Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:43

Əvəz Zeynallı: «Deputatın telefonuna yazılan SMS-lərim saxtalaşdırılıb»


Əvəz Zeynallı
Əvəz Zeynallı
Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsinə hazırlıq iclası davam edib. Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edir.

Məhkəmə iclasında yerli və xarici jurnalistlər, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri və yerli hüquq müdafiəçiləri iştirak edirdi. Proses başlanan kimi hakim zalda əyləşənlərə xəbərdarlıq etdi ki, zalda audio və videoyazı qadağandır. Vəkil Elçin Sadıqovun Əvəz Zeynallının dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərin yanında əyləşdirilməsi ilə bağlı vəsatəti də təmin olunmadı.

«MƏNİM TELEFONUMDAN DEPUTATA SAXTA SMS-LƏR GÖNDƏRİLİB»

Əvəz Zeynallı və vəkilləri məhkəməyə daha bir neçə vəsatət təqdim etdilər. Bu vəsatətlərdən biri Əvəz Zeynallının telefonundan deputat Gülər Əhmədovanın telefonuna yazılmış SMS-lərin sübutlar siyahısından çıxarılması ilə bağlı oldu. Əvəz Zeynallı dedi ki, həmin SMS-lərdən xəbəri yoxdur və onlar saxtadır.

Əvəz Zeynallı: «Məni həbs edən insanlardan biri telefonumdakı mesaj qutusundakı mesajları oxuyurdu. Mən ona bildirdim ki, mənə məxsus mesajı başqası oxuya bilməz. Ancaq o adam güldü və dedi ki, nəinki oxuya bilər, hətta istədiyi telefona mesaj da göndərə bilər, istədiyi telefondan sizin telefona mesaj da yaza bilər. İstintaq vaxtı bu məsələdə müstəntiqin saxtalaşdırmasının şahidi oldum. Çünki mən deputata göndərmədiyim mövzuda SMS-lərlə qarşılaşdım. Mənim ona, onun da mənə göndərdiyi mesajları yaxşı bilirdim. Telefonumdan məndən xəbərsiz mesajlar yazılıb, ondan da mənə yazılıb. Ancaq bildirirəm ki, bu mesajları kənar müdaxilə ilə saxta yolla telefonumdan göndəriblər və telefonuma daxil ediblər. Mən həmin mesajların sübutlar siyahısından çıxarılmasını tələb edirəm».

«KONSTİTUSİYA GİZLİ SƏS YAZILMASINI YASAQ EDİR»

Vəkil Elçin Sadıqov məhkəmədən tələb etdi ki, mobil telefonlara kənar müdaxilə ilə SMS-lərin yerləşdirilməsi məsələsi araşdırılsın:

«Mütəxəssis dəvət olunsun. Mütəxəssis desə ki, həqiqətən də kənardan kiminsə telefonuna müdaxilə edib saxta SMS yollamaq, yaxud qəbul etmək mümkündürsə, o zaman Əvəz Zeynallının nəzərdə tutduğu SMS-lər saxta hesab olunsun, sübutlar siyahısından çıxarılsın».

Başqa bir vəsatət deputat Gülər Əhmədovanın Əvəz Zeynallı tərəfindən şantaj olunması haqda istintaq orqanına təqdim etdiyi CD ilə bağlı oldu.

Əvəz Zeynallı: «Konstitusiya şəxsin səsinin gizli yazılmasını yasaq edir. Deputat da səsimi gizli yazıb, o, sübut növü kimi qəbul edilə bilməz».

Əvəz Zeynallı həbs olunarkən ona məxsus iki ədəd mobil telefonun ondan götürüldüyünü və geri qaytarılmadığını da bildirdi:

«Bu günə qədər də bilmirəm ki, mənim iki telefonum haradadır. Dekabrın 16-dək telefonlarım açıq olub».

Sonra dövlət ittihamçısı Vüsal Orucov müdafiə tərəfinin həm ötən, həm də hazırkı hazırlıq iclasında verdikləri vəsatətlərə münasibət bildirərək onların təmin olunmamasını xahiş etdi. Dedi ki, bu işdə adı olan Gəncənin icra başçısı Elmar Vəliyevin məhkəmədə şahid kimi iştirakı məsələsinə isə baxıla bilər.
Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

15-DƏN ARTIQ VƏSATƏT VƏ 4 DƏQİQƏLİK MÜŞAVİRƏ

Müdafiə tərəfinin təqdim etdiyi 15-dən artıq vəsatətə münasibət bildirmək üçün müşavirə otağına yollanan hakimlər cəmi 4 dəqiqədən sonra məhkəmə zalına qayıtdılar. Hakim Ramella Allahverdiyeva vəsatətlərin təmin olunmadığını bildirdi və məhkəmə iclasını mayın 31-nə təyin etdi.

Elçin Sadıqov Əvəz Zeynallı barəsində olan cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verdi. Ancaq hakim həbs-qətimkan tədbirini dəyişmədi.

Hazırlıq iclasında deputat Gülər Əhmədova və onun nümayəndəsi iştirak etmirdi. Vəkillər bu barədə narazılıqlarını bildirdikdə hakim dedi ki, məhkəmə baxışında qarşı tərəfin iştirakı mütləq təmin olunacaq.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirdi ki, təmin olunmayan vəsatətləri məhkəmə baxışında da təkrar qaldıracaq.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG