Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Koroğlu dastanı ("Koroğlynan Bolu bəy" qolu) - 10


əvvəli

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.

Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Camal paşanın da canını qorxu almışdı.

Bir gün, beş gün fikir, xəyal, axırda bu gün qoşun sərkərdələrini başına yığıb məsələdən onları hali elədi.

Koroğlunu tutmaq adı gələndə bütün sərkərdələr başlarını aşağıya saldılar. Camal paşa gördü yox, belə olmayacaq. Axırda əlacsız qalıb dedi:

– Kim gedib dəli Koroğlunun başını, ya da özünü gətirsə qızım Dünya xanımı ona verəcəm.

Sərkərdələrin içində Bolu bəy adlı birisi var idi. Bolu bəy çoxdan idi
ki, Camal paşanın qızı Dünya xanımı almaq fikrində idi. Ancaq nə qədər
xərc qoymuşdu, pul tökmüşdüsə də, qızın ürəyini ələ gətirə bilməmişdi.
İndi işıq yeri görüb fürsəti fota verməyib yerindən qalxıb dedi:
– Mən gedib Koroğlunu tutub gətirərəm. Ancaq bu şərtlə ki, əzəl
əhdinizə əməl eləyəsiniz. Sonra da Qəcəralını mənə yoldaş verəsiniz.
Qəcəralı Ərzincanda məşhur pəhləvanlardan idi.
Paşa razılaşdı.
– Qəcəralı!
Qəcəralı ayağa qalxıb dedi:
– Mən gedərəm, amma gərək mehtər Murtuzu da bizə qoşasınız.
Mehtər Murtuz yeddi il Koroğluya mehtərlik eləmişdi. Ona görə
də Koroğlunu yaxşı tanıyırdı.
Bəli, Camal paşa bütün şərtlərə razı oldu. Bolu bəy Qəcəralı ilə
Mehtər Murtuzu götürüb, başında da çoxlu qoşun, Çənlibelə yola düşdü.
Bunlar getməkdə olsunlar, sizə kimdən xəbər verim, Koroğlunun dostu
ərzincanlı bir tacirdən. Tacir bu əhvalatı eşidən kimi bir at mindi, kəsə bir
yol ilə Bolu bəydən qabaq özünü Çənlibelə yetirdi. Elə ki, tacir Koroğlunu
əhvalatdan xəbərdar eləyib geri döndü, Koroğlu dəliləri yığıb dedi:
– Paşalar, bəylər, xanlar mənim əlimdən zara gəlib, mənim qorxumdan
gecələr evlərində yata bilmirlər. Heç inanmıram ki, Bolu bəy
mənim üstümə gəlsin.
Dəlilərin içindən İsabalı yerindən qalxıb dedi:
– Koroğlu, nə qədər iyid olsan ehtiyatı əldən qoyma, ehtiyat ki var
iyidin bəzəyidi. İzn ver yaraqlanaq, yasaqlanaq, düşmənin qabağına
çıxaq.
Koroğlu razı olmadı. Məclis qurdurdu, dəlilər ilə yeyib-içib kefə
başladı. O tərəfdən Bolu bəy başında qoşun gecə-gündüz at sürüb
gəlib Çənlibelə yetişdi.
Mehtər Murtuz Koroğlunun Yağı qoruğunu görən kimi tanıdı. Dedi:
– Bolu bəy, bu qoruq Koroğlunun Yağı qoruğudu. Bura Koroğlunun
oylağıdı. Bura Çənlibelin ətəyidi. Məni öldürsən də buradan o
yana gedəsi deyiləm. Qorxuram, Koroğlu dədəmə od vurar.
Bolu bəy bir az fikirləşib əmr elədi ki, atdan düşsünlər. Bolu bəy,
Qəcəralı, Mehtər Murtuz, qoşun əhli hamısı düşüb, atları Koroğlunun
Yağı qoruğuna buraxdılar, özləri də bir tərəfdə oturub dincəlməyə
başladılar.
Səhər tezdən idi. Koroğlu yasaqsız-yaraqsız Qoşabulağın altındakı
qayanın yanına çıxmışdı. Bir də baxdı ki, bir bölük yəhərli-yüyənli at
Yağı qoruğunu başına götürüb. Koroğlu elə oradan tay heç kəsə xəbərzad
verməmiş Yağı qoruğuna yüyürdü. Qoruğa enəndə birdən-birə
Bolu bəylə üz-üzə çıxdı. Bolu bəy Koroğlunun təhər-töhürünə baxıb
dedi:
– Kimsən, burada nə gəzirsən?
Koroğlu dedi:
– Mən qoruqçuyam.
Bolu bəy dedi:
– Kimin qoruqçususan?
Dedi:
– Koroğlunun qoruqçusuyam. Qoruqda at gördüm, gəldim ki, çıxardım
sizə rast oldum.
Bu sözdə Mehtər Murtuz gəlib çatdı. Mehtər Murtuz Koroğlunu
görən kimi tanıdı. Dalı-dalı çəkilib Koroğlunun geri yanına keçdi.
Oradan Bolu bəyə göz vurdu ki, evin yıxılsın. Yalan deyir, qoruqçu,
zad nədi, Koroğlunun özüdü.
Bolu bəy hökm elədi, qoşun birdən tökülüb Koroğlunu tutdular.
Koroğlunun nə atı, nə yanında bir yarağı-yasağı yoxdu. Baxdı ki, yox
işlər şuluqdu. O, burada Koroğlu olduğunu boynuna alsa, səssiz-sədasız
başını kəsəcəklər. Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə, bir
o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni
aldadırdı. Bir də belə bir xasiyyəti var idi ki, düşmən əlinə düşəndə
ölsə də, Koroğlu olduğunu boynuna almazdı ki, özünün, dəlilərin, Çənlibelin
adı batmasın. Odu ki, indi də Bolu bəy onu nə qədər döydüsə
Koroğlu olduğunu boynuna almadı ki, almadı. Yaxında bir göl var idi,
axırda Bolu bəy Koroğlunu o gölə saldırdı ki, bəlkə Koroğlu olduğunu
boynuna ala. O yenə də Koroğlu olduğunu boynuna almadı. Axırda
Bolu bəy şübhəyə düşdü ki, bəlkə elə doğrudan da bu, Koroğlu deyil.
Bolu bəy düşdü fikrə ki, uzaq yerdən gəlmişik. Bunu aparrıq
Koroğlu olmaz, paşanın yanında yalançı çıxıb biabır olarıq. Axırda
üzünü ona tutub dedi:
– Gəl sən xoşluqla boynuna al ki, Koroğlusan. Yoxsa bu saat səni
öldürrəm.
Belə deyəndə aldı Koroğlu görək nə dedi:
Bolu, nahaq gəl, eyləmə yamanlıq,
İnan Bolu, mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan Bolu, mən Koroğlu deyiləm.
Koroğlu bir iyid, əsli, zatı var,
Həm namusu, arı, həm qeyrəti var,
Dəmir cilov altda Ərəbatı var,
İnan Bolu, mən Koroğlu deyiləm.
Gəl sənə söyləyim ay Qəcəralı,
Hələ eşitməyib qoç İsabalı,
Gəlsə bu qoşuna verməz məcalı,
İnan Bolu, mən Koroğlu deyiləm.
Koroğlu deyiləm, yırtma yaxanı,
Ciyərimi eşq oduna yaxanı,
İyidin olmazmı qılınc, qalxanı,
İnan Bolu, mən Koroğlu deyiləm.
Koroğlu dediyin bir bəl-bəllidi,
Çənlibeldə dövran quran dəlidi,
Öz adım Rövşəndi, atam Alıdı,
İnan Bolu, mən Koroğlu deyiləm.
Bolu bəy Mehtər Murtuzu yanına çağırıb dedi:
– Sən deyirdin bəs bu Koroğludu, bu ki, Koroğlu deyilmiş.
Qəcəralı bir tərəfdən Murtuzun üstünə düşdü ki, sən bizi aldadırsan.
Murtuz dedi:
– Əyər Koroğlu bir isə, siz axtardığınız da o isə, Koroğlu budu.
Bolu bəy ağzından köpük daşlana-daşlana əmr elədi ki, qoşun
atlanıb yola düşsün. Koroğlu gördü ki, yox, bunu aparacaqlar. Başını
qaldırıb dedi:
– İndi sən məni aparıb paşaya verəcəksən ki, guya mən Koroğluyam,
sən də məni tutubsan?
Bolu bəy:
– Bəs necə?
Koroğlu gülüb dedi:
– Yaxşı sənin ağlın yoxdu, bu adamın sözünə inanırsan. Paşanın da
ağlı yoxdu, ya mənim dilim yoxdu ki, onu başa salım. Niyə paşa kordu
ki, mən yaraqsız-yasaqsız bir adamam. Qoç Koroğlunu belə asanlıqla
tutmaq olmaz? Hamısını açıb paşaya deyib səndən şikayət eliyəcəyəm.
Bolu bəy qaldı məhəttəl ki, bunların hansına inansın. Axırda Koroğlunun
sözlərinə inanıb əmr eləyib onun əllərini açdırdı. Sonra üzünü
ona tutub dedi:
– Deyirlər dəli Koroğlu çox mərddir, heç bir şeyi gizlədən deyil.
İndi olan oldu, keçən keçdi. Əllərin də açıqdı. İndi düzünü de görək
sən kimsən? Bu boy, heç qoruqçu boy-buxununa oxşamır.
Koroğlu dedi:
– İndi ki, belə adam kimi soruşursan, bəli, mən Koroğluyam.
Bolu bəy ayağa qalxmaq istəyəndə Koroğlu dedi:
– Dayan, sən tay məni tuta bilməzsən. Ancaq de görüm məni niyə
aparırsan?
Bolu bəy dedi:
– Ərzincanlı Camal paşa əhd eləyib ki, hər kim Koroğlunu tutub
onun yanına aparsa, öz qızını o adama versin. İndi mən səni aparıram
ki, Camal paşanın qızı Dünya xanımı alım.
Koroğlu dedi:
– Mən Koroğluyam. Özüm də dediyimi eləyənəm. İndi ki, sən o
qıza aşiqsən, qoy gedim yarağımı götürüm, atımı minim gəlim, apar
məni paşaya təhvil ver, qızı al.
Koroğlu özünü Çənlibelə yetirdi. Qılınc qurşadı, qalxan götürdü,
əmud asdı, nə dəlilərə, nə xanımlara bir söz deməyib, Qıratı minib birbaşa
Bolu bəyin yanına gəldi. Elə ki, yetişdi dedi:
– Bolu bəy, mən verdiyim vədəyə doğru çıxıb gəlmişəm.
Ancaq səninlə bir şərtim var. Sən məni tutmuşdun. İndi də ki, mən
səninlə gedirəm. Sonra elə bu sənin qulağında qalar. Elə bilərsən ki,
guya doğrudan da məni tuta bilərsən.
Gəl qabaqca səninlə bir vuruşaq, dava eləyək. Sonra haraya desən
gedək. Özü də sinəmə üç xana söz gəlib, onu deyim sonra dava eləyək.
Aldı Koroğlu, görək nə dedi:
Əli beldə durub əmr eylərdin
Koroğlunu tutan günlər necoldu?
Hərdən-hərdən asıb kəsin söylərdin,
Koroğlunu tutan günlər necoldu?
Deyirdin zamana gedəcək belə,
Uymuşdun şeytana, fitnəyə, felə,
Hərdən hökm eləyib basırdın gölə,
Koroğlunu tutan günlər necoldu?
Çənlibeldə dövran quran dəliyəm,
Hədyan sözə çox çətindi əyiləm,
Yeddi min dəlinin kəltə kəliyəm,
Koroğlunu tutan günlər necoldu?
Koroğluyam, müxənnətə uymaram,
Qısasımı qiyamətə qoymaram,
Düşmənin qanından içsəm doymaram,
Koroğlunu tutan günlər necoldu?
Koroğlu acıqlanmışdı. Elə acıqlanmışdı, elə coşmuşdu ki, bilmirdi
Bolu bəyə nə desin. Ondan hayıfını necə alsın. Yenə də götürdü görək
nə dedi:
Hay-hay deyib qənim üstə varanda,
Kəllə gərək bu meydanda qalansın.
Mərd iyidlər qovğa günü düşəndə
Şərbət deyə öz qanına yalansın.
Qaldırram meydanın göyə tozunu,
Çıxardaram yamanların gözünü,
Gərək görəm Dünya xanım üzünü,
Ömür təzələnsin, can cilvələnsin.
Koroğluyam, gədikləri busaram,
Qancırqadan qanlı başlar asaram,
Bolu bəy, sənə bir qılınc basaram,
Bağırsağın cəmdəyinə dolansın.
Koroğlu sözünü tamam eləyib Qıratı cövlana gətirdi. Misri qılıncı
çəkib qoşuna cumdu. Qoşun əhli ha eləyib əl-ayaq açana kimi Koroğlu
sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı. Qoşunu qatımqatım
qatlayıb əldən saldı. Düşmən dağılıb qaçmağa başladı. Koroğlu
Qıratı dallarından salıb özünü Qəcəralıya yetirdi, bir əmud vurub onu
atdan yerə saldı. Bir də baxdı ki, Bolu bəy aranı şuluq görüb əkilmək
istəyir. Tez özünü ona yetirib, itələyib atdan saldı, düşüb dizinin altına
aldı. Götürdü görək nə dedi:
Qollarını bağladaram,
Bolu, mən sənin, mən sənin!
Anacığın ağladaram,
Bolu, mən sənin, mən sənin!
Gözlərinə kül qoyaram,
Ovucuna pul qoyaram,
Nişanlını dul qoyaram,
Bolu, mən sənin, mən sənin!
Mərd iyidlərin gözüyəm,
Dəlilərin əziziyəm,
Bəbir oğlunun özüyəm,
Bolu, mən sənin, mən sənin!
Qızıb sinənə çökərəm,
Əlif qəddini bükərəm,
Üstünə alov tökərəm,
Bolu, mən sənin, mən sənin!
Koroğluyam, iş bitirrəm,
Səni dünyadan itirrəm,
Başın bədəndən götürrəm,
Bolu, mən sənin, mən sənin!
Koroğlu sözünü tamam eləyib Bolu bəyin sinəsinin üstündən durdu,
dedi:
– İndi mən sənin ixtiyarındayam. Paşanın yanına necə istəyirsən,
elə apar.
Bolu bəy güclə ufuldaya-ufuldaya yerindən qalxdı. Adamları ilə bir
təhər köməkləşib Qıratın üstündə Koroğlunun qollarını geri yanında
möhkəm bağladılar. Götürüb yola düşdülər.
Ərzincan dağlarını aşıb şəhərə yaxınlaşdılar. Bolu bəy fikir eyləyib
öz-özünə dedi. Koroğlunu belə sağ-salamat Camal paşanın yanına
aparsam, mənim onu dalaşsız-davasız tutub gətirməyimə inanmayacaq,
paşanı inandırmaq üçün gəl onu yarala. Yavaşca göz-göz vurub
Koroğlunun geri yanına keçib birdən onun başına bir qılınc vurdu.
Qolları bağlı Koroğlunu qan götürdü. Odu ki, tutduğu işdən peşiman
oldu. Bolu bəyi öldürmədiyinə heyifsiləndi. Ancaq iş-işdən keçmişdi.
Bu dar zamanında Çardaxlı Çənlibel, dəlilər, Nigar xanım yadına düşdü.
Aldı görək nə dedi:
Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı!
Əlim yetməz, ünüm çatmaz,
Dal budaqda narım qaldı!
Məni tutdu Bolu bəylər,
Ağır zəncir boynum əylər,
Hamı bir-birindən yeylər,
İyid dəlilərim qaldı!
Məni tutdu qəm əcəli,
Öldürər verməz macalı,
Hayıf qırmadım Qəcəri
Sinəmdə dağlarım qaldı!
Canım Qırat, gözüm Qırat!
Səni minən alar murad,
Ağcaquzu, bir də Dürat
Bağlı bədöylərim qaldı!
Yaxşıdı iyidin varı,
Namusu, qeyrəti, arı.
Nigar qoç Koroğlu yarı,
Nigar kimi yarım qaldı!
Gəlib yetişdilər Ərzincana. Bolu bəy Koroğlunu birbaş apardı
Camal paşanın yanına. Təbil vuruldu, bütün aləm imarətin qabağına
yığıldı. Camal paşanın qızı qara gözlü, şirin sözlü, alma yanaqlı, yaqut
dodaqlı Dünya xanım qulluqçusunu çağırıb nə səs-küy olduğunu
soruşdu. Qulluqçu gözlərini süzə-süzə dedi:
– Xanım, sənə qurban olum, tay bundan artıq nə olacaq? Bolu bəy
qoç Koroğlunu tutub qolu bağlı paşanın hüzuruna gətirib. İnşəallah bir
neçə günə kimi toyundu.
Bu sözü eşidən kimi dünya-aləm Dünya xanımın gözlərində
qaraldı. Dünya xanımın Bolu bəydən zəndeyi-zəhləsi gedirdi. Deyirdi
ki, iti görüm, pişiyi görüm, onun mürdəşir yumuş üzünü görməyim.
İndi birdən Koroğlunun tutulduğunu eşitdi, ürəyi elə sıxıldı, elə sıxıldı
ki, bilmədi nə eləsin. Ancaq qızlar başa düşməsinlər deyə durub yeddi
qələmlə özünə zinət verdi.
Qırx incəbel qızını da yanına alıb Koroğluya tamaşa eləməyə getdi.
Bəli, Camal paşaya xəbər çatdı ki, bəs qızın Dünya xanım izn
istəyir. Camal paşa rusxat verdi, məclisin bir tərəfində bir pərdə çəkildi.
Dünya xanım öz qırx incəbel qızı da başında gəlib pərdənin dalında
əyləşdi. Qolları bağlı, başı yaralı Koroğlunu da Camal paşanın qabağında
saxlamışdılar. Dünya xanım baxdı ki, vallah bu bir iyid oğlandı
ki, Bolu nədi heç min nəfər Bolu kimi adam olsa onu tuta bilməz. Özözünə
dedi: – “Aşna, bu heç belə deyil ki, belə olsun. Bu Bolu girən
kol deyil. Bolunun mən dabbaxda gönünü tanıyıram. Burada yəqin bir
fırıldaq var”. Amma tay bir söz deməyib yerindəcə oturdu ki, görsün
işin axırı necə olacaq. Amma Bolu bəyin kefi o necə deyərlər, lap itə
hürürdü. Bir yellənə-yellənə gəlib dolanırdı ki, ətəkləri göz çıxardırdı.
Camal paşa düşmüşdü fikir dəryasına ki, nə eləsin. Bilmirdi Koroğlunun
özünü xotkarın hüzuruna göndərsin, ya öldürüb başını göndərsin.
Çox fikir, xəyaldan sonra bu qərara gəldi ki, hələlik Koroğlunu
zindana salıb xotkara namə göndərib onu işdən xəbərdar eləsin.
Koroğlunu gətirib Dünya xanımın imarətinin qabağında bir quyu
var idi, saldılar oraya.
Bəli, elə ki, Koroğlunu quyuya saldılar. Bolu bəy Camal paşanın
yanına gedib zəmin-ədəb öpəndən sonra dedi:
– Paşa sağ olsun! Qoç Koroğlunu diri-diri tutub gətirdim. Xotkarın
yanında sənin üzünü ağ, başını uca elədim. İndi “ələhdi minəlvəfa”,
verdiyin vədəyə əməl elə!
Paşa dedi:
– Bolu bəy, sözüm sözdü, qızım Dünya xanım sənindi. Ancaq qoy
görək qasid xotkardan nə xəbər gətirir. Sonra toy tədarükünə başlayarıq.
Sənə elə bir toy eləyəcəyəm ki, ruzigarın gözü belə toy görməmiş
olsun.
Bolu bəy Camal paşanın sözündən arxayınlayıb toy tədarükündə
olsun, sənə kimdən xəbər verim, Dünya xanımdan. Dünya xanım axır
Bolu bəyi istəmirdi, hər nə qədər eləyirdisə, ürəyi ona yapışmırdı ki,
yapışmırdı. Onu görəndə elə bil gözünə tikan batırdı. O elə güman
eləmişdi ki, qoç Koroğlu onu öldürər. Yaxası onun əlindən qurtarar.
İndi də ki, vurdu, belə oldu. Deyir sən saydığını say, gör fələk nə sayır.
Kimin ağlına gələ bilərdi ki, Bolu bəy gedib Koroğlunu tutub gətirəcək.
Odu ki, yazıq qız dizlərini qucaqlayıb qəm dəryasına qərq olmuşdu.
Çox fikir-xəyaldan sonra gördü ki, onun bircə nicat yolu var. O da
odu ki, Koroğlu xilas olsun. Çünki Dünya xanım yəqin-əlyəqin bilirdi
ki, burada bir hiylə var. Əyər qoç Koroğlu xilas olsa bu heyfi Boluda
qoymayacaq. Onda da ki, Dünya xanımın canı Bolu bəyin mürdəşir
yumuş üzündən qurtarar.
Bəli, Dünya xanım bu fikirlə o qədər gözlədi ki, qaranlıq düşdü.
Dünya xanım yavaşca ayağa durdu, başdan geyinib ayaqdan qıfıllandı,
ayaqdan geyinib başdan qıfıllandı. İmarətdən çıxıb özünü verdi quyunun
başına. Koroğlu qalmışdı quyuda.
Dünya xanım bir ip salladı ki, bəs bağla belinə çəkim, səni çıxardım.
Koroğlu elə ki, ip sallayanın Dünya xanım olduğunu bildi, gülüb
dedi:
– Ay Dünya xanım, səndə o güc, hünər hardaydı ki, məni çəkib
buradan çıxarda biləsən.
Qərəz, uzun baş ağrısı olmasın, Dünya xanım bir az yeməkdən,
içməkdən ipə bağlayıb quyuya salladı. Özü də soruşdu ki:
– Bəs bir adamın varmı ki, dalınca gələ?
Koroğlu dedi:
– Dünya xanım, mənim dalımca gəlsə ya Eyvaz gələr, ya Dəmirçioğlu,
ya Dəli Həsən, ya da ki İsabalı.
Dünya xanım oradan yavaşca qayıdıb evə gəldi. Sabahısı mehtəri
yanına çağırıb, ovcuna bir çəngə qızıl basıb tapşırdı ki, Qıratdan yaxşı
muğayat olsun. Beləliklə, mehtər Qıratdan, Dünya xanım özü də ki,
Koroğludan muğayat olmağa başladılar.
Bunlar burada qalmaqlarında olsunlar, sənə Çənlibeldə dəlilərdən
xəbər verim. Dəlilər bir gün gözlədilər Koroğlu gəlmədi, iki gün gözlədilər
Koroğlu gəlmədi. Üçüncü günü bir yerdə yığıldılar ki, görən bu
haraya getdi.
İsabalı dedi:
– Tacirin sözü gerçək imiş. Yəqin Bolu bəy gəldi, Koroğlunu tutub
Ərzincana apardı.
İsabalı bunu söyləyib ayağa qalxdı. Üzünü dəlilərə tutub dedi:
– Bugün bir iyid istərəm,
Varsam, vara mənim ilə.
Qərib qürbət yad ölkədə
Qalsam, qala mənim ilə.
Koroğlunun yox əlacı,
Misirdən alır xəracı,
Düşmənə əyri qılıncı
Çalsam, çala mənim ilə.
İsabalı, ver öyüdü,
Körpə ikən əy söyüdü,
Koroğlu kimi iyidi
Bulsam, bula mənim ilə.
Dəlilər dedilər:
– Biz onun dalınca gedən deyilik. Qoy harada qalır, qalsın. Özü
yaxşı bilir ki, paşaların, bəylərin hamısı ona yağıdı. Bir fürsət axtarırlar
ki, tutsunlar. Yanına yoldaş götürməmiş, gedəcəyi yerin səmtini, sorağını
deməmiş niyə çıxıb gedir!?
Dəlilər acıq eləmişdilər. İsabalı gördü ki, dəlilər acıq eləyiblər, tay
bir söz deməyib, özü ayağa qalxdı. Yaraqlanıb, çəkdi Düratı yəhərlədi.
Mindi, tək-tənha Koroğlunu axtarmağa getdi. Gecəni gündüzə qatdı,
gündüzü gecəyə, o necə deyərlər, az getdi, üz getdi, dərə təpə düz
getdi, axır gəlib Ərzincana yetişdi.
İsabalı şəhərə çatanda səhər tezdən idi, hələ dükanlar bağlı idi.
Göz gəzdirdi, gördü meydanın aşağı tərəfində bir əllaf dükanını yenicə
açır. Baxdı ki, dükanda çoxlu arpa çuvalları var, heç nırxını xəbər
almamış çuvalın bir böyüyünü götürüb Düratın qabağına qoydu.
Dükançı dedi:
– Ay qoçaq, çəkdirib qədərini bilməmiş, pulunu verməmiş arpanı
atına niyə yedirirsən?
İsabalı dedi:
– Qədərini bilmək nədi? Pul nədi? Mən indiyə kimi arpaya pul
verməmişəm, indimi verəcəyəm?
Dükançı gördü yox, bu pul-zad verən deyil. Çuvalın bir qulpundan
yapışıb atın qabağından çəkmək istədi. İsabalı dedi:
– Arpanı götürmə, at damağ olar.
Dükançı əl çəkmədi. Axırda İsabalı ona bir sillə hərlədi, dükançının
ayağı başından aşdı. Qalxmaq istəyəndə bir sillə də elə vurdu ki,
dükançının səsi xırp kəsildi, özündən gedib düşdüyü yerdə qaldı. İsabalı
ayağını onun sinəsinə qoyub istədi çəksin cücə boğazı kimi boğazını
üzüb atsın, ona kimi dükanını yenicə açmış dükançılar töküldülər,
yalvar-yapış eləyib dükançını onun əlindən aldılar.
Dünya xanım çoxdan yol gözləyirdi.
İsabalını görüb təhr-töhründən yəqin elədi ki, bu Koroğlunun
dəlilərindədi, dedi:
– Ey oğlan, kimsən? Hardan gəlib hara gedirsən? Kimi axtarırsan?
Dünya xanımın cavabında aldı İsabalı görək nə dedi:
Nə xan gördüm burada, nə də bir paşa,
Verə Koroğludan mənə bir xəbər.
Yağı düşmənləri bağladım daşa,
Verə Koroğludan mənə bir xəbər.
Ac qurd mənəm, qənim üstə ularam,
Müxənnəti öz qanına bularam,
Qılınc çəkib ölkəsini talaram,
Verə Koroğludan mənə bir xəbər.
Olan yoxdu mənim dərdimdən halı,
Heç başımdan getməz onun xəyalı,
Koroğluya qurban qoç İsabalı,
Verə Koroğludan mənə bir xəbər.
Dünya xanım dedi:
– Sən axtaran Koroğlu buradadı. Mən çoxdandı ki, səni gözləyirəm.
Düş atını tövləyə çək, özün də içəriyə gəl.
İsabalı gördü Dünya xanım doğrudan da tərifli gözəldi. Heç keçiləsi
deyil. Düşdü, atını tövləyə çəkdi, gördü Qırat da bu tövlədə bağlanıbdı.
Koroğlu tərəfdən ürəyi bir az arxayınlaşdı. Qayıtdı Dünya xanımın
yanına gəldi. Dünya xanım yemək, içmək gətirdi. İsabalı yedi, içdi,
başını Dünya xanımın dizi üstünə qoyub yatdı. O tərəfdən İsabalının
vurduğu dükançı özünə gəldi. Qalxdı birbaş getdi Camal paşanın
yanına ki, bəs Koroğlunun buraya bir dəlisi gəlib çıxıb, dükanı-bazarı
dağıtdı az qalmışdı ki, məni də öldürə, qaçıb əlindən qurtardım.
Camal paşa hökm elədi. Qoşun atlanıb yolları, bəndləri, bərələri
kəsdi. Dünya xanım işdən xəbər tutdu. İstədi İsabalını işdən hali eləsin.
Baxdı ki, İsabalı çox ağır yatıb, belə şeylərlə oyanası deyil. Onda aldı,
görək nə dedi:
Yağı düşmən dörd bir yanı alıbdı,
Oyan əcəm oğlu, dur get bu yerdən!
Sənin dərdin bu canımda qalıbdı,
Oyan əcəm oğlu, dur get bu yerdən!
Dünya xanımın səsinə İsabalı yuxudan oyanıb gördü qız ağlayır,
aldı görək Dünya xanımın cavabında nə dedi:
Ağlama, ağlama, ay Dünya xanım,
Ölər əcəm oğlu, getməz bu yerdən!
Sənə qurban olsun bu şirin canım,
Ölər əcəm oğlu, getməz bu yerdən!
Dünya xanım:
Hay-hay deyib gədiklərə yatandı,
Comərd düşmənləri atdan atandı,
Bolu bəydi, Koroğlunu tutandı,
Oyan əcəm oğlu, dur get bu yerdən!
İsabalı:
Hay-hay deyib tövlələrdə yatandı,
Hansı düşmənləri atdan atandı?
Koroğlunu al dil ilə tutandı,
Ölər əcəm oğlu, getməz bu yerdən!
Dünya xanım:
Çoxdu aralıqda mənim yamanım,
Sənnən ayrı göyə çıxar amanım,
Sənə qurban olsun bu Dünya xanım,
Oyan əcəm oğlu, dur get bu yerdən!
İsabalı:
İyid gərək qürbət eldə yaslana,
Çətin Misri qılınc qında paslana,
Min tülkü neyləyər bir ac aslana?
Ölər əcəm oğlu, getməz bu yerdən!
Sözləri tamama yetişdi. İsabalı Dünya xanıma ürək verib dedi:
– Dur gedək, Koroğlunun saxlandığı yeri mənə göstər.
İsabalı Dünya xanımla Koroğlu olan quyunun başına gəldi. Hələ
quyuya çatmamışdılar ki, İsabalı gördü bir oxumaq səsi gəlir. Huşkuşla
qulaq verib, gördü Koroğlu quyudan bu səsləri oxuyur:
Uca dağların başından
Yolum ay mədət, ay mədət!..
Yaman yerdə tutdu məni
Ölüm, ay mədət, ay mədət!..
Belimdə yoxdu qılıncım,
Müxənnətə çatmır gücüm,
Nə yorğan var, nə də cecim,
Zülüm, ay mədət, ay mədət!..
Hanı nizəm, hanı atım?
Kəsildi şanı-şövkətim,
Çənlibel kimi sərhəddim,
Elim, ay mədət, ay mədət!
Sinəm odlandı köz kimi,
Miskin olarmı biz kimi?
Dada yetə Eyvaz kimi
Dəlim, ay mədət, ay mədət!..
Altıma döşərdim xalı,
Yoxdu mənim kimi dəli,
Bu günümdə İsabalı
Gəlimi, ay mədət, ay mədət!..
İsabalı dedi:
– Koroğlu, qəm çəkmə, yetişdim.
İsabalı kəməndini açdı, quyuya salladı. Koroğlu kəməndin ucunu
belinə bağlayıb tərpətdi. İsabalı ilə Dünya xanım çəkdilər, Koroğlunu
quyudan çıxartdılar. Koroğlu İsabalı ilə qolboyun oldu, görüşüb, öpüşdü.
İsabalı dedi:
– Koroğlu, öpüşmək vaxtı deyil, qoşun hər yanı kəsib, tez ol görək
nə eləyirik.
Koroğlu ilə İsabalı özlərini atlara yetirdilər. Koroğlunun qılıncını,
qalxanını gətirib verəndə Koroğlu dedi:
– Dünya xanım, səni burda qoyub getməyəcəyik. Hazırlaş, qiymətdə
ağır, çəkidə yüngül nəyin var götür, bizinən gedək.
Dünya xanım mehtərə dörd at yəhərlədib çəkdirdi. Nə ki qiymətli
şeyləri vardı, xurcunnara doldurub atların üçünə yüklədilər. Atın birinə
də Dünya xanım özü mindi.
Koroğlu baxdı ki, hər tərəf kəsilib, aldı görək nə dedi:
Misri qılınc, ləzgi qəmə
Mən səni tər saxlamışam,
Dolaşma cübbə-coşana
Düşmənə var saxlamışam!
Comərdlərə yaxınaram,
Xəndək oxdan saxınaram,
Min igidə təpinərəm,
Canda hünər saxlamışam!
Dolandım qürbət ellərdə,
Tərifim gəzdi dillərdə,
Çardaxlı Çənlibellərdə,
Əsrəmiş nər saxlamışam!
Qoç Koroğlu elər xəta,
İndi sən bax bu busata,
Canım qurban Ərəbata,
Oynar, kişnər saxlamışam!
Koroğlunun nərəsini eşidəndə qoşun əhlinin canına lərzə düşdü.
Koroğlu bir yandan, İsabalı bir yandan, düşmənə hücum elədilər. Bir
vurhavur oldu ki, ruzigarın gözü hələ belə vurhavur görməmişdi. Düşmən
davam gətirə bilməyib qaçmağa üz qoydu. Axır ki, Koroğlu,
İsabalı, yanlarında da Dünya xanım Ərzincandan çıxıb, Çənlibelə tərəf
yol başladılar. Bir qədər getmişdilər ki, bir də Koroğlu gördü dallarınca
bir bölük atlı gəlir. Koroğlu dedi:
– İsabalı siz gedin, mən qayıdım bunların cavabını verim.
Bunu deyib Koroğlu geri döndü. Bir dəli nərə çəkib özünü qoşuna
vurdu. Qıratı sürüb əlində Misri qılınc onların canına düşdü. O ki,
qırmalı idi qırdı. Üstəlik bir dəstə atlını da əsir eləyib Qıratın qabağına
qatdı. Gəlib İsabalıgilə çatdı. Baxdı Mehtər Murtuz da bu atlıların
içindədi. Onu İsabalıya göstərib dedi:
– Bələdçilik eləyib məni tutduran bu idi.
İsabalı istədi ordaca Murtuzun işini tamam eləsin. Koroğlu qoymadı,
dedi:
– Əliboş gedərik. Bunları Çənlibelə töhfə aparaq.
Əsirlər də qabaqlarında gəlib Çənlibelə yaxınlaşdılar. Elə ki, dağlar
Koroğlunun gözünə göründü, aldı görək nə dedi:
Bir zamanlar səfa sürüb gəzərdim,
Onda səndin mənim qardaşım, dağlar!
Nə zaman ki, yağı düşman gələndə
Səndə çox olurdu savaşım, dağlar!
Taladım şahları, hələ az dedim,
Türfə gözəllərə işvə, naz dedim,
Neçə tacir, tüccar səndə gizlədim,
Açmadın sirrimi, sirdaşım, dağlar!
Koroğluyam, gəzdiyimi tapırdım,
Qayalar başında qala yapırdım,
Ağ süfrədən əmlik quzu qapırdım,
Yeyib qurtlar ilə ulaşım, dağlar!
Koroğlu sözünü tamam elədi.
O tərəfdən dəlilər Koroğlunun gec gəldiyini görüb dalınca gəlirdilər
ki, birdən yolda qabaqlaşdılar. Görüşüb öpüşdülər, bərabər Çənlibelə
qayıtdılar. Yol yorğunluqları çıxdı. Bir yaxşı məclis qurub toy
elədilər. Dünya xanımı İsabalıya verdilər.

davamı
XS
SM
MD
LG