Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:38

Thomas de Waal. Postsovet məkanı klassiklərin gözü ilə


Thomas de Waal
Thomas de Waal
-

Rusiya Nikolay Qoqolun “Müfəttiş”i kimi...

Ukrayna A. P. Çexovun “Albalı bağı” kimi...

Gürcüstan F. M. Dostoyevskinin “Karamazov qardaşları” kimi...



Thomas de Waal.


POSTSOVET MƏKANI KLASSİKLƏRİN GÖZÜ İLƏ

(“Foreign Policy” jurnalı, ABŞ)


İyirmi il bundan əvvəl Sovet İttifaqının qalıqları altından 15 yeni respublika baş qaldırdı:

Sınmış monolitin əyri-üyrü parçaları.

Bir hekayət dönüb oldu 15 hekayət.

O vaxtdan bu yana sovet dövrünün əksər tədqiqatçıları bütün güclərini səfərbər edib eyni anda bütün bu dövlətlərdəki hadisələri izləməyə çalışırlar.

Bəs bu, çoxşaxəli hekayəti necə anlatmalı?

Bu gün dönüb ö dövrə nəzər salanda aydın görünür ki, qərb şərhçiləri bu ölkələrdə baş verənləri - onların bir böhrandan o birinə keçməsini, siyasi sistemlərindəki qəribə hibridləri, qeyri-sabit sabitliyi proqnozlaşdırmaq, yaxud izah etmək işində uğursuzluğa düçar olublar.

Uzun müddət şərhçilər ciddi-cəhdlə başqa dünya ölkələrinin təcrübəsinə əsaslanan modelləri (“bazar iqtisadiyyatına keçid”, “partiya sistemində təkamül”) tarixi və mədəniyyəti ilə Qərbdən və bir-birindən kəskin fərqlənən bu ölkələrə tətbiq etməyə çalışıblar.

Mən Rusiyanın baş naziri Vladimir Putinin ortalığa atdığı “etnosentrik patriotizm”, “təyinatlı demokratiya tələsi” (seçki üzrə tutulmalı vəzifənin yerinə, təyin olunma), “neo-votçina dövləti” (votçina - mülkiyyətin atadan oğula irsi keçməsi -N.H) haqqında çoxlu ağıllı fikirləri oxumuşam.

Bu jarqonlardan Putin və onun politoloqları üçün yararlı olacaq bir-iki yaxşı qurulmuş model tapa bildimsə də, bu modellər mənim görüşümdə cəmiyyətin yaşayışı üçün yaxşı heç nə vəd etmir.

Bu minvalla elə də yüngül olmayan bir ideya ortaya çıxdı: gəlsənizə keçmiş Sovet İttifaqını anlamaq üçün siyasi dərslikləri bir kənara atıb əvəzində Nikolay Qoqolun, Anton Çexovun, Fyodor Dostoyevskinin kitablarını vərəqləyək.

Bu təkcə mücərrəd eksperiment deyil, həm də 19-cu əsrin sonu, 20-ci əsin əvvəllərində yazıb yaradan bu yazıçıların əsərləri qəribə şəkildə bu gün postsovet məkanında geniş vüsət almış çağdaş siyasi proseslərlə səsləşir.

Fərqi yoxdur, ya Putinin Rusiyada avtoritar hakimiyyətinin gözlənilmədən sarsılması olsun, ya da onun qonşusu Ukraynanın ara vermədən can atdığı uğursuz modernləşmə cəhdləri olsun. Buna səbəb var: əksər keçmiş Sovet İttifaqı ölkələri dünyada ən böyük ədəbi mədəniyyətin beşiyi olan iki yüz illik rus mütləqiyyətinin varisləridir.

Bəzi tədqiqatçılar onların bir-birlərinə sıx tellərlə bağlandığını iddia edirlər, belə ki, hamısının payına düşən sərt çar senzurası, darıxdırıcı dövlət qulluğu və savadlı təbəqənin ehtiyac duyduğu intellektual qida böyük əsərlərin yaranmasına səbəb oldu.

Puşkin və Tolstoy, Qoqol, Çexov və Dostoyevski təkcə mədəni təbliğatçılar olmaqla qalmayıb, həm də ictimai sima kimi öz əsrlərinin əsas əxlaqi, intellektual dəyərlərinin carçıları idilər. Onları ilahiləşdirmişdilər, çünki oxucular onların qəhrəmanlarının timsalında özlərini görürdülər və indiyə qədər də görməkdədilər.

Elif Batuman 2010-cu ildə yazdığı “Mübtəla olmuşlar” (“The Possessed”) adlı möhtəşəm bestsellerində rus ədəbiyyatının nəyə görə böyük və kiçik həyat məsələlərində əsas bələdçi olduğuna dair inandırıcı sübutlar göstərir. O ən yaddaqalan, tipik rus personajlarını xatırladaraq yazır: “Tatyana və Oneqin, Anna və Vronski – onların istənilən addımı, insan davranışlarındakı müəmmalar və sevginin təbiəti – hamısı rus təbiəti ilə möhkəm bağlıdır.”

Mənim ideyam kifayət qədər sadədir: qərb müşahidəçilərinin böyük maraqla izlədiyi üç post sovet ölkəsi Rusiya, Ukrayna, Gürcüstan tarixinin rus yazarlarının üç ölməz əsəri ilə necə səsləşdiyini qısaca təsvir etmək. Bu hər birinin yüz ildən çox yaşı olan klassik əsərlərin ortaya qoyduğu konkret detallar və möhtəşəm mənzərələr, ağla gələ biləcək hər cür siyasi analiz modelləri ilə dolu kitab rəflərini əvəz edə biləcək dərinlikdədir.


Rusiya Nikolay Qoqolun “Müfəttiş”i kimi

Rusiyanın feodalizm və hakimiyyətin fərdiləşdirilməsi vərdişindən hələ də xilas ola bilməməsi onun üçün böyük yükə çevrilib.

ABŞ - Nyu-Yorkdakı Union College-ndə tələbələrin hazırladığı "Müfəttiş"
ABŞ - Nyu-Yorkdakı Union College-ndə tələbələrin hazırladığı "Müfəttiş"


19-cu əsrin sonlarına qədər kölə halına salınmış, təhkim olunmuş kəndlilər Rusiya əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Bununla belə mülkədarlar da azad deyildi, onlar dövlətə xidmət edir və çarın lütfü ilə mülkiyyət sahibi ola bilirdilər.

Sovet sistemi bu iyerarxiyanı bərpa etdi, ancaq bu dəfə ölkədəki bütün mülkiyyət Kommunist partiyasının inhisarçılığı altında mərkəzləşdirildi.

Son illər isə Putin “şaquli hakimiyyət”adlandırılan layihəsini irəli sürərək postsovet dövrü üçün yeni qablaşdırmada köhnə sistemi təqdim etdi, bununla birlikdə şəxsi sahələrində vətəndaşlarına daha çox azadlıq verdi.

Amma çox tezliklə Putin sistemin xeyli kövrək olduğunu aşkarladı. O, zəncirvari asılılıq, yaltaq favoritizm və cəzalandırma, dərinə işləmiş şübhə və ikiüzlülük əsasında qurulduğu üçün daimi baxım tələb edir.

O qısa zamanda sına bilər.

Çar həddən artıq özbaşına ola bilər, yaxud xəstələnər, ya da xərcləri ödəməyə pulu çatmaz, Rusiya vətəndaşları isə bunu anlasalar, hökümətlərinə meydan oxumağa başlayarlar.

Rusiya üzrə mütəxəssis Sem Qrinin (Sam Greene) dediyi kimi, “Rusların aciz olması haqqında geniş yayılmış bir mif var. Əslində isə belə deyil, ruslar ləng tərpənən aqressivlərdir”.

Bununla o demək istəyir ki, ruslar təbiətcə mühafizəkar insanlardır, onlar diqqətlərini sağ qalmaq strategiyaları üzərində toplamağı və riskli addımlar atmamağı üstün tuturlar. Lakin onlar “kralın çılpaqlığı”nı duysalar, etiraz etməyə başlayacaqlar. 1989-1991-ci illərdə sovetin əsası çökəndə məhz belə bir vəziyyət yaranmışdı, xüsusilə sovetin son aylarında - dekabrdakı parlament seçkilərinin saxtalaşdırıldığı məlum olanda həmin vəziyyət daha da ciddiləşdi.

Bu məni qətiliklə Nikolay Qoqolun “Müfəttiş”inə gətirib çıxarır.

Qoqol rus həyatının karikaturalarını yaratmaqda usta idi. Məlumdur ki, o, Rusiyaya münasibətdə olduqca qəzəbli və kinli idi. Qoqolun yeganə tam bitmiş pyesi Rusiyada səhnələşdirilən ən böyük komediyaya çevrildi və onun öldürücü satirası Rusiyanın çardan tutmuş təhkimçilərə qədər anlamsız despotizmi yenidən yaratma vərdişinə güzgü tutdu. I Nikolay 1836-cı ildə tamaşaya baxıb məhşur deyimini işlətmişdi: “Hər kəs öz payını götürdü, mən isə hamıdan çox!”

Süjet çox sadədir: kiçik bir şəhərin rüşvətxor rəisinə Sankt-Peterburqdan əyalətlərin vəziyyətini yoxlamaq məqsədilə dövlət müfəttişinin gələcəyi xəbəri verirlər. Bu, həyəcan yaradır! Burda hər kəs rüşvət alır, yeni tikiləcək xəstəxanın pulunu “yeyiblər”, əvəzində heç nə tikilməyib, xidməti binaların “qapılarının önü adətən şikayətçilərlə dolu olur, gözətçilərə rüşvət qismində qaz və balalarını gətirirlər”.

Belə olan halda şəhər rəisi və onun əlaltıları qaçılmaz bir səhvə yol verib, şəhər mehmanxanasında qalan gənci müfəttiş sanırlar. Qonağın adı Xlestakovdur, o, əslində bədxərc, həyasızcasına hər kəsdən borc pul istəyən, bütün pulunu kart oyununda uduzmuş birisidir.

Şəhər məmurlarının hədsiz diqqətindən çevik istifadə edən Xlestakov onları soyur və Sankt-Peterburq həyatı haqqında insanın ağlını başından alan uydurmalarıyla şəhər rəisinin arvadı və qızının başını tovlayır.

Keçən əsrin Rusiya tarixində olduğu kimi, pyesin razvyazkasında da (süjet xəttində düyünün açılma nöqtəsi - N.H), üsyan, mütləqiyyət və iflas bir-birini izləyir.

Narazı tacir kütləsi qonağa şəhər rəisinin özbaşınalığından şikayət edir. Rəis isə onları Xlestakovun onun qızı ilə evlənib, ailəsi ilə birlikdə Sankt-Peterburqa gedəcəyini xəbər verməklə heyrətə salır.

Şəhər rəisi qorxmuş tacirin üstünə xoruzlanır: “Bax indi ayaqlarıma düşərsən. Nəyə görə? – Ona görə ki, bəxt mənim tərəfimdədir, əgər azca da olsa sənin tərəfində olsaydı, sən mənim kimi hiyləgəri ayağının altına salıb ölümünə tapdalayardın, hələ bir sonra leşimi aparıb dirəyin başından başıaşağı asardın”.

Daha sonra hadisələr kəskin dəyişir. Xlestakov şəhəri tərk etdikdən sonra poçtalyon onun şəhər rəisinə yazdığı məktubu gizlincə açıb oxuyur, o, məktubunda bütün şəhər əhlini necə aldadıb soyduğu ilə öyünür.

Bütün xülyalar bir anda puç olur və əsl hökümət müfəttişinin gəlmə xəbəri ilə şəhər əhli başını itirir. Nəhayət ağlını itirmiş şəhər rəisi tabeliyindəkilərə və ona tamaşa edənlərə səslənir: “Nəyə gülürsünüz? – Özünüzə gülün!”

Putin Rusiyasında da, I Nikolayın zamanında olduğu kimi, hər kəs öz yerini bilir və rüşvət bağlarının gücü ilə ya şəxsi maraqlar ya süstlüyü qorumaq, ya da hər ikisi üçün bir-birlərinə bağlanırlar.

Lakin hər kəs yuxarıdakı adamdan asılıdır – istər çar olsun, istər mer, istərsə də prezident. Hakimiyyət illüziyası puç olanda müfəttişin fırıldaqçı olduğu ortaya çıxır, prezident əl-ayağa düşür.

Çünki hər şey çox tez alt-üst ola bilər. Pyesdə haqq olduqca tez bərpa olunur, belə ki, yeni müfəttiş iradəsini ortaya qoyur. Tamaşanın finalı məşhur “lal səhnə” ilə başa çatır, surətlərin nitqi tutulur və biz heyvani dəhşət anına şahid oluruq.

Rusiyanın bədbəxtliyi ordadır ki, o, daim mütləqiyyətlə ictimai partlayışı balanslaşdırır, rusların çoxu bunu 1990-cı illərdə hiss ediblər. Müfəttiş həmin dillemmanı ortaya qoyur. Əgər Qoqolun bu gün Rusiyada xalq etirazlarında iştirak edənlərə nə isə öyrətmək imkanı varsa, ondan onun verdiyi dərs, sistemin başındakını dəyişmək deyil, onun özünü kökündən dəyişməyin vacibliyindən ibarətdir.


Ukrayna A. P. Çexovun “Albalı bağı” kimi.

Ukrayna dünyaya meydan oxumağa elə də can atmayan, nəhəng, sülhsevər ölkədir. Qonşularından fərqli olaraq onun nə fövqəldövlət kompleksi var, nə də nüvə silahı. Bununla o Birləşmiş Ştatlarla qonşuluqdakı Kanadanı xatırladır.

Rusiya - "Lenkom"da "Albalı bağı"nın məşqi, Moskva 12 iyun, 2009
Rusiya - "Lenkom"da "Albalı bağı"nın məşqi, Moskva 12 iyun, 2009

Əlbəttə ki indiki halda Ukraynanın postsovet dövlətçiliyi gerçək və dəyişdirilməz bir haldır. O, iyirmi illik müstəqilliyi dövründə iki dəfə Rusiyanın heç vaxt nail olmadığı bir şeyə nail oldu, müxalifət hakimiyyət başına keçdi.

Lakin bu sadə insanların maddi imkanlarında hiss edilən dəyişiklərə gətirib çıxarmadı.

Bu yaxınlarda “Pew Research Center” təşkilatının Rusiya, Ukrayna və Litva üzrə apardığı araşdırmada həyat səviyyəsiylə bağlı ən mənfi rəyləri ukraynalılar vermişdi.

Onların yarısından çoxu bildirir ki, Rusiyanı da ötüb keçən çoxpartiyalı demokratiya və bazar iqtisadiyyatına postsovet keçidini xoş qarşılamırlar.

Rəyi soruşulanların az qala dörddə üçü 1991-ci il dəyişikliklərindən sadə insanların “elə bir şey qazanmadığını”, ya da “tamamilə heç nə qazanmadığını”bildirib.

Burda rüşvətin yüksək səviyyəsi ən adi həyat həqiqətinə çevrilib. Həmçinin Ukrayna siyasəti cəsarətli vətəndaş aktivliyinin 2004-2005-ci illərdəki Narıncı inqilabına şahid oldu, burda xalq aşkar saxtalaşdırılan seçkilərin nəticəsini rədd etdi, nəticədə Viktor Yuşenko rəqibi Viktor Yanukoviç üzərində qələbəsini elan etdi, lakin Yuşenkonun prezidentliyi o qədər bərbad oldu ki, 2010-cu ildə heç nəyə baxmayaraq Yanukoviçi seçdilər.

Belə anlaşılır ki, alim Lili Şevçovoyun dediyi kimi, ölkə “keçiddə özünü itirdi”.

O, beynəlxalq səviyyədə Avropa ilə Rusiyanı birləşdirən dinamik körpü olmaq əvəzinə, hardasa ortalarda batıb qalmış “boz zonaya” çevrildi. Ukrayna ilişdi.

Bunlar məni gözəl yazar, həyati hadisələrin şairanə təsvirçisi Anton Çexovun üzərinə gətirib çıxarır. Çexov gerçəkdə faciəvi hadisə baş verməsə belə, onları faciəvi şəkildə təsvir etməyi istənilən müəllifdən daha yaxşı bacarırdı. Onun bir fikri çox məhşurdur: İnsanlar oturub sakitcə yeməklərini yeyərkən, ya xoşbəxtlikləri gerçəkləşir, ya da həyatları yerlə bir olur.

Onun personajlarının çoxu heyrətamiz, lakin bir yandan da taleyin hökmünə məhkum bir vərdişə sahibdirlər, dünya öz qayğıları ilə məşğul olarkən onlar dahiyanə fikirlər düşünürlər.

Bəlkə biz Yuşenkonun ifadə olunması çətin prezidentlik dövrünü Çexovun “Üç bacı” pyesinin olduqca cəlbedici qəhrəmanı podpolkovnik Verşininin timsalında anlaya bilərik.

O, pyes boyu xəyalpərəstliyini ortaya qoyaraq, iki yüz, üç yüz il sonra yer üzündə həyatın necə heyrətamiz gözəl və valehedici olacağını deyir, bununla belə o bilir ki, gələcək heç bir halda indiki zamana təsir etmək iqtidarında deyil.

Lakin məhz Çexovun “Albalı bağı” Ukrayna varlığının ziddiyyətini hamısından yaxşı ifadə edir. Hadisələr təxminən 1900-cu illərdə baş verir.

Cazibədar, lakin əlindən heç nə gəlməyən kübar qadın Lyubov Ranevskaya Parisdən Ukraynanın şərqindəki doğma yurduna qayıdır, məqsədi evini və onunla birlikdə məşhur albalı bağını satıb dağ boyda yığılmış borclarını ödəməkdir.

Həmin əsrin bütün sosial təbəqələri bu evin fonunda təsvir olunur: yeni, zəngin sahibkar, albalı bağını alıb qıracaq qədər çoxlu pulu olan təhkimçi oğlu Yermolay Lopaxin, “əbədi tələbə”, özünü “sevgidən də ali” bir varlıq adlandıran, inqilabpərəst gənc, rədd edilmiş, qonşu mülkədarın evində birləşmiş alman tərbiyəçiləri və ağalarını ələ salıb gülən ədəbsiz qulluqçular.

Onlar hamısı bu evdədirlər, elə bilirlər ki, bir-birləri ilə danışırlar, ancaq əslində bir-birlərini eşitmirlər. Biz bunu görürük, onlar isə bundan xəbərsizdir.

Tamaşa faciəvi zirvəyə doğru inkişaf edir. Mülkü hərraca qoyurlar və keçmiş təhkimçi oğlu Lopaxin təntənəli surətdə onu alır.

Axşam qonaqlığında o çağırdığı qaraçı musiqiçiləri ilə Ranevskayaya təskinlik verməyə çalışır: “Ah, kaş bütün bunlar tezcə ötüb keçəydi, bizim əzablı, bədbəxt həyatımız da bir yolla dəyişəydi”(inqilaba işarə vurur).

Lakin heç bir inqlab-filan yoxdur, sadəcə, yüngülvari qarışıqlıq yaranıb. Hamı sadəcə harasa çıxıb gedir, ya da Ranevskaya kimi geriyə - Parisə qayıdır. Onun tənbəl, kübar həyata düşkün qardaşı bankda işə düzəlir. Təkcə yaşlanmış, kar qulluqçu Firs tərk edilmiş evdə qalır, o da yanlışlıqla.

Miras, əldən verilmiş fürsətlər, yeni pulların gətirdiyi təntənə, bir tarixi dövrdən o birinə yarımçıq keçid, bu, 45 milyonluq əhalisi ilə, müasir Avropa dövləti Ukraynanın tarixidir.

Əslində o heç bir yönə doğru irəliləmir. “Albalı bağı”nın poetik qatının altında Ukraynanın həyati problemlərindən biri gizlənib, yeni alnıaçıq bir həyat arzulayan düşüncə adamları (onların vəziyyətində öz ölkələrinin taleyini Avropanın tərkibinə daxil olmaqda görən) əslində buna necə nail olacaqlarını bilmirlər.

Lakin, Çexov “Albalı bağı”nı komediya hesab edirdi. O,əzablarımızın çəkməklə bitməyəcəyini anlamağımızı istəyirdi. Ən azından bu gün Ukraynada baş verənlər, faciədən çox komediyanı andırır. Bəs, onun vətəndaşları nə vaxtsa ciddi-cəhdlə gələcəklərini müzakirə edə biləcəklərmi?


Gürcüstan F. M. Dostoyevskinin “Karamazov qardaşları” kimi

25 dekabr 1991-ci ildə Sovet İttifaqının müstəqillik qazanan 15 respublikasının hamısı, Rusiya özü də daxil olmaqla, ata qatili oldular, onlar azadlığa çıxmaq üçün rus atalarını öldürdülər.

Rusiyada Dostoyevskinin romanı əsasında "Karamazov qardaşları" tamaşası, 2011
Rusiyada Dostoyevskinin romanı əsasında "Karamazov qardaşları" tamaşası, 2011


Hər yerdə ayrılma müəyyən qədər ağrılı keçdi, ancaq heç yerdə bu ağrı Gürcüstandakı kimi şiddətli olmadı. Bu həmin ölkəydi ki, imperiya tərkibində olduğu dönəmlərdə, iki əsrdən çox müddət ərzində onun elit təbəqəsi ruslarla aristokratiya, pravoslav kilsəsi və bolşevik qardaşlığı vasitəsilə sıx əlaqələr qurmuşdu. XX əsrin 30 ili ərzində qəddar valideynin - ruslaşmış gürcü İosif Stalin olması məsələni bir az da qəlizləşdirmişdi.

1991-ci ildə Gürcüstan dağıdıcı millətçilik qığılcımları ilə sovet hakimiyyətinin axırına çıxaraq həm içindəki Rusiyanı, həm də özünün Stalin kompleksini öldürdü.

İlk addımlarını atdığı faciəvi illərində və vətəndaş müharibəsinin ağuşundaykən ölkə iki prezident dəyişdi.

Daha sonra 2003-cü ildə dünyanı bürüyən Qızılgül İnqilabları ərəfəsində cəmi 35 yaşı olan, ABŞ-da təhsil almış, vəkil Mixail Saakaşvili Gürcüstanda daha bir ata qətli törətdi, o, keçmiş himayədarı, gürcü veteran-lideri Eduard Şevardnadzeni süpürüb atdı.

Saakaşvili hakimiyyət başına gələn kimi elan etdi ki, o, Gürcüstanda böyük bir nəslin üstündən adlayıb keçəcək və ölkə hər şeyə “sıfırdan başlayacaq”.

Demək olar ki, bütün keçmiş bürokratiya öz qaydaları ilə birlikdə tarixdən silinib getdi. Hakimiyyət başına 20-30 yaşlı, xaricdə təhsil almış, yeni işçilərdən ibarət komanda gələrək, Avropasayağı hökümətlərini qurdular.

İndi isə gəlin Fyodr Dostoyevskinin sonuncu romanı olan “Karamazov qardaşları”na nəzər salaq.

Gürcüstanın ən yeni tarixində olduğu kimi Dostoyevskinin süjetləri də istər gerçək, istər xəyal məhsulu olaraq başdan-başa böhran və ifşalardan ibarətdir. Romantik, nikbin, həyat sevgisi ilə dolu, başı daim mübahisələrə qarışmış qəhrəmanların taleyi faciə və fəlsəfi düşüncələrlə işlənir. Bu gürcülər deyil, bəs kimdir!

Bu romanda tiran ata öldürülür və bunu üç oğuldan heç birisi etməsə belə, onların hər biri içində bəslədiyi “qocanın ölümünü görmək arzusu”nu biruzə verməməyə çalışmalıdır.

Dostoyevskinin ən maraqlı surəti, qeyri-adi dərəcədə ağıllı 24 yaşlı tələbə İvan Karamazovdur.

O, yer üzündə əzabların kökünü kəsmək kimi utopik bir nəzəriyyə ilə yaşayır və bunun həyata keçməsi üçün ağla gələcək ən son yolları belə gözə alıb.

Kitabın ən məşhur bölümündə İvan16-cı əsr Böyük İspan İnkivizotoru haqqında əfsanədən söz açır. Həmin İnkivizitor İsa Məsihi insanlığa verdiyi və insana ancaq bədbəxtlik bəxş edən“seçim azadlığı yükü”nə görə qınayır.

Bunun əvəzinə isə o öz təsəvvüründə kütlənin gözünü məqsədli mistifikasiya ilə bağlayıb öz maraqlarına uyğun idarə edən hakim təbəqəni canlandırır.

Böyük İnkivizitor Məsihə deyir: “Hər kəs xoşbəxt olacaq, milyonlarla insanın hamısı bir nəfər kimi, təkcə onları idarə edən bir neçə min adamdan başqa. Çünki, məhz biz, biz sirləri saxlayanlar, ancaq biz bədbəxt olacağıq”.

İvan bugünki gənc gürcü islahatçılarına çox bənzəyir: inadkar, qürurlu və filosofyanadırlar. Yeni gürcü düzənində o, Edmund Maski təqaüdi ilə Birləşmiş Ştatlarda təhsil ala bilər, nazir müavini vəzifəsində çalışar və aktiv bloqqerlik fəaliyyətini davam etdirərək, həftənin yeddi günü, günün iyirimi dörd saatı yeni elitanın korporativ dərgisi olan “Tabula”da köşələr yazardı.

Bir neçə ay əvvəl mənim belə bir gürcü ilə internet debatım oldu. O, oğul Corc Buşun hakimiyyəti dövründə ABŞ hökümətinin terrorda şübhəli bilinənlərə qarşı “sərt dindirmə metodları”ndan istifadə etməsini dəstəkləyir, mənsə bunu “işgəncə” adlandırırdım.

Ona İvan Karamazovu çox xatırlatdığını yazanda, cavab verdi ki: “Mən hərbi strategiya və taktika məsələlərində məsləhət üçün Dostoyevskiyə üz tutmazdım. Fərdi əxlaqa istinad etmək - əxlaqi cəhətdən bağışlanmaz, fəlakətli nəticələrə gətirib çıxara bilər”. Mənim fikrimcə bu, İvan Karamazova xas ideal cavabdır!

Əlbəttə, yeni gürcü nəsli ölkə tarixindən silinməyəcək, təsirli işlər gördülər. Bir çox tərəfdən Gürcüstan 2004-cü ildən sonra formalaşmağa başladı. Vergi və gömrük sistemində islahatlar keçirildi, dövlət qulluğu müasirləşdirildi, yeni şəhərlər və nəqliyyat sisteminin qurulması nəzərdə tutulur.

Lakin, bütün bunlar müəyyən qurbanlar hesabına başa gəldi. Yeni elita iddialı və gözlənilməz addımlar atacaq kimi qəbul edildi, bu səbəbdən o 2008-ci ilin yayında özünü Rusiya ilə müharibəyə saldı.

Neçə nəsillər boyu Gürcüstanı iflic vəziyyətinə salmış rüşvət, tamamilə yatırıldı, amma bu işdə hamının gözünü qorxutmuş və göründüyü kimi heç kim qarşısında cavab verməyən polisdən istifadə etdilər.

Wikileaks-də dərc olunan ABŞ Dövlət Depertamentinin diplomatik yazışmalarına görə gürcü elitasının ən parlaq siması Qiqa Bokeriya 2008-ci ildə Tbilisidə ABŞ səfiri ilə söhbətdə deyir: Gürcüstan prezidenti “hesab edir ki, o, Gürcüstanda dönməz demokratik dəyişikliklərin saxlanması ilə bağlı müxalifəti razı salmağa yetəcək qədər var-dövlət sahibi deyil” və əgər müxalifət seçkilərdə üstünlük qazansa, “islahatlar dayanacaq”. Bu “əvvəl islahatlar, sonra demokratiya” (bundan əlavə o, “məqsəd vasitələrə haqq qazandırır” kimi də ifadə olunur) ideyası əslində XX əsr bolşevizminin sərhədlərindən kənara çıxır və XIX əsrin ortalarındakı radikal rus mütəfəkkirlərinə aparıb çıxarır.

Dostoyevski bunun necə təhlükəli olduğunu izah edir. Onun romanında İvan Karamazovun rasional Utopiyaya dördəlli sarılması və atasının ölümü ilə bağlı həyəcanlar keçirməsi, sonda əsəb pozğunluğuna gətirib çıxaran qarabasmalara səbəb olur. Gürcü hakimiyyəti özünəməxsus formada bənzər vəziyyətə düşüb. Lakin artıq xəbərdar olunub.

Çeviri: Namiq Hüseynli

Nəşrin orijinalı: How Gogol Explains the Post-Soviet World

Dərc edilmişdir: 10/03/2012 22:50
XS
SM
MD
LG