Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:58

«Turac Zeynalovun ölümünü Baş Prokurorluq araşdırsın»


Turac Zeynalov həyat yoldaşı Gülnar Zeynalova
Turac Zeynalov həyat yoldaşı Gülnar Zeynalova
Bu ilin avqustunda müəmmalı şəkildə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində vəfat etmiş Turac Zeynalovu ailəsi bu işin Respublika Baş Prokurorluğunda araşdırılmasına çalışır. Bu barədə AzadlıqRadiosuna ailənin vəkili Əsabəli Mustafayev məlumat verib:
Vəkilin dediyinə görə, digər hüquq mühafizə orqanlarına da üz tutublar, amma bu barədə hələ mətbuata məlumat vermək istəmirlər:

«İstəmirik ki, qarşı tərəf - Naxçıvan MTN-i qabaqlayıcı tədbirlər görsün».
Əsabəli Mustafayev deyir ki, hələ ki yerli və beynəlxalq təşkilatlardan yalnız Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı Zeynalovlar ailəsinin durumu, Turac Zeynalovun ölümünün təfərrüatları ilə maraqlanıb.
«BU İŞDƏN ƏL ÇƏKİN, YOXSA...»
Turac Zeynalovun artıq 20 günə yaxındır ki, Bakıda olan ailə üzvləri də yalnız vəkillə əlaqələrinin olduğunu deyirlər. Mərhumun həyat yoldaşı Gülnar Zeynalova deyir ki, hələ heç bir rəsmi quruma da hər hansı müraciət ünvanlamayıblar. Sadəcə dekabrın 5-i Bakıda keçirdikləri mətbuat konfransında prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ailənin təhlükəsizliyini təmin etmək və Turac Zeynalovun ölümündə təqsirli olanları cəzalandırmaq çağırışı ilə şifahi müraciət ünvanlayıblar. Gülnar Zeynalovanın dediyinə görə, bir müddət Naxçıvana dönmək barədə düşünmürlər:
«Hələ biz Naxçıvana qayıda bilmərik. Burdaikən telefonlarımız susmur, ora getsək hər gün evimizə gəlib bizi bu yoldan çəkindirəcəklər. Zəng edib deyirlər ki, bu işdən əl çəkin, istədiyiniz sənədləri sizə verəcəyik. Biz də deyirik ki, sənədləri vəkilimizə verin, amma onlar vəkillə əlaqə yatarmırlar. Bizə deyirlər ki, məhkəmə getməyin, yoxsa axırı pis olacaq».
«HEÇ KİM BİZİMLƏ MARAQLANMIR»
Gülnar Zeynalova yerli hüquq müdafiə təşkilatlarının, hüquq müdafiəçilərinin onlarla maraqlanmadığından da gileylidir:
Turac Zeynalovun yaşadığı Ərəzin kəndi
Turac Zeynalovun yaşadığı Ərəzin kəndi
«Heç kim bizimlə maraqlanmır. Bircə vəkillə danışırıq. Heç kim demir ki, məqsədiniz nədir, niyə bura gəlmisiz».
Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə deyir ki, ünvanımız da, telefon nömrəmiz də hər kəsə bəllidir, Zeynalovlar ailəsi görüşmək istəsələr, onları dinləməyə hazırıq:
«Biz onlarla görüşmək üçün Naxçıvana kimi getdik, amma onlar danışmaq istəmədilər. İndi Bakıda olduqlarından xəbərimiz var. Yerimizi, telefon nömrəmizi çox gözəl bilirlər, müraciət etsinlər, onlarla görüşməyə hər zaman hazırıq».
- Səadət xanım, Turac Zeynalovun ailə üzvlər Bakıda mətbuat konfransı keçiriblər...
- Mətbuat konfransı keçirdiklərini sonradan bilmişəm. Bizə deyilməyib.
Turac Zeynalov Naxçıvan aeroportunda sürücü işləyib. Bu ilin avqustunda ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə iş açılıb, o dövlətə xəyanətdə, İrana casusluq etməkdə ittiham olunurdu. Ailəsinin sözlərinə görə, Turac Zeynalovu 3 gün MTN təcridxanasında saxladıqdan sonra meyitini veriblər. Ailə iddia edir ki, mərhum işgəncələr nəticəsində ölüb. Ailə üzvləri mərhumun bədənindəki işgəncə izləri çəkilmiş videogörüntünü mətbuatda da yayıblar.
Naxçıvan MR MTN-i isə Turac Zeynalovun dəri xərçəngindən əziyyət çəkdiyini və bədənində müxtəlif şişlər olduğunu, buna görə öldüyünü bildirir.

2011-ci ilin sentyabrında bir qrup hüquq müdafiəçisi, redaktor və jurnalistlər həm də Turac Zeynalovun ailəsi ilə görüşmək, Naxçıvan MTN-dən münasibət almaq məqsədilə Naxçıvana səfər edib. Ailə təzyiqdən qorxduğunu əsas gətirərək görüşdən imtina edib. Naxçıvan MTN-dən isə münasibət öyrənmək mümkün olmayıb, qurumun əməkdaşı hüquq müdafiəçiləri və jurnalistlərin Naxçıvanı tərk etməsini tələb edib.
Hüquq müdafiəçiləri və jurnalistlərin Naxçıvana səfərini Norveç Xarici Işlər Nazirliyinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu təşkil edib. Turac Zeynalovun ailəsinin bugünkü durumu ilə bağlı RATİ-nin rəhbəri Emin Hüseynovdan münasibət öyrənmək istədik, amma məlum oldu ki, o ölkədə deyil.
XS
SM
MD
LG