Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Azərbaycan iqtisadi azadlığa görə 91-ci oldu


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan iqtisadi azadlığa görə dünyanın 179 ölkəsi arasında 91-ci yeri tutur. "Heritage" Fondu və «Wall Street Journal» yanvarın 12-də 2012-ci ilin İqtisadi Azadlıq İndeksini açıqlayıb.

Ümumilikdə İndeksdə ölkənin durumu biznes, ticarət, fiskal və monetar siyasət, investisiyalar, maliyyə, əmək sahələrinin azadlığı, korrupsiyanın durumu, dövlət xərclərinin ÜDM-də yeri və mülkiyyət hüquqlarının təminatına görə qiymətləndirilib.

Bütün bu göstəricilər üzrə 179 ölkə arasında ən yaxşı göstərici Honq-Konqda qeydə alınıb. Sinqapur, Avstraliya, Yeni Zelandiya və İsveçrə ilk 5-likdəki digər ölkələrdir.

AZƏRBCAYNIN GERİLƏMƏ SƏBƏBİ

Azərbaycan İqtisadi Azadlıq İndeksində 58.9 balla 91-ci yeri tutur. Ötən illə müqayisədə Azərbaycan 0.8 bal daha az toplayıb. Səbəbi isə, dövlət xərclərinin ÜDM-dəki payının artması və biznes sərbəstliyin azalmasıdır.

QONŞULARLA MÜQAYİSƏ

İqtisadi Azadlıq İndeksində Azərbaycanda 58.9 balla qonşularından ancaq İranı (42.3) və Rusiyanı (50.5) qabaqlayır.

Ancaq Cənubi Qafqaz dövlətləri arasında Azərbaycan həm lider Gürcüstandan (69.4), həm də Ermənistandan (68.8) geridədir.

Ayrı-ayrı parametrlərlə götürəndə, Azərbaycan Ermənistanı ancaq əmək azadlığı və monetar azadlıqlarda, Gürcüstandan isə dövlət xərclərinin ÜDM-ə nisbətində yaxşı durumdadır.

Türkiyə (62.5) ilə müqayisədə Azərbaycanda biznes azadlığı, fiskal azadlıq, hökumətin xərcləri, monetar azadlıq, əmək azadlığı üzrə daha yaxşı durumdadır.

Azərbaycan bütün qonşuları arasında İrandan sonra mülkiyyət hüquqlarının ən pis qorunduğu yer kimi də hesabata da düşüb.

İqtisadi Azadlıq İndeksinə əsasən, Gürcüstan 34-cü, Ermənistan 39-cu, Rusiya 144-cü, İran - 171-ci yerdədir.

Ötən ilki hesabatda Azərbaycan 179 ölkə arasında 96-cı sırada göstərilmişdi.

HESABATIN AZƏRBAYCAN HİSSƏSİ

Hesabat müəllifləri yazır ki, aparılan islahatlar iqtisadiyyatın nizamlanmasında səmərəliliyin və iqtisadi şaxələnmənin artmasına, makroiqtisadi və sahibkarlıq mühitindəki müsbət dəyişikliklərə səbəb olub. Yeni vergi islahatları ölkənin beynəlxalq ticarətə və xarici investisiyalara daha açıq olmasına və ölkənin normal bazar münasibətlərinə daha da yaxınlaşmasına kömək edib.
Amma hələ görüləsi çox iş var. İqtisadi azadlıqların möhkəmlənməsi üçün daha dərin struktur və sistem islahatlarına ehtiyac var. Mülkiyyət hüquqları və korrupsiyadan azadlıq sahəsində durum hələ də ağırdır. Hökumətin müdaxiləliləri və nəzarəti monetar sabitlik və xarici investisiyalara təhlükədir. Qanunvericilik islahatları yavaşlayıb və bu da əvvəlki əldə olunan bir sıra nailiyyətlərin itirilməsinə səbəb olub.

SİYASİ MÜHİT

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası 2010-cu ilin noyabrındakı parlament seçkilərində qalib gəlsə də, seçkinin ədalətliliyi və legitimliyinə şübhələr var. 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklərlə prezidentlik müddətlərinə məhdudiyyət götürülüb və İlham Əliyevə 2013-cü ildə yenidən namizəd olmağa imkan verir.
Media azadlığı məhdudlaşdırılır, o cümlədən ölkədə xarici radioların yayımının dayandırılıb. 2010-cu ildə Azərbaycan Dünya Ticarət Təşkilatına üzvlük üçün danışıqları bərpa edib. Neftlə zəngin olan Azərbaycanın Dağlıq Qarabağ mübahisəsi üzündən Ermənistanla müharibəsi minlərlə adamın həlak olmasına və ölkə ərazisinin 1/5-nin işğalına səbəb olub. Rusiyanın dəstəyini qazanmaq ümidi ilə Bakı bu ölkəyə qaz satışını illik 2 milyard kubmetrə qədər artırıb. 2010-cu ildə iqtisadi artım zəifləyib, ancaq neft-qaz hasilatının artması və özəl investisiyaların çoxalması investorların etimadını artırıb.

QANUNUN ALİLİYİ

Ədliyyə sistemi qeyri-şəffaflıqdan və icra hakimiyyəti müdaxiləsindən əziyyət çəkir. Müqavilələrin icrası ləngiyə bilir. Bəzi irəliləyişlərə baxmayaraq korrupsiya ciddi narahatlıq doğurur. Ədliyyə və polis sistemi rüşvətxorluğa meyllidir, iri biznes sahibləri hökumətlə əlaqələri vasitəsi ilə bütün əsas sahələr üzrə inhisarlar yaradır. Ölkədəki vergi qurumlarının fəaliyyəti onların şəffaflığına və hər kəsə eyni münasibət göstərilməsinə şübhə yaradır.


SƏMƏRƏLİ İDARƏETMƏ

Yeni biznes qurmaq prosesi sadələşdirilib, ancaq lisenziyaların alınmasında bürokratiya və süründürməçilik qalır. Bütün bu işlərə dünya üzrə ortalamadan 2 dəfə çox - təxminən 15 prosedura və 200 gündən çox vaxt gedir.
Nisbətən sərbəst əmək münasibətləri tətbiq olunub, amma təcrübədə bu hələ belə deyil. Bir çox enerji məhsullarının qiyməti nəzarətdə saxlanılır, inflyasiya isə 2008-ci ildəki 20 faiz səviyyəsindən 6 faizə düşüb.


AÇIQ BAZAR

Ticarət rüsumları ortalama 3.9 faizdir, ancaq rüsumdan kənar gömrük müdaxilələri və ixracın nəzarətə saxlanması xərclərin artmasına səbəb olur. Bir çox sahələrdə xarici investisiyalara icazə var. Amma şəffaflığın olmaması və bürokratiya investisiyaların sürətli artımını əngəlləyir. Özəl banklar dövlət banklarından sürətlə inkişaf edir. Lakin orta və xırda sahibkarlıq üçün uzunmüddətli maliyyə instrumentləri çox məhduddur.
XS
SM
MD
LG