Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Aşıq Alı. Qoşmalar


Ashig Ali


SÖZ OLDU

Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri, qazandığım bez oldu.

Mən xabi-qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.

Cavanlığım qeybə çıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə, əməllərim düz oldu.

Bir mürğ tək leylü -nəhar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.

Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.


BU GÜN

Dərs alanlar gəlib məndən dərs alsın,
Sinəmin dəftərin açıram bu gün.
Bir quş idim, dayanmışdım yuvada,
Dövr edib havada uçuram bu gün.

Necə oldu atam, necoldu anam?
Dağıldı hasarım, pozuldu binam.
Yüklənibdir qəflə, qatır, barxanam,
Bu yurddan o yurda köçürəm bu gün.

Aşıq Alı mindi şəcərdən atı,
Oxundu üzümə əcəl baratı.
Qıldan çox nazikdir, qılıncdan iti,
Sırat körpüsündən keçirəm bu gün.


NƏ QALDI

Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora halqa salma dəmirdən;
Aydır, gündür gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?

Lənət gəlsin pis arvadın pirinə,
Cəhd eylər ki, ərin sala dərinə.
Yetən söyər mazarratın goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?

Bilmək olmaz təqdir yazan yazım,
Biri elmin arar, biri nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?

Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, təzənə qaldı?


GETDİ

Ay həzarat, gəlin sizə söyləyim,
Axdı eynim yaşı çay oldu getdi.
Nə ağa, nə nökər, nə bəy, nə paşa,
Hamsı bir-birinə tay oldu getdi.

Kimi ay qabağa cığa tel düzər,
Kimi qaş altından gözlərin süzər.
Kimi yeyib, içib, sallanıb gəzər,
Kiminin axırı vay oldu getdi.

Aşıq Alı, dərdi canda saxlaram,
Bağrım başın çalın-çarpaz dağlaram,
Gecə-gündüz nalə çəkib ağlaram,
Hayıf, gözlərimə zay oldu getdi.


DÜŞƏR

Ərzəyin yaylağı, Gözəl oylağı,
Bir zaman yadıma Başdıbel düşər.
Ovqanın yaylağı, Şahmar bulağı,
Ağmanqal, Mıxtökən, Alagöl düşər.

Yaxşı olar bu dağların havası,
Yaylamağa gəlir gözəllər xası.
Zərzibil, Daşkörpü, Gəlin qayası,
İstisudan bəri bizim el düşər.

Ləli-gövhər bu dağların tayıdı,
Xublar gəlib orda yaylar, qayıdı.
Bərkimin, Ağrının, Arpa çayıdı,
Bir zaman ellərə gəlhagəl düşər.

Zülm əlindən köçürdülər bineyi.
Tik pilləkəndədir köçün ileyi.
Qaraxal, Ağ manqal, Dəniz Güneyi
Qalxıb qonar ellər, Cada yol düşər.

Alı söylər yarın qaşı gözündən,
Dindirəndə dür tökülər sözündən,
Uçdu könlüm quşu dağlar gəzindən,
Ay qabaq üstündən siyah tel düşər.


İÇƏCƏK

Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.

Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.

Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.


BİLMƏZ

Çoxu aşıqlığa iqdam eylədi,
Əlində çaldığı saz ola bilməz.
İstəyir ki, matahım xırd edə,
Hərifi dəhanda düz ola bilməz.

Qulluq eyləməyən ustad pirinə
Nədən bilməm özün salar dərinə?!
Ala qarğa düşsə su kəmərinə,
Silkinər, çalxanar, qaz ola bilməz.

Göyçə mahalımdı, Alıdır adım;
Ümidim, pənahım, mənim imdadım.
Atəşliyəm, səni yandırar odum,
Eşq əhlində atəş az ola bilməz.


OLMADI

Nə həkim, nə loğman, nə cərrah qaldı,
Mənim bu dərdimi bilən olmadı.
Qohumdan, qardaşdan, dost-müsahibdən,
Bağlandı yolları, gələn olmadı.

Alçaqlı-ucalı dağlar görmüşəm,
Süsənli, sünbüllü bağlar görmüşəm,
Dünyaya gələni ağlar görmüşəm,
Dili deyib, üzü gülən olmadı.

Görüm xarab olsun belə zamana,
Dərdü-möhnət məni gətdi amana,
Axdı eynim yaşı döndü ümmana,
Ağlar Aşıq Alı, silən olmadı.


DOLANDIRIR

Ay ağalar, gəlin sizə söyləyim,
Yəqin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət, qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.

O dünyanın şərbətindən içməyən,
Körpü salıb üstən karvan keçməyən,
Evdə arvadına sözü keçməyən,
Kənddə köyxa olub el dolandırır.

Aşıq Alı, halın oldu pərişan,
Ağ üzündə xalları var hər nişan,
Binamus qohumdan, namuslu düşman
Öldürsə, qəbrimdə gül dolandırır.


KEÇDİ

Ötüşdü zimistan, gəldi nobahar,
Yetirdi qərinə, sənələr keçdi.
Dəli könül gündə yüz xəyal eylər,
Dolandı ruzigar, havalar keçdi.

Mən sana nə deyim, ey şahi-şonqar,
Ağlımı apardı bir çeşmi-xumar.
Könlümə olmadı bir münasib yar,
Gəldi məlakələr, sonalar keçdi.

Yazıq Alı, pürğəm səni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Qürbət eldə yazıq canım çürüdü,
Neçə çərşənbələr, cumalar keçdi.


DEDİ

Bir nişan istədim gülüzlü yardan,
Dirsəyin göstərdi: alısan, - dedi.
Dedim: ay qız, köçdüm, sənnən əl çəkdim,
Əlbət bir yadına salısan, - dedi.

Dedim: ay bəxtəvər, bu nə büsatdı?
Dedi: nəzər eylə, gör nə sifətdi.
Dedim: çeşmim yaşı yeri islatdı,
Verrəm dəsmalımı, silisən, - dedi.

Dedim: ay qız, qəmnən dəftər bağlaram,
Dedi: baxma nişanını saxlaram.
Dedim: həsrətindən, ilnən ağlaram,
Qorxma, yaxın vaxtda gülüsən, - dedi.

Dedim: ay qız, nə gözəldir şamama,
Dedi: dərmə, ömrün yetər tamama.
Dedim: ay qız, əl uzadım butama,
Özünü nüfuzdan salısan, - dedi.

Dedim: xəstələrin can dərmanısan,
Dedi: aşiqlərin kərəm kanısan.
Dedim: ay qız, mənim adım tanısan,
Əzəldən bilirəm Alısan, - dedi.


BƏNZƏRSƏN

Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Əyricə, Verst dağı, Xankirt baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr elər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.

Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı
Oylaq, bizim oylaqlara bənzərsən.

Aşıq Alı deyər, üç gözəl dərə:
Çiçəkli, Şaqaylı, Xoş gözəl dərə,
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.

DAVAMI

XS
SM
MD
LG