Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:01

«4500 dollarlıq maşına görə 4800 manat gömrük haqqı tələb edirlər»


Mercedes
Mercedes
Bakı sakini Qurban Tağıyev gömrükçülərdən AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, ucuz qiymətə maşın almaq üçün Gürcüstana gedib. Aldığı maşınla geri qayıdanda Azərbaycan sərhədində gömrükçülər ondan yüksək məbləğdə gömrük haqqı tələb ediblər.

«Mercedes-240»ü 4500 dollara almışam. Öz sərhədimizə çatanda gömrük işçiləri dedilər ki, «rastamojka» 4800 manat məbləğindədir. Etiraz etdim, Çünki maşının qiymətindən də iki dəfə artıq pul istəyirdilər. Çox mübahisələrdən sonra dedilər xeyri yoxdur, maşın gömrüyün avtodayanacağına qoyulmalıdır, nə vaxt gömrük rüsumunu ödəyərsən, onda maşınını sürüb apararsan. Maşınım hələ də ordadır».

Qurban Tağıyev deyir ki, maşın 20 günə yaxındır dayanacaqda qalıb.

«20 gündür hər yerə yazıram. Gömrük Komitəsinə gedirəm, heç qapıdan içəri buraxmırlar».

Dövlət Gömrük Komitəsindən AzadlıqRadiosuna bildirdilər ki, Qurban Tağıyev Komitəyə yazılı şəkildə müraciət etsin. Avtomobilin sənədlərini də məktuba əlavə etsin. Komitənin maliyyə şöbəsi bir daha hesablama aparacaq.

YENİDƏN HESABLAMA APARILMALI...

Namizəd Səfərov
Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov deyir ki, ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə, aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Bu vergilərin və idxal rüsumunun tutulması, onun dərəcəsi bir çox hallardan asılıdır. Belə ki, birinci növbədə maşının istehsal olunduğu il nəzərə alınır, maşının mühərrikinin həcmi nəzərə alınır və maşının gətirildiyi ölkədən alındığı qiymət nəzərə alınmaqla bu rüsumlar və vergilər hesablanır.

Namizəd Səfərov: «Aksiz vergisinin hesablanmasında maşının mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər mühərrikin həcmi 2000 kubmetrə qədərdirsə, bu zaman hər kub santimetr üçün 15 qəpik, 2000 kubmetrdən 3000 kubmetrədəkdirsə, 300 manat və hər kubsantimetr üçün 1 manat, 3000 kubmetrdən 4000 kubmetrə qədərdirsə, 1300 manat və hər kub santimetr üçün 2 manat, 4000 kub santimetrdən yuxarıdırsa, bu zaman 3300 manat və hər kub santimetr üçün 4 manat aksiz vergisi tutulur».

Əlavə dəyər vergisi isə maşının alındığı qiymətin 18 faizi həcmində hesablanır. İdxal rüsumuna gəlincə, bunda maşının istehsal-buraxılış tarixi və mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər maşının istehsal buraxılışı tarixindən 1 il ötməyibsə, bu zaman hər kub santimetr üçün 40 qəpik, istehsal-buraxılış tarixindən 1 ildən artıq vaxt keçibsə, hər kub santimetr üçün 70 qəpik hesablanmaqla idxal rüsumu müəyyən olunur.
XS
SM
MD
LG