Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:51

Sovet dövründə Bakıdakı mitinqlər


«Kommunist» qəzeti. 1967-ci il
«Kommunist» qəzeti. 1967-ci il
«Kommunist» qəzetinin 1967-ci il 11 fevral sayında «Azərbaycan zəhmətkeşlərinin etiraz mitinqləri» adlı məqalə dərc olunub. Məqalədə deyilir:

«Montin adına maşınqayırma zavodunun fəhlələri fevralın 10-da mitinqə toplaşaraq Çin hökumət orqanlarının kobud antisovet fitnəkarlığına qarşı yekdilliklə etiraz etmişlər.

Quraşdırıcı çilingər B. Süleymanov tribunaya qalxaraq demişdir: ÇXR rəhbərlərinin hərəkətləri dünya ictimaiyyətində, yer üzünün bütün namuslu adamlarında qəzəb və hiddət doğurur.

Tənzimləyici A.Pselov demişdir ki, xunaeybinlərin və tezofanların hərəkətləri Hitlerin faşist xuliqanlarının azğınlığından heç də fərqlənmir. Mən Çin Xalq Respublikası fəhlələrinə müraciət edərək, onları Mao-Teze-dun güruhunun fitnəkar təfriqəçi fəaliyyətini dəf etməyə çağırıram. Marksın, Engelsin, Leninin böyük vəsiyyətlərinə xain çıxanlara ar olsun!»

«İşğalçılara lənət!» başlıqlı məqalə isə qəzetin həmin 1967-ci il 11 iyun sayında dərc olunub.

«V.İ. Lenin adına zavodun maşınqayıranları İsrailin yaxın Şərqdə həyasız təcavüzünə qarşı etiraz mitinqinə toplaşmışdılar. Kommunist əməyi briqadasının başçısı Q.Ulanov öz nitqində İsrailin quldur təcavüzünü qəzəblə pislədi. İsrail hərbi əməliyyatları dayandırmaq haqqında Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Suriya ərazisini işğal etməkdə davam edir».

V. İ. Lenin adına respublika stadionunda Bakı zəhmətkeşlərinin izdihamlı mitinqi
V. İ. Lenin adına respublika stadionunda Bakı zəhmətkeşlərinin izdihamlı mitinqi
«Kommunist» qəzetinin 22 sentyabr 1967-ci il sayında Bakıda Vyetnamla həmrəylik mitinqi haqqında məqalə «Qəzəb səsi» adı altına dərc olunub. Mitinqçilər əllərində «Amerika işğalçılarına ar olsun!», «Yanki Vyetnamdan rədd ol» və başqa şüarlar da tutublar. Məqalədə deyilir:

«Vyetnam! Müsibətlər görmüş bu məğrur və əməksevər ölkənin adı bütün dillərdə, planetimizin bütün guşələrində qəzəb səsi kimi, mübariz çağırış kimi ucalır. Biz «Vyetnam» dedikdə, sanki inqilabi həmrəylik ideyalarına sədaqət andı, xalqların azadlıq və istiqlaliyyəti uğrunda mübarizlərlə birliyi möhkəmlətmək andı içirik.

Sentyabrın 21-də V. İ. Lenin adına respublika stadionunda Bakı zəhmətkeşlərinin izdihamlı mitinqi qəhrəman Vyetnam xalqı ilə həmrəyliyin həyəcanlı nümayişi olmuşdu. Milli azadlıq hərəkatına Böyük Oktyabrın təsiri haqqında Azərbaycan paytaxtında keçirilən beynəlxalq elmi konfransın iştirakçıları da bakılılarla birlikdə mitinqdə Amerika təcavüzkarlarının vəhşi hərəkətlərini qəzəblə pisləmişlər».
XS
SM
MD
LG