Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:53

NAHID "Dərdimi çək" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


NAHİD


DƏRDİMİ ÇƏK

... Bir.. bir... Bu gün iyun ayın on dördü, 2010-cu ildi. Yay fəslidi, istilər adamın maraqsız həyatını daha da maraqsız edir. Düzü bunu qeyd etmək elə də vacib deyildi, ancaq nə bilim. Bu yay günündə həyatını maraqlı edən çox sayda insan var.
Balaca otaqdayam. Halbuki, bu balaca otağın kvadratından çox kirayə pulu verirəm. Danışdığım bu səsyazanıysa demək olar ki boşluqdan almışam. Fikirləşdim ki, insan özü ilə söhbət edəndə dahi olur. Yeni ideyalar, yeni fikirlər dünyaya gəlir.
O, baş barmağı ilə “stop” düyməsini basdı. Kaseti geri fırlayıb səsinin yazılıb-yazılmadığına əmin olmaq istədi. Kaset başa çatan kimi “pley” düyməsini basdı. “Bir... Bir.. Bu gün iyun ayının on dördü...” Səsinin yazıldığına əmin olub “stop”u basdı.

Unversiteti qurtarıb, əsgərlikdən gəldiyindən bir il keçirdi. Hələ də bir işin yiyəsi, bir sənətin sahibi deyildi. Dövlət imtahanından sonra get-gələ salınıb, sonunda 50 dollar pul qarşılığında aldığı diplomu balışının altında saxlayırdı. Savadlı olmağına savadlıydı, ancaq nədənsə Tanrının qəzəbinə tuş gəlmişdi. Bəxtindən anasının cəmi üç bacısı vardı. Cəmi üç bacı. Üç xala. Bu üç xaladakı “bala başaa dönüm, bala qadaa alım” sözündən başqa heç nə bilmirdi.

Hər ay atasının göndərdiyi üç yüz manatla dolanır, onun yüz əllisini də, kirə pulu verirdi. Gəzmədiyi idarə, döymədiyi qapı qalmamışdı. Ancaq hamısı eşidəndə ki bu bədbəxtin 3-cə xalası var, “ixtisardır” deyib, qapını göstərirdilər. Atası neçə defə demişdi “rəhmətliyin balası qayıt kəndinə” ancaq o israrla, Bakıda qalacağını bildirmişdi. Bu da Bakı.

Gözünü açan kimi saatına baxdı. Elə bildi çox yatıb. İş axtarmaq, nəsə tapmaq lazımıydı.

Internet kuluba gedib iş elanlarına baxdı. Saata yarım “google”dən tutmuş bütün saytlarda eşələndi, axtarış verdi, göndərdiyi CV-lərin yararsız cavablarını oxudu, ancaq heç nə tapmadı. Əli üzüldüyü anda təsadüfən kiminsə fərdi saytına girdi. Fonda qəribə kişi şəkli vardı. Gözü qıyıb baxanda bir balaca Cəlil Məmmədquluzadəyə oxşayırdı. Ancaq gözü qıymayıb baxanda tamam başqa adam olurdu. Keçəl başında az-maz tük varıydı. Barmağı arasında tutduğu qəlyana fikir verəndə hiss olunurdu ki, tütün çəkən biri deyil. Sadəcə, böyük görsənmək, özünə xüsusi estetika vermək istəyib. Üzü tüksüz, bir az qırışlı, gözləri isə donbağıydı. Kişinin bu cür görkəmi onun diqqətini elə də çəkmədi, ancaq onun şəklinin altından “Dərdimi çək” yazısı onun diqqətini yetərincə çəkdi. “Dərdimi çək” yazısının altında gizlənən, onu özünə çəkən bu qüvvənin nə olduğunu anlamaq üçün tələsik səhifəyə daxil oldu. Yazılanları oxuyan ki, rəngi özünə gəldi. Bir anda ac mədəsinin doyduğunu hiss etdi. Şalvarının sol bibi nədənsə bir balaca donbaq görsəndi. Elə bil içində nəsə qalın bir şey vardı. Tələsik əlaqə nömrəsini götürüb “internet kafedən” çıxdı.

Mobil ekranda görsənən nömrəni görəndə həyəcanlandı. Üzərində iyirmi yazılıb, ancaq otuz qəpiyə aldığı qazlı suyu başına çəkdi. Titrəyən baş barmağını birtəhər “yes” düyməsinə toxundurdu.
- Alo – Qalın kişi səsi onu vahimələndirdi.
- A...lo – özünü güclə saxlayıb səsinin titrəməsini boğdu. - Alo salam əlöyküm.
- Əlökümə salam. Eşidirəm.
- Bağışlayın iiiiş – Səsinin yenidən titrəməsi hər şey poza bilərdi. Yenidən gücünü toplayıb özünü əla aldı. – Bağışlayın saytdakı iş elanına görə zəng eləmişəm.
- Yəqin, sizə də qəribə gəlib...
- Nə?
- Necə yəni nə? İş! – Kişinin səsi bir az da cidiləşdi.
- Düzü qəribə gəldi, ancaq elə də təəccüblənmədim.
- Niyə?
- İndi fikir, ideya əsridi. Hər kəs də öz ideyasını həyata keçirmək istəyir. – Onun belə danışması deyəsən kişinin xoşuna gəlmişdi.
- Hmmm... Deməli, belə. hmmm... – Kişi bir az tərəddüd etdikdən sonra – Cavan oğlan indi sizə sms göndərəcəm. Çalışın, orda yazılmış ünvana vaxtında gəlin - deyib telefonu söndürdü.
Bu danışığın bitməsilə onun həyəcanı da bitdi. Üstündən ağır yük götürülmüş kimi dərindən nəfəs aldı. Bu iş alınmışdı... alınacaqdı. O həmişə çalışırdı, işə götürənlər heç olmasa onunla bir neçə dəqiqəlik söhbət etsinlər. Çünki dilli-dilavərliyi ilə bütün müdir və işə götürənləri valeh edəcəyinə əminiydi. Lənətə gəlmiş CV-lər... Onlar iş həyatına qədəm qoyduqdan sonra işə qəbul daha da azalıb.

- Ihı... Deməli bu gün iş tapmışam. Daha doğrusu, üzdə tapmışam, ancaq hələ bilmirən necə olacaq. – Səsyazanı yüngülcə dodağına basıb uğuruna qışqırmamaq üçün özünü güclə saxladı. Səsindəki özünə inam səsyazanın da diqqətindən qaçmadı. O, bu cavan oğlanın dediklərini anban qeyd edirdi - Əşi... Çətini iş tapana qədərdi. Çətini müdir mənimlə görüşənə qədərdi. Hələ heç bir qız ondan aldığım “bir dəqiqə”dən sonra məndən əl çəkməyib.

Düzdü, müdir qız deyildi, ancaq nə fərqi. Mən Hitler kimiyəm. Danışmağa icaz ver, gör necə hər kəsi özümə cəzb edirəm. Nə isə, keçim işi necə tapmağıma. Deməli, internet kafedə oturub iş elanlarına baxırdım. Heç nədən, təsadüfən şəxsi bir sayta girdim. Sayt görünüşünə görə məni maraqlandırmadı, ancaq o eybəcər şəklin altındakı “Dərdimi çək” yazısı məni valeh elədi. Tələsik o səhifəyə daxil olub, yazılanları diqqətlə oxudum. “Şəkildə gördüyünüz kişiyə yaşı 20 dən yuxarı və cinsiyyətindən asılı olmayaraq, işçi tələb olunur.” - Baş barmağını astaca “stop” düyməsinə toxundurdu. Balaca otaqda var-gəl edib eyvana yaxınlaşdı. Tozlu Bakı küçəsinə baxıb bir anlıq fikrə getdi. “Şəkildə gördüyünüz kişiyə... işçi lazımdı?... cinsiyyətin fərqi yoxdu?...” Nədənsə orda yazılanlar bu dəqiqə, elə bu an onun diqqətini hərtərəfli çəkdi. Öz-özünə “Necə yəni bu kişiyə...” pıçıldadı. Bir gözünü qıyıb dodağına sıxdığı səsyazana baxdı. Ona elə gəldi ki, səsyazan hər şeyi səhv başa düşüb. Yox, o namuslu oğlandı... Belə iş tutmaz. Gözünü səsyazandan alıb çölə baxdı. Yenidən baş barmağı ilə “pley” düyməsini basdı. – Sözün açığı indi bir az fikirliyəm. Bu işin nə olduğu məni həyəcanladırmağa başlayıb. Allah kərimdi. İş elanının ardını deyirəm: “Əmmək haqqı yüksək, iş qrafiki sərbəst, sual verməmək, səbəb soruşmamaq tələb olunur. Maraqlananlar aşağıdakı nömrəylə əlaqə saxlasınlar”.

Bax belə. yazılanları oxuduqdan sonra əlaqə nömrəsinə zəng elədim. – Qəfildən bütün şübhə, həyəcan yox oldu. Üzü güldü. Bakı ona dünyanın ən gözəl şəhəri kimi görsəndi. Bir azca da sevinsəydi, olmayan dayısı ona zəng edib iş tapdığı üçün təbrik edəcəkdi. – Sabah gedirəm iş görüşməsinə. Mərifətli və ürəyə yatan iş olsa mənimdi e. Başqa şansı da yoxuydu.

Səsyazanı çarpayısının üstünə atıb cib telefonuna cumdu. Atasına zəng edib sevincini paylaşmaq istədi. Ancaq bu istək atasının nömrəsini görənə qədər yaşadı. “Hələ tələsmək lazım deyil” fikirləşib, cib telefonunu masanın üstünə qoydu. Gözü masanın digər qırağında, üstü tozlanmış kitaba sataşdı. Güldü. “Yox Dostoyevski qağa, sən öz Cinayət və Cəzanla məni boğa bilməyəcəksən. Birdə ki, bizim qocalar elə də varlı deyil. Cəmi 80 manat pensiya alırlar. Buna görə qatil olmağa dəyəməz” – deyib kitabı masanın üstündən götürdü. Dizlərini yerə atıb divanın altına əyildi. Kitabı var gücü ilə divanın altına vıyıldatdı. O kitabı ki, bir neçə gün bundan əvvəl ona haqlı olduğunu söyləyirdi. Raskolnikov kimi başqa çıxış yolunun olmadığını deyirdi. Həmin o kitab ki, onu sehirli qoynuna almışdı. Bu balaca otaq, bu yaşam, bu ağrı təəssadüf deyildi. Elə o vıyıldatdığı kitab da onun əlinə təsadüfən düşməmişdi. Çıxış yolunu tapmaq üçün qarşısına çıxmışdı.

Əlini bir-birinə çırpıb dağınıq otağını səliqəyə saldı. Telefonuna baxıb saatın 19:50 olduğunu gördü. Gecənin rahat keçməyəcəyini bilirdi. Uzun olacaq. Yorucu olacaq. Yuxusunu hardasa yaxınlarda gizlədəcək. Otağının tavanını maraqlı edəcək. Müxtəlif üzlər, gələcək həyatı tökülmüş tavanda kino kimi görsənəcək. O, bütün bunları bilirdi.

Evi səliqəyə salıb şəhəri gəzməyə yollandı. Yeganə çıxış yolu bu idi: gedib soyunmuş Bakıya baxsın. Üzü padoş olmuş binalara söz atsın. Mini yubkalı küçə barlarıyla qiymət danışsın. Yeni tikilmiş, daş örtükləri belindən düşən, bədənini sıxan binalara baxsın. “Gələcəyimizə, əsgərimizə bax” deyib heyfsilənsin. Parklarda dalı qalxmış “X6”-nın gözəlliyinə, nazına, sovet dövründən qalmış “07”, “06”-ya, “moskviç”ə necə naz atdıqlarına tamaşa eləsin. 07-lərin qəzəbindən ikitəkər qaldırmaqlarına baxsın. Bacarıqlarının bundan başqa heç nə olduğuna gülsün. Küçələrdə, ictimaiyyət arasında qoca, cavan, uşaq demədən harda gəldi sevişən küçə pişiklərinə, itlərinə baxsın. Cib telefonunu çıxardıb maraqla, gizlin-gizlin olan-bitəni çəksin. “Blutuz”la paylasın, internet səhifələrinə yerləşdirsin. Bacardığı qədər gördüyü hər şeydən zövq alsın. Zövq alsın ki, başı qatışsın. Fikri dağılsın. Bir təhər səhər gəlsin. Görsün, o iş elanı nədi.

Evə qayıdanda axşam saat 02:30 idi. Saatını tezdən 6-ya qurub çarpayısına girdi. Tez durmaq istəyirdi. Sms-in haçan gələcəyini bilmirdi. Bu səbəbdən də tez oyanıb gələcək sms-i gözləməyi qərara almışdı.

Tezdən saatın ağcaqanad kimi baş ağrıdan səsini eşidəndə gözləri güclə açıldı. Üzü qırış-qırış oldu. Gözünün ətrafı elə qırışdı ki, 70 yaşında necə görünəcəyi bəlli oldu. Birtəhər yerindən qalxıb saatı susdurdu. Hər yeri dumanlıq görsə də, diqqətlə telefonunun balaca ekranına baxdı. Sms zad yoxuydu. Əl-üzün yuyub, çayını içib geyindi. Rahatlandıqdan sonra sakitcə stulda oturub cib telefonunu masanın üzərinə qoydu. Sonra götürüb sönülü olub olmadığını dəqiqləşdirdi. Sönülü deyildi. Hər şey qaydasındaydı. Saatın əqrəbləri yerini dəyişdikcə o da balaca otaqda yüz cürə yer dəyişdi, formaya girdi. Gah uzandı, gah çölə baxdı. Ev yığışdırdı, hamamı yudu. Hər şey elədi ancaq sms gəlmədi. Saat 11 olmuşdu. “Yəqin ona maraqlı gəlmədim” deyib həvəssiz çarpayısına uzandı. Beli yerə dəyib dünya çempionatlığını ümidsizliyə təslim etdiyi vaxt sms-in səsi ona güc verdi. Üstündəki kədəri, ümidsizliyi yıxıb cəld telefona cumdu. Elədir ki var, həmin nömrədən sms gəlmişdi. Sakit şəkildə sms-dəki ünvanı oxusa da içindən dəlilər kimi çıxırmaq, bağırmaq keçirdi. Atasına zəng etməmək üçün cib telefonu ilə mübarizəyə girişdi. Zəng etməyəcəkdi. Ancaq istəmirdi də bacarıqsız olduğuna gün keçdikcə atası daha da çox inansın.

Səliqəli geyindi. Üzünü qırxdı. Əlinə krem vurdu. Ad günündə adını unutduğu hansısa gözəlin verdiyi ətri vurdu. Saat 12:45 idi. Kişi ilə görüşməyinə cəmi yarımca saat qalmışdı. Evdən çıxıb blokun pillələrini düşənə qədər sms-də yazılmış ünvana necə gedəcəyini, hansı marşutlardan istifadə edəcəyini dəqiqləşdirdi. Hesabına görə iyirmi dəqiqəyə ünvana çatacaqdı.

Ünvana çatanda vaxt hesablamasında beş dəqiqə səhv etdiyini gördü. Halbuki, marşrut yavaş hərəkət etməmişdi. Marşrutun yüksək sürətlə necə maşınlar arasından manevr etdiyini, qoşa xətti neçə dəfə taptalayaraq qəza şəraitini yaratdığını, tıxac olan yollarda qarşı yola çıxıb neçə sürücünün həyatını təhlükəyə atdığına özü şahid olmuşdu. Hələ içəridəki sərnişinlərin bu “avto qonka”dan necə narahat olmadıqlarına, buna necə də alışdıqlarına heyrət etmişdi.

Hündür beşmərtəbəli binanın yanına yaxınlaşdı. Sadə, üzərində heç bir reklam, elan yazılmayan dəmir qapını açıb içəri girdi. Çöl tərəfdən çox adi görsənən bu qapının arxa tərəfindəki işıqlı, yaraşıqlı həyatı görəndə sevindi. İş yerinin belə gözəl, sərin olması onun ürəyincəydi. Bir müddət qapının ağzında dayanıb içəri tamaşa etdikdən sonra resepşinə yaxınlaşdı. Səliqəli geyinmiş, uzun sarışın saçlarını boynunun arxasında səliqəylə yığan qızı görəndə kişinin yerinə onun adını soruşmaq istədi. Ancaq qız incə səslə - “Buyurun, kim lazımdır?” deyəndə ciddiləşdi.

- Bağışlayın mən saytdakı iş elanına görə gəlmişəm... – O, qızın heç nədən xəbərsiz olduğunu fikirləşərək ətraflı izahat vermək istədi. Lakin qız - Aydındır. Bir dəqiqə gözləyin, müdirə xəbər verim - deyəndən sonra sözünü yarımçıq kəsdi. Qapının sol küncündə qoyulmuş kresloda əyləşib gələcək cavabı gözlədi. Göz ucu dəhliz boyu uzanan otaqlardan çıxan, qarışqa kimi qaynaşan mini ətəkli qızlara baxıb köks ötürürdü.
- Buyurun, müdir sizi gözləyir – Qız gülər üzlə ona qapını göstərəndə o, ağzını ayırıb içəridəki adamlara baxırdı. Qız sözünü bir də təkrar edəndə cəld yerindən qalxıb – Sağ olun – dedi. Üst-başını düzəldib ehtiyatla otağa girdi. Müdir görünüşünə görə saytdakı şəkildən elə də fərqlənmirdi, ancaq burda, canlı olaraq üz cəhətdən qorxulu biri deyildi. Sadəcə ağır zəhmi varıydı.

- Keçin əyləşin – Müdir əli ilə ona stulu göstərdi – Demək, cavan oğlan mənimlə danışan siz idiniz...
- Bəə..li elədir, – O, həyacanla dilləndi. Bilirdi ki, bu həyacan ötəri şeydir. Çətini söhbət qızışana qədərdi. Çətin ki, müdir onun “Hitler” nitqi qarşısında yarasız bir söz deyə bilsin.
- Yaşınız neçədi?
- Elanda yaş fərqinin olmadığını yazmışdılar, ancaq soruşursunuzsa deyim, 24.
- Belə - Hazırcavablığı müdirin diqqətinin çəkdi – Demək olar, bu işə qəbul olmaq üçün elə də güclü məlumat ya da CV doldurmaq lazım deyil. Sadəcə, könüllü və qərarlı olmaq vacibdi.

O, CV doldurmağın lazım gəlmədiyini eşidəndə anladı ki, artıq işə qəbul olub. Ürəyində “Lənət sənə, CV” deyib diqqətlə müdirin dediklərinə qulaq asdı.

- Bilirsiz cavan oğlan günümüzdə artıq bir çox şey dəyişib. İndi insanlar hər şeyə qısa yoldan çatmaq istəyir. Özlərini azad, elədiklərindən, törətdikləri əməldən də vicdan əzabı çəkməmək istəyirlər. Sözün açığı, bu işin mahiyyətini, vacibliyini sizə demək üçün elə də uğurlu sözlər seçmək mümkün deyil. Sadəcə, işin mahiyyətini sizə izah edəndən sonra mənə sizin qəti, dəqiq cavabınız gərəkdir. Burda sizin kimi yetərincə çox cavanla söhbət eləmişəm. Bəziləri razı olmayıb, bəziləri isə işə başladıqdan sonra yarımçıq qoyub. Yəni deməyim odur ki, siz bu işə ya axıracan davam edəcəksiz ya da elə indi “yox” deyib gedəcəksiz.

O, bu qeyri-adi işin nə olduğunun soruşmamaq üçün özünü zorla saxlayırdı. Tələskənlik etmək istəmirdi. Gözləyirdi, müdir işin mahiyyətini adəti etdiyi üzrə danışsın.
- Bəli, cavan oğlan. İşin nədən ibarət olduğunu indi sizə deyəcəyəm. Mən böyük bir tikinti şirkətinin müdiriyəm. Bu işə necə və nə cür yollarla başladığımı anlatmaq yersizdir. Şəhərimizdə günün günorta çağı çox evlər yıxıb, çox evlər tikmişəm. Sözün açığı, bəzi evləri yıxanda vicdan əzabı çəkirəm, kövrəlirəm. Bu səbdən də, son zamanlar düz 8 yaş yaşlaşdığımı hiss edirəm. Bəzi səbəblər da var, ancaq onu zamanla sənə deyəcəm. Həm iş elanının səbəbi də adından göründüyü kimi “Dərdimi çək”di. Yəni siz mənim dərdimi çəkəcəksiniz, mən də bunun müqabilində sizə maaş və gözəl həyat bəxş edəcəm.

O, işin mahiyyətini öyrənəndə “Hitler boğazı” qımışdı. Nə deyəcəyini, nə cavab verəcəyini bilmədi. Atasına zəng edib tapdığı işin nədən ibarət olduğunun necə başa sala biləcəyini fikirləşdi. Bəs ofis, bə mini ətəkli gözəl qızlar?

- Nə deyirsən? Razısan? – Müdirin təzyiq dolu sualları onu tez fikirləşib cavab verməyə zorladı.

- Razıyam!

Həvəslə getdiyi iyirmi beş dəqiqəlik yolu iki saata qayıtdı. Fikirli halda binanın pillələrini qalxıb balaca evinə daxil oldu. İsti yay günündə onu bişirən pencəyini çıxarıb masanın üzərinə atdı. Özünü çarpayısına yıxıb tavana baxdı. Bir az fikirləşdikdən sonra gözləri səsyazanı axtardı. Pəncərənin sürahisində uzanılı, ona qəmli-qəmli baxan səsyazanı görəndə gözləri doldu. Onu götürüb bağrına basdı. Onu bu günə salan zamanı, Universiteti söymək istədi. İşsizlikdən kiminsə dərdinin çəkməyə razı olduğu üçün, atasını ürəyində qınadı. Axı bundan yeddi ay öncə bir iş tapmışdı. Axı, cəmi üç min dollara iki yüz əlli manatlıq işə girə bilərdi. Ancaq atası olmaz, bala, fırıldaqçıdı, az adama atıblar? – demişdi. Bəs indi?!

Baş barmağı “pley” düyməsinə toxundu. Bir neçə an səsyazanın lenti boşuna hərləndi.
- Razıyam... Mən həmin işə razıyam dedim, – Sakitcə dilləndi. Özünü danlayırmış kimi sözə başladı. - Bu gün ora getdim... iş görüşməsinə. Mən hüququ qurtaran.... hüquqşünasam. Kiminsə dərdini çəkəcəm... o kef edəcək, mən dərd çəkəcəm. Nəyə görə? Pula?!...

Mənə işin vaxtını, gördüyüm işə görə alacağım pulun miqdarını sms-lə yazacağını dedi. Razı oldum. Bu yaşımda, Amerikada, Avropada əylənməyin yollarını fikirləşən cavanlardan fərqli olaraq mən dərd çəkməyə razı oldum. Çox güman ki, əvvəlcə çətin olacaq. Sonra öyrəşəcəyəm. Zaman keçdikcə ilk olaraq saçım tökülməyə başlayacaq, sonra üzüm qırışacaq. Saqqalım daha da sərtləşəcək. Daha da aqressiv olacam. Sonra sırtılacam, atamın üzünə qayıdacam, anama bağıracam. Dərd çəkə-çəkə korşalacam. Daha nələr nələr.

Səhər yuxudan oyananda dünənki halsızılığı hələ də onu tərk etməmişdi. Üzü sallaq, bədəni həddən artıq yorğunuydu. Telefonuna sms gələndə dünənki kimi sevinmədi. Əksinə bir az məyyus oldu. “Bu gün saat 13.50 də bu ünvana gəl. Ilk iş günün bu gündü. Görəcəyin işə görə 700 manat pul alacaqsan” - sms-dəki bütün yazılar 700 manatın kölgəsində yox oldu. Ona qəribə həvəs gəldi. Əslinə baxanda, görəcəyi işin elə də pis olmadığını fikirləşdi. Hansı iş maraqlıdır ki?- düşündü. 700 manat az pul deyil. Həmin pula çox şey etmək olar. Bu miqdarda olan pul adamın 65 kilo çəkisini bir az daha ağır edir. Adamın yerişini dəyişir. Qərarlarını sərt və tezləşdirir. Cibdən gələn enerji ürəkdən gələn enerjinin yüz mislinə bərabər olur. Ürək utandığından bütün qərarlara həvəslə yanaşır. Cib beyni ələ alır. Gözləri bağlayır. Qol-qanadı daha uzaqlara uzadır – deyib tapdığı işə sevindi.

14.00-da sms-də yazılan ünvana çatdı. Gənclikdə, karandaş binanın arxa tərəfində iki mərtəbəli gözəl bir eviydi. Qapını döyüb kənara çəkildi. Evin bünövrəsindən tutmuş hündürlüyünə qədər tamaşa etdi. Qapı gec açılsa da, kişi tələsik onu içəri çağırdı.
- Gecikirsən cavan oğlan? – Kişi qalstukunu düzəldə-düzəldə sözə başladı.
- Bilirsiz də, Bakının hər tərəfini remont edirlər. Maşınlar... Toz.... Torpax...
- Eybi yoxdur. – Kişi onun sözünü kəsdi – Beş dəqiqənin qorxusu böyük deyil. Qapının ağzında durma. İçəri gəl. Evdə heç kim yoxdu. Özünü sərbəst apara bilərsən.
O, içəri keçib divanda əyləşdi. Maraqla işinin nə olduğunu, 700 manatı nəyə görə, hansı dərdinə görə alacağını eşitmək istədi.

- Cavan oğlan, vaxt az olduğundan keçək işin nə olduğuna – Kişi telepatlant kimi sanki onun nə fikirləşdiyini anladı – Əvvəla, deyim ki, pulun məbləği çəkiləcək dərdə görə artıb azalır. Bu 700 rəqəmi sizdə alışqanlıq yaratmasın. İndi də keçək bu günkü işinə. Mən 6 aydır gözəl bir xanımla sevgi macərası yaşayıram. Düzü, heç əməlli başlı yaşamaq da olmur. Arvadıma görə içimdə qəribə bir narahatlıq var. Sözün açığı pulun olmadığı günlərdə ona heç vaxt xəyanət etməmişəm. Ancaq pul adamın bütün bədən üzvlərini hərəkətə gətirir. Qısası, bu gün məşuqəmlə görüşdəyəm. Arvadım gözəllik salonundadı. Axşamacan gəlməyəcək. Oğlumda Allah bilir, hardadır. Evdə rahat-rahat oturub arvadıma xəyanət etməyimin dərdini çəkə bilərsən. Yəni mən məşuqəmlə görüşürəm, sən də bu xəyanətimin dərdini çəkirsən. Heç olmasa bu işi bir dəfə rahat yerinə yetirim. Bu vicdan əzabı məni rahat buraxmır. Di, salamat qal. Hə, pulun yarısı da masanın üzərindədir. Qalan yarısını da sabah verəcəyəm, ancaq işi yaxşı bacardığına əmin olanda.

O, ağzını açıb bir kəlmə söz demədən kişi çıxıb getdi. Oturduğu yerdən qalxıb bu evdə nə işinin olduğunu, bura niyə gəldiyini fikirləşdi. Xəyanətin dərdini necə çəkə biləcəyini anlamadı. “Necə yəni? O, gedib kiminləsə kef edəcək, gecəsini maraqlı edəcək, mən də dərd çəkəcəyəm” deyə deyindi. Bu mənasızlığa söyüş söyüb çıxıb getmək istədi, ancaq 700 manat onun ayaqlarından yapışıb “Ağıllı ol” dedi. “Dərdimi çək, deyir çək də! Burda nə var ki, get soyuducudan araq götür, bir az zakuska, həzin bir mahnı da əlavə et. Siqaret qutusunu masanın üzərinə at! Özünü də divanın ütünə sər” – 700 manat ona işin sirlərini anlatmağa başladı. Yenidən divana əyləşib fikirləşdi. Bu işi bacara biləcəyinə özünü inandırdı.

Araq qədəhləri ard-arda düzüləndə beyni dumanlandı. Özü də bilmədən kənddə, “gələcəm” deyib gözünü yolda qoyduğu qız yadına düşdü. Halı pozuldu. Pulu masanın üzərindən götürüb evdən çıxdı. Gənclikdən Bulvara kimi piyada yeridi. Yeridikcə vaxtında verdiyi sözləri, o qızı necə sevdiyini yadına saldı. Bir iş gördüyünü, indi bax bu gecə hansısa gombul, adama oxşamayan bir kişinin necə kəf çəkdiyini, unutdu. Öz dərdi yadına düşdü. Məgər onun o gonbul kişidən fərqi nədir ki?! Onun özü də sevgisinə xəyanət etmiyibmi? Azmı kirayə evində eşq macəraları yaşayıb? Azmı qonşular ondan şikayət edib?

Evin sahibi azmı onu tənbeh edib? Belə olan halda onun gonbul, eybəcək kişidən nə fərqi var?! O, bütün bunları fikirləşib qəhərlənir, vicdan əzabı çəkirdi. Kəndə gedib gələ bilməməyinin səbəblərini qıza danışmaq, onun qarşısında ağlamaq istəyirdi.

Gecə idi. Balaca otağındakı işıq səhərə qədər sönmədi. Cibindəki pulu döşəməyə səpmişdi. Səsyazanı yenə əlindəydi, ancaq danışmırdı. Sakitcə çarpayısında uzanıb tavana baxırdı. Arabir “pley” düyməsini basır sonra yenidən “stop” düyməsini qarışqanı əzdiyi kimi əzirdi. Səsyazanın lenti artıq yarı olmuşdu. On altı yaşından iyirmi dörd yaşına qədər boş və səsiz ömrü indi səsyazanın lentinə həkk olunurdu.
700 manatını günorta saat 12.00-də aldı. Həminki ünvandan, həmki ofisdən. Müdir onu bolluca təriflədi. Onda xüsusi istedadın olduğunu dedi. Axşam heç bir vicdan əzabı çəkmədiyini, ruhunun rahat olduğunu danışdı. Ona təşəkkür elədi. Növbəti işdə görüşənə qədər deyib onu qapıya qədər ötürdü.
Bütün bu sözlər, bu təriflər deyilən vaxt o sakit, dilsiz-ağızsız insan kimi dayanıb müdirin üzünə baxırdı. Bu harınalamış gonbulun köpüklənən ağzına birini ilişdirmək istəyirdi. Ancaq...


İkinci iş müdirlə görüşündən 4 gün sonra gəldi. Bu işin əmək haqqı 400 manatıydı. Məbləğin azlığı onu məyus etmədi. Əksinə, həvəsləndirdi. Çəkiləcək dərdin böyük olmadığını, sıradan bir şey olduğuna inandı. Ofisə getdi. Müdiri bir az hirsli gördü. Otağı siqaret tüstüsündən duman bürünmüşdü. Heç nə demədi, sakitcə stulda əyləşdi. Müdir salamsız-kəlamsız sözə başladı:

“Bu gün dərdim böyükdü. Daha doğrusu, bu dərdi fikirləşəndə böyüyür. Sözü uzatmıram. Nərimanov ərazisində köhnə gecəqonduları ələ keçirmişəm. Oradakı bütün köhnə binaları söküb əyləncə mərkəzi tikdirəcəm. Amma di gəl, əngəl var. Sakinlər söyüş qoyublar ki, bir addımda oyana durmarıq. “Evimizin kompenssasiyasını verin, kvadratına görə pulumuzu ödəyin, çıxaq” deyirlər. Ə, bu rəhmətliyin nəvələri elə bilir, mən pul kəsirəm. Bir elə ev var, mən onlar necə konpenssasiya ödəyim?! Qərar vermişəm: bu gecə oraları verəcəyəm bulduzerin altına. Başqa çarə yoxdur. Qoy ağlasınlar, telekanalları çağırsınlar, icraya şikayət etsinlər. Mənə nə! Onsuz da, hamısının qərarı pulun üzərindədi. Pul deyir danış, danışır, pul deyir çəkmə, çəkmir. Sənin işin də elə bu sahədə olacaq. Düzü, bir az onlara görə dərd çəkirəm, daha doğrusu, içim sıxılır, bilmirəm dərd çəkəndə belə olur yoxsa bu başqa şeydi. Oranı almaq üçün nə qədər pul xərcləmişəm” - Müdir onunla üz-üzə dayandı – İstəyirəm bu dəfəki dərdi də keçən dəfəki kimi çəkəsən. Qoy, mən evdə rahat yatım. Dərdimi çək ki, “niyə belə edirəm, o evləri niyə uçururam” deyib sızlamayım. Niyə gecə vaxtı bir elə insan mənim üzündən çöldə qalır. Hamısını fikiləş ki, dərdimi yaxşı çəkə biləsən. Bu səfər pulu tam olaraq sənə verəcəm. Əminəm, bu işin də öhdəsindən gələcəksən.

O, başı ilə razılıq işarəsi edib pulu götürdü. Heç nə demədən otaqdan çıxdı. Bu səfər məbləğin azlığı onu məyus etdi. Bu məbləğ belə dərdi ödəməz. Bu dərd arvad aldatmaq dərdi deyil, bu insanın vicdan dərdidi. Bu yüzlərlə adamın ahıdır. Bunları çəkmək elə də asan olmayacaq. Bu səbəbdən də küçədə dayanıb pulu saydı. 400 manat.
“Doğrudandamı bu alçaq, sevişməyin rahatlığını insanalardan üstün tutur?! Doğrudanmı onun üçün insanları gecə vaxtı çölə tökmək, vicdanını rahatlatmaq cəmi 400 manatadı? - Səsyazan yenə onun ovcunun içində deyilənləri qeydə alırdı. O, danışdıqca qəzəblənir, qəzəblənməklə yanaşı bir həftənin içində 1100 manat qazanmasına sevinirdi. Bu sevincini vicdanından gizlətməyə çalışırdı, ancaq alınmırdı. Danışdıqca yadına fəhlə atası düşürdü. – Yazıq kişi ömür boyu vicdanını rahat saxlayıb, heç kimin haqqını yeməyib... “Elə ona görədə ömür boyu fəhlə qalıb da” – Ona elə gəldi ki, bu sözü səsyazan dedi. Qəzəblə ona baxdı. Hirslənmişdi. Divara vurub bu arsız əşyanı cilik-cilik etmək istədi. Özünü ələ aldı. Səsyazanı söndürüb çarpayısının üstünə tulladı. Bu oğraşın dərdini necə çəkəcəyi haqda fikirləşdi. – Özünə haqq qazandır, – kimsə dilləndi. O diqqətlə səsyazan baxdı. Ondan şübhələnməyə başlamışdı. Gözünü ondan çəkib eyvana yaxınlaşdı. - Sənə deyirəm, özünə haqq qazandır. Sökürlər əcəb eləyirlər de! Az söküblər, az adamı çöldə qoyublar? Azmı bir icranın düzdü dediyi sənətə, onun yerinə gələn başqa icra səhvdi deyib? Qoy söksünlər. Belə lazımdı. Heç kimə rəhmin gəlməsin. - Bu sözləri kimsə lap yaxından, onun qulağının dibində dedi.
O, gecə boyu yatmadı. Bağırdı, çağırdı. – Sökün... Sökün əclaflar. Onlar bu gecəqonduları harda gəldi tikməyəydilər. Dövlət bir metr yer verir ki, burda tik, o bir metr yeri alıb böyüdür, iki metr tikir. Sökün!!! Hər yeri sökün. Əyləncə mərkəzi edin. Əylənək, deyək gülək. Bizə əlyəncə lazımdı. Əyləncə. Əy- lən- cə. Hamısı yaltaqdı. Yaltaq. Rayondan tökülüb gəlmələr, qaçqınlar. Onlar gələndən Bakı kəndə oxşayır. Küçələrdə inəklər, qoyunlar gəzir. Sökün!!! Sökün qoy çöldə qalsınlar. Onsuzda hardasa özlərinə yer tapacaqlar. Bu boyda kişi, böyük inşaatçı pis iş edir məgər? Sökür, tikir... tikir ki, Bakı gözəlləşsin. Tikir ki, pul qazansın. Bəs o bulduzerin şoferi oranı sökməsin, buranı sökməsin haranı söksün? Bəs o evinə pul aparmasın? Ev yıxmağı hamı bacarır məgər? – deyib, özünü gecə boyu haldan-hala saldı. Bütün gecəni yatmadı. Gözləri qan calağına dönmüşdü.

Günün şüası gözünə düşürdü. Masanın üzərinə sərilib qalmışdı. Süfrənin cızıqları üzünə iz salmışdı. Deyəsən, sübh çağı, saat 6- 7 arası yata bilmişdi. Cib telefonu “Nokia tuner” melodiyasını var gücüylə bağırırdı. Bir təhər yerindən qalxıb gözünü qıyaraq balaca ekrana baxdı. Ağzını-burnunu əyib üzünü yumağa getdi. Hamamdan çıxıb telefonun balaca ekrana boylandı. Sms gəlmişdi. “Yenə ofisə çağırır”- mızıldanıb sms-i oxudu. Elədiki var.

Deyilən saatda ofisdəydi. Müdir yaltaq it kimi az qala onun üzün yalayacaqdı. Axşam necə rahat yatdığından danışmağa başladı. Cibindən yüzlük çıxarıb avans kimi onun cibinə basdı. Təriflədi, əl çaldı. Ancaq oğlanın gözlərinin qırmızısını görəndə sözünü tez qurtarıb evinə yola saldı.

- Mən həmişə əmin olmuşam ki, bu millətdən hər cürə istifadə etmək olar – Müdir kreslosuna söykənib özü-özünə mızıldanırdı – Pulunu ver ruhunu al. İstəyirsən milli ruhu al, istəyirsən sevgi ruhunu, istəyirsən hər şeyini. Allah bu gədənin canını sağ eləsin. Düzdü gördüyü işə görə bir az çox pul verirəm, ancaq olsun. Çox pul demişkən. Kimin sözüydü görəsən “işçinə az maaş ver ki, haqqını tələb etməyə imkanı olmasın” yox ə, belə deyildi. – Müdir qaşlarını çatdı – Deyəsən, beləydi “Qarnı tox olan işçinin dili də qalın olar ”. Maaş demişkən, – Müdir bir anda cidilləşdi – mən bu axmaq işçilərə deyəsən çox pul verirəm axı.

Tez sekretarşanı çağırdı. Mühasibatdan işcilərin maaş cədvəlini gətirməsini tələb etdi. Nazlı, arıq uzun ayaqlı sekretarşa armudu stəkana oxşayan bədənini əyə-əyə gətirdiyi kitabçanı müdirin masasının üzərinə qoydu. Müdir kitabın vərəqlərini vərəqləməyə başladı. Gözləri yekəldi, qaşı yuxarı dartılıb keçəl başına pariq kimi oturdu. Cəld əl telefonunu götürüb sms yazdı.

Yenicə yuxuya getmişdi ki, telefonun sms səsi onu yerindən qaldırdı. Müdirün adını oxuyanda – Bu axmaq oğlu axmaq yenə nə istiyir - deyib sms-i oxudu. “Təcili ofisə gəl” yazısı onun başına qaynar su tökdü.

... Eşitdin məni – Müdirün ağzı köpüklənmişdi. O, ofisə gəlib otağa girəndən bəri müdir aramsız danışırdı. – Ayə sən demə, mən bunları əməlli başlı yedizdirirəm ki. Gəl çölə bax. İşçilərin 90%-i xarici maşın alıb. Özü də kredit. Əli “Mersedes” kredit, Vəli “BMW” kredit, Pirvəli onun kimi. Gör bunlar nə qədər maaş alır ki, hərəsi bir maşın minib, banka da ayda 600 manat kredit ödüyürlər. Hələ 1500 manat ödəyəndə var. Ödəyərlərdə tay. Adicə resepşiki 500 maat maaş alan şirkətin gör o biri işçiləri nə qədər alır. Ə, mənim ağlım hardadı? Pulumu niyə çölə atıram – Müdir az qala hirsindən infarkt keçirə. O isə yuxusuzluqdan yumulan gözlərini açıq saxlayıb bu ağzı köpüklü oğraşın nə dediyini anlamağa çalışırdı. – Göstəriş vermişəm – Müdir heç cürə sakit olmurdu – bütün maaşlar yarı faiz endirilsin. Səni də ona görə çağırmışam ki, olmayan haqlarını yediyimə görə bu dərdi çəkəsən. Bilirəm ki, gizli-gizli qarğış, söyüş yağdırırlar. Heç olmasa bir az dərdimi çək ki, qarğışların təsiri az olsun. Söyüşə onsuz da öyrəşmişəm. Eşitdin? – Müdir əllərini masanın üzərinə qoyub onun qan tutmuş gözlərinə baxdı. – indi get bir az dincəl. Sonra sənə tapşırdığım bu işi gör. Ala bu da sənin haqqın – Masanın üzərinə 600 manat atdı. O, bir neçə dəqiqə pula baxdı. Fikirləşdikdən sonra əlini pula uzatdı. “Ə, bu oğraşa da çox verirəm e” müdir ondan cəld tərpənib pulun yarısını götürdü. “300 bəsindi”- deyib onu yola saldı.

Evə necə gəldiyi yadında deyildi. Divara, stola dirsəklənib bir təhər çarpayısına tərəf yeridi. Gücü qalmamışdı. Özünü yorğun hiss edirdi. Stolla çarpayısının arası bir metr olmazdı. Əlini stoldan çəkib özünü çarpayısına atdı. Ancaq yerə yıxıldı. Elə döşəmədə də onu yuxu apardı.

Bədəninin altında qalmış qolunun keyiməsi güclənəndə gözləri özündən ixtiyarsız açıldı. Çarpayısının altında Raskolnikov onun kimi yerə sərilmişdi. Gözləri bir-birinə sataşdı. Əlini uzadıb bir neçə həftə bundan qabaq divanın altına vızıldatdığı kitabı götürdü. İndi Raskolinkov ondan daha məsum, daha günahsız görünürdü. Ayağa qalxıb paltarıyla kitabın tozunu sildi. Masanın üzərinə qoyub stulda əyləşdi. Səsyazan stolun o biri başından diqqətlə ona baxırdı. O da səsyazana.

Bir müddətdən sonra səsyazan əlinin içindəydi. Bu adi plastik qurğunun ona necə yazığı gəldiyini hiss edirdi. Bir neçə dəfə cəhd etmişdi, ancaq bu səfər deyəsən, həqiqətən də onu divara çırpacaqdı. Gözü kitaba sataşanda fikrindən vaz keçdi.
- ... Axmax... oğraş – O, danışa-danışa qəzəbindən səsyazanı elə sıxırdı ki, bir az da güc versəydi onu sındıracaqdı – Gonbul eşşək. O bədbaxt hələ bilmir ki, onun vicdanı paslı dəmir kimi pas bağlayıb. Elə biliri ki, həqiqətən də gecələr rahat yatmasında, rahat sevişməsində mənim rolum var. Day bilmir ki, mənim onun dərdini çəkməyin cəfəngiyatdır. Uydurmadı. Özünü inandırmadı. Ölmüş hisslərini hələ də yaşadığına inanır. Elə bilir ki, həqiqətən insanların haqlarını yeyəndə əzab çəkəcək, arvadına xəyanət edəndə vicdanı rahat olmayacaq. Həqiqətən də inanır ki, dərdini mənə çəkdirməklə özü rahatlıq tapacaq. Ancaq bu bədbəxt bilmir ki, onun dərd çəkən hissi, vicdanı, əriyib, buxarlanıb, yox olub artıq. Allah bilir qarşıda nə dərdləri var. Oğlunu əsgərlikdən gizləmək dərdi, arvadının başqa kişilərlə yatdığına şübhələnmək dərdi. Təzə maşın dərdi, ev dərdi. Zırt dərdi, zibil dərdi. Harınlamış bu quduz oğraş boşluqdan olmayan dərdini də ona-buna çəkdirir. Onun üçün insanlar sirkdə bir qəndə oynadılan heyvan kimdi. Bəs mənim vicdanım, mənim qürurum... – Səsyazanın “pley” düyməsi öz-özünə atdı. O, bir anlıq “Hitler” nitqini yarımçıq kəsdi. Gözucu Raskolnikova baxdı. O da, başını bulayıb sonra yox oldu. Səsyazanı masanın üstünə qoyub diqqətlə ona baxdı. Lenti geri fırlayıb qəzəbli nitqinə qulaq asdı - ... “Onun üçün bütün insanlar sirkdə bir qəndə oynadılan heyvan kimidir” – dediyi bu sözə bir neçə dəfə qulaq asdı. Öz-özünə gülüb səsyazanın etirazını başa düşdü. Özünü bir qəndə oynayan heyvan kimi gördü. Eyvana yaxınlaşıb küçədən keçən insanlara, yoldan şütüyən maşınlara baxdı. “Bakı həyatı”nı uğrsuz yazıçının ilk qələm təcrübəsi kimi qəbul etdi. Yenidən başlamaq lazımdı, yenidən.

Bir ay ərzidə qazandığı pulları masanın üzərinə qoydu. Səsyazanı əlinə alıb cəsarətini topladı. Ona elə gəldi ki, bu adi plastmas qurğu hər zamankından daha yüngül, daha gözəldi. Verdiyi qərara səsyazanın da sevindiyini duydu. Lenti başa fırlayıb “pley düyəsini basdı.” - ... Bir... bir. Bu gün ayın on dördü 2010-cu il. Yay fuəsəəəlıı, iss – Səyazan divar dəyib yerə düşəndə öz səsini tanımadı. Çiliklənmiş bədəni döşəməyə səpilmişdi. Lent hələ də cığıldayırdı. Bir müddətdən sonra “pley” düyməsi atdı, lentin hərəkəti dayandı. Səsyazan plastmas canını elə oradaca, divarın küncündə verdi. O, aramla çiliklənmiş səsyazana yaxınlaşıb qəzəblə onu tapdaladı. Əyilib kaseti götürdü. Lenti çəkib qırıq-qırıq elədi. Səsyazanını bağırsaqlarını çölə tökdü. Telefonun arxasını açıb nömrəsini çıxartdı - qırıb eyvandan çölə tulladı. Dərindən nəfəs alıb çarpayısına uzandı.

– Əlvida oğraş müdir. Sənin dərdinə tüpürüm, – deyib gözlərini yumdu.

- Bu gün oktaybır ayının 21-i, 2010-cu ildi. Havalar soyuyur. Kənddən yeni qayıtmışam. Bakı məni buraxmır... – O yeni kirayə götürdüyü evdə stolda oturub təzə tutmuş gündəliyinə belə başladı.
XS
SM
MD
LG