Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:51

Əli Həsənov: «Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır»


Əli Həsəov
Əli Həsəov
«Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır».

APA-nın məlumatına görə bu fikirləri Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, mətbuat konfransı keçirməkdə məqsəd xüsusən xarici jurnalistlərin yaranmış suallarını cavablandırmaqdır.

Şöbə müdiri bir sıra hüquq müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri belə şərh edib:

«Son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları, xüsusilə «Amnesty International», «Human Rights Watch», Almaniyanın bir sıra kütləvi informasiya vasitələri, son vaxtlar isə hətta «Guardian» qəzeti Azərbaycanın imicinə zərər verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edir. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır. Son zamanlar «Eurovision» mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda «Eurovision» mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var - ibnə».

«BİZİ HƏRƏ ÖZ MƏZHƏBİNƏ ÇƏKMƏK İSTƏYİR...»

Sualları cavablandıran Ə. Həsənov deyib ki, İran Azərbaycan dövlətinin şiə dövləti olduğunu iddia edir: «Halbuki Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər, nurçular və s. Ancaq biz Quranın, Peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq istəyirik».

Ə. Həsənovun sözlərinə görə, İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun: «Ancaq bizim öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda biz Qərbin də anti-İran siyasətində iştirak etmirik. Həmçinin, Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır».

GÜRCÜSTANLA MÜNASİBƏTLƏRİ KORLAMAQ İSTƏYƏNLƏR VAR

Əli Həsənov son günlər Gürcüstanla Azərbaycan arasında Keşikçi dağ məbədi ilə əlaqədar mübahisəyə də münasibət bildirib.

«Təəssüflər olsun ki, bəzi dairələr Gürcüstan-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən narahatdırlar. Ona görə də Keşikçi dağ məbədi məsələsini qabardırlar».

Ə. Həsənov bildirib ki, məbədin yerləşdiyi ərazi Azərbaycan ərazisidir. Onun sözlərinə görə, Gürcüstanda, eləcə də Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var.

Elman Abdullayev isə bu məsələnin Gürcüstan kütləvi informasiya vasitələri tərəfindən şişirdildiyini deyib: «Keşikçi dağ məbədi ilə bağlı məsələ hökumətlərarası komissiya tərəfindən həll olunmalıdır. Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı problem, mübahisə yoxdur. Qeyd olunan məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirə olunur. Keşikçi dağ məbədi ilə bağlı məsələ hüquqi-normativ baza əsasında həllini tapmalıdır».

HANSISA TƏHDİDLƏRDƏN HEÇ BİR ÖLKƏ SIĞORTALANMAYIB

««Eurovison-2012» mahnı müsabiqəsi ərəfəsində bəzi radikal dini çağırış və təhdidlər olub. Azərbaycan hökuməti təhlükəsizlik istiqamətində bütün tədbirləri görüb».

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri deyib ki, «ümumiyyətlə, biz təhlükəsizlik tədbirlərini daim görürük, «Eurovision» mahnı yarışması öncəsi bilavasitə görmüşük. Düzdür, hansısa təhdidlərdən heç bir ölkə sığortalanmayıb. Biz Bakıya gələn turistlərin təhlükəsizliyinə zəmanət vermişik və veririk. Nə tədbir görmək mümkündürsə, görülüb və görürük».

Əli Həsənov hazırda «Eurovision-2012» müsabiqəsi ilə əlaqədar Azərbaycana 20 minə yaxın qonaq gəldiyini və bu sayın artacağını bildirib.
XS
SM
MD
LG