Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:37

Baş Prokurorluq: «Jurnalistin şikayəti əsasında cinayət işi başlanıb»


Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şikayəti əsasında cinayət işi başlanıb. Bu barədə məlumatı AzərTac Baş Prokurorluğun mətbuat xidmətinə istinadən yayıb:

««Azadlıq Radiosu»nun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanmışdır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılmışdır».

RƏSMİLƏR JURNALİSTİN ŞƏXSİ HƏYATINA MÜDAXİLƏNİ PİSLƏYİR

«Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz».

Əli Həsənov
Əli Həsənov
Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür: «Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə məlumat veriləcək».


«AZƏRBAYCAN HAKİMİYYƏTİ HƏQİQƏTİN TEZLİKLƏ ÜZƏ ÇIXACAĞINA İNANIR»

Elnur Aslanov
Elnur Aslanov
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda deyilir: «Bir neçə gün öncə Azərbaycan internet məkanında «AzadlıqRadiosu»nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntülər yayılıb.

Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır. Vətəndaşların şəxsi həyatının qorunması demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının əsas elementidir. Azərbaycan Respublikasının Konstitusiyası dilindən, dinindən, etnik mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığını təmin edir, onu şəxsi və ailə həyatına olan qeyri-qanuni müdaxilələrdən qoruyur.

Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik.

Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək.

Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır».
XS
SM
MD
LG