Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:45

Esmira Məhiqızı. Əllərimin nağılı (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Esmira Məhiqızı


ƏLLƏRİMİN NAĞILI

Əllərin qopub əllərimdən
qırıq-qırıq əl yelləyəndən,
son yarpaq kimi havada cızıq-cızıq vida deyəndən...
Bax, o gündən, o gündən başladı əllərimin yetimliyi.
Ot basdı əllərimdən əllərinə uzanan cığırı.
O andan doğuldu əllərimin nağılı.
Əllərin isti yuva kimiydi
Ovcunda əllərim sərçə balasıydı.
Ümidindən ümidlənən,
ürəyindən ürəklənən, gülən.
Gülən əllərim uçmaq öyrənirdi.
Göylər sevincimdən dadırdı,
Yerlər xoşbəxtliyimə sevinirdi.
Küləklər məni bu görkəmdə
görmək üçün ardımca qaçırdı.
Bütün bağlı qapıları üzümə əllərin açırdı.
Əllərim yorulanda əllərinə qonurdu.
Əllərin əllərimi soyuqdan,
küləkdən, yağışdan, qardan qoruyurdu.
Ovcunun içində bir cüt qanad kimi
əllərim uyuyurdu.
Əllərinin külək keçirməyən,
yağış dammayan, soyuq gəlməyən yerindən
kəsmə-kəsmə yellər dəydi əllərimə.
Qəfil bir damla yaş düşdü ovcuma-
hələ də yeri göynəyir.
Qəfil barmaqlarım üşüdü,
qəfil əllərinin yuvası soyudu.
Bir də gördüm ki, əllərin əllərimə
bir qaranlıq, dibsiz dar quyudu.
Əllərim o quyudan çıxandan
əllərin yağış-yağış axandan—
əllərim ağlayır.
Barmaqlarımın ucundan yaş damır,
ovcum yaşıarla dolur.
Əllərim sıxılandan hərəsi ürəyim boyda yumruq olur.
O gündən ürəyim əllərimdə döyünür.
Qorxuram açam yumruğumu, ürəyim düşə yerə.
Ürəyimin düşən yerindən qan kimi süzülə əllərimin nağılı.
Bir də görəm ki, bu nağıl da qan kimi yerə dağılıb.
Və qanla bitib bu nağılın axırı—
Əllərimin nağılı.


BİR XIŞMA XƏYALAM

Bir xışma xəyalam, düşüb didərgin
Gəlib qapınızda gecələmişəm.
Harayla çəkdiyim adını indi
Səssiz, için-için höccələmişəm.
Elə bilmişəm ki, açıb qapını
Məni görən kimi sevinəcəksən.
Gözümdə sevginin ümid payına,
Ümid işığına güvənəcəksən.
Sonra da doqqazın ayağındakı
O kiçik kəhriz də kükrəyəcəkdir.
Həmişə dərdini dərdim sandığım
O xatın söyüd də hönkürəcəkdir.
Yağış yağacaqdır, mən də ki, qalıb
Səmayla torpağın bulud qatında.
Suya dönəcəyəm, islanacağam,
Göz yaşı, bir də ki, yağış altında.
Sənsə yatacaqsan isti yerində
Heç nədən xəbərin olmayacaqdır.
Soyuqda qapıda gözləmək nədir
Yataqda gözün də dolmayacaqdır.
Beləcə dayanıb, beləcə donub,
Axırda geriyə qayıdacağam.
Bir xışma xəyalam, qorxma, nə səni,
Nə də sevgilini oyadacağam.
XS
SM
MD
LG