Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Quranın səmavi kitab olduğuna inanmağım


Şərif Ağayar


QURANIN SƏMAVİ KİTAB OLDUĞUNA İNANMAĞIM

Sentyabrın son üç günü Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Rəsmi açıqlamalara görə sərgidə 90-a yaxın yerli, 25-ə yaxın xarici çap-poliqrafiya müəssisəsi iştirak edəcək. Nə gözəl!


...Bəlli bir yaşdan sonra hər kəsin qafasında bir kitab anlayışı formalaşır və bu anlayış həmin adamla birlikdə böyüyür. Məncə, insanın mənəvi dəyəri onun düşüncəsindəki kitabın haracan olmasındadır.

Hamı kimi mənim də bir kitab dünyam olub. Ancaq etiraf edim ki, bu dünya elə də böyük olmayıb. Səbəb çox sadədir...

Azərbaycanda son illərə qədər ciddi, böyük kitab tədbirləri keçirilməyib. Əgər bu olubsa belə mən görməmişəm.

Bir dəfə tale yolumu İstanbul kitab fuarından saldı!

Mən bu qədər adamı yalnız bazarlarda, daha dəqiq desəm, Aeroport “talkuçkası”nda görmüşdüm.

İstanbul kitab fuarı kitabla bağlı düşüncə sərhədlərimi genişləndirdi desəm zəif çıxar, darmadağın etdi!

Göz işlədikcə kitab...

İstanbul fuarının beynimdə dağıdıb təzədən yaratdığı kitab dünyası bir neçə il sonra Tehran sərgi-yarmarkasında təzədən alt-üst oldu. Bunu bircə sözlə ifadə etmək istərdim: heyrət!

Mən bu qədər zəngin bir kitab dünyasını yuxularımda da görə bilməzdim. Kitab necə möhtəşəmmiş, dostlar! Elə həmin sərgidə keçirilən Türkiyə günlərində iştirak etdim.

Dünyanın bütün kitab yarmarkalarını yorub əldən salan türkiyəli uzman durub-durub nə desə yaxşıdır:

“Tehran sərgisi Frankfurtdan sonra dünyanın ikinci möhtəşəm kitab sərgisidir...”

Sən demə indiyədək görə bilmədiyim daha bir kitab dünyası varmış planetimizdə və bu dünyaların ən böyüyü imiş!

Açıq etiraf edirəm, mən Quranın səmavi kitab olduğuna Tehran sərgisində bir daha inandım. Bir ucu səmalara bağlı olmasaydı, kitab öz cazibəsinə dünyanın hər tərəfindən bu qədər insan yığa bilməzdi.

Təəssüf ki, xaricdə keçirilən sərgilərdə iştirak etməyən azəri oxucusu kitabın möhtəşəmliyini heç vaxt lazımı səviyyədə hiss etməyəcək.

Əvvəla, Azərbaycan balaca ölkədir. İkincisi, biz kitabdan hürkürük bir az! Ona görə bizdə kitaba münasibət 20-30 il sonra da istənilən səviyyəyə qalxa bilməyəcək.

Amma, gərək kişi olanı desin, 2009-cu ildə Muzey Mərkəzində keçirilən birinci kitab sərgisində insanların kitaba münasibəti içimdə ümid qığılcımları doğurdu. 3 gün ərzində stendlərin qarşısındakı qələbəlik azalmadı.

Demək, potensialda oxucularımız var, sadəcə onlarla kitab arasındakı səddi aşırmaq gərəkdir.

Düşünürəm ki, kitab sərgilərinin vaxtaşırı keçirilməsi bu işdə böyük əhəmiyyət kəsb edəcək.

Məşhur filosoflardan biri deyib ki, eynək gözün, əsa əlin, kitab isə beynin davamıdır. Gəlin beynimizin çürüyüb torpağa qarışmasına imkan verməyək!

Qafqazinfo
XS
SM
MD
LG