Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:48

Deputat Astan Şahverdiyev: «Azərbaycanda siyasi məhbus yoxdur!»


Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev
AzadlıqRadiosunun «İşdən sonra» verlişinə müsahibə verən parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev bu fikirdədir. Onunla müsahibəni tam formada təqdim edirik.
Astan Şahverdiyev:
- Azərbaycanda ümumiyyətlə siyasi məhbus anlayışı praktiki olaraq yoxdur. Bu bəzi Azərbaycanda fəaliyyət göstərən yerli təşkilatların dediyi sözlərdir. Azərbaycanda siyasi, vicdan azadlığı olmasaydı onlar yəqin ki, bu işləri görə bilməzdilər. Hər halda hər kimə ki, o cinayət tətbiq olunur ki, o siyasi dustaqdır, mən hesab edirəm ki, bu süni şəkildə onlara vurulan yarlıqdır. Əslində onlar kriminal insanlardırlar. Bu və ya digər cinayət tərkibi olan hadisələrdə iştirak ediblər. O ki, qaldı vicdan azadlığına, Azərbaycan dünyada ən tolerant ölkələrdən biridir. Azərbaycanda nəinki müxtəlif konvensiyalara, dinlərə hətta müxtəlif əqidələrə böyük hörmət var. Məsələn Azərbaycanda sünni-şiə yanaşı yaşayır. Azərbaycanda bu problem heç vaxt olmayıb.
- Amma vəkillər deyir ki, insanları vətənə xəyanətdə günahlandırıb, sonra narkotik saxlamaqda ittiham edirlər.
- Vaxtilə Əlikram Hümbətov da bir siyasi məhbus kimi burda həbsxanada olanda törətdiyi konkret cinayət əməllərinə görə o mühakimə olunmuşdu. Onu da siyasi dustaq kimi qələmə verirdilər. Xüsusilə də Avropa. Mən ümumiyyətlə Avropaya, əlbəttə ki, bəzi ölkələrə inanmıram. Çünki dünyanın gözü qarşısında 20 il bundan əvvəl olmuş hadisələrə onlar lazımi hüquqi və siyasi qiymət vermirlərsə, 100 il bundan qabaq tarixdə bir kəlmə də olsun heç kimin yazısı olmayan hər hansısa qondarma bir soyqırıma qiymət verirlərsə, bu Avropanın ikili, üçlü, dördlü standartlarıdır.
- Azərbaycan Avropa deyilmi?
- Azərbaycan əlbəttə Avropanın ayrılmaz bir hissəsidir. Biz iqtisadi cəhətdən Avropaya inteqrasiya olmuşuq, təhsilimiz inteqrasiya olunub. Amma bu o demək deyil. Hətta Avropa ola bilsin ki, Azərbaycanı məcburiyyət qarşısında qəbul edib. Çünki Rusiya ən böyük təbii sərvətləri olan, energetikası olan böyük bir ölkədir. Amma Rusiya Avropaya həmin o enerji daşıyıcılarını nəql edəndə siyasi rıçaq kimi istifadə olunur. Azərbaycan isə bərabər hüquqlu tərəf kimi öz enerji daşıyıcılarını Avropaya göndərir və onun müqabilində də ölkəyə külli miqdarda gəlir gəlir. Azərbaycan yəni bu enerji daşıyıcılarından siyasi rıçaq kimi istifadə etmir. Bu ayrı məsələdir. Digər tərəfdən də ki, dünyada SSRİ dağılandan sonra ideoloji müharibə qurtarıb. Bu gün isə millətlərin, dinlərin, sivilizasiyaların mübarizəsi gedir. Biri var xristian aləmi, biri var müsəlman aləmi.
- Amma vəkil deyir ki, Azərbaycanda elə müsəlmanları siyasi motivlərlə həbs edirlər.
- Onlar çox şey deyə bilərlər, onların dedikləri Quran ayəsi deyil. Götürək 2011-ci il aprelin 2-də həbs olunanları. İnsan dövlətə, dövlətçiliyə qarşı çıxış etməməlidir. Bu ayrı məsələdir. Azərbaycan da bu gün demokratiya yolunda sivil cəmiyyət qurur, vətəndaş cəmiyyəti qurur və bunu da bütün dünya qəbul edir. Amma burda bir nəfər tutaq ki, nalayiq hərəkət edirsə və yaxud cinayət törədəndə, bunun cəzası veriləndə deyirlər ki, bu siyasi dustaqdır. Məsələn mən Əlikram Hümbətovu, Eynulla Fətullayevi və bu cür kateqoriyadan olan insanları siyasi dustaq hesab etmirəm.
- Amma Astan bəy, Avropa Məhkəməsi və onun ardınca da Ali Məhkəmə sübut etdi ki, Eynulla Fətullayev siyasi məhbusdur və cinayət törətməyib.
Eynulla Fətullayev
Eynulla Fətullayev
- Təkcə Afrika qitəsində 22 dövlətin rəsmi dövlət dili fransız dilidir. Hansısa bir xalq könüllü olaraq başqasının dilini və ya dinini qəbul edər? Deməli bunu zorla qəbul etdiriblər. Müharibə ilə, işğalla. Bu yaxınlarda Sarkozi ikiüzlülük edib deyir ki, Türkiyə böyük dövlətdir, türk xalqı da böyük millətdir, amma Türkiyə rəhbərləri tarixlə üzbəüz dayansınlar, tarixə qiymət versinlər. Elə fransanın özü tarixlə üzbəüz dayansa görər ki, təkcə Afrika qitəsində 22 dövlət fransızca danışır.
- İndi nə təklif edirsiniz? Azərbaycan Avropa Şurasından çıxsın?
- Yox. Mən bunu təklif etmirəm. Amma onu təklif edirəm ki, Fransa soyqırımı inkar qanunu kimi qanun layihəsi ortaya çıxardığına görə bu ölkənin ATƏT-in Minsk Qrupunda həmsədr kimi fəaliyyəti qeyri-məqbul hesab olunmalıdır. Əgər onun abır-həyası varsa o oradan getməlidir.
- Amma Azərbaycan rəsmi şəkildə bunu tələb etdimi?
- Mən tələb etmişəm.
- Siz deputatsınız. Gərək prezident tələb etsin.
- Görünür onun da vaxtı gələcək. Prezident ölkənin xarici siyasətini həyata keçirir. Biri var diplomatiya səviyyəsində deyilən sözlər, biri də var yerdən gələn səslər. Cənab prezident dəfələrlə qeyd edib ki, Minsk qrupunun həmsədrlər institutunun fəaliyyəti faktiki olaraq sıfırdır. Bundan artıq nə desinlər ki?
- İndi qayıdaq insan haqqı məsələsinə. Human Rights Watch və Beynəlxalq Amnistiya təşkilatlarının adını Xocalı faciəsinin ildönümü ərəfəsində televiziyalarda çox eşitdik. Bu təşkilatların Xocalı ilə bağlı verdiyi bəyənatlara bütün rəsmi sənədlərdə istinad olunur. Amma bu təşkilatların siyasi məhbuslarla verdiyi bəyənatlara isə rəsmi sənədlərdə istinad olunmur. Bu necə ola bilər?
Milli Məclis
Milli Məclis
- Mənim fikrim belədir ki, Azərbaycanda faktiki olaraq siyasi məhbus, vicdan məhbusu yoxdur. Kimsə cinayət törədibsə, buna siyasi don geyindirirlərsə səhv edirlər. Azərbaycanda məhkəmə sistemi sərbəstdir, azaddır və məhkəmənin verdiyi qərara vətəndaş olaraq hörmət etməliyik. Azərbaycanda neçə min QHT var və hərəsi də bir hava çalır. Bizim bəlalarımız çoxdur. Biri var ümummilli maraq məsələsi. Burda bütün Azərbaycan vətəndaşları, Azərbaycanı sevən insanlar gərək bir olsun.
- Siz İnsan Hüquqları Komitəsinin üzvüsünüz. Yəqin hesab edirsiniz ki, insan haqları vacibdir?
- Əlbəttə insan faktoru dünyada ən böyük faktordur. Azərbaycanda 9 milyona yaxın əhali var. Onun 5 nəfərinin hər hansı məsələdə hüquq pozulursa bu o demək deyil ki, Azərbaycan siyasi məhbuslar ölkəsidir.
- Azərbaycanda insanları siyasi motivlərlə həbs edirlərsə...
- Bir nəfəri göstərin.
- Məsələn Arif Hacılı...
- Arif Hacılını deyə bilmərəm. Mənim onunla tanışlığım yoxdur. Onun əməllərini mən bilmirəm. 2010-cu ildə seçkidə mən rəqib deməzdim, kənardan yapışıq bir insan küçələrdə gedib vitrinləri sındırıb. Onun adını da siyasi məhbus qoyublar. Bu da var axı.
- Məhəmməd Məcidlini deyirsiniz yəqin?
- Hər kimdir. Mən onu tanımırdım. Mən ilk dəfə onu teledebatda görmüşdüm. Amma onun qardaşı oğlu Fransada oturub «Facebook»da yazır ki, Astan Şahverdiyevin psixoloji durumunda problem var. Bu ailəyə indi mən necə qiymət verim? Onun özüdə mənə qarşı o teledebatda tərbiyəsizlik etdi. Buna siyasi dustaq adı vermək düzgün deyil. Mən onun demək olar ki, atası yaşındayam.
- Bu səbəbdir ki, bu adam həbsxanada otursun?
- O gedib küçədə polisə müqavimət göstərməsəydi, vitrini sındırmasaydı, yəqin ki o bu gün azadlıqda idi.
- Axı məhkəmədə heç kim demədi ki, bu adam sındırıb o vitrini.
- Mən bilmirəm onun məhkəməsində nə olub. Mən belə insanları siyasi məhbus hesab edə bilmərəm. Çünki bunlar mənim düşüncə tərzimə zidd olan şeylərdir. Mən bilirəm kimlərdir siyasi məhbus.
- Elə siyasi məhbus da onlara deyirlər ki, fərqli düşüncə tərzinə görə həbsdə otururlar.
- Fərqli düşüncə o deyil ki, ağzına gələni danışasan. Fərqli düşüncə tamamilə başqa şeydir. Ona görə də hər adamı siyasi məhbus etmək olmaz. Arif Hacılını isə deyə bilmərəm nəyə görə mühakimə olunub.
- Kütləvi iğtişaş törətməkdə ittiham olunub.
- Bunlar toplantı keçirmək üçün müraciət edirlər. Hakimiyyət də buna icazə vermir və deyir ki, siz özbaşına hərəkət etsəniz sizin qarşınız alınacaq.
- Amma siz özünüz qanun qəbul etmisiniz ki, bu ölkədə insanların toplaşma azadlığı var.
- Qanunu qəbul etmişik və mən onun məsuliyyətini də daşıyıram. Qanun qarşısında da cavab verməyə hazıram. Mən siyasətə elmdən gəlmişəm, çobanlıqdan gəlməmişəm. Bunların hamısını mən gözəl başa düşürəm.
Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG