Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:37

Şərif Ağayar "Haramı" (Yeni romandan parça)


"Qanun" nəşriyyatı bu günlərdə yazıçı Şərif Ağayarın "Haramı" romanını "Ən yeni ədəbiyyat" seriyasında çap edib. Romandan bir parçanı "Oxu zalı"nda dərsc edirik.


Şərif Ağayar

“HARAMI”
(Romandan parça)

Söz vaxtına çəkər, yağmurlu payız səhərlərinin birində çadır qəsəbəsindəki toyuq hininə oxşayan balaca qamış daxmamızın qarşısında, boz rəngli, üstü batdaqlı köhnə nolonbir saxladı, içindən sürücü ilə bahəm orta boylu, nəhəng vücudlu, bədheybət bir adam düşdü.

Enli ayaqları kərpic kimi dördkünc, əlləri aslan pəncəsi kimi qalın idi. Kök bədəni əynindəki pencəyə güclə sığışırdı.

Pencəyin qoltuqları partlamış, dirsəkləri sökülmüşdü.

Adam yeridikcə bütün vücudundakı, hətta kürəyindəki qalın ət tərpənir, baldır-bud əzələlərinin yuxarı dartıldığı paltarın üstündən aydınca bilinirdi.

Qamış daxmamızın balaca, tozlu pəncərəsindən mənimlə bahəm qəribə qonağa tamaşa edən arvadım Sərəngül udqunub sual dolu nəzərlərini üzümə dikdi. Bədənimdə xəfif əsməcə dolaşdı, içim pırıldadı.

Təzə evlənmişdim, di gəl kasıbçılıqdan həyatın dadını çıxara bilmirdim. Sərəngül uzaq qohumumuzdu.

Onlar da varlı sayılmazdılar, ancaq biz lap kasıb idik. Üstəlik iki min dollara qədər borcumuz varıdı...

Sərəngül dodağı əyri gəzirdi məndən. Qüsura baxmayın, bizim intim münasibətlərimiz də yerbəyer deyildi.

Bu gözəl-göyçək qadın mənim kimi kasıb və abdal birisi ilə öpüşmək belə istəmir, incik-incik başını yana çevirirdi.

Hər toxunduğumda bumbuz bədəni ilə qarşılaşırdım və bütün təbii istəklərim öz ülviyyətindən yuvarlanırdı.

Əslinə baxsan günahı yox idi Sərəngülün. Nə qədər soğan çörək yeyib günəşin yandırdığı düzlərdə həvəssiz gecələr, ümidsiz sabahlar yaşamaq olardı?

Köçkünlük bəlkə bizim ailə qədər kimsəni zavala gətirməmişdi. Anam kəndimiz dağılandan sonra üç-dörd ay yaşadı. Yazıq arvadı bu xaraba düşərgə vərəmlədib öldürdü.

Qağam da diri sayılmazdı o qədər, quru cismi idi hərlənən. Xəstə idi, imkansızlıq ucundan həkimə apara bilmirdim. Ailəmiz hökumətin verdiyi yardım və beş-on qəpik çörəkpulu ilə dolanırdı.

Səfalət girdabında çabaladığımız bir vaxtda gəldi həmin üstü baddaqlı maşın.

Qağam öskürə-öskürə çıxdı qabaqlarına, barmağının ucunda həyətimizdə gərdiş eləyən nəhəng adama yaxınlaşdı, qorxa-qorxa salam verdi.

Nəhəng adam qağamın salamını almadı, gözünün birini qıyıb onu başayaq süzdü.

İçimdəki vahimə get-gedə artırdı. Bu adamın borc dalınca gəldiyinə zərrə qədər şübhəm qalmamışdı.

Qağam da qorxmuşdu aşkara... Əllərini qarşısında daraqlayıb dinməzcə durmuşdu.

Qaçqın düşən ili qazanc dalınca Moskvaya üz tutdum. Əvvəlcə işlərim babat gedirdi, az sonra işlətdiyim mağaza başayaq yandı, müflis oldum. Beş min dollar borcla qayıtdım qağamın üstünə.

Qapıdakı qoyun-quzunu, inəyi-dananı satdıq, gəbələrimizi bazara çıxartdıq, heç üçcə min düzəldə bilmədik.

Bir az da qohumlar kömək etdi... Borc dalınca gələn adamlara üç min qaytara bildik. Vəziyyətimizə baxıb, mənə bir il möhlət verdilər: “Cavan oğlansan, işlə düzəlt!.” Doğru sözdür, doğru olmağına...

Ancaq harda işləyə bilərdim ki?! Heyvan yox təsərrüfatla məşğul olum, torpaq yox əkin-biçin edim, diplom da ki olmasa yaxşıdı. Ali savadlı aqronom idim, amma harada işləyəydim?

Günüm daxmamızda uzanıb kitab oxumaqla keçirdi. Yoxsul qəsəbəmizin maraqlı bir kitabxanası vardı.

Daha doğrusu, qəsəbənin yaxınlığındakı fəhlə şəhərciyinin kitabxanası idi. Şəhərciyi bizdən əvvəlki qaçqınlar bütünlüklə zəbt etmişdilər, kitabxana yerində dururdu. Sovetlər vaxtı çap olunan ən maraqlı nəşrlərlə yanaşı kimsə bura yeni kitablar da hədiyyə etmişdi.

Açığı, mənim mütaliə etməyim kitaba olan həvəsdən deyil, əlacsızlıqdan idi. Kitablar məni dəli olmağa, havalanıb çöllərə düşməyə qoymurdu. İllah da dini kitabları oxuduqca sakitləşirdim.

Sən demə bu dünyanın haqq-hesabı çəkiləcəkmiş. Ah, nə yaxşı! Deməli üzləşdiyimiz zəlaləti bitdə-bitdə görən, günahkarların əməlini ədalət dəftərinə yazanlar vardı.

Oxuduqca kitablara adət etməyə, onları sevməyə başladım.

Kitab oxumağa görə pul versəydilər bəlkə dünyanın ən varlı adamlarından olardım.


Borcluların verdiyi vədə doldu, gəldilər, əlimiz boş, üzümüz qara çıxdıq qarşılarına. Bizə bir il də vaxt verdilər, dönə-dönə xatırlatdılar ki, bu sonuncu fürsətdir. İçlərindən çapıq sifətli birisi məni qırağa çəkib hədələdi:

“Seyit Mürsəl ağanın cəddi haqqı, bir ilin içində pulu tapıb verməsən, səni də, ailəni də girov aparıb Sibir meşələrində işlədəcəm.” Onun yoğun boynunda qalın, tros sep parıldayır, sepin ucundakı iri medalyon tüklü sinəsini daha da enli göstərirdi.

Son vədənin bitməyinə beş-üç gün qalmışdı. Deyəsən bu dəfə daha dəhşətli birisini göndərmişdilər.

Sifətinə baxdıqca başımın tükləri biz-biz dururdu. Nə qədər olmasa, çapıqsifətin gəlməməyinə sevindim. Təzə müsafirimiz ilk gəlişində o qədər də sərt davranmazdı bizimlə.

İllah da qoca, xəstə qağam çıxmışdı qabağına. Borcu olan adam deyil bəyəm?

Elə gərək söyüb təhqir eləyəsən? Bu dünyanın ən qəliz işlərini də adam dilində çözmək olar.

Odu e, bizim nümayəndələr ermənilərlə necə görüşürlər. Bəyəm mən ermənidən də pisəm? Yazıq canım.

Uzaqdan qəsəbənin icra nümayəndəsi taytıya-taytıya həyətimizə yaxınlaşdı. “Bu yaramaz hardan şıxdı” – düşündüm öz-özümə.

Sonra yadıma düşdü ki, başımıza gələnləri qağam danışıb ona, icra nümayəndəsi yağmasa da guruldayıb: “Qələt eləyirlər, dərəbəylik dövrü keçdi!”

İndi də kişi kimi hayımıza gəlirdi. Mən də qəribə adamam, doğru deyiblər, kasıb kölgəsindən xoflanar. İllah da borcu varsa...

“Bay səni xoş gördük, Səməndər, biz tərəflərə xoş gəlmisən” – icra nümayəndəsi qapımızdakı nəhng adamla mehribanca görüşdü.

Səməndər əlinin ucu ilə salam verdi ona, heç nə demədi, başını yerə dikib siqaret çıxartdı. Sürücü ciblərini eşib kibrit tapdı, Səməndərin siqaretini yandırdı.

Tanış çıxmalarına sevindik: mən də, arvadım Sərəngül də, arada çiyinlərini atıb özünə təskinlik verən qağam İdris də.

Qağam cılız bədəni ilə Səməndərin yanında lap miskin görünürdü. Hələ icra nümayəndəsi...

Qəsəbədəki camaatın başına corab hörən adam Səməndərin qarşısında əl quzusuna dönmüşdü: “Ayaq üstə durmayın, gəlin evə gedək siz Allah” – icra nümayəndəsi əməlli başlı yaltaqlanırdı.

Səməndər vəzifəli adama oxşamırdı.

Geyimindən, qırımından kənd adamına bənzəyirdi. Gorgobud, saymaz...

Diqqətlə baxanda onun çox yaraşıqlı olduğunu fərq etdim. Elə bil istedadlı bir heykəltəraş yonub düzəltmişdi Səməndəri.

Əlləri totuq görünürdü, ancaq yanındakı adamlarla müqayisə edəndə adam dəhşətə gəlirdi – pəncələri çox enli, barmaqları gödək, yoğun idi.

Ayağına geyindiyi xrom çəkmə, çox yəqin ki, tikilməydi. Heç bir mağazada eni-boyu bərabər olan belə ayaqqabı görməmişdim. Qalınlığı isə, ilahi, hardasa 10-15 santımetr olardı.

Köklüyünə rəğmən hərəkətləri çevik idi. Yeriyəndə boynunu irəli uzadır, incəsi ayrı, kürəyi ayrı hərəkət edirdi.

Hövsələsiz adama bənzəyirdi, bir yerdə dayanmır, gah siqaret çəkir, gah maşının yanında ora-bura gəzinir, gah da gözünün birini qıyıb yanpörtü adamları, qapımızı, “ev”imizi gözdən keçirirdi.

O, danışmır, icra nümayəndəsinin sözlərini eşitməzlikdən gəlirdi. İcra nümayəndəsi bir də təkrar elədi:

“Səməndər, qadan alım, ayaq üstə durma, gedək bir istəkan çay iç, nə işə gəlmisənsə tapşıraram uşaqlar məşğul olar.”

“Məllim, narahat olmayın, iki-üç dəqiqə söhbət edib gedirik.” – Sürücü cavab verdi.
Sürücü mədəni adama bənzəyirdi. Üstəlik yol-yoldaşının xasiyyətini yaxşı bilirdi deyəsən.

Səməndər icra nümayəndəsinə baxdı, sifətində sirli bir təbəssüm dolaşdı, sonra bir ağız güldü, güləndə qarnı yırğalandı və yenə gözünün birini qıyıb evimiz tərəfə zillədi. Birdən Səməndərin məni gördüyünü hiss etdim.

Özümdən asılı olmadan pəncərənin altına əyildim. Bayaqdan mənimlə bahəm qonağı vərəvürd eləyən Sərəngül də aşağı əyilmişdi. O pıçıltılı səslə soruşdu:

“Bu kimdi, Rüstəm?”
XS
SM
MD
LG