Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:08

Qəzalı evi kim təmir etməlidir? [Video]


Astarada müəllimin qəzalı evi
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Astarada müəllimin qəzalı evi

-
Vətəndaşın evi qəzalıdırsa, onu kim təmir etməlidir? Astaranın Ovala kənd məktəbinin rus dili müəllimi Qafur Baxşıyev 14 ildir bu suala cavab axtardığını deyir.

ZƏLZƏLƏ VƏ YAĞIŞLAR

O, çox yerə müraciət edib, prezidentdən tutmuş deputatlara qədər. 6 nəfərlik ailəsini qəzalı vəziyyətdən qurtarmaq üçün yardım istəyib. Hələ ki müraciətləri cavabsız qalıb.

Dediyinə görə, bir neçə dəfə rayon icra hakimiyyətindən evlərinə baxış keçirilsə də, real iş görülməyib, 300 manata yaxın müəllim maaşı ilə bu yükün altına girmək mümkünsüz olub. 4 il əvvəl təməlini qoyduğu yeni ev də təməldən yuxarı qalxmayıb. Qafur Baxşıyev bir neçə gün əvvəl qəzalı vəziyyətdə olan evinin videogörüntüsünü AzadlıqRadiosunun «Simsiz teleqraf»ına göndərib:

«1998-ci ildə cənub bölgəsində zəlzələ oldu, evimiz qəzalı vəziyyətə düşdü. Baxan da olmadı. Ondan sonra evdə çatlar günbəgün artmağa başladı. Tez-tez yağan yağışlar evi lap qəzalı vəziyyətə salıb. Vallah, dərs də deyə bilmirəm. Fikrim qalır evdə ki, birdən ev uçar, uşaqlar qalar uçqun altında...».

18 MÜƏLLİM BİRİNİN EVİNİ TİKƏ BİLƏCƏKMİ?

Gec də olsa Qafur Baxşıyevin müəllim yoldaşları ona yardım etmək qərarına gəlib. Ovala kənd məktəbinin direktoru Etibar Baxşıyev deyir ki, 18 müəllimin yığdığı pulla Qafur Baxşıyevə bir maşın daş almaq istəyirlər:

«İndi yağışlar bir az kəsilsin, 1000 dənə daş alıb gətirəcəyik. Sonra da baxacağıq, görək usta pulu nə qədərdir, ona da yardım edək. Bir də çalışacağıq hökumətə, təhsil şöbəsinə müraciət edib ona yardıma nail olaq, bu müəllimin evi olsun».

Məktəb direktoru məsələnin belə uzanmasının bir günahını da Qafur Baxşıyevdə görür. Hesab edir ki, aidiyyəti qurumlara vaxtında müraciət etsəydi, bəlkə də vəziyyət indiki həddə gəlib çatmazdı.

Qafur Baxşıyev əksini düşünür. Deyir, bəlkə də evinin indiyə qədər təmir olunmaması çoxsaylı dövlət qurumlarına müraciət və şikayətləri ilə bağlıdır.

«EVİ VƏTƏNDAŞ ÖZÜ TİKİBSƏ...»

Astara rayon İcra Hakimiyyətində Qafur Baxşıyevin evindən xəbərsizdirlər. Rayon icra başçısının 1-ci müavini Allahverən Mahmudov məsələni araşdıracaqlarını bildirir. Deyir, qəzalı evlər sığortalıdırsa, bu yükün ağırlığı da həmin sığorta şirkətinin üzərinə düşür. Əks halda, hər kəs problemini özü həll etməlidir:
Nüsrət İbrahimov
Nüsrət İbrahimov

«Hazırda bizdə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 4 evin yerində yeniləri tikilir. Mən bu vətəndaşın problemindən xəbərsizəm. Biz bu məsələni araşdıracağıq. Fərdi yaşayış evini vətəndaş özü tikibsə, tikinti normalarına müəyyən qədər əməl etməyibsə, onda meydana çıxan problemləri də özü həll etməlidir. Bu gün hamı üçün ev tikməyə vəsaitimiz yoxdur. Hər hansı fəlakət baş verirsə, dövlət yeni tikinti layihələri həyata keçirir».

«MƏNZİL ÖZƏLLƏŞDİRİLMƏYİBSƏ...»

Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov məsələnin qanunvericilik tərəfini şərh edir. O, sığortalanmış evlərlə bağlı icra hakimiyyəti rəsmisinin fikirlərini bölüşür. Amma fərdi evlərin özəlləşdirilməsi məsələsini qabardır:

«Vətəndaş mənzili özəlləşdirməyibsə, yəni dövlət və ya bələdiyyə mülkiyyətindədirsə, qəzalı vəziyyətə düşən evi ilə əlaqədar icra strukturlarına müraciət etməlidir».

Qafur Baxşıyev deyir ki, evini nə özəlləşdirib, nə də sığortalayıb. İndiyə qədər müraciətlərinə cavab ala bilməsə də, ümidini üzmür. Tezliklə qəzalı evdə yaşamaq səksəkəsindən qurtulacağına inanır.
XS
SM
MD
LG