Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Elmar Məmmədyarov erməni həmkarına cavab verdi


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü bu formatda ən uzun sürən görüşlərdən biri olub».

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Trend» agentliyinə Kazan görüşünü şərh edərkən belə deyib.

Nazir bildirib ki, Kazanda münaqişənin tənzimlənməsi istiqamətində irəliləyişə mane olan problemlər müzakirə olunub:

«Təəssüf ki, bir sıra prinsipial məsələlərdə biz kompromis həllə nail ola bilmədik. Ermənistan tərəfi 7 il əvvəl başlanan danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəştlər tələb edir».

E. Məmmədyarov deyir ki, bununla belə prezidentlər danışıqları və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etməyə razılaşıblar.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın son açıqlamasına cavab olaraq E. Məmmədyarov bildirib ki, yenə də fakt və sənədlər təhrif olunur:

«ERMƏNİSTANA TÖVSİYƏ EDƏRDİM Kİ, PİARLA MƏŞĞUL OLMASINLAR»

«Azərbaycan 2009-cu ildə Afinada Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü yenilənmiş «Madrid sənədi»ni qəbul etdiyini bəyan edəndə, nədənsə erməni tərəfi susurdu. İndi Ermənistan yenilənmiş «Madrid sənədi»nə əsaslanan işçi sənədin çoxsaylı versiyalarının yalnız birindən danışır.

Mən Ermənistan XİN-ə tövsiyə edərdim ki, piarla məşğul olmasınlar. Həmsədr ölkələrin liderlərinin çağırdığı kimi, yaranmış neqativ status-kvonun dəyişdirilməsi üzərində intensiv işləsinlər.

Görüşün yekunu olaraq məndə belə bir təəssürat yarandı ki, prezidentlər bu istiqamətdə fəal işləmək niyyətindədirlər», - deyə nazir bildirib.

Ermənistan tərəfi isə Kazan görüşünün nəticə verməməsində Azərbaycanı günahlandırıb.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan deyib ki, danışıqlar Bakının beynəlxalq vasitəçilərin təklif etdiyi əsas prinsiplərin son variantını imzalamaması üzündən nəticəsiz qurtarıb.

O iddia edir ki, Azərbaycan tərəfi 10-a yaxın dəyişiklik təklif edib.
XS
SM
MD
LG