Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Aşıq Alı. Qoşmalar (3)


əvvəli

BAX

Bu dünyanı mən tərcümə eylədim,
Bu çərxi-gərdişin yollarına bax.
Satıcılar yalan yerə and içir,
Ortada oynayan dillərinə bax.

İnanmayın boyaqçının dilinə,
Cövhər, aşqar - yaman qatır lilinə.
Baxmayın hacınm yoğun şalına,
Gedib evlərində günlərinə bax.

Dövlətlilər əzrayılsız can alır,
Pulun sələminə ot, saman alır,
Əvvəlcə beş verib, sonra on alır,
Qiyamət günündə hallarına bax.

Bənnalar da divar çəkir hər yana,
Axşamacan danışırlar əfsana.
Nəccarlardan var yaxşısı bir dənə, -
Zoddu İbrahimin kamalına bax.

Əllaf ilə baqqal nə işlər görür?..
Haqqını düz alıb yarımçıq verir.
Bir arşında yarım çərək qol vurur,
Sən onların fəndi-fellərinə bax.

Gör neyləyir qalayçıyla, dəmirçi,
Xalqın evin yıxdı papaqçı, kürkçü.
Arvadları soyur pinəçi, çərçi,
Sövdadakı qilü-qallarına bax.

Nalbənd də çəkici çox döyür nala,
Tayı düz almamış salmayır yola.
Tez-tez mıxa çalır, haqqı bol ola
Üzünə tüpürür, yallarına bax.

Dəyirmançı neylər, söyləyim sənə,
On yol şahad alıb doymayır yenə.
Altından ling qoyur, üstdən dəndanə,
Qabaqdan paylayır, dallarına bax.

Pirim Şahi-Mərdan, Heydəri-kərrar
Dadıma yetişsin Əhmədi-muxtar.
Aşıq Alı üzü qara günahkar,
Cəhənnəm odunun küllərinə bax.


İSTƏRƏM

Elçi bəylər, xətrin məndən qalmasın,
Bu adətlə elin işin istərəm.
Əbrudan, atlasdan, ipəkdən, şaldan,
Xara parçaların başın istərəm.

Gətir başlığına üçcə min manat,
Üç qızıl bilərzik, bir qızıl saat.
Bircə "hə" sözünə iki köhlən at,
İpək heybə, yəhər qaşın istərəm.

İki dəvə gətir yanında köşək,
Gələn töhfələr də olduqca qəşəng.
Ətliyinə gətir 25 şişək,
Kabab çəkmək üçün leşin istərəm.

Put yarım çay gətir, iki put şəkər
Samavar qaynasın hər axşam, səhər.
On beş gün kef çəkək burda sərasər,
Qısır inək səndən beşin istərəm.

Mən Alıyam budur sözümün yeyi,
Çağırram toyuma rəyyəti, bəyi.
On beş put yağ gətir, qırx beş put düyü,
El yeməyə əppək, aşın istərəm.


BƏSDİ
Sən şəms, mən kənarında sitarə,
Rüsxət ver sərinə dolanım, Bəsdi.
Can fəda eylərəm, ey mahiparə,
Budur sərmayədən olanım, Bəsdi.

Kərəməm, Əslisiz giryan neylərəm?
Məcnunam, dəştidə üryan neylərəm?
Nainsaf, halıma bir yan, neylərəm?
Sənsən canı verib, alanım, Bəsdi.

İqbalım dadıma yetmədi bir an,
Sitəmindən oldu can evi viran,
İstərsən gəzərəm İranı, Turan
Qürbət diyarlara yollanım, Bəsdi.

Umma mərhəməti qəni daradan,
Əgər sevirsənsə çıxaq aradan.
Kərəm hasil olar nadir çaradan,
Tərsinə odlara qalanım, Bəsdi.

Dəhri-cəfə çoxlarını tovladı,
Uydu baban rəsulları qovladı,
Alı sənlə bir diyarın övladı,
Qoyma yad ellərə calanım, Bəsdi.


OLA BİLMƏZ

Gözəllər şahıdı nazlı nigarım,
Heç kim bu Bəsdiyə tay ola bilməz.
Xilqətinə xudasından verilən,
Bundan qeyrə cəlil pay ola bilməz.

Buğdayıya qara dedin, a zalım!
Bir an görməyəndə pozulur halım.
Odu pəri nisbət şəmsi-camalım,
Nisbətinə ulduz, ay ola bilməz.

Şəms oldum aləmə aqil sözümlə,
Ucalmışam, cəfalara dözümlə.
Nainsaf, seyr eylə yarı gözümlə,
Hilal qaşı kimi yay ola bilməz.

Kənaram qüssədən başdan-binadan,
Cəlil xilqət törər cəmil anadan.
Alı gövhər sərrafıdı, a nadan,
İnşallah, cəfası zay ola bilməz.


YETİŞDİM

Min cövrü-cəfayla yarıma çatdım,
Ömrümə nəqş olan sana yetişdim.
İqbalımı xab evindən oyatdım,
Vəsli-yarla bir zamana yetişdim.

İlqarına sadiq yarıma əhsən,
Yaraşır şəninə yüz dastan desən.
Hicran anlarıydı ömürdən kəsən,
Vəsli-yarla mən amana yetişdim.

Sərvi qəddi, gül camalı tamaşa,
Şəhla göz yaraşır o hilal qaşa.
Təkrarsız xəlq olub ayaqdan başa,
Kamallı kamilə cana yetişdim.

Bəstidi Alının həyat növrağı,
Bəyaz sinəsidi cənnətin bağı,
Açıldı üzümə vüsal otağı,
Sanki taxtı-Süleymana yetişdim.


GƏTİRMƏ

Məcnunun məskəni səri-kuy olar,
Səcdəgaha sən divana gətirmə.
Əhdə vəfalıyam, peymana mərdəm,
Min bəhanə qaibana gətirmə.

Əl götürməz gözüm gözlə savaşdan,
Geyin əndamına aldan, qumaşdan.
Bir seyrə çıx laləzarı o başdan,
Pünhan gəzib, məni cana gətirmə.

Tənə gəlməz pərvanəyə yanmaqdan,
Al canımı, qurtar məni dannaqdan.
Sədaqətdə Alı çıxıb sınaqdan,
Əbəs yerə imtahana gətirmə.


GEDİRƏM

Çox-çox salam-dua qohum, qardaşa,
Biləsiniz Alosmana gedirəm.
Bir mətləb istədim şahlar şahınnan,
Sığınmışam o sübhana, gedirəm.

Sinəmdə alışır qəmim, ataşım.
Düşəndə yadıma dostum, sirdaşım.
Yolumu gözləsin yarım, yoldaşım,
Sizə verib bir nişanə gedirəm.

Aşıq Alı gəzir İrannan Turan,
Mənim uğuruma açıxdı hər yan.
Mənə sirdaş olub Aşıq Duraxan,
Yoldaş olub gövhər-kana gedirəm.


KÖNÜL

Bəd gəldi ruzigar, döndü zamana,
Baxmaynan yaxşıya, yamana, könül,
O vaxt bənna idin bürc hasarında,
İndi də yatıbsan nə xanə, könül?

Kəsildi məhəbbət, hörmət azaldı,
Uşaq da, böyüklə üzbəüz oldu,
Tərk oldu mərd iyid, qurğu pozuldu,
Zaya getdi ilqar kamana, könül.

Hanı ağ sürülər, daşqınlı sellər,
Əcəb tamaşalı sonalı göllər!
Səddi qəhrəmana bənzəyən ellər,
Qərq oldu dəryaya, ümmana, könül.


BİLİNMƏZ

Ay ağalar, gəlin sizə söyləyim,
Nanəcibin düz ilqarı bilinməz.
Xəsis gec-tez öz varını itirər,
Onun namus, qeyrət, an bilinməz.

Can yanmasa gözdən axan yaş olmaz,
Qohum-qardaş çətin vaxtı yad olmaz,
Dostu büdrəyənin qəlbi şad olmaz,
Kisəvar insanın varı bilinməz.

Dostumun dostuna sayıl olmuşam,
Təmiz gözəllərə mayıl olmuşam,
Çəkdiyim zillətə qayıl olmuşam,
Bivəfa gözəlin yan bilinməz.

Mən istərəm gözəlləri şad olsun,
Dodaq nazik, incə belli, dad olsun,
Xoşxasiyət, gülər üzlü, ad olsun,
Əl uzatsan onun narı bilinməz.

Aşıq Alı, hər cəfaya dözübsən,
Həm ucanı, həm alçağı görübsən,
Bu fani dünyadan əlin üzübsən
Fələk bivəfadı, barı bilinməz.


DÜŞƏRSƏN

Kəndin laf eyliyib aşığam demə,
Sən də olar bir gün dara düşərsən,
Nə gəzirsən çöl-biyaban, səhrada?
Dağlarda borana, qara düşərsən.

Gəl özün özünə verməginən boy,
Özgə qabınnan ye, öz qabınnan doy.
Qırxıb yal-quyruğun eylərəm bir day,
Yal-quyruğu qırxıq hara düşərsən.

Ustadam, Alıyam, tanısan məni,
Dürün mədəniyəm, gövhərin kanı,
Bir kərə götürüb ataram səni,
Gedib cəhənnəmdə nara düşərsən.


GÖZƏLDİ

Gözəllər səfinə səcdə eylərəm,
Cümlədən birisi necə gözəldir.
İltimas eylərəm rübəndin ata,
Mahi-münəvvərsə, gecə gözəldi.

Boyu sürahidi, özü baxtavar,
Tapmazsan tayını aləmi axtar.
Peymanda yarandı faili-muxtar,
Yaxşını-yamandan seçə, gözəldi.

Viran etmə könlü, savabdı hörsən,
Yarım Alının gözüylə görsən.
And-aman içənə özün deyərsən,
Yanında Züleyxa, bica gözəldi.


VERMƏRƏM SƏNİ

Başına döndüyüm, a nazlı dilbər,
Cismidə min cana vermərəm səni.
Aləmin malını cəm eyləsələr,
Çəksələr bir yana vermərəm səni.

Boyun sürahıdi, əndamın şüşə,
Sorağın mahaldan-mahala düşə,
Fərhada, Şirinə yüz möhlət keçə,
Behişti-qılmana vermərəm səni.

Dağlarda maralsan, düzlərdə ceyran,
Dərələz, Naxçıvan boyuna heyran.
Nə Gəncə, Qarabağ, Şamaxı-Şirvan,
Küllü-Gürcüstana vermərəm səni.

İqbalda Sənanı, Xumarı seçək,
Peymanda Kərəmi, Əslini seçək.
İmana, ilqara bahəm and içək,
Taxtı-Süleymana vermərəm səni.

Alı qurban o qamətə, o boya,
Baxdıqca çöhrəndən çətin ki, doya.
Tehrana, Təbrizə, Mərəndə, Xoya,
Tamam ol İrana vermərəm səni.


DÜŞMÜŞƏM

Əziz mehribanım, gözümün nuru
Beyqəfildən bir balaya düşmüşəm.
Qəza yazdı, qədər gördü işini,
Alışıb ataşa, nara düşmüşəm.

İtirdim irahı, gəzdim düzünü,
Mən görmüşəm nainsafın yüzünü,
Gəl sənə söylüyüm sözün düzünü,
Ah çəkibən ahu-zara düşmüşəm.

Alıyam, sərimnən gedib xəyalım,
Nə loğman tapmadım, nə də ki, alim,
Mən sənə neylədim, a qəddar zalım,
Məcnun olub dağa, daşa düşmüşəm?


BƏSDİ

Nabina eynimə nəzər eyləyib,
Duyuram, ahəstə ağlama, Bəsdi.
Çarəsiz dərdimə çarə olmadı,
Yas tutub qaralar bağlama, Bəsdi.

Nadan olub, fərəh umma fələkdən,
Al əhlidi, əl götürməz kələkdən,
Kənar etdi məni arzu-diləkdən,
Dağ üstən sinəmi dağlama, Bəsdi.

Alı bülbül oldu, dünya - qəfəsi,
Çərxi-cəfadardan kəsilər səsi,
Zəngulədə yerin verməz özgəsi,
Daşqın çaylar kimi çağlama, Bəsdi.


MƏNİM

Dost-həmdəmim yetən kimi vətənə,
Gör bir gözləyirmi yolum yar mənim?
Söylə o canana qoy inciməsin,
Yolumu tutubdu boran, qar mənim.

Yerim pünhan, yurdum pünhan, qərib mən,
Didərgin düşmüşəm nə vaxtdır seldən.
Dərdimi özün de, göz yaşım eldən,
Sinəmə dağ çəkib yağılar mənim.

Hicran dəryasında üz, Aşıq Alı,
Bu da bir səfərdi gəz, Aşıq Alı,
Fələyin qəhridi döz, Aşıq Alı,
Vaxt olar möhnətim dağılar mənim.


İTİBDİ

Bülbül fəğan eylər hey gələr səsi,
Güllər solub, o bağbanlar itibdi.
Oxuyub qumru tək kəklik ləhcəli,
Mən gördüyüm nər cavanlar itibdi.

Oxumamış mən əbcədi bilirəm,
Dərya kimi təlatümə gəlirəm,
Bey peyğəmbər, əlif Allah qanıram,
Dil tərk olub, yol-ərkanlar itibdi.

Göydə bir quş vardı adı dolaşıq,
Nitqi yoxdu, sözün söylər dolaşıq,
Hər saz çalan deyir: mənəm də aşıq,
Alı kimi çox insanlar itibdi.

DAVAMI
XS
SM
MD
LG