Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:52

Barack Obama necə sərvət qazandı?


-


TƏKCƏ MAAŞA MÖHTAC OLAN ORTA SƏVİYYƏLİ AMERİKALI OBAMA

ABŞ-dakı Business İnsider internet dərgisi prezident Barack Obamanın orta səviyyəli amerikalıdan necə multimilyonerə çevrilməsini araşdırıb.

Prezident Obamanın vergi hesabatlarını araşdıran müəllif Walter Hickey qeyd edir ki, hələ İllions ştatının senatoru olduğu illərdə Obama ailəsində hər iki valideyn işləyirdi.

2004-cü ildə Barack Obama özünün maliyyə hesabatlarında ailəsinin üç yerdən qazancı olduğunu göstərib: işlədiyi iki yerdən aldığı məvacibi və arvadı Michelle`nin (Meşl Obama) iş yerindən maaşı.

Həmin il hesabatlarında Obama senator kimi illik maaşının 80,287 dollar, dərs dediyi Çikaqo Universitetinin Hüquq fakültəsindən aldığı illik əməkhaqqının 32, 144 dollar olduğunu göstərib. Xanımı isə 2004-cü ildə Çikaqo Universitetinin xəstəxanasında inzibatçı kimi çalışıb, oradan maaş alıb.

Siyasi karyeraya başlamazdan əvvəlki qazancı haqqında Obama az da olsa özünün “Atamın arzuları” (“Dreams From My Father”) adlı xatirələrində yazıb. Amma Business İnsider əsasən onun siyasi karyerası illərində əldə etdiyi var-dövlətə diqqət çəkir.

Walter Hickey araşdırmasında yazır ki, indiki ABŞ prezidenti 2004-cü ildə İllions ştatının senatoru olanda ilk sərmayəsini Ştatın Pensiya Fonduna qoyub. O zaman Obamanın 50 000-lə 100 000 dollar arasında pulu olub.

Bundan sonra Obama pullarının bir hissəsini Vanguard adlı sərmayə və idarəetmə şirkətinə yatırıb. Bu şirkətdən də 100 000-lə 200 000 dollar arasında pul qazanıb.

KİTABLARDAN GƏLƏN MİLYONLAR

2004-cü ildə Demokrat Partiyasının Qurultayından sonra isə Obama kitab satışından çox yaxşı pul qazanıb.

Qurultayda Demokrat Partiyasından Senata namizəd kimi “Ümidin hünəri” (The Audacity of Hope) adlı çıxışına görə populyarlıq qazanan Obama ABŞ-ın məşhur Random House nəşriyyatı ilə iki kitabın yazılmasına dair müqavilə bağladı. Kitablardan biri qurultayda çıxışının genişləndirilmiş variantı idi. İkincisi isə uşaq kitabı idi. Müəllif qeyd edir ki, uşaq kitabından gələn qazancını xeyriyyə işlərinə xərcləsə də, “Ümidin hünəri” adlı kitabı artıq Obamanı milyonçu etmişdi.

2005-ci ilin yanvarında nəşriyyatla imzaladığı müqaviləyə görə Barack Obama “Ümidin hünəri” adlı kitabı üçün 1.6 milyon dollar avans alır.

Random House Obamanın 1995-ci ildə çap edilmiş “Atamın arzuları” kitabını da yenidən çap edib.

Müəllif yazır ki, gələcək prezident qazandığı pulları sadəcə bank hesablarında saxlamayıb, başqa sahələrə sərmayə kimi yatırıb. Prezident seçkisində namizəd olmazdan 2 il əvvələ qədər Obama artıq bütün sərmayələrini yerləşdirmişdi.
Obamanın uşaqlarna məktublar kimi təqdim etdiyi uşaq kitabı.
Obamanın uşaqlarna məktublar kimi təqdim etdiyi uşaq kitabı.

Eyni zamanda kitablarından müəlliflik haqları almaqda da davam edib.
Barack Obama “Atamın arzuları” kitabı üçün Dystel & Goderich müəllif hüquqları agentliyindən 378 237 dollar, Random House nəşriyyatından əlavə çap üçün 847 167 dollar avans alıb.

Müəllif yazır ki, 2005-ci ildə artıq Barack Obamanın var-dövləti 1.1-2.5 milyon dolları keçirdi.

GƏLƏCƏK PREZİDENT DÖVLƏT İSTİQRAZLARI ALIR

2006-2007-ci illərdə isə Barack Obama dövlət istiqrazları da almağa başlayıb.

“2006-cı ildə Barack Obama “Atamın arzuları” və “Ümidin hünəri” adlı iki kitabının satışından nəşriyyatlardan 572 490 dollar almışdı. 2007-ci ildə prezident seçkisində namizəd olması isə kitablarının satışını kəlləçarxa çıxartdı. Həmin il Obama iki kitabından birlikdə 4 milyon dollardan çox pul qazandı.

Bu pullarla gələcək prezident çox ciddi addımlar atdı. Dövlət büdcəsinin 1 milyon manatlıq istiqrazlarını aldı. Obama həmçinin bəzi fondlardakı pullarını çıxarıb sosial, insan haqları və ətraf mühit sahələrində çalışan şirkətlərə yatırdı” – deyə müəllif yazır.
Prezident Obama qızları Malia (solda) və Sasha ilə. 4 sentyabr 2012
Prezident Obama qızları Malia (solda) və Sasha ilə. 4 sentyabr 2012

2007-ci ildə Barack Obama qızları Sasha və Malia`nın gələcəyi üçün böyük həcmli ödənişlər edib. O, 2007-ci ildə qızlarını Bright Directions şirkətinin Yaşla birgə Böyüyən iki xidmətinə abunə etdi. Bu xidmət böyüyəndə onların bütün ali təhsil xərclərini ödəyəcək. O zaman 50-100 min dollara alınmış həmin xidmətlərin 2010-cu ildə azı 100-200 min dollar olduğu güman edilir.

Prezident seçkisində namizəd olduğu 2008-ci ildə artıq Barack Obama istiqrazlarına görə dövlət büdcəsindən milyonlarla dollar gəlir əldə etmişdi. Prezident kimi and içdiyi vaxt o, 1.1 milyonla 5.1 milyon dollar arasında dəyəri olan istiqrazlarına sahib olub. Əsas var-dövləti də istiqrazlarda yatırılıb. 2008-ci ildə prezident seçildiyi vaxt Obamanın istiqrazlardan kənarda biri 411 000, digəri 915 000 dollar olmaqla iki fondda pulu olub. Prezident olandan sonra isə kitablarından heç bir gəlir götürməyib.

NOBEL MÜKAFATININ 1.4 MİLYONU BELƏ XƏRCLƏNDİ

2009-cu ildə Barack Obama aldığı Nobel Sülh Mükafatından verilən 1.4 milyon dolları da xeyriyyə fondlarına bağışlayıb. Müəllifin yazdığına görə Obama Nobel Komitəsinə məktub yazaraq mükafatın pul məbləğini aşağıdakı xeyriyyə qurumlarına verməyi xahiş edib:

$250 000 – müharibə veteranları və hərbçi ailələrinə ev verilməsi, onların müalicəsi işlərinə.

$200 000 – Haitidə zəlzələdən ziyan çəkənlərə.

$125 000 – Aborigen amerikalılara təqaüdlər verilməsinə.

$125 000 – Appalaçia regionun kasıb sakinlərinin təhsili üçün təqaüd verilməsinə.

$125 000 – Summit Kollecinə.

$125 000 – ali məktəb tələbələrinə təqaüd üçün Posse Fonduna.

$125 000 – Amerikadakı latın tələbələrə təqaüd verilməsinə.

$125 000 – Qara dərili tələbələrə təqaüd verilməsinə.

$100 000 – Afrikada yoluxucu xəstəliklərlə mübarizə fonduna.

$100 000 – Mərkəzi Asiyada xüsusilə qızlar üçün təhsil və səhiyyə proqramlarına.

Barack Obamanın prezident kimi maaşı ilə 400 000 dollardır. Birinci prezidentlik müddətində - 4 ildə Obama ümumilikdə, 1.6 milyon dollar da prezident maaşı alıb.

Müəllifin təxmini hesablamalarına görə 2010-cu ildə prezident Barack Obamanın var-dövləti 2.8 milyonla 11.8 milyon dollar arasında olub.
XS
SM
MD
LG