Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:52

Taksi sürücüsü: «Hansı pulla xarici maşın alaq?!»


«London taksiləri»
«London taksiləri»
«Adını qoydular «çoxsaylı xahişlər», kim onlardan xahiş edib? Biz tələb etmişik ki, şərtləri sadələşdirin. Təkcə il qadağasını götürüblər, qalan bütün qadağalar yerində qalıb. Biz necə gedək təzə maşın alaq? İndiki qazancla krediti də ödəmək olmur. Demirlər lisenziya? Biz də gedək lisenziyanı alaq işləyək də».

Abdin Əkbərov 10 ildən çoxdur ki, taksi sürür, deyir hazırda sürdüyü sarırəngli «Renault» markalı minik maşını ailəsinin yeganə qazanc mənbəyidir. Nəqliyyat Nazirliyinin taksilərlə bağlı yeni qaydaları ortaya çıxandan Abdin Əkbərov rahatlığını itirdiyini deyir. 50 yaşlı sürücü bundan sonra ailəsinin çörək pulunu necə qazanacağını düşünür:

«50 yaşım var, hansı şirkətə, zavoda müraciət etsən, birinci yaşı soruşurlar. Desən 50, deyir «gecdir». Bəs indi– 50 yaşımda mən hara gedim? Özləri də şərt qoyublar ki, 50 yaşdan yuxarıları işə götürməyin. Yaxşı, işə götürmə, pensiyanı da verirsiz 65 yaşında, bəs mən 15 il neyləməliyəm? Qoy, sovet maşını da, «London taksi»si də, xarici maşın da dayansın. Müştəri gəlsin, hansına istəyir minsin də. Mən görsəm ki, 1 gün, 5 gün mənim maşınıma minən yoxdur, özüm çıxıb gedərəm də. Rəqabət belə olar da».

«JİQULİ» OLMAZ!

Nəqliyyat Nazirliyi yanvarın 23-də taksi fəaliyyəti üçün avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyəti aradan qaldırsa da, sürücülər yenə narazıdır. Çünki bu güzəşt keçmiş sovet istehsalı olan maşınlara şamil olunmayıb. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov:

«Keçmiş sovet maşınları, «Jiquli»lərə birmənalı olaraq lisenziya verilməyəcək. Sadəcə, elə maşınlar var ki, Yaponiya, Almaniya istehsalıdır. 2003-də, 2005-də istehsal olunub, amma yaxşı vəziyyətdədir, lisenziyanın bütün şərtlərinə cavab verir. Yəni, daxil olan müraciətləri nəzərə alaraq il məhdudiyyətini ləğv edirik».

«AKSİYALARLA NƏYƏSƏ NAİL OLMAQ OLUR»

Rəng məsələsində də hər hansı güzəşt olmayacaq, yəni taksi kimi istifadə olunan avtomobillər ya ağ, ya da bənövşəyi olmalıdır. Lisenziya da yalnız 5 min maşına veriləcək.

20 ildir taksi sürən Ceyhun Mehtiyev hesab edir ki, illə bağlı məhdudiyyətin aradan qalxması taksi sürücülərinin Bakının ayrı-ayrı yerlərində və Nəqliyyat Nazirliyinin qarşısında keçirdiyi bir neçə aksiyanın nəticəsidir. Ceyhun Mehtiyevə görə, digər məhdudiyyətlər də aradan qaldırılmalıdır:

«Etiraz aksiyaları onu göstərdi ki, nəyəsə nail olmaq olar. Bu, ardıcıl olmaldır ki, limit məsələsi, sarı rəng məsələsi də aradan götürülsün. Rəngə qalanda, bütün dövlətlərdə taksi ancaq sarı
Taksi sürücüsü Füzuli Məmmədov
Taksi sürücüsü Füzuli Məmmədov
rəngdədir».

«HEÇ OLMASA, 1 İL MÖHLƏT VERSİNLƏR»

«Jiquli» markalı maşınından 7 ildir ki, taksi kimi yararlanan Yalçın Abdullayev isə nazirlikdən heç olmazsa, onlara 1 ilədək möhlət verilməsini istəyir:

«Xarici maşın almağa imkan yoxdur. Heç olmasa, 6 ay, 1 il imkan versəydilər ki, sovet maşınları qalsın, sonra imkan eləyib xarici maşın almaq olardı. Əhalinin vəziyyətini ağırlaşdırırlar, çörəkpulu üçün gedib oğurluq edəcəyik? Dövlət fabrik, zavod tiksin ki, gedək orada işləyək. İndi Azərbaycanda ancaq şəxsi firmalardır, orada da işləmək üçün gərək institut qurtarasan».

Füzuli Məmmədov: «Məndə də sovet maşınıdır. Başqa sənətim də yoxdur, 24 yaşımdan taksi sürürəm. İndi mən hara gedib işləyə bilərəm?»

Xətai Xanəliyev: «Bunu eləyirdilərsə, bir il əvvəl deyərdilər, camaat da işini bilərdi də. Eləsi var ki, kreditə maşın götürüb pul ödəyir, ailə var, uşaq var. Dövlət gətirib kiməsə pul verir? Vermir ki. İndi taksı sürücüsü neyləsin, acından ölsün? Bizim millətdə elə imkan yoxdur ki, hamı gedib xarici maşın ala. Hərə öz imkanına görə alır da».

«HÖKUMƏTİN «TAKSİ SİYASƏTİ» KÖKÜNDƏN YANLIŞDIR»

Foto: Arxiv
Foto: Arxiv
Taksi sürücüləri hələ də narazı qalsalar da, nazirlikdən güzəştin yalnız buraxılış ili ilə məhdudlaşacağını deyirlər. Nəqliyyat məsələləri üzrə ekspert Valeh Hümbətoğlu isə hesab edir ki, hökumətin «taksi siyasəti» kökündən yanlışdır. Ekspertə görə, ölkədə lazımi islahatlar həyata keçirilmədən, yeni iş yerləri açılmadan nazirliyin sayı heç də az olmayan taksi sürücülərinə qarşı bu cür davranışı başadüşülən deyil:

«Azərbaycanda həddən artıq işsizlik var. İnsanlar daha yaxşı yaşamaq üçün gedib taksi sürmürlər ki?! Acından ölməmək üçün taksi sürürlər də. Ona görə də limit mümkün olan şey deyil. Bu məsələnin heç bir müsbət həlli yoxdur. Bunun yolu ancaq odur ki, ya «London taksiləri»ni qaytarsınlar, ya da hökumət etiraf etsin ki, bu pulu göyə sovurub. İnsanların da öz ixtiyarına buraxsınlar ki, necə özlərini dolandırırdılarsa, o yolla da dolandırsınlar».

Nəqliyyat Nazirliyi yanvarın 13-dən lisenziyasız taksilərə qarşı reydlərə başlayandan sonra, Bakının bir neçə yerində, o cümlədən Nəqliyyat Nazirliyinin binası qarşısında yüzlərlə taksi sürücüsü etiraz aksiyası keçirib. Sonuncu aksiyada - yanvarın 19-da 4 nəfər saxlanılıb. Onlara 5 sutka inzibati həbs cəzası verilib.
XS
SM
MD
LG