Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:49

Bəxtiyar Hacıyev: «Yəqin 1-2 teleserial yarımçıq qalıb...»


Bəxtiyar Hacıyevin müraciəti rədd edildi
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00
Direct-ə keçid

Bəxtiyar Hacıyevin müraciəti rədd edildi

«BU QƏDƏR ADAM KİMİ DƏSTƏKLƏYİR, HAKİMİ?»

Bu məhkəmə zalına gənclər, hüquq müdafiəçiləri, beynəlxalq qurumların təmsilçiləri, jurnalistlər yığışmışdılar. Zala təsadüfən düşmüş, vəkilini gözləyən 35-40 yaşlı qadın isə özünü yad planetdə sayırdı elə bil. Pıçıltıyla xəbər aldı:

- Bu qədər adam bura niyə gəlib?
- Dəstəkləməyə.
- Kimi? Hakimi?

Qabaq sırada əyləşən gənclər pıqqılşdaşdılar. Az sonra Bəxtiyar Hacıyev gətirildi. Qadın Bəxtiyar Hacıyevin gülərüzlə dostlarla, vəkillərlə danışdığını görüb təəccübləndi: «Elə gülür ha... Bu kimdir?». «Bəxtiyar Hacıyevdir, Amerikada oxuyub».

Bəxtiyar Hacıyev ayağa qalxıb çıxış etdi. Qadın «Bunu niyə tutublar? Bu ki əsl ziyalıdır» dedi.

Bəxtiyar Hacıyev hakimdən xahiş etdi ki, cəzaçəkmə müəssisəsinin nümayəndəsi gəlməyibsə, iclas təxirə salınmasın. Qadının ürəyindən tikan çıxdı. «Lap düz eləyir, qəti danışır. Biz yalvara-yalvara qalmışıq».

Bir saatlıq fasilədən sonra həmin qadını görmədim...

«AZƏRBAYCANIN HƏR YERİ QƏFƏSDİR»

Fasilədən sonra Bəxtiyar Hacıyev dəmir barmaqlıq arasından çıxarılması üçün vəsatət qaldırdı. O vəkilinin yanında oturmaq və onunla məsləhətləmək istədiyini dedi. Hətta «Mən ağır cinayət törətməmişəm, təhlükəli cani deyiləm, əvvəlki məhkəmə iclaslarında da qəfəsdə oturmamışam» dedi.

Hakimin cavabı qısa oldu: «Onda siz təqsirli bilinirdiz. İndisə məhkumsuz». Bu qısa dialoqa Bəxtiyar Hacıyev belə son vurdu: «Azərbaycanın hər yeri qəfəsdir».

Cəzaçəkmə müəssisəsinin mülahizəsindən məlum oldu ki, Bəxtiyar Hacıyevin haqqında xəbərdarlıq var. Buna görə də cəzası yüngülləşdirilə bilməz. Müəsissənin təmsilçisi Xəzər Fəttayev: «Bu da cəza növüdür» deyə bildirdi. Amma o vəkilin «həmin xəbərdarlıq niyə verilib» sualına cavab verə bilmədi. «Mən nə bilim, yəqin özü bilər» deməklə kifayətləndi.

«SƏHƏR-AXŞAM TELESERİALA VƏ «TOY OLSUN»A BAXIRIQ»

Mülahizədə o da deyilir ki, Bəxtiyar Hacıyevin əməyə münasibəti yaxşı deyil.

«Mənim əməyə münasibətim haqda siz nə bilirsiz? Cəzaçəkmə müəssisəində iş var ki, mən də işləməyim? Mən ABŞ-da oxuyanda qar da təmizləmişəm» - deyə gənc fəal etiraz etdi.

Daha sonra o, Xəzər Fəttayevdən məhbusların gündəlik qrafikini açıqlamasını istədi. Amma rəsmi suala cavabdan imtina etdi. Bu halda Bəxtiyar Hacıyev özü sadaladı: «Səhər saat 7-də dururuq. Çay içir, nərd, domino oynayırıq. Sonra birinci teleseriala baxırıq, sonra ikincisinə. Nahardan sonra yenə teleseriala, axşam isə «Toy olsun»a baxırıq...»

Bu sözdən sonra zalda gülüşmə qopdu. Hakim əsəbiləşdi: «Camaaat orda cəza çəkir. Siz isə burda gülürsüz».

«MƏNİMLƏ HANSI İSLAH İŞLƏRİ APARIRSIZ Kİ...»

Bəxtiyar Hacıyev davam etdi: «Mənimlə hansı islah işləri aparılır? Mənimlə orduda xidmətlə, vətənpərvərliklə bağlı hansı söhbətlər aparılıb ki, indi məni buraxmaq istəmirsiz, düşünürsüz ki, daha 1-2 ay da qalıb, sonra çıxım. Hansı işlər aparılır?» Xəzər Fəttayev bu sualı da cavabsız buraxdı. Çox təkidlərdən sonra dedi:

- Mənə yazıyla bağlı sual verin.
Vəkil işə qarışdı:
- Bu adam sizcə islah olunub?
- Bilmirəm.
Bəxtiyar Hacıyev: «Yəqin 1-2 teleserial yarımçıq qalıb, onlara da baxıb çıxmalıyam» dedi.

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov Bəxtiyar Haciyevin Qaradağ rayon məhkəməsinin qərarından apelyasiya şikayətini təmin etmədi.

Cəzasının üçdə-birini çəkən Bəxtiyar Hacıyev ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edib. Cəzasının yerdə qalanını daha yüngül cəza ilə əvəzlənməsini, şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi. Amma Qaradağ rayon məhkəməsi ona rədd cavabı vermişdi.

Hökm oxunan kimi zaldakı gənclər «Bəxtiyar» deyə qışqırmağa, onu alğışlamağa başladılar.
XS
SM
MD
LG