Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

Azərbaycan korrupsiyasının fəqərə sütunu - «Proxy»lər


Foto: Arxiv
Foto: Arxiv

-
«Filan «Facebook» hesabı «proxy»dir». («proksi» kimi deyilir). «Filankəsin ən azı 5 «proxy» hesabı var..». «Facebook» istifadəçiləri belə sözlərlə tez-tez rastlaşırlar. Olur ki, «proxy account»ları necə tanımaq barədə məsləhətlər də verilir.

«Proxy account» - başqasının adı və fotosu ilə yaradılan səhifədir.

Bəs, «proxy» şirkətlərin sahibləri ilə maraqlanmısınız?

Kasıb və imkansızların məskunlaşdığı bir qəsəbədə, yarıuçuq evdə yaşayan birinin 60 milyonluq şirkətin səhmdarı olması sizə nə qədər inandırıcı gəlir? Məntiqlə mümkünsüzdür, lakin sənədlərə baxsan, uzun illər xırdavat malları satan bir kişi məhz milyonçudur ki var. Necə?

SƏNƏDDƏ ƏLİNİN ADI OLUR, AMMA GƏLİRİ VƏLİ GÖTÜRÜR...

Bax, bənzər insanlara «proxy» deyirlər. Başqa sözlə, kimsə bir şirkət açır, amma bu şirkətə sahibliyini gizlətmək üçün «proxy»lərə üz tutur. Yəni, kağızda şirkətin sahibi ayrı olur, gerçəkdə bir başqası. Tutalım, sənəddə Əlinin, ya Məmmədin adı gedir, amma şirkətin əsl sahibkarı və gəlirgötürəni Əhməd, ya da Pirməmməd olur.

Bir misal: 16 ildir Keşlə qəsəbəsindəki «Şanxay» yaşayış massivində yarıuçuq evdə yaşayan Gəray Məmmədov «Bakı Elektroştamp» və «Bakı Poladtökmə» ASC-nin pay sənədlərinin 80 %-nə sahibdir. Başqa sözlə, bu adam kağız üzərində ölkədə dəmir biznesinə yiyəlik edənlərdən biridir. Lakin, vaxtilə Zülfüqarlı qardaşlarına məxsus olan bu zavodlara onun aidiyyatını araşdıran jurnalistlər indiyə qədər uzaq bir təsdiq nişanəsi belə tapmayıblar.

AZƏRBAYCANA İNƏK GÖNDƏRƏN LATVİYALI 900-DƏK ŞİRKƏTİN DİREKTORUDUR?

AzadlıqRadiosu «Qızıl Mədənlərində Əliyevlərin payı» araşdırmasında «proxy» şirkətlərin arxasında indiki prezidentin qızlarının gizləndiyini üzə çıxarıb.

Payçılardan biri - Londonda qeydiyyatdan keçən «Globex International LLC»ni 3 Panama şirkəti təsis edib. Həmin şirkətlərin sənədlərinə baxanda, məlum olur ki, bu şirkətlərin təsisçiləri İlham Əliyevin qızları və isveçrəli biznesmen Olivier Mestelan-dır. Başqa sözlə, prezident qızları Panamada sahibləndikləri şirkətləri Londonda yaradılmış «Globex International LLC», yəni, «proxy» şirkət vasitəsilə gizlətmək istəyiblər.

Azadlıq Radiosunun başqa bir araşdırmasında – «Avropa inəklərinin Azərbaycan aqibəti»ndə Yeni Zellandiya şirkətindən söz açılır. Həmin ölkənin «Kompaniyaların qeydiyyatı» rəsmi saytında bu şirkətin rəhbəri Inta Bilder-in adı 900-dək şirkətin səhmdarı və direktoru kimi keçir. Onun həmdirektoru olduğu şirkətləridən birinin adı xarici mətbuatda «çirkli pullar»ın yuyulmasında - 150 milyon dollarlıq fırıldaqçılıqda hallanır.

Qızıl yatağında birinci ailənin payı
Qızıl yatağında birinci ailənin payı


«PROXY»- İLANI TUTAN SEYİD ƏHMƏDLƏR...

«İlanı Seyid Əhməd əli ilə tutanlar» məsəli sizə tanışdır. Bu deyimdəki Seyid Əhməd «proxy»dir. Yəni, sizin görməli olduğunuz işi o, görür, amma sizi ələ vermir». – Araşdırmaçı-jurnalist Xədicə İsmayıl «proxy» şirkətləri belə açıqlayır.

Xədicə İsmayıl deyir ki, Azərbaycanda kiçik və irihəcimli bir sıra dövlət investisiya layihələrini əsasən «offshore» zonalarda qeydiyyatdan keçən şirkətlər icra edir. «Ofşor zona» deyərkən,- vergidən yayınmağa və sahibkarın kimliyini gizlətməyə imkan verən yerlər nəzərdə tutulur. Araşdırmalarda həmin şirkətlərin «proxy»lər vasitəsilə yaradıldığı və arxasında Azərbaycan prezidenti və nazirlərin, deputat və başqa məmurların gizləndiyi vurğulanır:


«Kiçik məbləğdə müqavilələrdən böyük müqavilələrədək, müxtəlif dövlət sifarişli işlərin icrasında «proxy»lərdən yararlanırlar. Rəhbər vəzifə daşıyanlar dövlət büdcəsindən ayrılan vəsaiti öz qohumlarına «ötürərkən» 3-cü şəxslərə - həmin «seyid əhmədlərə» ehtiyac duyurlar. Bu Seyid Əhmədləri tapıb-üzə çıxarmaq hüquq-mühafizə orqanlarının işidir. Onlar bunu etmədiyinə görə, güc biz jurnalistlərin üzərinə düşür».


21 MİN ŞİRKƏTƏ KAĞIZDA SAHİB OLAN 28 NƏFƏR...

«Proxy» şirkətlər təkcə Azərbaycanda yox, bir sıra dünya ölkələrində də yayılıb.
«Guardian», «BBC Panorama» və ICIJ-nin (Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu) son araşdırmalarında anonim şirkətlərin himayəçiləri üzə çıxarılıb. Aşkarlanıb ki, çoxu britaniyalı olan fırıldaqçı şirkət direktorlarının qeyri-adi qlobal şəbəkəsi var. Böyük Britaniya hökuməti iddia edir ki, belə pozuntular bir müddət əvvəl aradan qaldırılıb. Ancaq son tədqiqat üzə çıxarıb ki, çiçəklənən offşor sənaye həm vergidən yayınmağa, həm də vəsaitin gizlədilməsinə yol açır. 21 500-dən çox şirkət bu 28 namizəd-direktorların qrupundan yararlanıb.

Nazim Məmmədov
Nazim Məmmədov

Bütün dünyada yayındırıcı adlardan faydalanan və adlarını rəsmi sənədlərə saldıran həmin şəxslər yüz minlərlə kommersiya sövdələşməsini gizli saxlayıblar.

AZƏRBAYCANIN «SEYİD ƏHMƏD» ŞİRKƏTLƏRİ

Keçmiş deputat Nazim Məmmədov deyir ki, Azərbaycanda «proxy» şirkətlər sovetlər dönəmində də olub. Amma 2003-cü ildən bəri bənzər şirkətlərin sayı çoxalıb:


«İnvestisiya layihələrinin gerçəkləşdirildiyi, belə layihələrə daha çox vəsait ayrıldığı bir dönəmdə həmin şirkətlər maliyyə fırıldaqlarını həyata keçirmək üçün yaradılıb. Özəlliklə tikinti sahəsində belə şirkətlərə daha çox rast gəlinir -- maliyyə fırıldaqları və vergidən yayınmaq üçün yaradılır və bir müddətdən sonra qapadılırlar. Şirkət yaradılır, tender udulur və... 100 milyonlarla, 10 milyonlarla vəsaiti «həzm» edən şirkət qəfildən, ya da tender başa çatandan sonra yoxa çıxır».


«Proxy» şirkətlər çox vaxt Britaniyanın Vircin Adalarında, İrlandiyada, Yeni Zelandiyada, Belizedə, Panamada, Kiprdə və digər ölkələrdə yaradılır. Həmin ölkələrdə şirkət sahiblərinin kimliyini gizli saxlamaq mümkündür. Belə ölkələrdə «çirkli pullar» yuyulur, silah və uyuşdurucu satan şirkətlər qurulur.

2012-ci ilin iyunundan Azərbaycan da həmin ölkələrə qoşulub. İndən belə burada da şirkət təsisçiləri barədə bilgilər kommersiya sirri sayılır. Bir çoxları düşünür ki, qanun dəyişikliyi şirkətə gerçəkdən sahiblik edənlərin kimliyini gizli saxlamaq məqsədi güdür.

XS
SM
MD
LG