Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:59

Aslan Quliyev "Alacəhrə" (Onluqdan hekayə)


Aslan Quliyev
Aslan Quliyev
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçib.


Aslan Quliyev


ALACƏHRƏ


Günəş alov topu kimi şərqdəki yaşıl təpələrdən qopub ayrılanda evdən çıxdım, tozlu yay yoluna qızılı küləşlər səpələnmişdi, səhər mehi əsdikcə yolun kənarındakı qurumuş turşənglər titrəşirdi, qaragilə kolunda alabəzək quş oxuyurdu.

- Quşun adı nəydi?

- Alacəhrə.

- Bu nə addı belə?

- Nə bilim, - çiyinlərini çəkdi . - Səncə alacəhrə uçub bura gələrmi?

Özümüz alacəhrəyik də, uçub gəlmişik, Rüstəm gülümsədi, bir dəfə erkən yazda dostlarımla sizin yerlərə gedib çıxdıq. Meşəyə girəndə gözlərimizə inanmadıq. Elə bil ağacların dibinə xalı döşəmişdilər, hər yer bənövşə idi, havadan, sudan, yerdən, göydən adamı sərxoş eləyən bənövşə qoxusu gəlirdi.

Rüstəm geyinib dostlarının yanına getdi, o isə bir mərtəbə aşağıda olan Olqanın yanına düşdü. Olqanın mavi gözləri, qızılı saçları, ruslara məxsus dik burnu, ehtiraslı təbəssümü vardı.

Qapını açan Olqa pıçıltı ilə:

- Ərim evdədir, - dedi.

- Onda mən gedim.

- Hara? –qadın əlindən yapışıb buraxmadı.

- Yaxşı deyil axı.

- Boş şeydi. Bir halda gəlibsən, sizi tanış elərəm.

Olqa az qala zorla onu içəri saldı, otaqda, yemək stolunun arxasında idmançı bədənli cavan oğlan oturmuşdu, qolunun əzələləri köynəyini qabartmışdı. Beləsi adamda salamat sümük qoymazdı. Təşvişə düşmüşdü, Olqa isə adi, həyəcansız səslə onları tanış elədi. Yuxarıda olur, ərinə dedi, evdə nə xarab olursa, onu çağırıram.

Oğlan onun əlini möhkəmcə sıxdı, tanışlıqlarına şad olduğunu dedi. Stolun üstündə iri tavada yumurta ilə qızardılmış kartof, bir şüşə də araq var idi. Oğlan stəkanlara araq süzdü, onların içib-içməməsi ilə maraqlanmadan qədəhini başına çəkirdi. Arağı su kimi içirdi. Olqa bir şüşə də araq gətirdi və bu şüşə də boşalandan sonra oğlan stolun arxasındaca yatdı. Olqa onu yataq otağına apardı.

Qayıdıb gəldi, gülürdü, yatdı, gecə bizimdi. Nə danışırsan, qorxmuş halda səsləndi, birdən oyandı, məni tikə-parça elər. Qorxma, Olqa onu divana tərəf aparırdı, yatdımı, bir də səhər oyanacaq.

Olqa divanda oturdu, onu özünə tərəf necə dartdısa, birbaşa qadının qucağına yıxıldı, isti, ətirli qadın bədəninin qoxusunu duyunca hər şeyi unutdu. Tələsir, qadına bütünlüklə sahib olmağa can atırdı.

Arxadan çiyninə toxundular, geri dönəndə başında tükləri vız durdu, Olqanın əri idi.

- Neyləyirsən? – oğlan hirslə soruşdu.

- Mən… - dili söz tutmur, nə deyəcəyini bilmirdi.

- Qara, o mənim arvadımdı!

- Ola bilməz, - inamsızlıqla səsləndi.

- Inanmırsan, pasportumu göstərim.

- Göstər.

Kişi pasportunu axtarmağa getdi, Olqa sinəsindən itələyirdi, dur, yoxsa öldürər. Bayaqdan əsməcəyə düşmüşdün. Oğlanın onu öldürəcəyini bilsə də, ayağa qalxmaq fikrində deyildi. Olqa bunu başa düşdü, onu üstündən qaldırmağa da gücü çatmırdı. Bir təhər divanın örtüyünü çəkib üstlərinə örtdü. Nəhayət oğlanın ayaq səslərini eşidəndə bədənini həzzin güclü dalğaları sardı, titrəyir, Olqanın əllərini möhkəmcə sıxırdı. Kişi yenidən çiyninə toxunub, pasportdakı qeydiyyatı göstərdi, qara, bax, burda hər şey aydınca yazılıb. Heysiz halda Olqanın üstündəcə geri boylandı, gözləri axır, oğlanın göstərdiyi yerdə heç nə seçə bilmirdi, amma özünü heyrətlənmiş kimi göstərib; bağışla, dedi, düz deyirmişsən. Əlbəttə, düz deyirəm, siz qaralar isə bir onu bilirsiniz, kim gəldi qamarlayasız.

Odeyalın altında şalvarını yuxarı çəkdi. Olqa da donunu aşağı salıb ayağa qalxdı. Başı çiyinləri üstə qalmayan, sağa-sola səntirləyən oğlan arvadına tapşırırdı, bu qara bir də bura gəlməsin. Olqa isə; o yaxşı oğlandı, deyirdi, məndən xoşu gəlmişdi, amma sən vaxtında pasportu gətirdin, o da sənin arvadın olduğumu biləndən sonra, əl çəkib getdi.
Evə gəldi, yaxasını belə asanlıqla qurtardığına inana bilmirdi, araq da köməyinə gəlmişdi, ağlı başında olsaydı, elə ordaca bağrı çatlardı. Özünə inana bilmir, bayaqkı mənzərəni xatırladıqca bədəninə üşütmə düşürdü, əri dayanıb başlarının üstündə, o isə öz işindədir.

Gecə yuxuda anasını gördü, yaşıl təpələrdən qopub ayrılan günəşə doğru dayanıb, əllərini göyə açmışdı, dua eləyirdi. Günəş yüksəlir, qarlı çölləri isindirir, qarlar əriyir, çöllərdən bahar suları axırdı. Kolların dibindən bənövşələr boylanır, gözləri önündəcə kolların, ağacların dibini xalı kimi örtürdülər. Yuxuda gülümsəyirdi.

Səhər tezdən oyanıb işə getdilər, küçələrin qarını təmizləyirdilər. Hava tutqun idi, küçələr donmuşdu, külək qarı sovurur, şaxtanı dözülməz eləyirdi. Linglə vurub buzu sındırır, yolun, səkinin qarını kürüyüb atırdılar. Rüstəm onu araq almağa göndərdi, tez gəl, dedi, bəlkə canımızı araq qızdırdı.

Nahidin gəlməyi gec çəkdi, dodağı partlamış, gödəkçəsinin yaxası qandan qızarmışdı. Dili söz tutmurdu, dükandan bir şüşə araq alıb çıxdım. Həyətdə bir bölük qırxıqbaş vardı, düşdülər üstümə. Polis özünü yetirməsəydi, öldürəcəkdilər. Deyirlər, özünüzü gözləyin, qaraları harda görürlərsə, döyürlər.

Nəyə görə döyməlidilər, Rüstəm hirslənmişdi, neyləmişik onlara? Oturublar isti evlərində, küçələrini süpürür, qardan təmizləyirik. Özü getdi, tez də qayıdıb gəldi. Araq almışdı, deyirdi, hamının qaşqabağı yer süpürür, elə bil yemişik, bunlara verməmişik. Gör sənə nə deyirəm, pulumuzu alan kimi çıxıb gedək burdan, ac da olsaq, öz evimizdə olaq.

Arağı ayaq üstəcə içir, üstündən heç nə yemirdilər, şaxta, soyuq qar dumanı arağın acılığını hiss eləməyə mane olurdu.

- Düzmü sözündür, gedəcəyik? – soruşdu.

- Hə, - Rüstəm təsdiqlədi.

Nahidin gözləri önündə yenidən öz doğma çölləri canlanırdı, qarlar əriyir, yaz çölləriylə mavi sular axır, isinən torpaqdan yaz buğu qalxır, isti duman dərələr boyunca yayılırdı. Kolların dibi bənövşələrlə örtülürdü. İxtiyarsız gülümsəyirdi.

Bu gün şaxta dözülməz olduğundan işdən tez çıxdılar. Şamdan sonra yenə də Rüstəm dostlarının yanına getdi, o isə qərarsız idi, Olqa sabah gələrsən, ərim evdə olmayacaq desə də, getməyə cürət eləmirdi. Dünənki mənzərə yadına düşəndə doğrudan da əsməcəyə düşürdü. Nə qədər ehtiyat eləsə də, qadın onu maqnit dəmiri cəzb eləyən kimi cəzb eləyirdi.

Qapını onun üzünə açan Olqa; qəribə adamsan, deyirdi, birdən ərim vurub öldürürdü səni. Bilirəm, siz kişilər qadından istədiyinizi almayınca, əl çəkmirsiz. Qadın başını arxaya əyib bədəninə od salan gülüşüylə güldü, döşləri sanki tarım çəkilən koftasını deşəcəkdi, uzun, ağappaq boynundan ehtiras, həyat eşqi yağırdı.

Olqa süfrə açmışdı, kolbasa doğramış, süfrəyə meyvə və araq qoymuşdu. Araq içir, söhbət eləyirdilər. Ona qulaq asan Olqa təəssüflə başını yırğalayırdı. Bu rusların işi deyil, bizim qaralarla nə işimiz? Rusları düşünən olsalar, qaraları döymək, qovmaq əvəzinə, rus millətinə sahib çıxardılar. Yeniyetmə rus qızları dünyanın hər yerinə səpələnib özlərini satmaqla pul qazanmazdılar. Biri mən, ərim mənə sahib çıxsa, maaşını alan kimi həftələrlə yoxa çıxmasa, yanımda olsa, səni yaxına da buraxmazdım. Sizin ölkəniz də sizə sahib çıxandan sonra buralarda nə işiniz, öz küçələrinizi təmizləyəcək, öz evlərinizi tikəcəksiniz.

Birdən qız gülərək, bilirsən, dedi, burda millətin xarakteri də rol oynayır. Məsələn mən, əlimə bel götürüb küçələrin qarını təmizləməkdənsə, Afrikaya gedib bədənimi satmağa daha çox üstünlük verərəm. Lap elə lətifədə olduğu kimi. Cavan qız keşişin yanına gəlir. Deyir: «Müqəddəs ata, məni iki nəfər istəyir, biri oğru, o birisi isə manyakdır. Hansına ərə gedim?» Elə bu vaxt keşişi çağırırlar, gedir. Keşişin arvadı qızın yanına gəlir. Deyir: «Bilmirəm, müqəddəs ata sənə nə məsləhət verəcək, ancaq məndən olsa, məni bir dəfə soymaqdansa, iki dəfə zorlasalar yaxşıdı».

Gecədən bir qədər keçmiş evlərinə qayıtmaq istəyəndə Olqa qolundan yapışdı:

- Öz torpağınıza get, - dedi.

- Burda qalmağımı istəmirsən?

- Istəyirəm, amma get.

Rüstəm evdəydi, rayona danışdım, deyirdi, qızım bayrama kimi qayıdacağımı eşidib, o qədər sevindi. Deyirəm, hələ harasıdı, səni o dediyim meşəyə aparacağam, öz gözlərinlə görəcəksən meşədəki bənövşə xalılarını.

Səhərisi şaxta bir az da güclənmişdi, qurğuşun rəngli səma elə bil evlərin damları üstə çökmüşdü. Gəlib balaca köşkdən onlara belləri, lingləri verən iş icraçısı işlərindən narazı qalmışdı. Belə getsə ayın axırına kimi bu küçəni təmizləyə bilməyəcəksiz. Mən sizə pulu işinizə görə verirəm, ortada isə iş yoxdu.

Qanları qaralmış halda işə başladılar, Rüstəm onu araq almağa göndərmək istəyirdi, amma fikrindən daşındı. Gedib yenə özünü döydürərsən, işlə, indicə gəlirəm.
Rüstəm araq alıb qayıdanda yeddi-səkkiz nəfərin Nahidi yerə yıxıb döydüklərini gördü. Özünü itirmədi, döyənləri duyuq salmamaq üçün səsini çıxarmadan qaça-qaça onlara yaxınlaşdı və çatan kimi də beli götürüb üstlərinə düşdü. Basqınçılar nə qədər çox olsalar da, duruş gətirmədilər, dağılışıb qaçdılar, onları hədələyir, hər ikisini öldürəcəklərini deyirdilər.

Nahid özünə haqq qazandırırdı, neyləyim, birdən üstümə tökülüşdülər. Boş şeydi, Rüstəm ona təsəlli verirdi, neyləyəsiydin, bir dəstəydilər. Məətəl qalmışam, bu boyda Moskvada qara adına elə bircə sən varsan, ancaq səni döyürlər.

Adama bir taraş stəkan araq içəndən sonra işə başladılar. Donub daşa dönmüş buz parçalanmır, daş kimi qığılcım saçırdı. Hər dəfə lingi vurduqca buz qırıntıları ətrafa uçuşurdu, buz əzməsin deyə səkidən keçənləri gözləməli olurdular.

Nahid bu şaxtada, qar dumanının içində yenə də öz çöllərini xatırlayır, gülümsəyirdi. Belini dikəldib nəfəsini dərəndə gördüyü mənzərədən yerindəcə donub qaldı. Hər tərəfdən onlara doğru qırxıqbaşlar gəlirdilər, əllərində ağac parçaları, armaturlar var idi. Rüstəmi səslədi, Rüstəm boylanıb onları mühasirəyə alanları görəndə rəngi saraldı, acı-acı gülümsədi.

Arxalarını hasara söykəyib, kimsəni yaxın buraxmırdılar. Amma bu çox çəkmədi, vurub belləri əllərindən saldılar, hər ikisini yerə yıxıb rəhmsizcəsinə əzişdirirdilər. Yaxınlıqda polis yox idi, bu mənzərəni uzaqdan görən bir qız polisə zəng eləmişdi, amma gələn yox idi.

Qar topasının üzərində yanaşı uzanmışdılar, yaralarından axan qan qarı qırmızıya boyayırdı. Rüstəmin sifətində acı təbəssüm donmuşdu.

- Dedin quşun adı nəydi? – soruşdu.

- Hansı quşun? – Nahid üçün danışmaq əzab idi.

- Qaragilə kolunda oxuyan.

- Alacəhrə.

- Bu nə addı belə.

- Nə bilim.

Kənddə böyüybsən, amma bilmirsən. Alacəhrədi də, yəni cəhrə kimi bütün günü cırıldayır. Uçub bura gələ bilməz, qanadlarını şaxta vurar. Gəlsə də, donub qalar burda.

Bura ancaq dəmir quşlar uçub gəlir. Dəmir quşlar da uçub gedirlər.

***

Ağcaqayın meşəliyinin kənarındakı kimsəsizlər qəbirstanlığında saqqallı, papağının qulaqlarını açmış, uzunboğaz çəkmə geymiş, orta yaşlı rus qəbirqazan yurnalist qıza deyirdi: «Azərbaycanlıların qəbridir, adlarını, soyadlarını bilmədik. Küçədə donub qalmışdılar. Sahib çıxanları olmadı, srağagün gətirib burda dəfn elədik».

Qəbirqazan donuq gözlərini ağcaqayınların ağappaq gövdələrinə dikmişdi, ağaclarının qaralan çətirləri üzərində dolaşalar uçuşurdu.

- Rusiya genişdir, - qəbirqazan deyirdi, - sizsə çox azsınız. Bir ucdan gəlirsiniz, rus çöllərində donub ölür, itib-batır, yoxa çıxırsınız.

Biz yoxa çıxmayacağıq, jurnalist qız deyirdi, boğazını qəhər tutduğundan səsi boğuq çıxırdı, günlərin birində bu torpaqlardan baş qaldıracağıq.

Qəbirqazanın donuq gözlərində kədərli və soyuq ifadə canlandı, başını yırğaladı, papağından çölə çıxmış sarı saçları titrədi.

- İnsanlar torpaqdan baş qaldırmağa başlayanda, rus torpaqlarından ruslar baş qaldıracaqlar. Siz öz torpaqlarınıza gedin, səadətinizi öz torpaqlarınızda axtarın, öz torpaqlarınızdan baş qaldırın.
XS
SM
MD
LG