Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:47

Bəxtiyar Vahabzadə. Qul bazarı


Gəldi başımıza min qan, min qada
Bunlar tarixdən də bizə tanışdır.
Bəşərin quldarlıq zamanında da
Bu millət qul alıb, qul satmamışdır.

Nədir qul bazarı, hardan çıxdı bu?
Öz halal yurdunda millət qul oldu?
Qış ötdü, yaz gəldi, bitmədi yonca
Xəzana döndümü şirin xəyallar?
Oturab səkidə küçə boyunca
Müştəri gözləyir bu təzə qullar.

Bir parça çörəkçin bu bədbəxılərin
Açılır başına min cür oyunlar-
Səhərdən axşama qaya capmağa,
Zibil dasımağa hazırdı onlar.

"Gəl" - deyə çağırsan, əllisi birdən
Cumacaq üstünə daş səkilərdən.
Özün seç, çəkinmir qul olduğuna
Az, ya çox, nə versən sükrandır ona.
Qulun nə haqqı var "Bu azdır" deyə
Sahib ağasıyla çənə döyməyə?

Satdıq Qarabağı uf demədən biz
Satdıq otelləri, zavodları da.
Min cür sərvətimiz, var-dövlətimiz
Satıldı, el qaldı quruca yurdda.

Biri-birimizi satırıq bu gün
Ayıra bilmirik doğrmadan yadı.
Vərdişə çevrilib satmaq bizimçün
Daha satılmağa bir şey qalmadı.
Hərraca qoymuşuq bu məmləkəti,
İndi də satırıq namus, qeyrəti.

Ünvan ləkələndi, ad ləkələndi,
Tapdandı min illik şərəf də, şan da.
Amandır, qoymayın, satılır indi
Millətin mənliyi qul bazannda.

Varlı tanıyıram vicdanı miskin,
Qıymaz bircə quruş var-dövlətindən.
Bir acı doydurmaq, nadan nə bilsin
Savabdır yüz Kəbə ziyarətindən.

Durduğumuz yerdə biz addım sayıb,
İrəli getmədik bir addım belə.
Daim dilədiyi haqqa çatmayıb,
Bu millət nəyisə gözləyir hələ.

Durur illər boyu durduğu yerdə
Bu yolun əvvəli, axırı məchul.
Millətin yarısı yad ölkələrdə,
Yarısı doğmaca vətənində qul.

Adamlar talanır öz mənzilində
Əcnəbi sahibkar lap ağ eylədi.
Aldığı zavodda ana dilində
Danışmağı bizə yasaq eylədi.

Əcnəbi ağadır sanki bu yurda
Sinəm ayaqlara yol olmuş bu gun.
Eloğlum həm yurdda, həm də kənarda
Hakim əcnəbiyə qul olmus bu gün.

Onlar iş axtarır yaşamaq üçün
Bu adi istək də çox imiş məgər?
Bizdən iş istəyən bu möhtacların
Yaşamaq haqqı da yox imiş məgər?

İstiqlal qazanıb biz elə bildik,
Qurtardıq milləti qəhr edən oddan.
Amma bilmədik ki, məhrum edildik,
Dağlarda qurutdan, aranda tutdan.

Əzilir, soyulur bu xalq günbəgün,
Dözümdə, səbrdə, vallah, fil olduq.
Bəlkə bu milləti qul eləməkçün
Biz qan bahasına müstəqil olduq?

Ölkəm müstəmləkə, yada qul ikən
Millət gəlmələrə qul ki, deyildi.
İndi bu məmləkət müstəqil ikən
Millət qula dönüb sındı, əyildi.

Ünvan ləkələndi, ad ləkələndi,
Tapdandı min illik şərəf də, şan da.
Amandır, qoymayın, satılır indi
Millətin mənliyi qul bazarında.
XS
SM
MD
LG