Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:04

Müdafiə Komitəsi: «Məhbuslar Qobustan həbsxanasında aclıq edirlər»


Qobustan həbsxanası
İyunun 13-dən Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş 10-a yaxın məhbus aclıq aksiyası keçirir.

Məlumatı Ömürlük Cəza Almış Məhbusların Müdafiə Komitəsi yayıb.

Komitənin rəhbəri Müslümət Rzaxanova deyir ki, aksiyaya səbəb onların cəzalarının 15 ilə endirilməsi xahişi ilə ölkə rəhbərliyinə ünvanlanan məktub olub. Onun dediyinə görə, məktubun göndərilməsinə imkan verilməyib, məhbuslar isə cərimə təcridxanasına salınaraq işgəncələrə məruz qalıblar:

«Ayın 13-dən aclıq aksiyası keçirirlər. Həkim nəzarəti yoxdur. Aclığı qanunsuz cəzalandırılmalarına etiraz olaraq keçirirlər. Qanun pozuntusuna yol verib cəzalandırılıblarsa, niyə döyülüblər?».

Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, aclıq aksiyası keçirmək məhkumun hüququdur. Bununla bağlı həmin məhkum həbsxana rəhbərliyinə müraciət etməlidir. Ancaq belə bir müraciət olmayıb:

«Qobustan həbsxanasının rəisinə rəsmi olaraq aclıq aksiyasının keçirilməsi ilə bağlı heç bir məhkum müraciət etməyib. Ona görə də hansısa aclıq aksiyası barədə danışmaq əbəsdir. Aclıq aksiyası əvvəllər də olub. Biz onu gizlətməmişik. Burda qeyri-adi bir şey yoxdur».

Mehman Sadıqov məhkumlara işgəncə verildiyini də təkzib edir.

Qobustan həbsxanasında 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır. Onlar müxtəlif illərdə cəzalarının 15 ilə endirilməsi ilə bağlı bir neçə dəfə aclıq aksiyası keçiriblər.
XS
SM
MD
LG