan aparırdı.

İllah da ki, Ayişə uşağa qalanda. Onda bu qadın olurdu kişilər demiş “Allahın betər bəlası”.

Ona bircə dəfə baxmağın bəs idi ki, dünyanın bütün qadınlarını gözündən salsın.

İradəsi zəif olan neçə-neçə cavan Ayişəyə nisbət qadın tapmaq ümidiylə evlənə bilmir, axırda da içkiyə qurşanıb kənd “bomj”una çevrilirdi.

Üstəlik, gəlin yaxşı işçi idi. Pambıqçılıq rayonunda doğulmasa da, pambığın dilin neçə ilin pambıqçısından yaxşı bilirdi.

Qorbaçovun “perestroyka” vaxtı sahələrin təyyarələrlə dərmanlanması əleyhinə yazdığı məqalə “Kommunist” qəzetində çap olunandan sonra rayonda Ayişə xanımın hörməti birə min artdı.

Hətta onu rayonda rəhbər işə dəvət etdilər.

Amma Məmişin axmaqlığı üzündən bu, baş tutmadı. Məmiş açıqca demişdi raykomun bürosunda: ”Ya məni də kolxoz sədrindən-zaddan qoyun, ya da ki, arvadımı rəhbər işə buraxan deyiləm.”

Məmişi kolxoz sədri qoydular, amma Ayişə elə köhnə işində qaldı. Daha doğrusu, özü vəzifə istəmədi.

“Mənim vəzifəm ailəmdi, uşaqlarımdı, bir də aqronomluğumdu”,- dedi.

Üçüncü uşağa hamilə idi. Yenə üstünə sultan çulu çəkilmişdi.

Vallah ağ maya baldırları, pilə kimi barmaqları, körpə biləyi kimi tüksüz, boğmalı biləkləri, güzgü kimi şəklin düşən yanaqları adamın evini yıxırdı.

Gözləri də ki... Eh, kənd bu gözlərlə səhəri açır, bu gözlərlə günü batırırdı.

Kişilər bir yana, qadınlar da ona baxıb arılanır, durulanırdılar. Qarılar demiş, “sünbülündən su damlayan bu cuvanəzən”i allah yaradanda eybsiz-diqqətsiz yaratmışdı.

Məmiş kolxoz sədri olandan sonra kənd qarılarının sözü olmasın, “cızığından çıxdı”. Pambıqçının, üzümçünün, çoban-çoluğun qazancına şəriklik eləməyə başladı.

Yenə on, on beş il əvvəl olsaydı, bəlkə bunu böyütməzdilər, ya da böyüdə bilməzdilər. Amma bu “perestroyka” işləri elə baş-ayaq eləmişdi ki, Məmişin və Məmişkimilərin işi bir az yaş olmuşdu.

Qəzetlərdə, televiziyada, radioda hamı aşkarlıqdan, nə bilim demokratiyadan-zaddan dəm vururdu.

Amma Məmiş elə həmin Məmiş idi. Kəpəyi satıb süd “alırdı”, üzümə su qatdırırdı, pambığa, baramaya min cür əməl eləyirdi.

Və bunlar Ayişənin gözünün qabağında olurdu. Gəlin bir gün bunun sonunun olacağı ümidiylə susurdu. Amma camaat dözməyib onun üstünə gəlməyə başlayanda iş qarışdı. Ayişə əri ilə aranı açdı. “Yığış, - dedi. –Vallah bundan xeyir tapmazsan.

Elin malı ilan sümüyüdü. Özü də dünya qabaqkı dünya deyil ha. İndi camaat oyanıb, div şüşədən çıxıb. Axırda tutularsan, balalarını da, məni də qoyarsan yaman günə.”

Məmiş qayıdıb arvadına ikinci dəfə şillə çəkdi. (Birincini bilirsiniz.)

Başqa kişilərin görəndə şalvarını islatdığı Ayişəyə şillə vurmağı cəhənnəmə, hələ bir “ləçər” də deyib evdən çıxdı.

Ayişənin qulağı ayrı şeylər də çalmışdı.

Ərinin rayon mərkəzindəki kafelərdə əxlaqsız arvadlarla kef çəkdiyini, lap elə kolxoz idarəsindəki katibəsiylə (bu qız onların bir zaman oxuduğu institutda qiyabi təhsil alırdı və söz gəzirdi ki, onu bura Məmiş düzəltdirib) həftə səkkiz, mən doqquz harasa yoxa çıxdığını ona eşitdirənlər olmuşdu.

Bir də belə şeyləri qadından başqa kim yaxşı bilər ki? Bir vaxtlar onu az qala camaatın içində bağrına basıb öpən, gecə düşməmiş Ayişəni çəkib yataq otağına aparan, onunla yatağa girməzdən qabaq bir az təntiyən, əlləri, dodaqları əsim-əsim əsən, Ayişənin də, özünün də istədiyi şeyə çox gec nail olan, buna görə az qala ağlamağa başlayan Məmiş, son zamanlar nadir hallarda onun yorğanını qaldırırdı.

Onu da ki, ya sərxoş olanda, ya da xalaxətirinqalmasın...

Üçüncü uşağın doğulmasına iki ay vardı. Gəlin bir gün qayınanasına dedi:

-Mən istiyirəm rayonumuza gedim. Bu uşaq boyuma düşəndən özümü pis hiss eləyirəm. Əmim oranın baş həkimidi. Gedim özümü yoxlatdırım. Ona kimi siz də bir Məmişnən danışın, bəlkə heç mən qayıtmayım?

Arvad açdı gül ağzını, nə açdı:

-Aaz, gedirsən, belə cəhənnəmə get, gora get! Gedəsən, heç qayıtmıyasan! Sənin dədən nə kişidi, aaz, allahın bir toğlusuynan barışığa gəlmədi... Mənim uşağımnan işin olmasın, gedirsən, dalıncan da bir qara daş getsin!

Ayişə elə o gedən getdi. Amma kəndin adamları, xüsusən də kişilər əməlli-başlı soluxmuşdular. Elə bil ruhları uçub getmişdi.

Qarılar yenə başlamışdılar həsbi-hala. ”Aaz, xəbərin var, Nəsibənin əri hüttülüm olub? Vallah, odey neçə gündü içir, yıxılır söyütdühlərə... Gəlmir ki, əvə... Elə bil hal aparıb içlərin bı kişilərin... Ayşə gedənnən başları batıb hamısının...”

Bir gün katibənin atası qızı da yanında kəsdirdi

Məmişin ikimərtəbəli evinin qapısını. Əlində də tüfəng.

Dedi, bəs qızımı da öldürəcəm, özümü də. Qanımı tökəcəm Məmişin üstünə.

Məlum oldu ki, katibə qız boyludu. (Mən onun adını bilirəm, amma bir az sonra biləcəyiniz səbəbdən yazmıram.) Nəysə, Məmişin anası binadan çölə çıxıb gəldi ata-balanın yanına.

Qızın alnından öpüb qatdı qabağına, gətirdi evə. Hamı elə bildi ki, məsələ bununla yat-yut olacaq.

... Kənddə bir Rəsul vardı. Vardı deyəndə ki, yenə var.

Amma kəndə ildə bir kərə, o da bayram-çərşənbə vaxtı gələr, qohum-qardaşla bayramlaşıb çıxıb gedərdi.

Rəsulun altında xarici maşın (kəndə ilk xarici maşını o sürüb gəlmişdi), əynində bahalı pal-paltar, barmağında da küy olmasın, yarımca girvənkə qara qaşlı qızıl üzük vardı. (Bu da kənd arvadlarının təsviri idi.)

Harada işləməsi bəlli olmasa da, o kəndə gələndə milislər uzaqdan-uzağa kəndi nəzarətə götürər, sanki qorxulu bir canini , ya da lazımlı dövlət adamını diqqətdə saxlayardılar.

Məmişin uzaqdan qohumu olsa da onların bir-birilərindən xoşu gəlməzdi. Qabaq-qənşər gələndə heç salamlaşmazdılar da. Kənd cavanları Məmişdən soruşanda ki, Rəsul harda işləyir, ağzını əyə-əyə demişdi:

-Akademiyada! Harda işləyəcək? Cibgirlərin, oğruların başçısıdı, aftartetdi, nədi onnandı...

Bir dəfə Ayişəni uzaqdan-uzağa görən Rəsul demişdi:

-Anam-bacım olsun, yaxşı canandır. Amma hayıf...

Nəyə heyfsiləndiyini isə bir özü bilirdi, bir də allahı.

Sonra da üzünü cavanlara tutub demişdi:

-Mənnən sizə əmanət, hərdən qıraqdan da qız alın ki, nəsil təzələnsin, vid-fason düzəlsin... Yadınızdadır, Məhərrəm müəllim deyərdi, dədəsi də çöpədərəlidisə, nənəsi də çöpədərəlidisə, at şölə, oxuyan olmuyacax... Gicbəsər olacax...

Amma Ayişə kənddən gedəndən bir az sonra qəfildən Rəsul gəlib çıxdı. Camaat barmaqlarını tutub hesabladı, gördülər ki, çərşənbə-bayrama hələ düz üç ay var. Bəs???

-Nə bəs?! Bəs-zad nədi?! Mən bu xarabanın evladı dəyiləm? Mən də axı o dağılmış şəhərdə beş kişidən biriyəm, salam verənim, salam alanım var, dostum, düşmənim var?! Niyə bu xarabada başınızı aşağı salıb bir tikə zəhrimarınızı yemirsiniz? Sovetin göyünən gedən vaxtlarında namusunuzu, qriyətinizi qorudunuz, indi dünyanın bu düz vaxtında noldu sizə? Bir Məmişə görə mamışından keçən qəhbələr doğan bu xarabada yanı müqəddəs heç nə qalmadı?!

Anasının əli üzündə qalmışdı. Qırx yaşında oğluna “evlən” deməyə ürək eləməyən, ağzı yaşmaqlı ana, indi günahkar kimi danlanırdı.

Elə bil kənddəki bütün pislikləri o doğmuşdu. Katibə də onun qarnından çıxmışdı bəlkə? Bəlkə bu Məmişi də o yara-yara qarnından çıxarmışdı?

Axşama yaxın kəndin cavanları Rəsulun başına yığılmışdı. Həmişə nəsə maraqlı bir söhbət danışan Rəsul bu dəfə susmuşdu.

Cavanlar da başlarını aşağı salmışdılar.
Nəhayət, Rəsul başını qaldırıb cavanları süzdü və dedi:

-Mənim türmədə bir dostum vardı. Bakının Əmircan kəndindəndi. Danışırdı ki, o kənddə bir yaxşı adət varmış: özünü yaxşı aparmayan xiləlilərin – Xilə Əmircanın köhnə adıdır – qapısını hörürmüşlər... Mən üç ay qabaq bu sözü sizə deməyə gəlmişəm... Novruzda görüşərik inşallah!.. Hə, bir də o qəhbənin də - katibəni deyirəm – adını dəftər-kitabdan silin, eləcə katibə qalsın... Oğraşı da ailəqarışıq visilkə eliyin bu teritoriyadan. Ayağı buralara dəyməsin.

Sonra iyirmi qəpik çıxardıb vermişdi cavanlara, gedə-gedə demişdi:
-Hər evdən bir abbası alın ki, bu işdə hamının iştirakı olsun – sement puluyçun deyirəm...

***

Milislər qonşudan uzun nərdivan tapıb gətirdilər. Məmişin anasını, ağlamaqdan səsi batmış katibəni ikinci mərtəbədən zorla düşürdülər.

Sonra Məmişə növbə çatdı. Onun ağırlığına nərdivan tab gətirməyib sındı, Məmiş şappıltı ilə yerə düşdü.

Qıçı qırılmış Məmişi, anasını və təzə arvadını maşına qoyub kənddən harasa apardılar. Məmiş elə zarıya-zarıya başını maşından çıxarıb evinin təzə hörülmüş qapısına baxdı.

Hördükləri bəs deyilmiş, hələ naxışlı mala da çəkmişdilər. Yuxarıdan tarix də qoymuşdular: 05. 01. 1988.

***

O hadisədən iyirmi ildən yuxarı vaxt keçsə də, Rəsul bir də kəndə ayaq basmadı. Danışırdılar ki, adı Oğuzmu, Qəbələmi olan rayona gedib Ayişəni atasından istəmiş, onunla evlənmişdi.

Düzü, mən bunu dəqiqləşdirə bilmədim. Qorxdum ki, yalan çıxar.

24. 03. 2010
XS
SM
MD
LG