Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:32

Azərbaycanda neçə siyasi məhbus var?


Foto: Arxiv
Foto: Arxiv
-
İndi Azərbaycanda siyasi məhbus meyarlarına uyğun gələn neçə məhbus var?

Say ətrafında mübahisələr bitmək bilmir. Avropa Şurasının bu ilin oktyabrında qəbul etdiyi «siyasi məhbus» meyarları da bu mübahisələri səngitməyib. Mübahisəli siyahılar yenə çəkişmə mövzusudur.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Müxtəlif siyahılarda, o sıradan Avropa Şurasının (Christoph Strasser-in siyahısı) siyahısındakı məhbusların da konkret cinayət əməlinə görə cəza çəkdiyini vurğulayır.

Hökumət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi «siyasi məhbus» meyarlarını da bəyənmir. Üstəlik, həmin meyarlara uyğun gələn məhbusun olmadığını bildirir.

Siyasi məhbus məsələsi yerli hüquq müdafiəçilərinin də dartışma mövzusudur. Bu barədə onların arasında da ortaq mövqe yoxdur.

AZƏRBAYCANDA CƏMİ 10 SİYASİ MƏHBUS VAR?

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun fikrincə, Azərbaycanda «siyasi məhbus» meyarlarına uyğun gələn cəmi 10 məhbus var. Qrupda təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı indi məhkəməsi gedən İslam Partiyası üzvlərinin də bu siyahıya düşmə ehtimalının olduğunu deyir:

«Məhkəməsi gedən İslam Partiyasının üzvləri də bizə müraciət ediblər. Onlardan istədiyimiz sənədləri hələ verməyiblər. Həmin sənədlərdə onların siyasi motivlərlə həbs olunduğu təsdiqlənsə, onda siyahımıza daha 5 nəfər əlavə olunacaq».

Səadət Bənənyarlı
Səadət Bənənyarlı
S.Bənənyarlı AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser-in 60 nəfərlik siyahısını qəbul etmir:

«Hesab edirik ki, həmin siyahı o qədər də obyektiv deyil. Bu siyahını Strasser Azərbaycana gəlmədən hazırlayıb. Sənədlərə baxmaqla yanaşı, gərək o, vəziyyəti yerində araşdıraydı».

ÜST-ÜSTƏ DÜŞƏN DAHA 2 SİYAHI

Başqa bir siyahıda 60-a yaxın ad var. Bu siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırlayıb. O deyir ki, Strasser-lə əlaqəli işlədiklərindən hər iki siyahı üst-üstə düşür:

«Çünki onlar mənə sual verirdilər, mən də onlara bir-bir adları göndərirdim. Ona irad tutulurdu ki, siyahısında olan adamların bəziləri əfv olunub. Mən ona son siyahını dekabrın əvvəlində göndərmişəm və indi onun siyahısında olan adamların hamısı həbsdədir».

STRASSER-İN AZƏRBAYCANA SONUNCU TÖVSİYƏSİ

Christoph Strässer-in AŞPA-nın yanvar sessiyasına təqdim etdiyi son hesabatında qeyd olunur ki,
Leyla Yunus
Leyla Yunus
Parlament Assambleyasının davamlı cəhdlərinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar məsələsi hələ də çözülməyib.

Hesabatda Azərbaycan hakimiyyətinə tövsiyə olunur ki, siyasi məhbus sayılan şəxslərin məsələsi onlardan günahlarının etirafı istənilmədən həllini tapsın. Üstəlik, yeni siyasi məhbuslar yaratmamaq üçün uyğun tədbirlər də görülsün.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Christoph Strasser-in hazırladığı məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən sənəd kimi qiymətləndirir.

O deyir ki, Azərbaycan tənqiddən qorxmur, ancaq reallıqları əks etdirən tənqidlərlə razılaşır.

«HAKİMİYYƏT... PROBLEMİ HƏLL ETMƏLİDİR»

İntiqam Əliyev
İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların varlığını danmaq əvəzinə bu problemi həll etməlidir. Hüquq müdafiəçisi hakimiyyətin bu məsələdə dirəniş göstərməsinin daha çox yerli hüquq-müdafiə təşkilatlarının dağınıq mövqeyindən qaynaqlandığını söyləyir:

«Biz bir araya gələ, ortaya vahid siyahı qoya bilmiriksə, demək, problem təkcə hökumətdə deyil, həm də vətəndaş cəmiyyətindədir».

KİMLƏR SİYASİ MƏHBUS SAYILIR?

Bu ilin oktyabrında AŞPA-nın «Siyasi məhbus anlayışı» ilə bağlı qəbul etdiyi meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
XS
SM
MD
LG