Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:43

Rüstəm İbrahimbəyov Kino İttifaqının borcunu cibindən ödəyəcək


Rasim Balayev
Rasim Balayev
Kinematoqrafçılar İttifaqının Hökumət Evinə 44 min manatlıq borcu ilin sonuna kimi ödənəcək. Həmin borcu ittifaqın sədri Rüstəm İbrahimbəyov öz cibindən verəcək.

Bu haqda xəbəri AzadlıqRadiosuna qurumun baş katibi Rasim Balayev verib.

Kinematoqrafçılar İttifaqı Hökumət Evində yerləşir. 3 illik kirayə borcunu – 44 min manatı ödəyə bilmədiyi üçün binanın rəhbərliyi ona xəbərdarlıq məktubu göndərmişdi.

- O məsələ düzəldi artıq. Yardım eləmədilər. Biz söz verdik ki, borcumuzu ilin sonuna kimi ödəyəcəyik. Rüstəm İbrahimbəyov şəxsi vəsaiti ilə ödəyəcək.

- İndilik vəziyyətdən bu cür çıxış yolu tapdız. Bəs gələcəkdə necə olacaq, Rasim bəy?

- Yaşayarıq, görərik. Görək də...

- Hökumət başqa yaradıcı qurumlara – Yazıçılar İttifaqına, Teatr Xadimləri İttifaqına, Rəssamlar İttifaqına maddi yardım göstərir, amma sizə yox. Səbəb nədir?

- Vallah o sualı biz də veririk. Mən özüm Milli Məclisdə, rəsmi qurumlarda sual vermişəm, gedib iclaslarda çıxış eləmişəm. Demişəm ki, verirsiz hamıya verin, vermirsiz heç kimə verməyin. 4 ittifaq var: Rəssamlar, Bəstəkarlar, Yazıçılar, Teatr Xadimləri ittifaqları. Teatr Xadimləri İttifaqının hətta özünün balansında binası var. Hətta özü binasını icarəyə verib pul götürür. Yeganə bunların içində bizik – Kino İttifaqı kirayəçidir və dövlət də bizə yardım eləmir. Səbəbini də bilmirəm.

- Bəlkə səbəb budur ki, ittifaqın sədri hakimiyyəti tənqid edən Rüstəm İbrahimbəyovdur?

- Vallah, indi çıxıb ki, Rüstəm İbrahimbəyovun çıxışı kimlərinsə xoşuna gəlmir. Ola bilər... Amma indi belə deyil axı, çoxdan belədir. 5-6 il əvvəl də beləydi.

- Araşdırmısızmı niyə belədir?

- Araşdırmışıq, rəsmi qurumlara müraciət eləmişik çoxlu, həm yazılı, həm şifahi. Söz veriblər, amma... Deyir yetimə gəl-gəl deyən çox olar, çörək verən olmaz.

- Rasim bəy, indi çoxları deyir ki, yaradıcı ittifaqlar öz dövrünü başa vurub, onlara sovet dövründə ehtiyac vardı. Siz necə bilirsiz, Kinematoqrafçılar İttifaqı yaşamalıdırmı? Ona ehtiyac varmı?

- Əlbəttə var. Kinoittifaq indi bəzi adamları qıcıqlandırır. Amma bütün dünyada gildiyalar var. Bu da həmin birlikdir, gildiyadır. Düzdür, sovet dövründə yaranıb. O vaxt bunun məramı, yolu bir başqaydı, indi bir başqa. İndi 300 üzvümüz var, öz dərdimiz-sərimiz var. Yığışırıq, bir-birimizdən xəbər tuturuq, məsləhət veririk, ünsiyyətdə oluruq. Bu, bir yaradıcılıq evidir.

- Xaricdəki gildiyalardan danışdız. Onlar özləri özlərini maliyyələşdirir. Azərbaycanda necə, yaradıcılıq ittifaqlarının özlərini maliyyələşdirməsi mümkündürmü?

- İmkan versələr mümkündür. Düzdür, Amerikadakı sənətkarlar qədər qonorar, maaş almırıq. Orda gildiya bütün məsuliyyəti üzərinə götürür, sənətkarların sosial, elə hərtərəfli müdafiəsini təmin edir. Ora da böyük qonorarlardan faiz gəlir. Bizim də içimizdə xəstəsi var, işləməyəni var. Onlara kömək lazımdır, dərman almaq lazımdır, həkimə getmək lazımdır, imkan da yoxdur. Bu mənada ittifaqın böyük əhəmiyyəti var. Yubileylər, yaradıcılıq gecələri, müxtəlif filmlərin müzakirəsi olur. Bunu da ittifaq edir. Bunun üçün də çox da olmasa müəyyən maliyyə yardımı lazımdır.

- Sizə illik cüzi də olsa maddi yardım ayrılırmı?

- Hamısına ayrılır, bizdən başqa. «Niyə» sualını biz də veririk və cavab ala bilmirik.

- Bu şəraitdə nə qədər mövcudluğunuzu qoruya biləcəksiz?

- Nə qədər ki duruş gətirə biləcəyik.

- Keçək yaradıcılığa. Axundov haqda film nə yerdədir?

- Filmin çəkilişləri qurtardı. Montaj gedir. Gələn aydan səsləndirmə başlayacaq. Yəqin sentyabr-oktyabra hazır olacaq.

- Rasim bəy, Sizcə, Sizin Axundov necə alındı?

- Mən axı bilmirəm. Mən oynamışam, heç bilmirəm nə oynamışam. Görək də neynəmişəm. Mənim oyunum ssenariyə, rejissor yozumuna əsaslanıb. Yəni, özümdən Amerika açmamışam.

- Tarixçilər «Nəsimi», «Babək» filmlərində təhriflər olduğunu desələr də, Azərbaycan tamaşaçısı Nəsimini, Babəki Sizin ifanızda sevdi. Amma «Cavid ömrü» bu ömrü yaşamadı, tənqidçilərə görə zəif alındı. Axundov necə olacaq? Onu Nəsiminin, Babəkin taleyi gözləyir, yoxsa Cavidin?

- Nə deyim. Film çəkilib. Görək rejissor nə edəcək. Deyə bilmirəm.

- Sırada hansı film var?

- Hələlik heç bir təklif yoxdur. Biz asılı adamıq, gərək dəvət etsinlər. Dəvət də yoxdur.

- Uğurlar və can sağlığı arzulayıram.

- Minnətdaram, sağ olun.
XS
SM
MD
LG