Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:52

İsa Qəmbər: «Freydə görə, bəzən dil çaşıb həqiqəti ifadə edir»


İsa Qəmbər
İsa Qəmbər
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat başqanı İsa Qəmbər İctimai Palatanın «Yol Xəritəsi»nə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun münasibətinə cavab verib. İsa Qəmbər deyib ki, bu sənəd hələ rəsmən hakimiyyətə təqdim edilməyib:

«Sənəd rəsmən Prezident Administrasiyası, Milli Məclis və Yeni Azərbaycan Partiyasına təqdim ediləcək. Cənab Əli Həsənov bir qədər ildırım sürətli cavab verməyə tələskənlik edib. Eyni zamanda, hesab edirəm ki, bu cavab rəsmi cavab hesab edilə bilməz. Çünki ən azı siyasi etika, siyasi mədəniyyət tələb edir ki, müraciətə cavab verməzdən əvvəl müraciətlə rəsmən tanış olunsun. Ondan sonra müzakirə edilib ona münasibət bildirilsin».

Müsavat başqanı deyib ki, Əli Həsənovun söylədikləri olduqca maraqlıdır:

«Mən o cavabı kifayət qədər diqqətlə incələdim. Xeyli maraqlı məqamlar ortaya çıxır. Əvvəla açıq-aydın görünür ki, İctimai Palatanın mövcudluğu hakimiyyəti ciddi narahat edir və

ƏLİ HƏSƏNOV ÖZ ARZULARINI, XƏYALLARINI GİZLƏDƏ BİLMİR.

Açıq şəkildə ifadə edir ki, «hələ İctimai Palatanı buraxmayıblar?». Yəni, hakimiyyət rəsmisi oturub xəyal edir ki, İctimai Palata özü-özünü buraxsın və ictimai-siyasi həyatda iştirak etməsin. Bu, onların İctimai Palata ilə bağlı narahatlığını ifadə edən bir etirafdır».

İsa Qəmbər sənəddə irəli sürülən ideyaların «cəfəngiyat» adlandırılmasını isə mədəniyyətsizlik sayır:

«Bu sənədin, sənəddə irəli sürülən ideyaların cəfəngiyat adlandırılması mədəniyyətsizlikdir. Dövlət rəsmisi nəinki İctimai Palata kimi ciddi bir təşkilatın, hətta bir vətəndaşın da müraciəti ilə bağlı «cəfəngiyat» sözü işlətməməlidir. Qarşısındakına hörmət etmirsə, özünə hörmət etməlidir və belə bir ifadə
İctimai Palatanın iclası
işlətməməlidir».

Partiya sədri bildirib ki, iqtidar özünü İctimai Palataya maraq göstərməyən kimi təqdim etməyə çalışsa da, müxalifətin təşəbbüsləri ilə kifayət qədər maraqlanır. O cümlədən bu sənədlə mətbuat vasitəsilə olsa da tanışdırlar:

«Əli Həsənov deyir ki, Azərbaycanda növbədənkənar seçki keçirmək üçün zəmin yoxdur. Qeyd edir ki, bizi buna sövq edəcək nə daxili səbəb var, nə də xarici səbəb. Bu, çox önəmli cümlədir və əslinə qalsa, hakimiyyətin mahiyyətini ifadə edən bir cümlədir. Yəni,

ETİRAF EDİR Kİ, BİZ ANCAQ MƏCBUR OLSAQ, İSLAHATA GEDƏCƏYİK.

Ancaq məcburiyyət qarşısında demokratiya ilə bağlı addımlar atacağıq, qərarlar qəbul edəcəyik. Ancaq məlumdur ki, Freydin nəzəriyyəsinə görə, bəzən dil çaşıb həqiqəti ifadə edir və Əli Həsənov da öz hisslərini, narahatlığını gizlədə bilməyib».

İsa Qəmbər hakimiyyətə xəbərdarlıq da edib:

«Sizi buna sövq edən səbəb yoxdur, bəs sabah sövq edən səbəb olanda, neyləyəcəksiniz? Başa düşürsünüzmü ki, vaxtınız olmayacaq artıq reaksiya verməyə? Necə ki bir çox diktaturaların, bir çox avtoritar liderlərin xalqın istəyinə laqeyd yanaşması sonda onunla nəticələndi ki, hakimiyyət bunu etməyə məcbur olanda, yəni onları sövq edən səbəblər ortada olanda, artıq onlar bunu etməyə zaman çatdırmadılar. Əli Həsənov və onun təmsil etdiyi qüvvələr bu həqiqətə diqqət etsinlər».

Müsavat başqanı deyib ki, hakimiyyətin «Yol Xəritəsi»ni birmənalı və mütləq qəbul etməsi şərt deyil.

Əli Həsənov
«Biz demirik ki, bu «Yol Xəritəsi» Quran ayəsi kimi bir şeydir və bunu qəbul etməlisiniz.

ÖZ İDEYALARINI QOYSUNLAR ORTALIĞA.

Bu sənəd bizim təklifimizdir. Ultimatum deyil. Heç bir cümləsi, sözü, hərfi dəyişə bilməyən toxunulmaz bir şey də deyil. Hakimiyyət bu sənədin üzərində müzakirə aparıb deyə bilər ki, biz belə görmürük, başqa cür görürük. Yaxud deyə bilər ki, «Yol Xəritəsi» bizi qane etmir və ümumiyyətlə, başqa bir sənədə, başqa bir yanaşmaya ehtiyac var. Öz yanaşmasını ortaya qoya bilər. Ancaq hakimiyyət nə zamansa buna məcbur olacaq. Hakimiyyət nə qədər tez bunu dərk etsə, Azərbaycanın da mənafeyinə uyğun olacaq, hakimiyyətdəkilərin də».

Bu yaxınlarda Prezident Administrasiyasının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov İctimai Palatanın təqdim etdiyi «Yol Xəritəsi»nə münasibət bildirib. Əli Həsənov deyib ki,

«YOL XƏRİTƏSİ» CƏFƏNG İDEYADIR.

Hakimiyyət təmsilçisi İctimai Palata ilə maraqlanmadıqlarını, «İctimai Palata hələ özünü buraxmayıb» sualını verib.

Əli Həsənov «Yol Xəritəsi»ndə Milli Məclisin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi məsələsinin qoyulmasına ayrıca münasibət bildirib. O deyib ki, parlamentin buraxılmasına heç bir halda ehtiyac yoxdur:

«Bu seçkilərin keçirilməsinin heç bir zəmini də yoxdur. Eyni zamanda, Azərbaycanı buna sövq edəcək nə daxili, nə də xarici səbəb var».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG