Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:03

Ərəblərin ən məşhur şairini mövqesizlikdə günahlandırırlar


Düzdür, Adonisi (Əli Əhməd Səid Asbar) 20-ci əsrin ən böyük ərəb şairi də adlandırırlar.

Amma başqa bir ərəb yazarı - iraqlı Sinan Antoon "Al-Jazeera" telekanalının saytında yayınlanan məqaləsində onu mövqesizlikdə ittiham edir.

"Gözləmək olardı ki, Adonisin həmvətənləri Suriyada onları 40 ildir boğan qəddar diktaturaya üsyan edəndən dərhal sonra Adonis yalnız vicdanının səsi ilə silahlanaraq güllələr qarşısına çıxan həmin insanların cəsarətini qiymətləndirəcək. Amma o buna oxşar da bir şey etmədi".

Çoxları düşünür ki, məhz Adonis ərəb poeziyasını əruz vəzninin 1000 ildən çox tarixi olan çərçivəsindən çıxarıb, sərbəst vəzndə şeirlərilə ərəb poeziyasında çevriliş edib. O həm də onilliklər boyu ərəb ölkələrinin geridəqalmışlığından, cəhalətindən danışdığı üçün ərəblərin haqq səslərindən sayılıb.

Amma tənqidçiləri deyir ki, məşhur şair sənətdə olduğu qədər ictimai-siyasi hadisələrə münasibətdə də inqilabçı olmalıdır.

AD ÇƏKMƏDƏN TƏNQİD

Sinan Antoon məqaləsində yazır ki, Adonisin ərəb liderlərini tənqid edən çıxışları həmişə ümumi xarakterli olub, konkret ünvan göstərməyib. Konkret hadisələrə gəldikdə isə... məsələn, son aylar onun vətəni Suriyada davam edən üsyanla bağlı Adunisin mövqeyi təəssüf doğurur.

Məqalə müəllifi Adonisi rejimin dinc əhaliyə divan tutmasına, 1400-dən çox insanı öldürməsinə biganə qalmaqda ittiham edir.

Sinan Antoon yazır ki, Adonis ərəb dünyasının üzləşdiyi problemlərin mürəkkəbliyini ifadə etmək əvəzinə bunu fərd-qəbilə münasibətləri səviyyəsinə endirir, ərəblərin keçmişə "ilişib qaldıqlarını", ərəb-İslam mədəniyyətində fərdiyyət konsepsiyasının olmadığını, fərdin toplum, qəbilə içində "əridiyini" bildirir, dinin insan fərdiyyətinə münasibətinin dəyişməsinin vacibliyindən danışır, inkişafa da bunun təkan verə biləcəyini qeyd edir.

Məqalə müəllifi Adonisin Qərb dəyərlərinə əsaslanan belə çıxışlarının onun Nobel mükafatı almaq çabalarından irəli gəldiyini düşünənlərin də olduğunu qeyd edir.

Sinan Antoon məşhur şairin ərəb xalqının potensialına pessimistcəsnə yanaşdığını, buna görə də Tunis və Misirdə baş vermiş inqilabları sadəcə "gənclərin qiyamı" kimi qiymətləndirməsinə diqqət çəkir.

ŞAİRİN QORXULARI

Suriyada üsyan başlanandan sonra - martın 31-də Adonis məqalə ilə çıxış edir. Amma Sinan Antoon "Suriyadakı hazırkı hərəkatın işığında" adlı həmin məqaləni "pessimist" adlandırır:


Suriyanın Hama şəhərində etirazlar. 1 iyul 2011

"İnsanların azadlıq istəyinə dəstək vermək əvəzinə o, İraqdakı kimi Suriyada da xaosun mümkünlüyündən qorxduğunu yazır. Adonis dinlə siyasətin ayrı olmasının vacibliyini qeyd edir və oxucuları belə bir sual ətrafında düşünməyə çağırır: Görəsən bu inqilablar mötədil İslamın hakimiyyətə gəlməsi ilə nəticələnməyəcək ki? Düzdür, bir çox inqilabçılar bu narahatlığı bölüşür. Amma digər tərəfdən belə gümanlar repressiv rejimlərin də dəyirmanına su tökmüş olur. Çünki həmin rejimlər onilliklərdi ki, qəddar diktaturalarına, insan haqları pozuntularına haqq qazandırmaq üçün onlar olmazsa, hakimiyyətə islamçıların gələ bilməsinin mümkünlüyünü siyasətdə bir kart kimi istifadə edirlər".

Bu "dişsiz" məqaləsinə görə tənqidlərə tuş gələndən bir müddət sonra Adonis daha bir məqalə ilə çıxış edir. Düzdür, bu dəfə onun mövqeyi bir qədər aydın olur, məsələn, o təkpartiyalı sistemi tənqid edir. (Suriyanı onilliklərdir Baas Partiyası təkbaşına idarə edir - red.)

Amma ikinci məqaləsində Adonis üsyançıları da tənqid edir. Onun fikrincə, "önündə iki at - cənnət və cəhənnəmin qoşulduğu arabanın getdiyi siyasət - mütləq zorakı və özündən başqa seçimlərə haqq tanımayan siyasətdir". Adonisin fikrincə, ərəblər köhnə səhvlərin təkrar edirlər, bu üsyanlarla ərəb dünyası tarixdəki faciələrini təkrar yaşamağa məhkumdur.

BƏŞƏR ƏSƏD - "SEÇİLMİŞ PREZİDENT"?

Al-Arabiyya kanalındakı son çıxışında isə Adonis deyib ki, "meydanlardan yox, məscidlərdən başlanan etirazlarda iştirak edə bilməz".

Sinan Antoon məşhur şairi tənqid edərək yazır ki, o xaricdə yaşadığı üçün ölkəsinin reallıqlarından uzaq düşüb. "Əvvəla Suriyada ilk etirazların bir çoxu universitetlərdə başlanıb. Digər tərəfdən məscidlərdə toplaşmaq konkret siyasi mövqeyin ifadəsi kimi başa düşülməməlidir. Çünki Suriyada insanların toplaşmaq üçün bir neçə yer arasında seçim etmək imkanı yoxdur.
Bəşər Əsəd

Məlumatlara görə, hətta xristianlar və ateistlər də məscidlərə gediblər ki, daha böyük qüvvə olaraq meydanlara axışsınlar.

Bir müddət sonra Adonis Livanın "Safir" qəzetində Suriya lideri Bəşər Əsədə açıq məktubla çıxış edir. Sinan Antoon yazır ki, həmin məktub çap ediləndə Əsəd hakimiyyəti artıq 1000-dən çox dinc insanı qətlə yetirmişdi.

Adonis yenə də ölkədə çoxpartiyalı sistem yaratmağa çağırır. Amma əvvəlki məqalələrində olduğu kimi yenə də nə rejimin törətdiyi qətliamı pisləyir, nə də üsyan edənlərə simpatiyasını bildirir.

Əksinə, Əsəd rejiminin müxalifəti cin-çeytan obrazında təqdim etmək, onların xaricdən maliyyələşən dinçi ekstremistlər olduğunu beyinlərə yeritmək siyasətinə dolayısı ilə xidmət edən fikirlər söyləyir.

Üsyançılar arasında həm də təriqətçilərin, o cümlədən sələfilərin olduğunu vurğulayır.

Sinan Antoon -a görə, ən pisi isə odur ki, Adonis Bəşər Əsədə "seçilmiş prezident" kimi müraciət edir. "Halbuki Adonis hakimiyyətin Bəşər Əsədə atasından miras qaldığını bilir".

Məqalə müəllifi yazır ki, Bəşər Əsədin guya Suriyada baş verən qətliama görə məsuliyyət daşımadığını düşünmək sadəlövhlükdür. Əsəd ölkədə demokratiyanın bərqərar olmasına çalışan lider deyil. O bu prosesin bir elementi də ola bilməz.

"Təəssüf ki, Adonis bunun əksini düşünür. Bundansa susmaq Suriya xalqı üçün daha az təhqiramiz olardı".

Həmçinin oxu
50 min avroluq mükafat suriyalı şairə verildi
XS
SM
MD
LG