Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:33

Korrupsiyadan prezidentə şikayət edən zabit bununla qisas alırmış?


Zabitlərdən prezidentə video müraciət
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00
Direct-ə keçid
Orduda korrupsiya faktı ilə əlaqədar prezident İlham Əliyevə müraciət edən «N» saylı hərbi hissənin üç zabitindən biri - kapitan Ramin Qasımovun barəsində cinayət işi varmış.

Bunu Müdafiə Nazirliyində tərbiyə işləri üzrə idarənin rəhbəri Vaqif Məmmədov iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirib. Vaqif Məmmədov deyib ki, orduda korrupsiya barədə prezidentə müraciət edən zabitlər - kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov və gizir Şahlar Rzayevlə söhbət aparılıb.

«Heç də vəziyyət müraciətdə iddia edildiyi kimi deyil» deyən V. Məmmədov qeyd edib ki, Ramin Qasımov gənc zabit olmasına baxmayaraq, bir neçə dəfə əsgərləri incidib və bununla bağlı komandirlərə şikayət gəlib:

«Amma onun cavan, gənc zabit olduğu nəzərə alınaraq Ramin Qasımovla belə hallara bir də yol verməməsi haqda profilaktik söhbət aparılıb».

Vaqif Məmmədov deyir ki, sonuncu dəfə ötən ay onun 2 əsgərə fiziki işgəncə verməsi ilə bağlı hərbi komandanlığa şikayət daxil olub:

Vaqif Məmmədov
«Bundan sonra tədqiqat işi başlayıb. Artıq kapitana güzəştə gedilməyib, iyulun 4-də Hərbi Prokurorluqda barəsində Cinayət Məcəlləsinin 331.3 maddəsi ilə cinayət işi qaldırılıb». Həmin maddə 7 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutur.

Vaqif Məmmədovun bildirməsinə görə, hərbi hissədə hərbçilərdən izahat alınarkən məlum olub ki, Ramin Qasımov barəsində açılan cinayət işi bağlanmazsa, qisas alacağını bildirib.

Prezidentə ordudakı korrupsiya ilə bağlı müraciət edən digər 2 zabitə gəldikdə isə, Vaqif Məmmədov deyib ki, onlar öz izahatlarında söhbətin nədən getdiyini anlamadıqlarını, sadəcə, bir komandir kimi Qasımova tabe olduqlarını deyiblər.

Prezidentə müraciətdə zabitlər isə qeyd edirdilər ki, hərbi hissədə aparılan təmir işlərinə görə öz maaş kartlarını nisyə mal aldıqları mağazalara qoyublar.

Mətbuat konfransında Vaqif Məmmədov məsələnin bu tərəfini şərh etmək istəməyib və araşdırmanın davam etdiyini bildirib.

Vaqif Məmmədov həmçinin, hazırda iş başında olan kapitan Ramin Qasımovun şəxsi əşyalarına baxış zamanı spirtli içkilər və sulu qəlyan aşkarlandığını deyib.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

Zabitlər orduda korrupsiya ilə bağlı prezidentə videomüraciət göndəriblər
XS
SM
MD
LG