Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Sirri açılmayan tibbi sığorta


Foto: Arxiv
Foto: Arxiv
«Bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli sayılır. Ancaq bu sahənin bizdəki vəziyyəti niyə belədir, baş açmıram».

QİSMƏT TÜRKİYƏDƏ İMİŞ

Gülər Axundova üç ildir tibbi sığortadan istifadə edir. Ancaq Azərbaycanda yox, Türkiyədə. Gülər deyir ki, illərlə Azərbaycanda tibbi sığortadan istifadə etməyi arzulayıb, qismət olmayıb. Ancaq 3 il əvvəl Türkiyədə ailə qurandan sonra bundan istifadə edib. Əvvəlcə sığorta olunacağı şirkəti tapıb, müəyyən bir məbləğ ödəyib. Həmin şirkət də ona istifadə edə biləcəyi xəstəxanaların siyahısını verib:

«Tibbi sığortanın faydaları çoxdur. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda pul ödəmirsən. Bəzi xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsini ödəyirsən. Maddi baxımdan çox sərfəlidir».

Gülərin həyat yoldaşı dövlət sektorunda çalışdığından o, dövlətin ayırdığı tibbi sığortadan da faydalanır.

İMKANSIZLARIN SİSTEMİ

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub.
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Ancaq üstündən illər keçsə də, qanunun icrası reallaşmır. Elə Bakı sakini Həmidə Bağırova da deyir ki, bu haqda ancaq eşidib:

«Eşitmişəm ki, xarici ölkələrdə belə bir şey var. Tibbi sığorta çox yaxşı şeydir. Xəstələnəndə gedirsən həkimə, pulsuz müayinə və müalicə olunur. Olsaydı, çox yaxşı olardı».

Adilə Əliyeva isə ümumiyyətlə, bu haqda eşitmədiyini deyir:

«Məncə, bizdə elə bir şey yoxdur. Olsaydı, yaxşı olardı. Mən özüm imkansızam.
Anaq Qədirli
Anaq Qədirli
Bildiyim qədər də belə sistemlərdə ilk əvvəl imkansızlar nəzərə alınır».

«SƏHİYYƏ NAZİRLİYİ KONSEPSİYA HAZIRLAMIŞDI»

Bir neçə il əvvəl Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılacaq. Səhiyyə Nazirliyi öz təkliflərini də təqdim etmişdi.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anaq Qədirli deyir ki, artıq bu sahə ilə onlar məşğul olmur:

«Bu məsələ 2008-ci ildə Səhiyyə Nazirliyinin üstündən götürüldü. Artıq bununla Səhiyyə Nazirliyi məşğul olmur. Səhiyyə Nazirliyi konsepsiya hazırlamışdı. Bununla bağlı Nazirlər Kabinetində Agentlik yaranıb».

NAZİRLƏR KABİNETİNİN XƏBƏRİ YOXDURSA...

2007-ci ildə prezident icbari sığorta üzrə dövlət agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu agentliyin necə fəaliyyət göstərdiyini, icbari tibbi sığortanın nə vaxt işə düşəcəyini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli dedi ki, onlarda bu haqda məlumat yoxdur:

«Material olanda, mətbuat xidmətinin vasitəsilə mətbuata ötürülür».

Belə çıxmır ki, agentlik fəaliyyət göstərmir? Nazirlər Kabinetinin sözçüsü dedi ki, «Yox, o demək deyil. Sadəcə bizim mətbuat xidmətində məlumat yoxdur».

KORPORATİV MÜŞTƏRİLƏR

İqtisadi və Sosial İnkişaf Mərkəzinin layihə direktoru Leyla Əliyeva Azərbaycanda tibbi sığorta ilə bağlı araşdırmalar aparıb. O deyir ki, Azərbaycanda icbari tibbi sığorta işləmir, könüllü tibbi sığortadan isə çox az qrup istifadə edə
Foto: Arxiv
Foto: Arxiv
bilir:

«Azərbaycanda tibbi sığortanın bugünkü vəziyyətini qənaətbəxş saymaq olmaz. Çünki dövlətin özü də səhiyyəni lazımı səviyyədə maliyyələşdirmək iqtidarında deyil. Hazırda ölkədə tibbi sığortadan yararlananlar fərdi qaydada ayrı-ayrı adamlar yox, daha çox korporativ müştərilərdir. Yəni, şirkətlər işçilərinin tibbi sığortasını təklif edirlər. Könüllü tibbi sığorta üçün Azərbaycan vətəndaşı tibbi xidmətlərin limitindən asılı olaraq 300-500 manat ödəniş edir».

ƏHALİNİN GƏLİRLƏRİ AŞAĞIDIR

Ekspert deyir ki, bu sistemin zəif inkişaf etməsinin əsas səbəbi əhalinin gəlirlərinin aşağı səviyyədə olmasıdır. Həm də bu sahəyə nəzarət edən sistem yoxdur. Tibbi xidmətlərin natamam həyata keçirilməsi, bu sahədə maarifləndirmənin olmaması da səbəblərdəndir.

Ölkədə bir neçə özəl tibbi sığorta şirkətləri də fəaliyyət göstərir. Bu şirkətlərdən biri – «Atəşgah Sığorta» şirkəti saytında yerləşdirdiyi məlumatda bildirir ki, şirkət 1998-ci ildən peşəkar səviyyədə Könüllü Tibbi Sığorta xidmətlərini təklif edir. Şirkət Azərbaycanın 60-dan çox tibb müəssisəsi və klinikası ilə müqavilə bağlayıb. Şirkətdən başqa məlumat əldə edə bilmədik.

Ekspertlər deyir ki, icbari tibbi sığorta səhiyyənin yeni üsulla maliyyələşdirilməsinə gətirməli idi. Ancaq bununla bağlı Dövlət Agentliyi yaradılsa da, konsepsiya imzalansa da, sistem işə düşmədi. Çünki bu model səhiyyə sistemində köklü dəyişikliklərin olmasını tələb edir.

TİBBİ SIĞORTA - HƏMRƏYLİK SİSTEMİ

Azər Mehdiyev
Azər Mehdiyev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, tibbi sığorta həmrəylik sistemidir:

«Hər kəs bura hissə-hissə pul keçirir. Sağlam insanlar da pul keçirirlər. Xəstələnəndə həmin vəsaitdən istifadə etmə sisteminə əsaslanır. Eyni zamanda, bu, yalnız maliyyədə birləşmə deyil. İnsanlar sığortaya pul keçirməklə həkimə gedəndə, heç bir halda həkimlə müştəri arasında xidmətin ödənilməsi ilə bağlı söhbət olmur».

Azər Mehdiyev deyir ki, işsizlərin, kənd təsərrüfatında çalışanları sığortalanması və başqa çoxlu suallar var ki, illərdir açıq qalır.

Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün 30 milyon manat ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır. 2012-ci ilin dövlət büdcəsində də yenə sığorta islahatları ilə bağlı 30 milyon manat ayrılıb. Görəsən, bu vəsait yenidən büdcəyə qaytarılmayacaq ki?
XS
SM
MD
LG