Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:09

Gözəgörünməz müşahidəçi Pol Boulz. Onu tanıyırsınızmı?


Mərakeş - Paul Bowles
Mərakeş - Paul Bowles
-

O, həşiş çəkən mərakeşlilərin danışdığı rəvayətləri yazıya alan ilk avropalıdır...


Dimitri Volçek


(Çeviri: Namiq Hüseynli)


GÖZƏGÖRÜNMƏZ MÜŞAHİDƏÇİ POL BOULZ


XX əsrin ən görkəmli amerikan yazıçılarından biri Pol Boulz (Paul Bowles) 1999-cu il noyabrın 18-də dünyasını dəyişib.

Həmin il noyabrın 21-i isə Nyu-Yorkda 99-cu ilin “Emmi” mükafatının təqdimetmə mərasimi baş tutmuşdu.

Mükafatın laureatlarından biri Boulz haqqında, onun dostu Cennifer Beyçvol tərəfindən çəkilmiş film olmuşdu.

Ceniffer onun haqqında deyir: Boulz özündə XX əsri təcəssüm etdirmişdir və 2000-ci ilə adlamaq onun üçün tamamilə mənasız gələcəkdi.

“Gözəgörünməz müşahidəçi” - Kristofer Soyer-Luçanonun Pol Boulz haqqında yazıdığı kitabın adıdır.

O bir qədər iddialı görünsə də, müəllifin Boulzun uşaqlığındakı psixoloji travmaları haqqında təsbitləri tam olaraq özünü doğruldur.

Uşaqlığında rəhmsiz despot, hətta sadist olan atasının onunla davranışları eskapizmə (şəxsiyyətin reallıqdan çıxıb illuziya və fantaziya dünyasına meyl etməsi) xas cəhət kimi onun şəxsiyyətində “gözəgörünməz müşahidəçi” mövqeyini müəyyən etmişdi.

Soyer-Luçano Boulzun “Donmuş sahə” hekayəsini (balaca oğlan canavarın gəlib atasını parçalamağını arzulayır) avtobioqrafik hesab edir.

Boulz həmişə, atasının təbirincə, “artistlik” peşələrindən olan bəstəkarlığı seçdiyinə görə vicdan əzabı keçirirdi.

Ancaq Boulzun özü olmasa da, tələbəsi Aron Kolland musiqidə görünməmiş uğurlar qazandı.

Boulzun ilk qələm təcrübəsi sürrealizmə əsaslanan “avtomatik şeirlər” idi.

Gertruda Stayn ona demişdi ki, ondan şair olmayacaq və Boulz onunla razılaşmışdı.

Mərakeş - Paul Bowles, Tanjer, 02 sentyabr 1993
Mərakeş - Paul Bowles, Tanjer, 02 sentyabr 1993
Pol Boulzun 60 yaşlarında, Mərakeşə gedib çıxmasının hekayəti də Gertruda Staynın adı ilə bağlıdır.

Yazıçının özünün dediyinə görə, bir dəfə Stayn amiranə tərzdə ona demişdi: “Siz Tanjerə getməlisiniz”.

O heç bu şəhərin harada yerləşdiyini də bilmirdi, amma itaət edib, dinməz-söyləməz əmri yerinə yetirmək üçün ora yollanmağa qərar vermişdi.

O, 16 il ərzində peşəcə yazıçı olan arvadı Ceyn Boulzla birlikdə Hindistana, Meksikaya, Fransaya səyahət edir. Sonda isə Mərakeşə qayıdıb Tanjer şəhərində məskunlaşır.

Boulz yazırdı: “Turistin səyyahdan fərqi ondadır ki, tursit hara isə gəlib çatan kimi çemodanlarını yığıb səbirsizliklə evə dönməyi gözləyir. Böyük səyyah isə yeni bir yerə gəlib çıxanda nəzərlərini daha da uzaqlara yönəldir. Böyük səyyah üçün bitiş nöqtəsi yoxdur”.

Deyilənə görə, əvvəlcə Boulz sənətkar statusunun çox yüksək olduğu Fransada məskunlaşmaq istəyirmiş.

Ancaq son nəticədə heç kim üçün önəmi olmayan Mərakeşə gəlib çıxır.

Ölümündən bir neçə gün öncə, yazıçını görməyə gedən qadın pərəstişkarlarından biri danışır ki, onu gətirən ərəb taksi sürücüsü heyrət içərisində ondan amerikalı qadının belə kasıb məhəlləyə nə üçün gəldiyini soruşubmuş.

Boulzun həmişə əlinə yaxşı yaşamaq üçün pul gəlməsinə baxmayaraq, o heç vaxt varlı olmayıb.

Axı, Mərakeşdə yaşamaq çox ucuz başa gəlir. Ancaq, o, müstəmləkə dövrünün davamçıları olan avropalılar və amerikalılar kimi yerli kasıb həyatın fonunda öz zənginliyini gözə soxmaq istəmirdi. Əksinə peyzaja qarışmaq, onun bir parçasına çevrilmək istəyirdi.

Tanjer heyrətamiz şəhərdir. Burada həm Avropa, həm müsəlman, həm də Afrika mədəniyyətinə rast gəlmək mümkündür.

Belə bir xaos şəraitində şəxsiyyətin əsas cəhətlərini qoruyub saxlamaq mümkün deyil, ancaq şəxsiyyəti boğmaq, dəyişikliklərə açıq saxlamaq lazımdır.

Lap başından bəri anonimlik, qəriblik Boulzun çox xoşuna gəlirdi. Cenifer Beyçvolun fikrincə isə, onun Mərakeşi seçməyinin daha bir səbəbi vardı:

“O, Mərakeşə gələndə, orada tamamilə primitiv, maşınsız, telefonsuz və qərb cəmiyyətinin bütün “tələlərindən” azad bir həyat mövcud idi. Bu onun xoşuna gəlmişdi. Fikrimcə, sivilizasiyadan qaçmaq ideyası onun xoşuna gəlirdi. O, kütləvi amerikan mədəniyyətini qətiyyətlə rədd edirdi. Uğur haqqında təsəvvürlər, maddiyyətçilik, şöhrətpərəstlik onu heç cəlb etmirdi. Həmçinin fikrimcə Mərakeş 30-40-cı illərdəki kimi saxlanılsaydı, o bundan olduqca xoşbəxt olardı. O məhz həmin illərdə buraya gəlmiş və zamanın içində qeyb olmuş bir cəmiyyətlə qarşılaşmışdı... O, Gertruda Stayn, Truman Kapote, Tenessi Uilyams, Qor Vidal kimi yazıçılarla eyni nəslə mənsub idi, həmçinin daha sonralar yaşamış “bitnik” yazıçılar Ginzberq, Berrouz, Kerauk da onlarla eyni ənənəni daşıyırdı. Adları sadalananlar hamısı zaman-zaman Mərakeşə gəlmişlər və Boulz onlar üçün bir növ xaç atası rolunu oynamışdır”.

Onun nəyə görə yaşamaq üçün Hindistanı, yaxud da İstanbulu deyil, Mərakeşi seçməsi hələ də sirr olaraq qalır. Əlbəttə, burada Məğribin mistika ilə dolu həyatının da rolu var, bura elə yerdir ki, daim arxanca bir kölgənin gəzişdiyini hiss edirsən. Uilyam Berrouz
ABŞ - Paul Bowles
ABŞ - Paul Bowles
həyatının son illərində gündəliyində Boulz haqqında yazırdı: “Polun ətrafında heç bir foto lentinə özünü göstərməyən nəhs bir zülmət hökm sürürdü. O elə bir həyat, elə bir yaşayış yeri axtarırdı ki, daxilindəki zülmətlə xaricindəki zülməti bir-biri ilə tarazlaşdıra bilsin”.

Hər halda, ərəbcə gözəl bilən Boulzun kənar müşahidəçi mövqeyi onun əcnəbilər üçün tamamilə bağlı olan bir mühitdə yaşamasına imkan verirdi.

O, həşiş çəkən mərakeşlilərin danışdığı rəvayətləri yazıya alan ilk avropalıdır. Belə məclislər haqda “həzzin tarixi” adlandırılan qədim Mərakeş ayinində danışılırdı.

Qəlyanlarla təchiz olunmuş adamlar kafeyə yığışıb həşişin yaratdığı trans vəziyyətində gözlərinə görünənləri danışırdılar.

“Həyətdə yüz dəvə” adlı toplusunun ön sözündə Boulz Mərakeş şifahi ədəbiyyatı haqqında yazır: “Həşiş çəkənlər iki dünya haqqında danışırlar, onlardan biri təbiətin dəyişilməz qanunlarına tabedirsə, o birisi insanın öz gerçəkliyini aşkarlamasından doğur. Tiryək fiziki aləmin mahiyyətini elə dəyişdirir ki, o, tamamilə tiryəkçəkənin istəklərinə uyğun qurulsun”.

60-cı illərdə, Boulz gerçəkliyin ikiləşməsi prinsipini tədqiq edərək dörd hekayədən ibarət silsilə yazmağa başladı.

Bu hekayələrdə süjet xətii qarşılıqlı ziddiyyət təşkil edən elementlərdən ibarətdir. Surətlər bir-biri ilə səsləşmir, vahid süjet xətti yoxdur. O, sadəcə mərakeşlilərin narkotik eyforiyasında danışdıqları rəvayətləri mozaik şəkildə birləşdirmişdi.

Boulzun ərəb aləmində riskli folkloristik tədqiqatları əsasında ortaya çıxan “Uzaq təsadüf” hekayəsi də onun bütün əsərlərindəki kimi qaranlıq ironiya ilə işlənilib.

Bu hekayə Mərakeşdə ərəb dialektlərini öyrənən amerikalı linqvistika professorundan bəhs edir.

Sadəlövh professor qul alverçisinə əsir düşür və alverçi onu yarmarkalarda xalqı əyləndirmək üçün istifadə edir.

Xalqı əyləndirən professor, insan sifətindən çıxır, hürür, tullanıb-düşür, iyrənc bir məxluqa çevrilir.

Ola bilsin, bu hekayə yazıçının özünün dərinliyində olan “sivil dünyadan” qaçmaq istəyinə tutulmuş güzgü effekti, taleyin metaforasıdır.

Axı, onun bütün dostları, alim mənsəbində olan adamlar – Ginzberq, Keruak, hətta Berrouz da, heç olmasa səslərini eşitdirmək üçün hürməli, tullanıb-düşməli və iyrənc məxluqlara çevrilməliydilər.

Bu mütəmadi ikiləşmə Boulzun sosial əhatəsinə, Tanjerdəki ədəbi çevrəsinə də təsirsiz ötüşmürdü. Məsəlçün Mərakeş yazıçısı Ömər Munir deyirdi ki, Boulz ilk növbədə amerikalı olduğu üçün məşhurlaşdı, o, ərəb olsaydı, heç kim tərəfindən tanınmayacaqdı.

Mərakeş - Paul Bowles, Tanjer, 1993
Mərakeş - Paul Bowles, Tanjer, 1993
Lakin o daha sonra əlavə edir: “Boulz bizi Mərakeşin şifahi xalq ədəbiyyatı ilə tanış etdi, halbuki bunu heç bir Mərakeş yazıçısı etməmişdi. Onun Tanjerdə yaşaması şəhərin tanınması və Mərakeşə turist cəlb edilməsi baxımından çox böyük rol oynadı. Onun dünyasını dəyişməsi biz Mərakeş yazıçıları üçün böyük itki oldu, biz həmişə bütün mərakeşlilər, Mərakeş intiligensiyası, xüsusilə tanjerlilər olaraq onu xatırlayacağıq. O bizdən birisi idi, əsl tanjerliydi, onun burada çoxlu sayda dostları vardı, məsəlçün Məhəmməd Şükrü ilə onlar ayrılmaz dostlar idilər. Bir çox Mərakeş yazıçısı məxsusən onunla görüşmək üçün Tanjerə gəlirdilər. Fikrimcə, o axırıncı böyük səyyah-yazıçılardan birisi idi”.

Ömər Munirin dediklərini Bernardo Bertaluççi də təsdiqləyirdi: “Pol böyük səyyah idi. Onun kitablarının ən mühüm cəhəti, məsəlçün elə “Səmanın himayəsi altında” romanında daima hərəkət etmək ehtiyacı, səyahət təşnəsi əsas xətt kimi əks olunur. Burada başlıca olaraq iki motiv var: bir tərfdən insanın öz içində sevmədiklərindən bacardıqca uzaqlara getmək istəyi, digər tərəfdən yeni torpaqlar kəşf etmək ehtirası”.

Sənətşünas Viktor Tupikin tədqiqatlarının birində psixoanalitik əsası olan maraqlı bir hipotez irəli sürmüşdür ki, səyahət ehtirası ölümdən qaçmaq cəhdi ilə bağlıdır. Ölüm evə gəlir, ev sahibini tapa bilmir, o, harasa gedib, onun yeri məlum deyil.

Tənqidçilər tez-tez Boulzun “Zərif qənimət” hekayəsindən bəhs edirlər, burada baş qəhrəman olan ərəb oğlanın axtalanması və zorlanması səhnəsi hissiyyatlı oxucuları dəhşətə salır.

Boulzun bioqrafiyasını yazan Kristofer Soyer-Luçano vurğulayırdı ki, bu hekayə Boulzun bütün yazılarında olduğu kimi, zorakılıq mövzusunun qabardılması ilə fərqlənir, hətta lirik təhkiyə qaydalarına belə uymur.

Soyer-Luçano Boulz və L. F. Selini müqaisə edir, onların hər ikisini insanlığa qərəzli, ikrah dolu, yad münasibət birləşdirir. Lakin Selini romantik hesab etsək, onda Boulzu ancaq fotoqraf saya bilərik.

Boulzun qəhrəmanlarının davranış motivləri nə onların özlərinə, nə də oxuculara aydın deyil.

Haqlı olaraq onu yeganə amerikan ekzisentialisti hesab edirlər. Boulz deyirdi ki, “Səmanın himayəsi altında” romanında dörd baş qəhrəman var, onlardan üçü insan, dördüncüsü isə səhradır. Həm də, səhra sonda qələbə çalan baş qəhrəmandır. Burda insan özündən kənara çıxıb, peyzaja qarışır.

Yeri gəlmişkən Boulz həqiqətən də fotoqraf idi, təkcə simvolik mənada deyil, hərfi mənada da onun fotoqrafiya ilə dərin bağları vardı. Onun Mərakeş fotolarından ibarət bir neçə albomu dərc olunmuşdu.

Boulzun təkcə ədəbi tərzi deyil, həyatı da qəribə, izaholunmaz, anlaşılmaz məqamlarla dolu idi. O, alovlu üsyançı idi, ancaq onun üsyanı hər cür sosiallığı məhv etməklə hüdudlanırdı, bu, xalis inzivaya çəkilmə idi.

Cenifer Beyçvol xatırlayır: “O, Amerikanı ona görə rədd etməmişdi ki, Heminquey kimi ekspatriant (ölkəsini könüllü tərk etmiş adam – N.H.) obrazı yaradıb, sərhəddən kənarda da amerikalı olaraq qalsın və hər dəfə vətəninə qayıdaraq başına gələn macəraları yazsın. Boulz bilərəkdən kölgələrə qarışmışdı. O, musiqini özü öyrənmiş və gözəl bəstəkar kimi tanınmışdı. O, uğrurlu musiqiçi karyerası qura bilərdi, lakin yazıçı olmağı seçmişdi. Onun yazıçı karyerası da çox uğurlu idi. Lakin, onun içindən yazmaq gəlməyəndə yazmırdı. Məlum olur ki, onun ədəbiyyatda hansısa hədəfə çatmaq istəyi də yox idi, bu mənim xoşuma gəlir, çünki bu “amerikan idealı” adlanan şeyə tamamilə ziddir. Şəxsi həyatında da onu üsyankar hesab etmək olar. Onun Ceyn Boulzla nigahı böyük ədəbi ittifaqlardan biridir. Onlar tanış olanda Ceyn lezbiyan idi, Pol isə ən azından biseksuallığa meyilli idi. Onların ümumi seksual həyatları olmasa da, axıra kimi ayrılmadan, bir-birlərinə qarşı vəfalı qaldılar. O sonuncu gününə qədər Ceynin qeydinə qaldı və Ceyn ölümdən qabaq ağrılar keçirərkən Boulz onu bir an belə tək buraxmadı. Onların birliyi tamamilə üsyankar, ağlagəlməz, təkrarsız bir münasibət idi. O, böyük miqyaslı yenilikçi idi və buna olduqca təvazökar yanaşırdı ki, bəzən öz nailiyyətlərini ələ də sala bilirdi. Məncə bu çox gözəl cəhətdir”...

Dünyada Boulzu hər şeydən əvvəl Bernardo Bertaluççinin “Səmanın himayəsi altında” romanı əsasına ekranlaşdırdığı “Yarılmış səma” – filminə görə tanıyırlar.

Bertaluççi özü onun haqqında deyirdi: “Təəssüf ki, geniş kütlələr adətən qavranılması xüsusilə çətin olan və buna görə də ən yaxşı hesab edilən böyük yazıçıları gec tanıyır. Mənim filmimdən sonra Boulzun kitabları təkcə İtaliyada deyil, bütün dünyada bestsellerə çevrildi. Ola bilsin, geniş kütlələr Boulzu filmin sayəsində kəşf etdi, lakin bu heç də onun böyük yazıçı olmadığını göstərməz. Publikanın qarşısında uğur qazanmaq heç vaxt böyüklüyün göstəricisi ola bilməz”...

“Yarılmış səma” filminin treyleri
XS
SM
MD
LG