Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Nəriman Əbdürrəhmanlı "Kəpənək" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Nəriman Əbdürrəhmanlı


KƏPƏNƏK

Nəriman Əbdülrəhmanlı

KƏPƏNƏK
(hekayə)

…Söz nə təhər deyilmişdisə, qızıl güllləyə dönüb yeddi qatından keçmişdi: daha doğrusu, o dördcə kəlmə deyilib qurtarmamışdı, hələ havada yol gəlirdi, həmin vaxt ərzində özünün də baş açmadığı öncəduyumdan saçlarının dibi islandı, içiboyu qalxan göynərtidən boğazı tutuldu; o dördcə kəlmə söz gəlib şüuruna çatandasa, artıq saçından-dırnağınacan soyuq tərin içindəydi, nəfəsi əməlli-başlı dayanmışdı. «Mənim ərim davada ölüb…»

Nəydisə, hələ o sözlərin içinə başlı-bütünlü yetəmməmişdi, amma öz içində dözülməz boğanaq, tufan başlamışdı: bu sözləri deyib doluxsunan, koftasının yaxasını bürmələyib üzüaşağı götürülən qadına çatmaq, dönə-dönə üzr diləmək, ayağına yıxılmaq istəyirdi, amma qəfil heydən düşdüyündən durduğu yerdən tərpənə bilmirdi…

…Günsə, Allah altına, yaxşı başlamışdı: səhər əlüstü yüksək keyfiyyətli qayğanaq bişirib yemişdi, yolda da bir elə basırığa düşməmişdi, idarəyə çatar-çatmaz xadimədən maaşın sədəsini almışdı; belə çıxırdı ki, salamatlıq olsa, günortadan sonra əlləri pula çatacaq; düzdü, bu sözü üçüncü həftəydi, deyirdilər; amma bugünkü deyilişdə nəsə, qarşısıalınmaz ümid varıdı, o ümid də yarımca saatdan sonra müdirin təsdiqiylə, demək olar ki, reallığa çevrildi.

Müdir də sözü elə demişdi ki, elə bil, halalca puluydu, öz jibindən çıxarıb paylayajaqdı: hər halda, bu boyda adamın boynuna iri bir minnət qoymuşdu.

Burası da varıdı ki, pulun yanında o minnət yetərincə xırda şeyidi, yaranmış ab-havanı korlamaq iqtidarında deyildi. Bircə qalırdı, günortayajan vaxtı birtəhər öldürmək, maaşla bağlı qara-qura fikirləri beyindən çıxarmaq, ona da ki, çoxdan alışmışdı…

Sonra bircə saat kağız-kuğuzla qurdalanıb siqaret almaq üçün küçəyə çıxanda qıçını çəkə-çəkə gedən oğlana toxundu, üzrxahlıq eləməkdən ötrü dönüb onun üzünə baxdı: onda neçə ildən bəri görmədiyi səngər yoldaşını gözlərindən tanıdı; düzdü, o dar-macalda «Rembo» çağırdıqları oğlanın əsl adını xatırlamadı, amma bunun məsələyə dəxli yoxudu; başlıcası oydu ki, oğlan yaralanıb qospitala götürüləndən sonra öldüsündən-qaldısından xəbər tuta bilməmişdi. Hərdən səngər yoldaşlarıyla rastlaşanda çiyin-çiyinə döyüşdükləri uşaqları xatırlayırdılar, onda da «Rembo»dan dəqiq soraq verən olmurdu: kimi deyirdi, guya çoxlu qan itirdiyindən yoldaca janını tapşırıb, kimi də deyirdi, hardasa, xırda bir dükanda alver elədiyini görüblər, biri də, sağalıb polisə işə girdiyindən, kef-damaq içində yaşadığından danışırdı. İndi, budu, azı beş ildən sonra küçənin ortasındaja toqquşublar, camaatın arasındaja durub dolaşıq sözlər deyirlər, bununla da illərin dolaşığını açmağa çalışırlar. Yaxşı ki, bir balaca özünə gəldi, oğlanın axsadığının, şikəst ayağının üstündə güclə durduğunun fərqinə varıb onu yaxındakı çayxanaya çəkdi, oturub acılı-şirinli günləri xatırladılar. Elə onda da budundakı güllə yerinin nə vaxtdan bəri səngimiş ağrısı başlamışdı, daha doğrusu, əvvəllər fikir vermədiyi sızıltı zoqqultuya çevrilmişdi, üstəlik, səsi bozarmış, tutqunlaşmışdı; amma qovşurula-qovşurula beynindən keçirmişdi ki, oğlanın dərdinin yanında onunku toya getməlidi: kişinin oğlu dörd ay qospitalda, doqquz ay iyirmi gün evdə uzanıqlı qalıb; ayağının ikisini də dizdən yuxarı kəsmək istəyiblər, Allah üzünə baxıb, birini dizdən itirsə də, o birini xilas eləyə biliblər, indi taxta ayağını taqqıldada-taqqıldada birtəhər çulunu sudan çıxarır, bir günlə düzəltdiyi təqaüdüylə üç baş ailəsini yola verir, üstəlik, təqaüdə bel bağlamayıb münasib iş axtarır. Oğlan arada evlənib-evlənmədiyini də soruşdu. Zarafata salıb «Hələ ev məsələsini həll eləməmiş «lənmək» istəmirəm», - dedi. Oğlan bu xüsusda daha nəsə soruşdu, indi yadında deyil, bir o yadındaydı ki, onun ünvanını yazıb götürdü, telefon nömrəsini verdi, əlaqə saxlamasını dönə-dönə tapşırıb çaypulunun çatdığını tanış çayçıya göz basmaqla anlatdı və oğlanı dayanacağacan ötürüb otağına qayıtdı.
Sonra «müdirin rəisi», yəni, katibə gəldi ki, Köbələyin ad günüdü, yaxşı hazırlıq görüb, axşam hamını xanımlarıyla dəvət eləyir. Bu xəbərin necə mənalı olduğunu elə o dəqiqəjə duydu: hədiyyə üçün beşdən-üçdən yığmaq lazımdı; özü müdirlə bir yerdə gedəcək lazım gəlsə, rəfiqəsini də gətirə bilər… Camaatda bəxtə bax, ad günü də maaş alan günə düşür, indi oğulsan, hədiyyə pulundan geri çəkil, adın qalacaq «krısa». Özü onsuz da gündə müdirlə bir yerdədi, kollektivlə bir yerdə olmaqsa, şübhə oyatmır. Rəfiqəsi də sürtüyün biridi, Allah bilir, bu vaxtacan neçəsinin bığının altından keçib; indi də adını kiminləsə bağlamaq istəyir, güman ki, axtarıb ondan münasibətini tapmayıb: ali təhsilidi, babat işi var, gözəl olmasa da, eybəcər də deyil, adam arasına çıxarmaq olar; başlıca kəm-kəsiri evsizliyidi, o da düzələn işdi, nə vaxtdan bəri nənəsinin adına olan mənzil ağzıgünə qalıb, bircə işarəyə bənddi ki… Amma bu zalım da o lazımlı işarəni vermirdi, daha doğrusu, ortada oynanılan oyuna girməyi ağlına belə gətirmirdi. Nə vaxtdan bəriydi, içində dibigörünməz uçurum peyda olmuşdu, bu uçurum qadınla, evlənməylə bağlı nə vardısa, çəkib aparırdı, qalanı xırda, ötəri, üç-beş günlük həvəsiydi…

Günün uğuru maaşın doğrudan da, olacağıyla daha da gerçəkləşdi: pul dalınja gedənlər günortaya yaxın bankdan zəng vurub gözaydınlığı verdilər, sonra özləri gəlib çıxdılar. Düzdü, sat ikiyəcən kassanın pəncərəsi açılmadı: müdir, mühasib və kassir nəyisə hesabladılar, böldülər, çıxdılar, rahatlanandan sonra yerdə qalanın işçilərə paylamaq qərarına gəldilər. İdarədə ikinci adam olsa da, pul məsələlərində dördüncüydü, yəni, yerdə qalandan hörmət əlaməti kimi birinci onun maaşını verirdilər. Üç paçka pulu sellofana büküb stolun gözünə qoyanda jini qaynadı: bir istədi ki, pulları otağından ta müdirin kabinetinəcən döşəməyə düzsün, sonra onun yoğun boynundan yapışıb hamının gözü qabağında dəhliz uzunu pulları yığdırsın. «Müdirin rəisi» hədiyyə pulu üçün gələndə planını dəyişdi, aldığı pulu idarə adından Köbələyin ad gününə verdiyini elan eləmək fikrinə düşdü; amma canını dişinə tutub pullardan birini ayırdı, katibə də bununla öz hesabını götürdü: ad gününə gəlsəm də, tək gələcəm, xoş getdin. Səssizjə durub çıxdı, amma xoş getmədiyi halından bilinirdi.

Əvvəl ad gününə getməyə həvəsi yoxudu; pulunu ki, verib, bir bəhanə tapıb aradan çıxar. Köbələkdən xoşu gəlmirdi, yöndəmsiz vücuduyla, qırmızı sifətiylə burdan vurub – ordan çıxırdı, bunu ona, onu buna calayırdı, xeyri olmayan işə dünyasında əl qatmazdı; müdirlə aralarında hamıdan gizlətdikləri sirli işbirliyi varıdı, həmişə onun kabinetindən qızarıb-pörtüb çıxardı. İş gününün axırına yaxın «mövqeyini» bir balaja dəyişdi: havayı getmir ki, pulunu verib; Köbələyə az da olsa, ziyan vurmaq, məzələnmək pis olmazdı, bir də əlinə belə fürsət nə vaxt düşəjək. Həm də belə uğurlu günün sonu hardasa qurtarmalıdı: ya gərək ad gününə gedə, ya da xudmani məclisdən ötrü lələöyün dostlarından birini tapıb xəlvətə çəkilə…

Çox çək-çevir eləmədən birincini seçdi: həm kollektivdən qıraqda qalmazdı, həm də donuzdan bir tük qoparardı, üstəlik, «müdirin rəisi»nə dağ çəkərdi. Qalan vaxtını birtəhər başa vurub Köbələkgilə yollananda hələ tərəddüd içindəydi, amma sonra gördü ki, düz eləyib. Köbələklə arvadı gejə reklamları kimi işıq saçırdılar, az qalırdılar, onu elə dizlərinin üstündəcə oturtsunlar. Cəmi iyirmi bir nəfəriydilər: Köbələk bu hörmətli məclisə hamını yox, yalnız məsləhət bildiyi adamları dəvət eləmişdi, onların da xeylisi öz xanımlarıyla təşrif buyurmuşdular, müdir öz «rəisi»nnən adına layiq yerdə əyləşmişdi. Xanımlar da, elə bil, oturub Köbələyin ad gününü gözləyirmişlər, gücləri çatan qədər bəzənib-rənglənib çökmüşdülər ərciyəzlərinini böyrünə. Müdirlə «rəisi» elə hey xısın-xısın nəsə danışıb, pörtə-pörtə gülürdülər, Köbələk də müdirinə belə intim şərait yaratdığına görə, gözgörəsi məmnunluq hissi keçirirdi; yəqin lazım gəlsəydi, yataq otağını da onların ixtiyarına verərdi.

Amma məclis pis keçmədi; elə başlanğıjdaja müdir tamadalıqdan imtina elədi, özü demiş, burdasa «rəhbərlik boyunduruğundan azad olmaq istədiyini» qəti görkəmlə vurğuladı. Belə durumda ikincilik boyunduruğunun ağrısını duydu və boyun qaçırmağın mümkünsüzlüyünü görüb candərdi razılaşdı. Məjlis əhlinin tələbiylə keçib Köbələyin böyründə oturdu, örgənişikli olduğundan ümumi sözlərlə, yadına düşən filosoflardan sitat gətirməklə, arabir şer parçalarıyla gülləndirməklə, birbəbir hamını sözə qaldırmaqla süfrəni yola verdi. Kişilər ürəklərində deyiləsi nə vardısa, ortalığa tökdülər, demək istəmədiklərini yağlı sözlərlə, saxta təbəssümlə pərdələyib, Köbələyin könlünü xoş elədilər. Bütün bunlara axırajan dözməli oldu; hərdən yumruğunu gücü gəldikjə masaya çırpmaq istəyirdi, bunun əvəzində içindəki kükrərtini ovutmaqdan ötrü Köbələyin ipindən tutub lətifə danışdırırdı: «O qayçılı katibə axtaran müdirin anekdotu nətəhərdi?» Bunu deyəndə gözucu müdirlə «rəisi»nə baxırdı, ikisinin də qurjuxduğunu sezib için-için gülürdü, Köbələk də narahat-narahat müdirə sarı işıq saçıb: «Yox, təzəsini danışım, - deyirdi. – Hə, deyir, birinin bir xanıma gözü düşübmüş…» Köbələyin o biri böyründə oturmuş arvadı aradabir qalxıb mətbəxə gedirdi, qayıdıb oturanda yanıyarıq donunun ətəyi sürüşüb ağapaq dizlərini açıqda qoyurdu. Ərinin gözü qonaqların üzündəydi, buna fikir verəsi halı yoxudu; qadın bir-iki dəfə onun baxışlarını tutdu, amma pəsinib eləmədi; guya, utancaqlıqla gülümsünüb dizlərini bir-birinə sıxdı, sonra heç nə olmamış kimi, asta-asta tərpətməyə başladı. Bunu sezəndə qət elədi ki, o tərəfə baxmasa, daha yaxşı iş görmüş olar.

Qonaqlıq öz qaydasınca sona yetdi. Hamının fikrinjə, ən yadda qalanı Köbələyin yuxudan oyanıb məclis əhlinin ümumi sevgisini üz-gözündə duyandan sonra atasının qucağında oturmuş üçyaşlı oğlunun qəfildən özünü boşaldıb - rahatlanması oldu; qonaqlar məsələdən xəbər tutanda mövzu tapıb uğundular, Köbələklə arvadı da onlara qoşulub xoşbəxt-xoşbəxt güldülər; onda badəsini qaldırıb yarızarafat-yarıjiddi: «Bu gün sənin ad gününə ən qiymətli hədiyyəni körpən verdi», - dedi, hamı onun sözünə şaqqanaq çəkib, əl çaldı. Köbələklə arvadı körpənin «hədiyyəsini» təmizləyənəcən yığışmağın vacibliyini qərarlaşdırıb qalxdılar. Düzdü, kimin kimlə getdiyi yadında deyildi; bir o yadındaydı ki, Köbələk onu yola salanda qızarda-qızara, uzun-uzadı nəsə danışdı, arvadı da xeyli əlini onun ovcundan çəkməyib şirin sözlər dedi.

Dayanacağacan hamının dağılışıb getdiyini görəndə fərqinə vardı ki, hələ şər də qarışmayıb, deməli, qonaqlıq hardasa, üç saatacan çəkmişdi. İçməyinə yaxşı içmişdi, amma o qədər içməyin qabağında yerişi-duruşu sərbəstiydi, təkcə beynində yüngüljə duman varıdı, elə bu dumanın içindən də baxıb dayanacaqdakıların arasında müəllimini tanıyanda əhvalı xeyli qarışdı. On beş-on altı il əvvəl tələbəsi olduğu professor əməlli-başlı qojalmışdı, ovaxtkı hökmlü-zabitəli görkəmindən ələgələsi bir şey qalmamışdı; əynində hava rəngli sətin şalvar-penjək, başında da eyni parçadan kepka varıdı, əlini belinə qoyub auditoriyadaymış kimi, on addımlıq yerdə o baş-bu başa gəzişirdi. Özünü nə qədər zorladısa, yaxınlaşa bilmədi, elə bil, aradan keçən illərdə rastına çıxan bütün uğursuzluqlarının günahı o kişidəydi; görüşsəydi, yəqin, ən azı, yalan danışmalı olajaqdı: vəziyyətim yaxşıdı, işim əladı, evim-ailəm qaydasındadı, nə qulluğunuz var, hazıram… Yaxşı ki, müəllimin avtobusu özünü yetirdi, onu götürüb rahatsızlığına son qoydu…

…Qadını da elə onda gördü: səbətini dayanajaqdaja qoyub oturmuş balıqsatanın qənşərində dayanmışdı, iki kiloluq nərə balığını o üz-bu üzə çevirirdi, aralayıb qulağının yarığına baxırdı, iyləyirdi, balıqsatanla qiymət üstündə çənə döyürdü. Arada balıqsatan irişə-irişə ikibaşlı söz atdı, qadın cavab vermədi, amma balığı da almadı, aralanıb avtobus gözləyirmiş kimi, dayanacaqda durdu. Belə baxanda, görkəmindən xoşagələnidi: rənglənib-boyanmamışdı, açıq-saçıq geyinməmişdi, gözləriylə adamı yemirdi; amma çıxılmazlıq içində çabalayana oxşayırdı - hər halda, qadının avtobusların heç birinə minmək fikrində olmadığını görəndə ağlına bu cür fikirlər gəldi. «Tutaq ki, mənim tələsməyə yerim yoxdu, gedib özgə evinin dörd divarı arasında qalmaq istəmirəm, dost-tanış çıxsa, bir-iki saat çayxanada oturub vaxtımı öldürərəm. Bəs, sən?» Az sonra qadının böyründə üzü sızanaqlı cavanja uşaq fırlanmağa başladı, arada fürsət tapıb nəsə dedi, qadın da etiraz əlaməti olaraq yerini dəyişəndə, oğlan bir dövrə də vurub sürüşdü…

Bir-iki kərə baxışları rastlaşdı, üçüncü dəfə qadın dönüb onun gözlərinin içinə baxanda sözsüz-sovsuz bir-birlərini başa düşdülər. Düzdü, əvvəl fikrində ayrı şey yoxudu, sonra bu uğurlu günü qadın təmasıyla başa vurmağın heç də pis olmayajağını beynindən keçirib ehmalca irəli yeridi. Nə danışdıqlarını dəqiq xatırlamırdı, avtobusda yanaşı oturanda bir balaca özünə gəldi. Qadın həyəcanını, tərəddüdünü boğmaqdan ötrü məhrəm şeylərdən danışırdı, qıraqdan baxanların zənnini azdırmağa çalışırdı; deyirdi ki, iş axtarmağa çıxmışdı, həm də uşağı xəstədi, balıq istəyir, gərək ona balıq ala; onu da deyirdi ki, ümumiyyətlə, şəhərə çıxmaqla arası yoxdu, evdə oturmağı xoşlayır; amma babat gəliri olan iş tapsaydı, işləyərdi; keçən həftəyəcən işləyirmiş, idarə bağlanıb, qalıb düzün ortasında, sonra tək yaşamağın çətinliyindən danışdı, heç bir yerdən köməyi olmadığın dedi. Bütün bunlara qulaq asa-asa fikirləşdi ki, özündə güc tapsa, evdə qadını qəhvəyə qonaq eləyər, axırda da bir bəhanə gətirib, Köbələkdən qalan pulu sumkasına qoyar, ürək-dirək verib yola salar. Hiss eləyirdi ki, qadın səmimi danışır, addımına haqq qazandırmaq üçün ürəkbulandırıcı yalan söyləmir.

Avtobus tini dönəndə «Çatdıq» - dedi, yolpulunu verib düşdü. Aşağı enəndə yolboyu məhrəmləşmiş qadının əhvalının tamam dəyişdiyini duysa da, bunu tərəddüd yozdu, “Budu, o binanın birinji mərtəbəsində yaşayıram, - dedi, - sol qapıdı». Qadın qızdırmalı kimi beş-on addım atdı, sonra dayanıb əlini alnına qoydu: «Yox, yox, gedə bilmərəm», - səsində ağlartı, üzüntü varıdı. Bunu eşidəndə tutuldu, çaşdı, nəsə izah eləmək istədi, amma içində qəribə bir yüngüllük duydu: «Niyə, noldu, axı, birdən-birə?» Qadın indi uçunurdu, elə uçuna-uçuna da ağlar səslə: «Mənim ərim davada ölüb», - dedi və ayaqları dolaşa-dolaşa geri, dayanacağa doğru götürüldü.

…Tər soyuyub janını buza döndərmişdi. Binayajan olan əlli-altmış addımlıq yoxuş jəhənnəm yolu qədər ağır, əzablıydı. İçindəki boşluğuydumu, ağırlığıydımı, onu çəkib çökdürmək istəyirdi. Həyatındakı az-çox uğurlu günlərindən birinin beləcə, qəfil, gözlənilməz sarsıntıyla başa çatacağını heç ağlına gətirməzdi. İndi də xəcalət hissindən yaxasını qurtaranacan gərək bir həftə – on gün olmazın əzab çəkəydi, zaman olub-keçəni unutduranacan özünə zülüm eləyəydi.

Xeyli əlində açar qapıyla üzbəüz durdu. Əvvəl nə eləməli olduğunu anışdıra bilmirdi, sonra qapının yuxarı küncünə qonmuş kəpənəyi görüb duruxmuşdu. Kəpənək iriydi, qaraydı, qanadlarının üstündə rəngbərəng xalları varıdı, tozcuqları işıq altında bərq vururdu. Astaca əlini uzadıb kəpənəyi tutmaq istədi, amma deyəsən, gecikmişdi, kəpənək qəfildən uçub gecənin içində yox oldu. Qapını açanda hələ də fikri kəpənəyin yanındaydı. Hardasa eşitmişdi ki, qara kəpənəklərə əllə toxunanda çox yaşamırlar.
XS
SM
MD
LG