Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Koroğlu dastanı ("Alı kişi" qolu) - 1


Alı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı.

O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi.

Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi.

Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı.

Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar.

Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu.

Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi.

Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana
yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər
ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları
manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi.
Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb,
madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu,
Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki,
axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi.
Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin.

Bəli, daylar böyüyüb iki yaşar oldular.

Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən
xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi:
– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından
mənə iki ayğırlıq at verəsən.
Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı:
– Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam.
Həsən xan bu sözü deyən kimi daylar Alı kişinin yadına düşdü. O,
xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala
bağladı, ilxını sürüb çölə ötürdü.
Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı
ki, xalxalda iki uzunorta, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları
ona vermək istəyirlər; gülüb dedi:

– Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların
var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim
özümdə də çoxdu.
Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub
dedi:
– Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını
saxla; niyə saxlamamısan?
Alı kişi dedi:
– Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə
baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver.
Alı kişinin yekə-yekə danışmağınnan Həsən xan daha da qəzəbləndi.
Onun üstünə qışqırıb dedi:
– Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu
ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədi?
Alı kişi dedi:
– Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını
uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı
gəzsən, genə də belə at tapa bilməzsən.
Həsən xan qəzəblənib dedi:
– Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək
paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat
get, seç, gəti.
Alı kişi dedi:
– Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin.
İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı
atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz.
Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı
kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü
onu da dəlil eləmişdi. Odu ki dedi:
– Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük
qiymət verir. Yəqin ki, elə o haqlıdı. Onda sən belə elə. Bu dayların
hər birini onun bir gözünə qiymət elə.
Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin
gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə
uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi:
– Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey
gözdü. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürüt-
düm, ilan kimi qabıq qoydum, saç, saqqal ağartdım, amma sən bunların
heç birini bilmədin, qədir-qiymət vermədin, bir paşanın xatırına məni
kor elədin. İndi heç olmazsa bu iki çöpüklü dayları mənə ver.
Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu.
Kor Alı kişinin Rövşən adında yeniyetmə, iyid bir oğlu var idi.
Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu
gəlir. Tez qaçıb onu qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi:
– Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq
elədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim
gözlərim bu atların üstündə çıxıb. Al bu atları töyləyə çək, qapı-bacanı
basdır. Yaxşı muğayat ol. Amma gözlə, bu atlar gərək qırx gün, qırx
gecə gün işığı görməyələr.
Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq
asmağa başladı.
Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki:
– Oğlum, Rövşən, məni atların yanına apar.
Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun,
caydaqçəkmə sağrılı, nazik ortalı Dürata yanaşdı, əli ilə üzünü, gözünü,
yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli,
uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat
fınxırıb iki dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək
istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit
oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı.
Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi:
– Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki?
Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik
var, dedi:
– Qıratın üstündə bir iynə boyda deşik var.
İlxıçı dedi:
– Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx,
oranı ört.
Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa
başladı.
Bir gün yenə atası Rövşəndən soruşdu:
– Oğul, atlar necədi, necə yeyirlər?
Rövşən dedi:
– Ata, Qırat dəyirman kimi yeyir, arpa, saman yetirmək olmur;
Dürat da yaxşıdı, ancaq Qıratdan az yeyir. Özü də dincdi, amma Qırat
durub dincəlmir, qızmış nər kimi oyur-oyur oynuyur.
Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi:
– Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi
atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl
Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa
sür, sonra da sıldırım daşlı dağa çap.
Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış
şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca
ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulas asdı,
baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı.
Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma
sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini
dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi,
ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı.
Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı
yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun
baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi,
nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının
birini tikan balaca cırmışdı.
Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə
kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının barabarında
dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı.
Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı
əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca
Alı:
– Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi,
Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz.
Qıratın tayı-bərabəri çarx altında tapılmaz. Həmişə qorxulu səfərlərə,
düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən.
Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı
bil, onu candan əziz saxla.
Sonra Alı kişi bir ah çəkib dedi:
– Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam
almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı
çəkək.
Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş
tapmışdı. Daş balaca idi, amma çox ağır, samballı bir daş idi. Daş işırişır
işıldayır, parıl-parıl parıldayırdı.
Rövşən daşı yerdən götürüb, örüşdə otlayan bir buzova atdı. Daş
buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən
qayıtdı, əhvalatı atasına danışdı.
Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola
salmışdı. Rövşənin sözlərinə qulaq asıb, dedi:
– Oğul, Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal,
sonra da haman daşı götür, gətir mənim yanıma.
Rövşən getdi, əzəl buzov yiyəsini razı elədi. Sonra haman daşı
tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu
üzünə çevirdi, bildi ki, bu, göydən düşmüş ildırım parçasıdı.
Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb
tapdana-tapdana bir ustanın yanına getdi. Salam-əleykəssalamdan sonra
daşın bir balaca tikəsini ustaya verib dedi:
– Usta, bu daşdan mənə bir biz qayır.
Usta bir daşa baxdı, bir də dönüb diqqətnən Alı kişiyə baxdı. Daşı
qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki, məni. Daşdan da
biz olar?
Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir
zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. Alı kişi özü
bilirdi ki, daş nə daşdı. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı
ki, ədə bu daş mum kimi bir şeydi. Alı kişiyə dediyi sözlərə peşiman
olub daşdan bir biz qayırıb ona verdi. Alı kişi ustanın haqqını verib bizi
cibində gizlətdi. Daşın qalanını bir qılınc qayıranın yanına apardı ki,
bəs, usta bundan mənə bir qılınc çək. Bu usta əvvəlkindən də uzunçu
idi. Qərəz, çox baş ağrısı olmasın, uzun çək-çövürdən sonra Alı kişi bu
ustanı da razı elədi.
Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu,
usta baxdı ki, nə qılınc? ...Vallah bu elə bir qılınc oldu ki, almas kimi
par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır.
Ustanın qılınca gözü düşdü. Elə ki, vədə tamam oldu, Alı qılınc
üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc
verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməzsöyləməz
cibindən bizi çıxardıb, qılıncın tiyəsinə basdı. Biz qılıncı
dəlib, o tərəfə keçdi.
Usta baxdı ki, işlər xarabdı. Alı kişini aldada bilməyəcək, axırda
naçar qalıb, onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə
gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki, Rövşən
Qıratı, Düratı ifçin yəhərləyib aatsının barabarına çəkdi, Alı kişi hər
şeyi hazır görəndə evə girdi, qılıncı gizlətdiyi yerdən götürüb, oğlu
Rövşənə verdi. Dedi:
– Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara
bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyərlər. Bu elə
bir qılıncdı ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan
kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan.
Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmanlar sənin
əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr,
karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç
kəsə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə
qədər ki, sən Qıratın belindəsən, qılınc da sənin belindədi, heç bir
düşman sənə bata bilməyəcək.
Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış Alı
kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi
gedirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər,
axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə
dayandı. Qoca Alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı
çağırdı. Həsən xan çıxıb Alı kişini yalmanına əl çatmayan, uzun yallı
bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu
Rövşən də buradadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın
gözü hələ belə at görməyib.
Alı kişi dedi:
– Həsən xan, bu atlar sənin bəyənmədiyin, o çöpüklü daylardı. Sən
bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör indi necə at
olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın
əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qısasımı
almağa gəlmişəm. Əlindən gələni əsirkəsən kişi deyilsən.
Həsən xan Alının bu sözündən acıqlandı, qılıncını çəkib ona
hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış
Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı
bir oldu. Səs-küy qopdu. Qoşun yeridi. Rövşən özünü qoşuna
vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən Misri
qılıncla qoşunun əvvəlinci dəstəsini əldən, ayaqdan salıb qırıb dağıtdılar.
Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın
sayı var idi, qoşunun sayı yoxudu.
Qoca Alı kişi bunu başa düşüb dedi:
– Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya
öldürərlər, ya da tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat
qurtaraq.
Rövşən əzəl atasının sözünə baxmadı, yenə də özünü qoşuna vurdu.
Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kor atasının
tutulmağına qorxub əlacsız davadan əl çəkdi. Atası ilə bərabər
atları sürüb çölə üz qoydular. Qoşun əl çəkməyib onların dalından
düşdü. Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi,
dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildırım kimi budu
dallarınca gəlir.
Dedi:
– Ata bir dəstə kəhər atlı yetirhayetirdədi.
Alı dedi:
– Oğul, Rövşən, ağızlarını sulanmış şuma sal.
Rövşən atları şuma saldı. Kəhər atların hər birisi şumdan çıxa
bilməyib batıb qaldılar. Qırat ilə Dürat ilıdırım kimi şumdan çıxıb yola
düşdülər. Bir az getmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib
dönüb geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı budu elə gəlirlər
ki, ley kimi.
Dedi:
– Ata, bir dəstə qara atlı yetirhayetirdi.
Qoca Alı dedi:
– Bala, ağızlarını qaratikanlığa sal.
Rövşən atları qaratikanlığa sürdü. Qara atlılar da özlərini tikanlığa
vurdular. Qara atların baldırları qızıl qana boyandı. Rövşən bir az
getmişdi, bir də atın cilovunu dartdı, qanrılıb geri baxdı, gördü indi də
bir dəstə ağ atlı çathaçatdadı. Dedi:
– Ata, bir dəstə ağ atlı budu yetirhəyetirdədi.
Atası dedi:
– Oğul, qorxma, ağızlarını daşlığa sal.
Rövşən atları daşlığa dırmaşdırdı. Ağ atlar sıldırım daşlıqlara çıxa
bilməyib yarı yolda qaldılar. Qırat və Dürat qızılquş kimi süzüb sıldırım
qayaların dalında gözdən itdilər.
Ata, oğul axşama qədər yol gedib axşam bir çayın qırağına çatdılar.
Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı.
Rövşən dedi:
– Ata, bura ağaclıq, otluq bir yerdi. Ortadan da bir çay axır.
Qoca Alı dedi:
– Oğul, burada yurd salmaq olmaz. İlxının, mal-qaranın əlindən
dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizə namərdlik
eləyər.
Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı, yenə qalxıb yola
düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı
oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki:
– Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdı.
Qoca Alı dedi:
– Burada da qalmaq olmaz. Orada atlanan burda düşər, karvanların
ayaqları altında qalarıq.
Bu gecəni də burada gecələyib sabah yenə yola düşdülər. Getdilər,
getdilər uca bir dağın belinə çatdılar. Qoca Alı dedi:
– Rövşən, bu necə yerdi?
Rövşən dedi:
– Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidi.
Alı kişi soruşdu:
– Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir uca
təpə var, ya yoxdu?
Rövşən dedi:
– Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdı.
Alı dedi:
– Oğul, axtardığım yer elə buradı. Mən buranı çox yaxşı tanıyıram.
Cavan yaşlarımda bu yerlərdə çox at oynatmışam. Çox ceyranlara ox
atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdı, mən buranın hər
daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldi.
İndi özümüz olmağa bir olacaq, atları da saxlamağa bir töylə tik.
Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir töylə tikdi. Ataoğul
Çənlibeldə yurd saldılar. Yaşamağa başladılar. Günlərin bir günündə
Alı kişi Rövşəni yanına çağırıb, dedi:
– Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq
deyərlər. Yeddi ildən-yeddi ilə cümə axşamı məşriq tərəfdən
bir, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün
ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar.
Hər kim Qoşabulağın o köpüyündə çimsə elə qüvvətli bir iyid olar ki,
dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə
aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar
ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanat salar, dağlar,
daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər. Çox iyidlər, şahzadələr bu
su üçün gəlib, heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam
olhaoldu. Vədə çatıb, get axtar, Qoşabulağı tap, o köpükdən bir qab
doldurub mənə gətir.
Rövşən getdi dağları, daşları, düzləri əndər-döndər elədi. Axırda
bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əl
çatmaz, ün yetməz qaya var. Amma qaya elə bir qayadı ki, iyid istəyir,
üstünə çıxsın. Rövşən qayanın dörd tərəfinə dolandı. Göz gəzdirdi. Əl
tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya
atdı, min ənvai-müsibətinən qayaya dırmaşdı. Baxdı ki, bura elə bir
mənzər, laləzar yerdi ki, day nə deyim. Gül gülü çağırır, bülbül bülbülü,
elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkili çəkilib,
yetmiş iki qələmnən yetmiş iki rəng vurulub. Qoca kəhənsalə bir ağac
gördü. Yaxına gəlib baxdı ki, vallah Qoşabulaq qaynayıb göz yaşı kimi
axıb ətrafı süd gölünə döndərir.
Rövşən o qədər gözlədi, axşam oldu. Gecədən xeyli keçmişdi, bir
də məşriqdən bir ulduz doğdu, məğribdən də bir ulduz. Bu ulduzlar
gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmağından
Qoşabulaq coşub-daşdı, ağ köpük adam boyu qalxdı.
Rövşən köpükdən bir qab doldurdu. Köpük elə gözəl, elə içməli
idi ki, Rövşən özünü saxlaya bilməyib doldurduğu qabı qabaqca öz
başına çəkib doyunca içdi. İkinci dəfə təzədən bir də qabı doldurmaq
istəyirdi ki, atasına gətirsin, baxdı ey dadi bidad... köpük hayanda idi,
bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdı axır.
Rövşən bir başına, bir də dizinə vurdu, ancaq hara çatacaq... Qabı da
götürüb kor-peşiman geri dönüb əhvalatı atasına danışdı.
Qoca Alı kişi bir ah çəkib, dedi:
– Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi.
Rövşənin dərdi bir idi, beş oldu. Özünə əl qoydu, başına-gözünə döyməyə
başladı ki, niyə qabaqca özüm içdim.
Alı kişi dedi:
– Oğul, cəza-fəza eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt
deyərlər. Görünür ki, mənim alnımda belə yazılıbmış. Yəqin ki, mənə
bir də səni görmək qismət deyilmiş. Tay mənim əcəlim tamamdı.
Qulas as, sənə bir-iki sözüm var:
– Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqətən
bütün dünyada məşhur olar. O köpüyü ki, sən içdin, ondan sənin qollarına
qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə
bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək vızıltısı olacaq.
Bəylər, xanlar, paşalar sənin qorxundan tük tökəcək, quşlar qanad
salacaq. Necə ki Misri qılınc sənin belində, sən də Qıratın belindəsən,
özü də bu Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq
bu həndəvərdə manşur bir qacaq var. Adına Dəli Həsən deyərlər.
Özünü bircə ondan gözlə!.. Get, sənin adını Koroğlu qoydum!
Qoca Alı kişi vəli-varisini eyləyib ömrünü öz oğluna bağışladı.
Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə
yurd saldı.

davamı
XS
SM
MD
LG