Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Rüqəyyə Kəbiri "Ürəyim ağrıyır" (Hekayə)


Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri
"Ədəbi Azadlıq-2012" mükafatının sahibi, Təbrizdə yaşayan yazar Rüqəyyə Kəbirinin Bakıda "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "Ürəyim ağrıyır" kitabından ("Qanun" nəşriyyatı).


Ruqəyyə Kəbiri


ÜRƏYİM AĞRIYIR


Axxxxx... Dedim haa dişim yaman ağrıyır! Qulaq asmadı ki, dəmir qapını üzümə çırpanda, elə bil, dişimin kökündən ildırım çaxdı.

Kaş evimizdə olardım. Anam heç olmasa dişimin dibinə muxək tozu qoyardı. Uşaqlıqda müxəyi dişimin dibinə tökəndə ağrı ildırım kimi çaxardı. Amma bir azdan kəsilərdi.

Atam «müxəyi at o yana», - deyərdi.

Siqaretinin tüstüsunü sinəsinə doldurub, dişimin dibinə üfürərdi. Anam: «Mixək ağrını kəsdi», - deyərdi, atam isə «tüstü keyitdi», - deyərdi.

Kaş indi bir çimdik muxək tozu olardı. Deyən gərək axı burda muxək hardan tapılacaq.

«Siqaret tüstüsu diş ağrısını kəsər!» - qarşı kameradakı qadın deyirdi. O qadından çəkinməsəydim, siqaretinin tüstüsünü, dişimin dibinə üfürün! - deyərdim. Öpsəydi də öpmüşdü də, canım çıxmazdı ki, heç olmasa, bu diş ağrısından ölməzdim. Yooooo...x, öpməkdən qorxuram. Öpməkdən yox ki... Bəlkə o da Atilla kimi öpəndən sonra... O, Atilla kimi öpməyi bacarmaz. Ayı deyil ki, kişi sifət olsa da, qarabuğdayı, cılız, qısa boylu bir qadındır. Göyərmiş dodaqları qaraya çalır. O qədər siqaret çəkir ki, saralmış dişləri heç ağrımır.

Atilla ilə diş klinikasına gedəndə ayı kimi deyildi. Ədəbli idi. Məndən qabaq qapıdan girmirdi. Liftdə məni öpərkən «başım gicəlir!» - dedim. Yıxılmayım deyə, qolumdan tutdu. «Teatr ulduzu olacam, səninlə evlənəcəyəm», - dedi. Güldüm. Dedim, «Yer ulduzu? Yoxsa göy?» Əlimi sıxdı. O da güldü.

Atillanın ulduzu sönüb. Həm yerdə, həm göydə. Dedilər, mənim də ulduzum bu gecə sönəcək. Dan ulduzuyla birlikdə sönəcək. Dedilər, Atillanın anası gələcək. Anam gəlməz. Qoymazlar gəlsin. Atillanın anası deyib mənim ulduzumu özü söndürəcək. Görəsən bu baca çərçivəsindəki göydə, ulduzların hansı mənim ulduzumdur? İçəridə gecə-gündüz heç vaxt bəlli olmur! Nə yaxşı ölməzdən əvvəl adama bir baca boyuca gecə verirlər.

Evimizın pəncərələri otaqların eni ölçüdədir. Ulduzlar, elə yaxın görünürdü ki, deyirdim, əlimi uzatsam, ulduzları dərə bilərəm. Əlimi yatağımdan pəncərəyə uzadardım. Qolum qısa idi; yoxsa şüşənin dalından bir ovuc ulduz dərərdim. İndi nə qədər boylansam da, əlim hələ bacaya çatmır. Çatsaydı, barmaqlıqlardan aslanardım. Başımı hər tərəfə dolandırardım. Bəlkə uzaqdakı ulduzları görüm. Görəsən hansımız tez sönəcəyik? Mən, yoxsa ulduzum?! Bəlkə bir-birimizə baxa-baxa söndük elə?!.

Son arzumu soruşsalar, «gözlərimi bağlamayın», - deyəcəyəm. Yoox! Olmasa bağlasınlar, bəlkə qorxdum!

Qarşı kameradakı qadın siqaretinin tüstüsünü dişimin dibinə üfürmədi. Məni bağrına basıb, «qorxma»,- dedi. «Neçə saniyə çəkər!». Qorxuram, o, qorxunu yadıma salmasaydı, bəlkə qorxmazdım. Ancaq indiki kimi canım əsərdi. Bəlkə bu titrəmə, dişimin ağrısındandı! Kaş, icazə verərdim qadın siqaretinin tüstüsünü dişimin dibinə üfürərdi.

Atilla dedi: «Qorxma! İncitmərəm. İz də buraxmaram». Liftdəki Atilla deyildi. Güclü idi, ayı kimi idi. Uşaq ikən anam mənə söyləmişdi ki, ayılar qadınları sevir, oğurlayıb kahasına aparar, dabanını yalayarlar.

Atilla dabanlarımı yalamadı. Yataqda üzüquylu qalmışdım. Dabanımla belinə çırpdım. O, ayı kimi idi. Yatağının yanında, miz üstə teatr festivalındakı aldığı nişanı gördüm.

Quyruqlu bir ulduz idi. Əlim qısa deyildi. Dişim də ağrıyırdı, sözümü eşitmədi. O, ayı idi, Atilla deyildi. Quyruqlu ulduz əlimdə ağırlıq edirdi. Əlimdən axdı. Onun başına dəyəndə bağırdım: «Ağrıyır, ay lümpen! »

Qazı dosyanı vərəqlədi: «Sənətkarsan! Şairsən! Hər nəsən, ancaq lümpensən», - dedi.

Heç saqqalından deməzdin lümpen sözünü bilər. Ona demədim, keşkə Atillanı ayı kimi olanda görərdin!

Atillanın anası heç bilmədi oğlu ayı kimidir. Ağlayıb, saçlarını yolub, başına çalanda, «sərv boylu balam», - demişdi.

Görəsən anam mənə nə deyəcək? Başına döyəcəkmi? Yox başına döyməz, həmişə baş ağrısı var. Kaş saçlarını da yolmaya. Elə dizlərinə çırpacaq, yanaqlarını cıracaq, bilirəm. Anası öləndə görmüşdüm.

Ağa nənəm öləndə, atam siqaretini dalbadal sönən siqaretinin közüylə alışdırmışdı. Anam nə dizlərinə çırpmışdı, nə də yanağını cırmışdı. Çadrasını üzündən çəkdikdə baxdım, gözləri də yaşarmamışdı.

Atillanın anası nə başına çalacaq, nə də üzünü dırnaqlayacaq, bilirəm. Bəlkə də bir qədir ağacı əkdi həyətinə!

Aaa-aax... Bu diş ağrısı məni öldürəcək. Canım çıxır, gözlərimdən yaş axır.

Atillanın evində üzüquylu düşməsəydim bəlkə gözlərimin yaşını görüb, ayılığından əl çəkərdi; məni sevirdi, bilirəm.

Bəlkə ipi boynuma salan adam gözlərimə baxanda, gözləri islandı! Görəsən o adam kimə oxşayır? Ayı olmaz yəqin, inək kimidir. Görəsən suda boğulanlar kimi öləcəyəm?!

Boğulanda bağıra bilməsəm nə edim? Qollarım necə olacaq?! Çiyinlərimdən asıla qalacaqmı?! Havada yarpaq kimi əsəcəyəmmi?! Kaş ki kəndiri boynuma salmazdan əvvəl, icazə versinlər, bir boğaz bağırım.

Bilirəm, kəndir boğazımı sıxanda, qorxsam da, yaxşı ki, qırtlağım tutulacaq. Yoxsa qusaram Atillanın anasının, önümdə duranların üst-başına.

Atillanın nişan ulduzu əlimdən onun başına axanda, qan fışqıranda, qanlı başından qorxmuşdum, yatağına qusmuşdum.

Kaş güllə olaydı. Ürəyimə dəyib, anında öldürərdi. Ürəyimə dəyməsə necə? Güllə ağrısı diş ağrısı deyil ki, dözə bilim. O ağrıya dözə bilmərəm.

Qaz otağına aparsalar yaxşıdır. Yuxu dərmanı verdikdən sonra, qazı otağa doldursunlar, onda dişimdə ildırım kimi çaxmaz.

Amma qaz otağına aparsalar, atam kibritdən qorxar. Daha dalbadala siqaret alışdıra bilməz. Bəlkə onda gözlərindən bir-iki damcı yaş süzüldü.

Elektrikin isə titrəməsi çoxdur. Elə onsuz da saatlardır tir-tir titrəyirəm. Əgər süngəri islatmasalar dərimin yanıq qoxusu hər yeri götürər. Dərinin necə cızıldadığını bir filmdə görmüşəm. «Yaşıl yol» idi adı. Oyunçusu ayıdan da hündür idi. Amma uşaq ürəkli idi, lümpen deyildi.

Bədənimə elektrik calışdırsalar, hər yerdən əvvəl saçlarım yanar. Bir tük telinin od üstə necə qıvrıldığını görmüşəm. Toka bağlasalar, bilirəm, anam ömür boyu evdə işıq yandırmaz.

Görəsən kəndiri yuxarı çəkəcəklər, yoxsa ayağımın altını boşaldacaqlar. Nə yaxşı xiyabanda krandan asılmayacam. Krandan asılsaydım, atam daha xiyabanda addım atmaz, anam isə bir əlçim çörək almağa da eşiyə çıxmazdı.

Mənə verdikləri gecə başa çatır. Bir baca boyu ulduz, ulduzlar birbəbir sönür. Ancaq dan ulduzu, mənim sönməyimə tamaşa edəcək.

Ayaq səsi gəlir. Kaş ki indi dəmir qapı açılsın, «son istəyin nədir?» - desinlər. «Bir çimdik muxək tozu verin», - deyərəm.

Noyabr, 2010
XS
SM
MD
LG