Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 04:51

Gün çıxdı, sığınacaqlar söküldü, bəs sonra?


Evsizlərin sığınacağı
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

Evsizlərin sığınacağı

-
«BOMJ»LARIN 5 GÜNLÜK İSTİ YATAQ, İSTİ YEMƏK SEVİNCİ

«Sığınacaqlara cəmi 121 nəfər müraciət etmişdi. Gündə 3 dəfə yeməklə təmin olunurdular. Ancaq 121 nəfərin hamısı orda gecələmirdi. Konkret 52 nəfər gecələyirdi. O gecələyənlərdən də bəziləri hava mülayimləşəndən sonra öz rayonlarına qayıtdılar».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət sosial xidmətinin sektor müdiri Musa Ağamalıyev AzadlıqRadiosuna bildirib ki, küçədə yaşayanlar üçün qurulmuş müvəqqəti sığınacaqlardan 4-ü sökülüb. Sonuncusu isə fevralın 19-da yenə sərt hava şəraiti proqnozlaşdırıldığına görə hələlik sökülməyib.

Yanvarın sonundan başlayan çovğun, şaxta paytaxtdakı evsizlərdən bir neçəsinin canını alandan sonra hökumət nəhayət ki, fevralın 10-da 5 yerdə müvəqqəti çadırlar quraşdırdı. Getməyə yeri olmayanlar hökumətin bu qayğısına cəmi 5 gün isinə bildilər.

YENİ QANUN NƏYİ DƏYİŞƏCƏK?

Sığınacaqlara yerləşdirilmiş daimi yaşayış yeri olmayanlar isə hələ sığınacaqlar sökülməmişdən narahatçılıq içində idilər. Düşünürdülər ki, onları yenə səfil həyat-zibilliklər, binaların girişləri, səkilər və qəbiristanlıqlar gözləyir.

Nazirlik işçisi isə deyir ki, sığınacaqlar bağlanandan sonra orda qalanlardan bir qrupu müayinə və müalicə üçün Şağandakı pansionata yerləşdirilib. O ki, qaldı digər daimi yaşayış yeri olmayanlara,
Sığınacaqlara 121 nəfər müraciət edib
Sığınacaqlara 121 nəfər müraciət edib
Musa Ağamalıyevin deməsinə görə, «Sosial Xidmət haqqında» qanun layihəsi qüvvəyə minəndən sonra onların da daimi sığınacaq yeri olacaq:

«Sosial xidmət haqqında qanunda bütün çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda qocalar evi və ruhi əsəb təmayüllü internat evlərimiz var. Mövcud qanunvericilik olmalı idi ki, bu sahədə addımlar atılsın. «Sosial Xidmət haqqında» qanunu gözləyirik. Qanun qüvvəyə minəndən sonra bu məsələlərlə bağlı addımlar atılacaq. Yaşayış yeri olmayan insanlar da o kateqoriyaya daxildir. Ola bilsin ki, 2013-dən bu işlərə başlayaq».

«ARAŞDIRSINLAR Kİ, BİZ NİYƏ KÜÇƏLƏRDƏYİK»

Nazirlik işçisi deyir ki, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası haqqında qanun var. Bu qanundan irəli gələn məsələlərdən biri də küçə uşaqları üçün dövlət tərəfindən sosial reabilitasiya mərkəzlərinin və sosial sığınacaqların tikilməsidir.

«Həm Bakıda, həm də 7 rayonda həmin kontingent üçün sosial sığınacaqlar tikilir», - nazirlik işçisi belə deyir.

«Onu araşdırsınlar ki, niyə biz küçələrdəyik? Əsas məsələ budur. Bir dənə mənə sığınacaq versin, ancaq daimi sığınacaq olsun, şərait yaratsın ki, mən qayıdım yenə əvvəlki həyatıma».

Bu, daimi yaşayış yeri olmayan, 1992-ci ildə Füzulidə döyüş zamanı yaralanaraq ömürlük 2-ci qrup əlil olmuş 40 yaşlı Ələkbərin arzusudur.

«Torqovı»da, «Gənclik», «Nərimanov»da çöl uşaqları, evindən qovulub küçədə yaşayanlar var. İstəyirəm ki, onların hamısına belə bir isti,
Foto: Arxiv
Foto: Arxiv
daimi yer olsun».

Bunu isə küçə həyatı sürən Vahid deyir. O, hökumətdən daimi sığınacaq və iş istəyir: «Boy buxunuma bax, gücüm çatanı işləyərəm, qazanaram».

SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNDƏN TƏŞƏBBÜS

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət sosial xidmətinin sektor müdiri Musa Ağamalıyev deyir ki, onların müşahidələrinə görə, Bakıda küçədə yaşayanların sayı 160 nəfərə yaxındır. Ancaq bu, təkcə qeydiyyata alınan səfillərdir. Nazirlik işçisi onu da deyir ki, küçə həyatı sürənlərə təkcə dövlət qayğısı yetmir, cəmiyyət də onlara fərqli yanaşmamalıdır.

Yanvarın sonundan Bakıda yağmağa başlayan qar, çovğun nəhayət ki, diqqəti küçələrdə səfil həyat sürənlərə çəkə bildi. «Facebook» sosial şəbəkəsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirindən küçə həyatı sürənlərlə bağlı qərarlar qəbul etməsi, onlara daimi sığınacaq və iş verməsi üçün müraciət təşəbbüsü başlanıb. Təşəbbüs müəlliflərindən biri deyir ki, müraciətə sosial şəbəkədə qısa vaxtda 100-dən artıq imza toplanıb. Bu prosesin davamı olacaqmı? Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin atacağı addımlardan asılıdır.
XS
SM
MD
LG