Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:36

Azərbaycanda siyasi məhbuslar var, söz azadlığı ilə bağlı vəziyyət ürəkaçan deyil


Alexander Milinkevich
Alexander Milinkevich
Aprelin 2-də Bakıda «Avronest»in 2-ci sessiyasının komitə iclasları keçirilib. Milli Məclisdə keçirilən iclaslardan bir az əvvəl isə Avropa parlamentariləri Belarusda vəziyyəti və ondan çıxış yollarını müzakirə ediblər. Bu müzakirələrdə iştirak etmək üçün Bakıya gələn Belarus müxalifət düşərgəsinin təmsilçilərindən biri, «Azadlıq Uğrunda Hərəkat»ın lideri Alexander Milinkevich-eksklüziv müsahibəni təqdim edirik.


- Bakıya hansı statusla gəldiniz və neçə nəfərsiniz Belarusdan?

Belarusun siyasi partiyalarının və vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq dörd nəfər gəlmişik Bakıya. Avropa İttifaqının Belarusa sanksiyalarına qarşı hakimiyyətin reaksiyası nəticəsində nümayəndələrin bir qismi gələ bilmədi. Biz Avropa Parlamentinin dəvəti ilə gəlmişik ki, «Avronest»də Belarusun problemlərini müzakirə edək.

- İndi burada bizə müsahibə verdiyiniz üçün Belarusa qayıdanda probleminiz olmayacaq ki?

Bunu bilmirəm. Biz həmişə müsahibə veririk. Hakimiyyətin reaksiyası gözlənilməz olduğu üçün nə baş verəcəyini əvvəldən proqnozlaşdırmaq çətindir. Əlbəttə ola bilər. Çünki Belarus hakimiyyəti özü özünü Avropa Birliyindən təcrid edib. Və ölkənin iqtisadiyyatının bugünkü vəziyyəti çox çətindir. Ona görə də Belarus hakimiyyətinin məsələlərə reaksiyası konkret vəziyyətə uyğun olur. Bu səbəbdən həqiqətən də belə bir şey ola bilər.

- Hazırda Belarus «Avronest»də deyil

Bunun çox sadə cavabı var. Əslində həm Belarus hakimiyyəti, həm də müxalifət istəyir ki, ölkə «Avronest»də təmsil olunsun. Amma 1996-cı ildən başlayaraq Belarusdakı seçkilərin biri də müasir dünya tərəfindən tanınmayıb. Mən hesab edirəm ki, Belarus parlamenti seçilməyib, təyin olunub. Bizdə faktiki olaraq gerçək seçkilər keçirilmir. Çünki komissiyalarda, səslərin sayılmasında müstəqil namizədlərin nümayəndələri iştirak etmir. Ona görə də bu seçkilər tanınmır. Əgər ATƏT-in tələblərinə uyğun seçkilər keçirilsə, əlbəttə Belarus «Avronest»də olacaq. Onu burada gözləyirlər və həmişə bu barədə deyirlər. Ona görə bura Belarusun xarici işlər naziri Sergey Martınov da dəvət edilmişdi.

- Gəlmədi demək

Nəinki gəlmədi, hətta dəvət məktubuna cavab da vermədi.

- Amma iştirak edib öz fikirlərini deyə bilərdi

Nəinki burada iştirak edə bilərdi, gəlməli və iştirak etməli idi. Çünki hətta əgər siyasətçilər müxtəlif mövqelərdə olsalar da debatlar, müzakirələr vacibdir. Axı müasir dünya savaş prinsipləri üzərində qurulmur. Müasir dünya konsensus, müzakirə prinsipləri üzərində qurulur. Təəssüf ki, Belarus hakimiyyəti burada təmsil olunmur.

- «Avronest»də təmsil olunmaması ilə Belarus nə itirir?

İlk növbədə Belarus bununla müstəqillik şansını itirir. Biz tez –tez Belarusla bağlı demokratiyadan danışırıq. Amma mən indi onun müstəqilliyindən danışıram. Çünki, bu gün Belarus Avropa Birliyindən tamamilə təcrid olunub. Belarusla Polşa arasında yeni «Berlin divarı» mövcuddur. Bundan ilk növbədə Belarus xalqı əziyyət çəkir. Münasibətlərin inkişafı üçün əlaqələr, şanslar azdır. Bundan Belarus iqtisadiyyatı, Belarus hakimiyyəti itirir. Və müxalifət üçün də bu pisdir.
Biz həmişə demişik ki, baxmayaraq bizdə avtoritar rejimdir, yenə də əlaqələrin, əməkdaşlığın inkişafının tərəfindəyik. Nə qədər çətin olsa da biz dialoqun tərəfindəyik.

- Dediyiniz demokratik seçkiləri keçirmək üçün belarusların şansı nə dərəcədədir?

Düşünürəm ki, hakimiyyət könüllü olaraq demokratik seçkilər keçirməyəcək. Çünki hakimiyyət hətta kənd sovetlərinə deputatları da özü təyin etməyə adət edib. Yəni icraedici hakimiyyət bütün imkanları tamamilə öz monopoliyasına alıb. Amma düşünürəm ki, iqtisadiyyat hakimiyyəti buna məcbur edə bilər. Çünki iqtisadiyyatın modernləşdirilməsi lazımdır. Modrnləşmə isə elə Avropa Birliyi deməkdir. Bu baxımdan Avropa Birliyinin qoyduğu şərtlər düzdür. Ümumiyyətlə isə Belarusda hakimiyyət bir nəfərin - Aleksandr Lukaşenkonun əlində cəmləşib.
Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka
Fikrimcə, əgər o Belarusun modernləşdirilməsi üçün Avropa Birliyi ilə əməkdaşlığın vacibliyini dərk etsə, onda onun demokratik prinsiplərə «evolüsyon» keçidi mümkündür.

- Belarus bundan nə qazanar?

Bilirsiniz, bis post sovet məkanında islahatlar aparılmayan yeganə iqtisadiyyat olaraq qalmışıq. Müxtəlif ölkələrdə yaxşı-pis, müxtəlif islahatlar aparıldı. Amma biz ümumiyyətlə islahatlar keçirtmədik. Bizdə iqtisadiyyatın 70 faizi dövlətin əlindədir. Bu cür iqtisadiyyat effektli deyil. Hökmən özəlləşdirmə, struktur islahatları aparılmalıdır. Yeni texnologiyalar lazımdır. Avropada ən pis investisiya mühiti bizdədir. Çünki investorlar belə imici olan dövlətə üz tutmurlar. Ona görə də Belarus özü Avropaya açılmalıdır. Bütün ölkələr belə edirlər. Dünyaya inteqrasiya çox vacibdir. Digər tərəfdən, bizə Avropa Birliyi ilə münasibətlər, dediyim kimi öz iqtisadi müstəqilliyimizi qoruyub saxlaya bilmək və müstəqil dövlət olaraq qalmaq üçün vacibdir. Mən inkişafın Avropa istiqamətinin tərəfdarıyam.

- Necə düşünürsünüz, «Avronest»in sessiyası yaxın gələcəkdə Belarusda keçirilə bilər?

Mən çox istəyərdim belə olsun. Amma yaxın gələcəkdə bu olmayacaq. Bunun üçün Belarusda azad seçkilər keçirilməlidir. Bu hər kəsə məlum şərtdir. O zaman prezident, parlament, yerli hakimiyyət tanınar. Hələlik isə bütün bu orqanlar təəssüf ki, legitim sayılmır. Və Belarus hakimiyyəti azad seçkilər nəticəsində «Avronest»də iştirak etməkdə maraqlı olmadıqlarını nümayiş etdirirlər. Onlar Avropa Birliyinə arxa qapıdan daxil olmaq istəyirlər. Amma belə olmaz. Hamı necə daxil olub, elə də etmək lazımdır. Yəni seçkilərin tanınması yolu ilə.

- Sizcə, «Avronest»də təmsil olunması və bu sessiyasının Bakıda keçirilməsi, Azərbaycanın belarusların arzuladığı kimi demokratik bir ölkə olduğunu deməyə əsas verir?

Mən Azərbaycandakı vəziyyəti dəqiqliyi ilə bilmirəm. Amma bilirəm ki, burada da demokratiya ilə bağlı çox böyük problemlər var. Mən bilirəm ki, burada siyasi məhbuslar var, söz azadlığı ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Mən bu barədə bilirəm. Mənə Azərbaycanla Belarusu müqayisə etmək çətindir. Çünki mən burada yox, orada yaşayıram. Post sovet məkanının bir çox ölkəsində demokratiya ilə bağlı nəhəng problemlər var. Bu həqiqətən də belədir.

- Siz parlament nümayəndəsi olmadığınız üçün komitə iclaslarında iştirak etmirsiniz. Bəs Belarus problemini necə müzakirə etdiniz Avropa parlamentariləri ilə?

Minskdə Belarus müxalifətinin aksiyası-May 2012
Minskdə Belarus müxalifətinin aksiyası-May 2012
​Düzdür, mən parlamentari olmadığım üçün xalq tərəfindən seçilmiş şəxslərlə bir sırada tam hüquqlu iştirakçı kimi sessiyaya qatıla bilmərəm. Mən deputat deyiləm. Amma bu gün Belarus Parlamentində oturanlar da Avropa Birliyinin nəzərində deputat deyillər. Amma bizi «Avronest»in Belarusun müzakirəsi gedən iclasında iştirak üçün dəvət ediblər. Hesab edirəm ki, bu düz addımdır onlar tərəfdən. Bizim səsimizi eşitdilər. Biz öz mövqeyimizi tam ədalətli şəkildə dedik. Hakimiyyət də öz fikrini bildirdi. Biz açıq müzakirələrdən qorxmuruq. Və mövqelərimizin fərqli olmasında qorxulu bir şey də yoxdur. Müzakirəsiz irəliyə doğru hərəkət olmur. Bu gün səhər iclas oldu. Biz Belarusda daha çox demokratiya, daha çox azadlıq olması, fərqli düşüncə sahiblərinin təqib edilməməsi üçün hansı addımların atılmasının lazım olması barədə fikirlərimizi dedik.

- İclasda hansı nəticəyə gəlindi?

Belarusa qarşı hansı üsullardan istifadə etmək barədə vacib müzakirələr getdi. Təkcə təzyiq üsullarından istifadə edilməməsi də çox vacibdir. Amma hesab edirəm ki, məmurlara qarşı viza sanksiyasının tətbiqi də düzgün siyasətdir. Geniş iqtisadi sanksiyalara gəlincə, mən onlara qarşı çıxıram. Hesab edirəm ki, bu sanksiyalar daha çox sadə insanlara zərbədir. Və Avropaya, Avropa demokratiyasına yönəlik əhvalı zəiflədir.
Avropa Birliyinin bu istiqamətdə siyasətindən danışarkən onu da deyim ki, indi Rusiyanı Belarus məsələsinə qoşub-qoşmamaq barədə geniş müzakirələr gedir.

- Sizcə Rusiya bu prosesə qoşulsun ya yox?

Məncə Rusiya bu məsələdə taktiki tərəfdaş ola bilər, amma strateji yox. Çünki Rusiya üçün demokratiya, Belarusdakı siyasi məhbusların azad olunması, Avropa Birliyi ilə əməkdaşlıq əsas məsələ deyil. Rusiya üçün vacib məsələ Belarusu özünün tam dominantlıq etdiyi zonada saxlamaqdır. İndi Rusiya «Avroasiya İttifaqı» adlı yeni güc mərkəzi yaradır. Amma dediyim kimi mən avropayönümlüyəm və əlbəttə ki, mənim üçün Avropa yolu çox vacibdir. Mən Rusiyanın Belarusda demokratiya yaratması üçün cəlb edilməsinə çox ehtiyatla yanaşıram.

- Deyirsiniz amma bu istiqamətdə müzakirələr gedir. Ümumiyyətlə Rusiyanın bu prosesdə iştirakı nə dərəcədə realdır?

Əgər Avropa Birliyi desə, yəqin ki, Rusiya bu işə girişəcək. Amma bütün hallarda Rusiyanın məqsədi demokratiya deyil.
XS
SM
MD
LG