Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Aqşin Evrən. Mənim sevgilim günah


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Aqşin Evrən


MƏNİM SEVGİLİM GÜNAH

Arxeoloqlar aşkar ediblər ki,
insanlar bir milyon il əvvəl
sənə itaət edirdilər
Yəni, sən həm İlahəsən,
həm də ecazkar büt...
Qanunsuz sevgimə görə məni bağışlama,
bilirsən axı; bəndənin Tanrısını sevməsi çox bəsit...

Gözlərimi hələ də açmıram;
baxışlarını göz qapağımın altında tutub saxlamışam...
Ovucuma qoyduğun qızıl telinlə də
qəlbini qəlbimə sıxıb bağlamışam
-Taleyimiz tükdən asılı...

Bu zülmətdə qopub ikimiz də ağ günə çıxacağıq;
yəni, sən birinin qadını olub
geyinəcəksən ağ gəlinlik...
Amma səndən bir ricam var
gəlinlikdən mənə bir parça verərsən;
çox yox, əzizim,
çox yox, bircə kəfənlik...
Rənglər bizi birləşdirsə də tale ayırar..

Ya gəl mən qara günə çıxım,
sən də ağ günə,
Yəni, mən qara bəylik qiyafəsində,
sən də ağ gəlinlikdə;
qədəm qoyaq bizi düyünləyən düyünə...
Rənglər bizi ayırsa da tale birləşdirər..
Ürəyimə girmişdin, indi də qoluma gir, senyorita...

Ya da nəyə gərək bu sentimentallıq?!
Unut həmin sehirli günü, unut
Sanki heç görüşmədik,
Danışıb xatirələri
ürəkdən gülüşmədik...
Sanki titrək barmaqlarım saçlarında itmədi
Sanki donmuş əllərini nəfəsim isitmədi...
Sanki bunları sanmaq çox asandır...

Gecələr şam yeməyində
boşqab dolu qab olur;
içində bir ovuc xatirə, sənin ətrin
və əbədi hicran...
Yastığını qucaqla yat, əzizim,
nə sən məndən nigaran qal,
nə mən səndən nigaran.


DUYĞULARIN FÖVQÜNƏ QALXAQ

Küçəni yalayır Yanvar küləyi
Üşüsən özünü bürü telinə
Nəbzini dondursa qar dənələri
Əlimi əlcək tək geyin əlinə.

Göyə qırmanc vurur gümüş şimşəklər
Zülmətə sığınıb buz tutmuş Günəş
Sənə boz səmanı rəva görmərəm
Çəkinmə əzizim, qəlbimdə əyləş.

Sənli xatirələr uzanıb gedib
Saçım tək kök salıb başımda mənim
Qoy kəllə sümüyüm tabutun olar
Onsuz da çıxmırsan başımdan mənim.

Yığaraq havadan qar zərrələrin
Sənə bəyaz qardan gəlinlik hörüm
Beləcə, ömür-gün yoldaşı olaq
Razıyam yolunda daş olsun ömrüm.

Əvvəl ürəyimə yatmışdın, xanım,
İndi yatağımda sol yanımda yat.
Girsin aramıza gülüzlü körpə
O, səni oyatsın, sən məni oyat.
XS
SM
MD
LG