Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Oqtay Gülalıyev AzadlıqRadiosunda... [Video]


Oqtay Gülalıyev AzadlıqRadiosunda...
Gözlə

No media source currently available

0:00 0:22:56 0:00
Direct-ə keçid
-
- Həbsiniz və azad olunmağınızla bağlı təəssüratlarınız nədir?

- Bildiyiniz kimi mən bu il aprelin 8-də Sabirabad rayonu Minbaşı kəndində həbs olunmuşam. Həbsim mənim üçün gözlənilməz idi və hesab edirəm ki, həbsim siyasi qərar əsasında həyata keçirilmişdi. Çünki məni işlətmədiyim cinayət, etmədiyim hərəkətlər əsasında, büdcə təşkilatında çalışan YAP işçiləri tərəfindən mənə qarşı verilən yalan ifadə əsasında həbs eləmişdilər. Məni Kür çayı üzərində körpünü dağıtmaq, Hacıqabul-Horadiz yolunu bağlamaq, maşınları yandırmaq, mitinqlərə və iğtişaşlara çağırış, və s. məsələlərdə ittiham edirdilər. Mənə qarşı yalan ifadə verən şəxslərdən biri - Sabirabad rayon icra hakimiyyətinin şöbə müdiri hadisə yerində olmaya-olmaya məni orda gördüyünü deyirdi. Bizim əlimizdə çəkilişlər var və onu yenidən məhkəməyə təqdim etməyə hazırlayırıq.

Təsəvvür edin ki, məhkəmədə hakim əsas şahidlərin iştirakı ilə bağlı vəsatəti qəbul etmədi, həmin çəkilişlərə baxmadı və mən gördüm ki, bu sifarişli bir həbsdir və mən qanunsuz da olsa bunu yaşamalı oldum. Əvvəl 12 günü Sabirabadda, qalan müddəti isə 3 saylı Şüvəlan təcridxanasında keçirməli oldum.

- Bundan sonrakı aksiyalarda sizin dəstək verdiyiniz, problemlərinin həllinə kömək etdiyiniz Sabirabad camaatından bir dəstək gördünüzmü?

- Mən tək Sabirabaddan yox, bütün insanlardan dəstək gördüm. Mən 12 gün Sabirabadda həbsdə olanda hər gün mənim yanıma gəlirdilər, yemək gətirirdilər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən qurumların nümayəndələri məni ziyarət elədilər. Sonrakı vaxtlarda isə həm Saatlı, həm İmişli və digər yerlərin insanlarının ölkə başçısına müraciətləri oldu. Mən həm onların, həm də AzadlıqRadiosu başda olmaqla media işçilərinin, hüquq müdafiəçilərinin, hətta Ombudsman Aparatının dəstəyinə görə təşəkkür edirəm. Arzum budur ki, həbsxanada olan bütün günahsız dustaqlar və vicdan məhbusları azadlığa çıxsın.

- Fəaliyyətinizin davamı barədə nə düşünürsünüz?

- Həbs olunmağımla əlaqədar fəaliyyətim harada dayanıbsa, ordan da davam edəcəm. Mənim həbsimin 3-cü ayıdır və mən azadlığa çıxdım. Həbsxanada bir şüar vardı «Siz türmədən qorxmayın, türmə sizdən qorxsun». Biz həbslərdən qorxmuruq. Bu həbslər saxta ittihamlarla həyata keçirilir və insanın arxasında böyük güc, mənəvi dayaq dayanır. Bu həbsxanada insana böyük ruh verir, dəstək verir, mübarizə əzmi verir. Mən gözləmədiyim səviyyədə bir dəstək gördüm. Bu gün mən kiçik məhbəsdən böyük məhbəsə çıxmışam. Bu gün vətəndaş cəmiyyətinin və ya bir jurnalist korrupsiya faktını araşdırırsa, o irticaya, repressiyaya məruz qalırsa, həbs olunursa o ölkədə azadlıq yoxdur. Bir ölkədə xalqın azadlıq simvolu olan Azadlıq meydanı yeraltı qaraja çevrilirsə deməli xalqın azadlıq istəyi buxovlanır.

- Belə başa düşmək olar ki, sizin çıxardığınız nəticə hökumətin bəd əməllərinə susmaq deyil.

- Mən həbs olunanda da demişdim ki, istəyirsiniz 3 il yox 10 il verin. Biz 20 ildir kəfəni boynumuza dolamış insanlarıq. Mən təcridxanada da bunu dedim. Həbsdən qorxmaq lazım deyil. Həbs insanın mübarizə mərhələsidir və onu faciəyə çevirmək lazım deyil.

- Siz bir neçə dəfə məhbəsdəki olan qanunsuzluqlara toxundunuz. Nədir bu qanunsuzluqlar?

- Bu ayrıca bir mövzudur və mən bu barədə polemikaya hazıram. Bu gün Azərbaycanda təcridxanaların və islah əmək koloniyalarının Avropa standartlarına uyğun olması ilə bağlı bəyanatlar verirlər və mən bununla razı deyiləm. Əgər bir təcridxananın 6-7 nəfərlik kamerası təxminən 16 -17 kv/m-dirsə, orda açıq ayaqyolu varsa hansı Avropa standartlarından danışmaq olar?

- Dinləyici sualı – Sizə fiziki zorakılıq oldumu?

- Mən aprel ayının 8-də həbs olunanda məni döydülər. Mən həkim tələb etdim, həkim çağırılmadı. Mən vəkil tələb etdim, çağırılmadı, Ombudsman çağırılmadı, İşgəncələrə Qarşı Mübarizə İdarəsinə məlumat vermək, ailəmə zəng eləmək istədim imkan vermədilər. Axırda mən dərman istədim, vermədilər. Su istədim, vermədilər. Məni ac-susuz qaranlıq kamerada, darısqal, ağır qoxulu otaqda ac-susuz, ayaq üstə saxladılar. Bu, işgəncədir. Mən çox güman ki, DİN naziri Ramil Usubovla görüş istəyəcəm. Qoy o, Azərbaycanda ziyalılara, insanlara qarşı hansı zorakılıqların həyata keçirildiyini araşdırsın.

- Sizcə həbsinizə əsl səbəb korrupsiya hallarını aşkara çıxarmağınız idi yoxsa Sabirabadda insanların etiraz aksiyaları? Bu hansı səviyyədə qəbul edilmiş bir qərar idi?

- Mən hesab edirəm ki, hər ikisi ilə bağlı idi. Biz həm korrupsiya məsələlərini açıqlayırdıq, həm də insanların yerlərdə öz hüquqları uğrunda mübarizə aparması bəzi məmurları qane eləmirdi. Mən demirəm mənim həbsim yüksək səviyyədə verilmiş qərardır. Ola bilsin ki, bu aşağı səviyyədə verilib amma razılaşdırılmış məsələdir. Mənim həbsim və həbsdən buraxılmağım da siyasi qərardır.

- Sizcə sizin həbsinizə qərar verən adamları nə narahat etdi? İnsanların sizin yardımınızla fəallaşması yoxsa pul itkiləri?

- Biz Kür Vətəndaş cəmiyyəti olaraq ötən 2 il ərzində 4 mindən artıq təsərrüfata dəyən ziyanla bağlı monitorinq aparmışıq və hesabatları hökumətə təqdim etmişik. Bizim araşdırmalar nəticəsində məlum oldu ki, burda kifayət qədər yeyinti və korrupsiya faktları var. Bu günlərdə Milli Büdcə Qrupunun apardığı araşdırmalara görə, Kür daşqınları ilə bağlı son iki ildə 460 milyon vəsait ayrılıb. Niyə hökumət ayrılan bu vəsaitin hesabatını verməyib? İndiyə qədər niyə görə daşqın bölgəsində tikilən bir evin qiyməti açıqlanmır? Biz istəyirik ki, bu pullarla bağlı şəffaflıq olsun. Biz istəyirik ki, neft gəlirlərindən gələn pullar əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilsin.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG