Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Güntay Gəncalpla professor Əliyar Səfərlinin "Nəsimi debatı"


Əliyar Səfərli və Şahnaz Bəylərqızı
Əliyar Səfərli və Şahnaz Bəylərqızı

-

"OxuZalı"nda ən çox müzakirə edilən


Güntay Gəncalp:

“Nəsiminin düşüncələri ilə farslaşarıq, Füzuli yolu ilə getməliyik”

Əliyar Səfərli:

"Nəsiminin başdan başa dili, üslubu, düşüncəsi, əqidəsi, məfkurəsi türklüklə bağlıdır".



Məşhur Azərbaycan şairi İmadəddin Nəsimi və onun mənsub olduğu hürufilik təriqəti haqda bilgilərimiz nə dərəcədə doğrudur? Sovet ideologiyası onun da mahiyyətini təhrif etməyib ki?

“Pen klub”da orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə tanınmış mütəxəssis, professor Əliyar Səfərli və İran Azərbaycanından olan yazar Güntay Gəncalp (telefonla) bu haqda danışdılar.

Şahnaz Bəylərqızı:

- Güntay Gəncalp "Oxu zalı"nda çap edilən məqaləsində yazır ki, “hürufilik sırf bir Fars milliyətçiliyi məfkurəsidir. Onun təsisçisi Fəzl də açıq-aydın bir Fars milliyyətçisi olmuşdur”. Əliyar bəy, sizcə, hürufilik nəyə xidmət edirdi?

HÜRUFİLİK TƏRİQƏTDİR, YA DİN?

Əliyar Səfərli:

- Hürufiliyin vətəni Azərbaycan, onun yaradıcısı Fəzlullah Nəimidir. Nəimi təbrizlidir. Fəzlullah Nəsimi ilə tanış olandan sonra onların qardaşlığı, birliyi, həmfikirliyi özünü göstərdi, Nəsimi başladı şeirlərində hürufiliyi təbliğ etməyə. Hürufilik təriqətdir, onun əsasında materialist cəhətlər də var. Hürufilik insan idealını göylərə yüksəldib. İnsanla Allahı eyniləşdirib, bu təriqətə görə, insan ədalətli olmalıdır, təvazökar olmalıdır, sözündə, işində saflıq olmalıdır. Nəsimi sufiliklə bağlı da şeirlər yazıb. Ancaq o hər zaman “ənəlhəq” fikrinə tərəfdar olub. Yəni “mən Allaham, mən yüksəkdəyəm, ucadayam” deyib. Həllac Mənsurun da “Həqq məndədir” fikrini təbliğ edib və şeirlərinə gətirib. Nəsimi ölənə qədər də hürufiliyi təbliğ edib. (Ardı aşağıda)

VİDEOYAZISINI İZLƏ


Güntay Gəncalp:

- Hürufilik professorun söylədiyi kimi təriqət deyil. Təriqət və məzhəb bəşəri icaddır, ağlın məhsuludur. Hürufilik isə Nəiminin dediklərinə görə bir dindir. O kitabında yazır ki, bunları mən demirəm, Allah deyir. Nəimi 30 il gördüyü yuxuları qələm alıb, bunun nəticəsində bir kitab yaranıb. Həzrəti Məhəmməd də söyləmişdir ki, yuxu vəyhin 40 yolundan biridir. Ona görə, hürufilik bir təriqət, məzhəb deyil. Professorun söylədiyi “hürufilik təriqətdir” düşüncəsi hürufi mətnlərinə söykənərkən doğru görünməməkdədir. Burda Nəsiminin türk dilində yazdığı və ya türkcəni necə istifadə etməsi mövzu deyil. Söhbətin mövzusu Nəsiminin ideyasıdır, onun inkişafıdır. Fəzlullah Nəimidən öncə bu ideya hansı tarixi yolu keçib, bunu incələməsək onu anlaya bilmərik.

Şahnaz B:

- Güntay bəy, nəyə əsaslanıb deyirsiz ki, hürufilik fars ideologiyasına xidmət edib?

Güntay G:

- Hürufiliyin, Nəiminin Azərbaycana bağlılığı yoxdur. Nəimi Astarabadda dünyaya gəlib. Gördüyü yuxularını da Astarabad ləhcəsində yazıb. Türk şairləri farsca şeirlərini ədəbi fars dilində yazardılar. Bir türkün fars ləhcələrindən birində yazması mümkünsüz idi. O üzdən də Nəimi farsdır. Nəimi Hərbədəran düşüncəsindən təsirlənib. Bu düşüncə də İsmailiyyə hərəkatına dayanırdı. İsmailiyyə fars milliyyətçiliyindən bəhrələnib. Yəni onlar fars milli dinini yaratmaq istəyiblər.

Güntay Gəncalp
Güntay Gəncalp



“MƏNİM NƏSİMİNİN ŞƏXSİYYƏTİ İLƏ İŞİM YOXDUR”

Şahnaz B:

- Nəsiminin bu məsələyə bağlılığı nədir?

Güntay G:

- Nəsiminin “Məndə sığar iki cahan” şeirinə götürək. O “iki cahan” yox, “ikən cahan” deməkdir. Çünki iki cahan yoxdur. Mənim Nəsiminin şəxsiyyəti ilə işim yoxdur. Mənim problemim Azərbaycan türklüyünün türk dünyasından ayıran və onu fars milliyyətçiliyinə yaxınlaşdıran hürufilik ideolojisini tənqid etməkdir. Burda Nəsiminin də rolu olub, onlar islama şəkk gətiriblər, insan Allah ola bilməz.

“NƏSİMİNİN DİLİ, ÜSLUBU, DÜŞÜNCƏSİ TÜRKLÜKLƏ BAĞLIDIR”

Əliyar S:

- Güntay bəy, səni təbrik edirəm. Çox ciddi mövzuya toxunmusan, müxtəlif qaynaqları araşdırırsan, bunu mən yüksək qiymətləndirirəm. Amma bu dediklərin yanlışdır. Deyirsən ki, bunlar Nəsimi şeirləri deyil. Nəsiminin başdan başa dili, üslubu, düşüncəsi, əqidəsi, məfkurəsi türklüklə bağlıdır. Onun “Məndə sığar iki cahan” şeirindən danışarkən deyirsən ki, “ikən cahan”dan söhbət gedir. Bu tamam yanlışdır. Hürufilik şeiri, eləcə də bu şeirin hər bəndi təzadlar üzərində qurulub. Bu da təsadüfi deyil, Nəsimi “zənnü-güman”, “kövn məkan”, “cismü can”, “ərşü-farş” deyir. Axırda isə bunları ümumiləşdirir, insanı yüksəldir. Və yaxud da Nəsimiyə görə, insan Allahdır. Nəimiyə gələk. Ərəb mənbələri onun təbrizli olduğunu yazırlar.

Əliyar Səfərli
Əliyar Səfərli



“NƏSİMİ ŞEİRLƏRİNDƏ “CƏHR VƏ CAMƏ” ELMİ VAR"

Güntay G:

- Nəsimi şeirlərində “Cəhr və camə” elmi var. Bu haqda Azərbaycanda bilgi yoxdur. Hürufilər “Quran”a inanmırdılar. Onlar deyirdilər li, həzrəti Məhəmməd inək dərisi üzərinə kitab yazıb, gerçək “Quran” da odur. Guya peyğəmbər bunu verib həzrəti Əliyə, o da verib oğluna, ondan Hüseynə, Hüseyndən də həzrəti Mehdiyə çatıb. On ikinci imam da həmin kitabla düşüb quyuya yox olub. Hərdənbir kiminsə yuxusuna girir. Nəsimi də seyid olduğunu deyirdi və söyləyirdi ki, bu haqda bilgiləri yuxularından alır. Həzrəti Məhəmmədin həzrəti Əliyə “Cəhr” adında kitab verməsi fars milliyyətçiliyi ilə bağlıdır. Bunların İslamla ilgisi yoxdur. Eləcə də Nəsiminin İslamla ilgisi yox idi. Onlar yeni din icad etmişdilər. Fəzl necə Allah ola bilərdi? Necə həzrəti Əlidən imdad istəyə bilərdi? İslamda yardım, imdad yalnız Allahdan istənir, insandan deyil. Həzrəti Əli də Allahın qulu idi. Ancaq Nəsimi deyir: “Eşq əlindən yandı canım, ya Əli, səndən mədəd. Mən qəribi-binəvayəm, ya Əli, səndən mədəd. Sən dərdimə, lütf və kərəmdən bir çarə qıl, şah sənsən, mən gədayam, ya Əli, səndən mədəd”. Bu küfrdür. Bu, İslama şərik qoşmaqdır. Seçilmiş də olsalar Məhəmməd də, Əli də Allahın qullarıdır. Onlardan yardım istəmək olmaz, heç bir dində belə şey yoxdur. Bu hürufizm dinidir. Bu, türk millətinin bilincini Sasaniliyə, fars milliyyətçiliyinə sövq etməkdədir. Bu, islama və insana qarşıdır. Nəsiminin dərisinin soyulması yanlış işdir. Ancaq onun dərisinin soyulması o demək deyil ki, dediyi yanlış fikirlərə haqq qazandıraq. Həzrəti Məhəmməddən imdad istənməzkən bunlar deyir ki, peyğəmbər xəta yapar, imam yapmaz. Niyə? Çünki İmam Sasani soyundandır.

Şahnaz B:

- Hər kəs inancında azaddır, nəyə, kimə istəyər inanar. O baxımdan Nəsiminin inancını qırağa qoyaq. Nəsiminin şair kimi Azərbaycan ədəbiyyatında roluna necə baxırsız?

Güntay G:

- Nəsimi şair kimi Azərbaycan ədəbiyyatının zirvəsidir. Ancaq onun düşüncələri yanlışdır. Onun düşüncələri ilə biz farslaşarıq. Biz Füzuli yolunu getməlyik.

Əliyar S:

- Bunlar həddən artıq mübahisəli məsələlərdir. O Fəzlullah Nəimi kimdir, hansı ideyalara məxsusdur, onu başa düşmür. Nəsimi hürufidir. Hürufilik Azərbaycanda əmələ gəlib. Onun ustadı da, xocası da Nəimidir, onu təbliğ edən Nəsimidir. Və o böyük şəxsiyyətdir. Onun şeirləri və ideyaları haqda düşünmək lazımdır...

BU, PROQRAMDA DEYİLƏNLƏRİN AZ BİR HİSSƏSİ İDİ, DEBATA TAM ŞƏKİLDƏ YUXARIDA BAX VƏ YA QULAQ AS

Proqramın aparıcısı Şahnaz Bəylərqızı, prodüsseri Cavid Zeynallı və Əliyar Səfərli proqramdan sonra
Proqramın aparıcısı Şahnaz Bəylərqızı, prodüsseri Cavid Zeynallı və Əliyar Səfərli proqramdan sonra

XS
SM
MD
LG