Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:51

«İstəyirəm «Eurovision» hər gün olsun»


«Eurovision 2012» Mahnı Yarışması bitdi.
«Eurovision 2012» Mahnı Yarışması bitdi.
«Eurovision 2012» Mahnı Yarışması bitdi. Bu yarışmanın keçirildiyi günlər Azərbaycan vətəndaşlarının yaddaşında nələrlə qaldı? Bu sualla üz tutduq adi Bakı sakinlərinə.

Səbinə Haşımova:

- Avtobuslar rahat işləyirdi, insanlara mane olmurdu. Rahat keçdi.

Rafael Həsənov:

- Nəqliyyatın hərəkəti dəyişdi. Yollar açıq oldu. İstədiyin yerə get. Polis güclü rejimdə işlədi.

- Siyasi baxımdan bəs?

- Siyasi baxımdan heç nə dəyişmədi. Biz kasıb təbəqəyik. Bizim üçün heç nə dəyişmədi.

- Müxalifətin mitinqləri oldu.

- Onların da cəzalarını verdilər.

«ALLAH SAXLAMIŞ «QAİ» İŞÇİLƏRİ BİZİ HARA GƏLDİ BURAXIRDILAR»

Ramin:

- Mənim üçün heç nə dəyişməyib. Necə işsiz olmuşam, elə də işsiz qalmışam. Şəhər isə gözəlləşib. Olmayan kimi.

İradə xanım:

- Tıxaclardan azad olmuşuq, azad nəfəs alırıq.

Firuzə Cəfərli:
Bakıda etiraz aksiyası, 23 may 2012
Bakıda etiraz aksiyası, 23 may 2012

- Azərbaycan dünyada tanındı. Hamı Bakının gözəlliyini gördü. Xalq isə sevinirdi. Hamı şad idi. Tıxaclar yox idi, yollar rahat idi, əsas bu idi. İstərdik elə həmişə belə olsun!

Etibar Rzayev:

- Burda olması fəxrimiz idi. Amma bir elə yenilik görmədim. Tikdilər. Bizim üçün qaldı, çox gözəl. Ancaq çəkilən o xərcə dəyərdi ya yox? Onu bilmirəm.

Taksi sürücüsü Fərman:

- Yollarda problem olmadı. Bütün Allah saxlamış «QAİ» işçiləri bizi hara gəldi buraxırdı. Mən istəyirəm «Eurovision» gündə olsun. Həm şənlənirik, həm qazanırıq.

Nicat Qarayev:

- Dalbadal konsertlər verilirdi. İstərdik ki, tək qonaqlara, «Eurovision»a görə yox, həmişə ayda bir dəfə belə konsert olsun. Bir də mühafizə güclü idi. Şayiələr güclüydü ki, nəsə olacaq, terror aktı ola bilər. Ancaq olmadı.

- Amma mitinqlər, etiraz aksiyaları oldu.

- Əsas odur ki, gözə görünmədi. 90 faiz bilinmədi.

MƏHBUSLAR BURAXILMADI, AMNİSTİYA OLMADI...

Bu, Bakı sakinlərinin fikirləri. «Eurovision 2012»dən əvvəl hüquq müdafiəçilərinin, siyasətçilərin də öz gözləntiləri vardı. Hüquq müdafiəçilərindən hökumətin ötən ilin aprelində tutulan müxalifətçiləri və gəncləri azad edəcəyini gözləyən də vardı. Hətta əfv fərmanı və ya amnistiya aktının imzalanacağını güman edənlər vardı. Müxaliflərsə dünyanın diqqətini Azərbaycandakı siyasi və ictimai proseslərə cəlb etmək istəyirdilər. Bu məqsədlə də İctimai Palata həftəboyu aksiyalar keçirdi. Yarışmanın final günündən bir gün öncə isə «Xalq gəzintisi» zamanı təxminən 70 nəfər saxlandı. Üstəlik, bu aksiyalara görə 3 nəfər 5-6 sutka cəza aldı.

HİKMƏT HACIZADƏ: «BU KAMPANİYA TARİXİMİZDƏ QALACAQ»
Hikmət Hacızadə
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə durumdan razıdır:

- «Eurovision» özü əlbəttə bir hadisəydi ölkə üçün. Ancaq yarışma ərəfəsində və keçirildiyi günlərdə bizim demokratik qüvvələrimiz, fəallarımız, gənclərimiz Azərbaycana, cəmiyyətimizə baş ucalığı gətirdilər. Bu kampaniya tariximizdə qalacaq. Azərbaycan dünyaya istədiyi mesajlı verə bildi. O qədər məqalələr çıxdı, videoreportajlar hazırlandı. Görünməyən kampaniya getdi. Bu, təkcə Azərbaycanla bağlı deyil. Zəmanə də dəyişib. Həm texniki, həm mənəvi cəhətdən. Dünya artıq quldarlığa dözə bilmir, demokratiyanın boğulmasına dözə bilmir.

- Amma belə nikbinlər vardı ki, mahnı yarışması ərəfəsində siyasi məhbus sayılan fəallar buraxıla bilər.

- 2-3 nəfər buraxdırdıq da (gülür). Tam qələbə olmadı. Amma dərdimizi dünyaya çatdırdıq.

«BAŞQA MİLLƏTLƏR DƏ BU YOLDAN KEÇİR»

Bu yarışmadan sonra fəal müxalif qüvvələrin cəzalandırılması və ya basqıların artacağını təxmin edənlər var. «Eurovision 2012» ərəfəsində keçirilən gənclərin aksiyasında prezidenti təhqir etdiyi üçün 10 sutka cəza alan «Bulistan» qrupunun üzvü Camal Əli artıq ölkəni tərk edib. O, bunu ölkədə qalarsa, cəzalandırıla biləcəyi haqda məlumatlar alması ilə izah etdi.

Hikmət Hacızadə belə halları istisna etmir. Və bunu demokratiya yolunda mübarizədə normal sayır:

- Ola bilər. Arada çətinliklər olacaq. Amma bu yoldan hamı keçir, başqa millətlər də bundan keçib.

ZƏRDÜŞT ƏLİZADƏ: «HƏR ŞEY İNDİYƏ QƏDƏR OLDUĞU KİMİ DAVAM EDƏCƏK»

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
​Amma politoloq Zərdüşt Əlizadə bu fikirdədir ki, «Eurovision»dan əvvəl və sonra ölkədə heç nə dəyişmədi və dəyişməyəcək:

- Gerçəkliyi dəyişmək üçün ortada hansısa siyasi iradə, lider, təşkilat, proqram olmalıdır. Bu yoxdursa, xalqın dəstəklədiyi güclü müxalifət, ictimai hərəkat yoxdursa, hər şey indiyə qədər olduğu kimi davam edəcək. Bu, çox kədərli, lakin amansız və qaçılmaz gələcəkdir.

FƏZAİL AĞAMALI: «AZƏRBAYCANA QARŞI CƏBHƏ AÇDILAR»

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, Azərbaycan bu yarışmaya ev sahibliyi etməklə öz mədəniyyətini, tarixini, imkanlarını və uğurlarını təqdim etdi:

- Amma çox təəssüf ki, «Eurovision»da Eldarla Nigarın qələbəsindən sonra Azərbaycanı sevməyənlər ölkəyə qarşı cəbhə açdılar. Anti- Azərbaycan təbliğatı qurdular. Çalışdılar ki, bu yarışma Bakıda baş tutmasın. Çox təəssüflər ki, Azərbaycanda da bəzi qüvvələr buna mane olmağa çalışdılar. Amma heç bir qüvvə, cəhd Azərbaycan dövlətinin gücü qarşısında dura bilmədi.

Fəzail Ağamalı əmindir ki, indiyədək «Eurovision» tarixində belə yüksək səviyyəli şou olmayıb. Hətta inanmır ki, bundan sonra da belə bir şou təkrarlana bilər. Deputat buna görə də ölkə rəhbərliyini təbrik edir.
XS
SM
MD
LG