Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:44

Fazil Mustafa: «Parlamentdə dürüst adamlar da var, əliəyri adamlar da»


Fazil Mustafa
Fazil Mustafa
-
«İşdən sonra» proqramında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deputat Gülər Əhmədova ilə bağlı yayılmış video haqqında fikirlərini bildirib.

- Fazil bəy, Sizcə, bu məlum video qalmaqalı parlament haqqında hansı rəy yaradır?

- Ümumiyyətlə, bu, xoş bir hadisə deyil. Bu kimi hallara Azərbaycan cəmiyyətində, müəyyən qədər hüquq-mühafizə orqanlarının məlumatında rast gəlmək olur. Amma bu miqyasda, xüsusilə də siyasi çevrələrə aid olan bir səviyyədə belə bir faktın ortaya çıxması göstərir ki, artıq parlament nəzarət mexanizminin kifayət qədər güclü olmasına ehtiyac var. Və bir çox şəxslər öz mandatından, yaxud da tutduğu mövqedən istifadə edərək bir sıra qeyri-qanuni əməllərlə məşğul olurlar. Mütləq hansısa formada müəyyən addımlar atılmalıdır.

- Bir çox şəxslər deyirsiniz, yəni, söhbət təkcə Gülər Əhmədovadan getmir?

- Azərbaycan cəmiyyətində dələduzluq artıq yayğın bir şeyə çevrilib. Bina tikintisi ilə bağlı bir çox faktlar var, dəfələrlə mətbuatda səslənib. Ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı məsələlər var. Amma bu, siyasi çevrəyə aid bir məsələ olduğuna görə, hər halda daha çox cəmiyyətin diqqətini çəkdi. Həmdə rüşvətin məbləği ilə bağlı bu qədər fikirlərin səslənməsi cəmiyyətə vahim göründü.

- Fazil bəy, Sizin parlament üzvü olmağınızla bağlı hansısa şübhələrə əsas verə bilərmi bu video? Yəni, parlamentdəki yerlər satılırsa, deməli, hamısı satıla bilər.

- Ona qalsa, elə jurnalistlərin də xeyli hissəsi elə dələduzluqla məşğul olur. Amma bütün jurnalistlərə şamil edilmədiyi kimi, bu məsələnin də bütün parlamentə şamil edilməsi məntiqli görünmür. Ona görə ki, parlamentdə dürüst adamlar da var, əliəyri adamlar da. Bu, cəmiyyətin bir güzgüsüdür. Bu baxımdan da, bunu bir fərdi insident kimi götürmək lazımdır. Məsuliyyət fərdidir. Hər bir kəs belə bir əməllə məşğul olursa, onun hansı cinahda olmasının elə bir əhəmiyyəti yoxdur. Burda söhbət onun cəzalandırılmasının ədalətli və obyektiv olmasından gedə bilər. Bir vətəndaşa bir cəza, o birinə başqa bir cəza tətbiq edilərsə, ona münasibət bildirilə bilər. Yoxsa dələduzluqla məşğul olan şəxsin məkanından, yerindən, siyasi yaxud da ictimai mövqeyindən söhbət getmir. Azərbaycanda müxalifət cinahında da, iqtidarda da kifayət qədər insanlar var ki, cəmiyyətdə dələduzluqla məşğul olan insan kimi tanına bilər. Burda heç bir problem yoxdur.

- Fazil bəy, Sizcə, indi parlamentdə belə bir sövdələşmənin nəticəsi olaraq deputat olmuş adamlar varmı?

- Əlbəttə. Belə bir şeylər ola bilər. Çünki bu gün Azərbaycan parlamenti də bizim arzuladığımız ideal bir parlament deyil. Çünki biznes strukturları ilə bağlı olan adamlar var, müxtəlif fəaliyyət növü ilə məşğul olan adamlar var. Amma burda söhbət konkret kimin ifşa olunması, yaxud hansısa faktın ortaya çıxmasından gedir. Fakt olmayanda, kiminsə üzərinə konkret ittiham yönəltmək olmur. Amma konkret fakt artıq çıxıb ortaya. Ona görə də, bu məsələyə ciddi münasibət bildirilməlidir ki, bu gələcəkdə təkrar olunmasın.

- Parlamentdə bunun necə araşdırılmasını tələb edəcəksiniz? Sizcə, həbs olunmalıdırmı Gülər Əhmədova?

- Mənim mövqeyim budur ki, videonun saxtalığı üzə çıxmasa - ehtimalım budur ki, bu saxta video deyil - onda bu, kifayət qədər ciddi bir cinayət əməlidir. Dələduzluq və qulluq mövqeyindən sui-istifadə etmə və başqa maddələrlə cinayət işinin açılması və müvafiq tədbirin görülməsi vacibdir. Çünki bunun edilməməsi ölkədə hüquqa münasibətdə tam bir anarxik münasibət ortaya qoyacaq.

- Müvafiq tədbir deyərkən....

- Burda həbsdən də söhbət gedə bilər. Çünki Cinayət Məcəlləsinin maddəsi bu istiqamətlə ağır cinayətlər kateqoriyasına daxildir və burda başqa alternativ cəza nəzərdə tutulmur.
XS
SM
MD
LG