Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:00

Gənclər "Cavad xan" filmini "sökdülər". Sabir Rüstəmxanlı onları qınadı (Debat)


"Cavad xan" filmindən kadr
"Cavad xan" filmindən kadr
-

Sevda Sultanova:

- Ordakı dialoqlar biabırçılıqdır... Məsələn, orda belə bir fikir var: “Dünyanın ərəbi, farsı, rusu gəldi-gedərdi”. Bu fikir millətə təhqirdir.

İntiqam Hacılı:

- Sabir müəllim yaxşı yazıçıdır, amma yaxşı ssenarist deyil.

Sabir Rüstəmxanlı:

- Qəhrəmanlıq elə pafosdur. Qəhrəmanlıq haqda zarıltı ilə danışmaq olmaz axı.

Rövşən Almuradlı:

- Amma mən 2 minə yaxın adamın Heydər Əliyev adına sarayda filmə baxandan sonra hönkürtü və bağırtı ilə ayağa qalxmasının şahidi olmuşam.


“Cavad xan" filmi: parlaq sənət əsəri, yoxsa ucuz təbliğat? (Filmə bax)

“Pen klub” proqramında bu dəfə bu suala cavab arayırdıq. Filmin rejissoru Rövşən Almuradlı, ssenari müəllifi Sabir Rüstəmxanlı, kinoşünas Sevda Sultanova və Ssenari Mərkəzinin rəhbəri İntiqam Hacılı ilə.

Dinlə


“BU CÜR ARXİVDƏ QALACAQ FİLMƏ PUL XƏRCLƏMƏKDƏNSƏ...”

Şahnaz Bəylərqızı:

- Rövşən bəy, sizcə, “Cavad xan ”filmi alınıb? Siz filmə baxanda hansı qiyməti verdiz?

Rövşən Almuradlı:

- Mən bu film ətrafında gedən söz-söhbəti anlamıram. Film alınıb-alınmayıb... Mən bu filmə canımı, ömrümün bir hissəsini qoymuşamsa, ona təbii ki, dəyər verəcəyəm. İkincisi, bu film öz ömrünü yaşayır və onun qiymətini zaman verəcək. “O olmasın, bu olsun” filmi çəkiləndə bütün incəsənət aləmi onu qılıncladı, amma indi bu film Azərbaycan kinosunun embleminə çevrilib.

Sevda Sultanova:

- Mən indiki halda tarixi filmlər çəkilməsini düzgün saymıram. “Cavad xan” filminə bildiyim qədər bir milyon manatdan çox vəsait xərclənib. Bu cür arxivdə qalacaq filmə pul xərcləməkdənsə, çoxlu layihələr reallaşdırmaq olardı. “Cavad xan” filmi təbliğat filmidir. Bu cür filmi xarici bazara çıxarmaq, bunu xarici publikaya “yedirtmək” çətin olacaq. (ardı aşağıda)

İntigam Hacılı
İntigam Hacılı


“DÜŞÜNMÜRƏM Kİ, CAVAD XAN BÖYÜK AZƏRBAYCAN HAQDA DÜŞÜNÜB”

İntiqam H:

- Mövzuya baxış ənənəsi dəyişməlidir. Bir var, Cavad xan kim olub, kimlə mübarizə aparıb, istədiyi nə idi. Bir də var yazıçı Sabir Rüstəmxanlı Cavad xanı hansı formada görmək istəyib. Yəni yazıçı filmdə azərbaycançılıq ideyasını, xanlıqları birləşdirmək fikrini ortaya atır. Mən düşünmürəm ki, Cavad xan böyük Azərbaycan haqda, Gürcüstanda qalan Azərbaycan torpaqları haqda düşünüb. Amma məsələ qoyulsaydı ki, Cavad xan öz Gəncəsini, öz xanlığını böyük çar imperiyasından qorumaq üçün vuruşub, öz ailəsi, öz torpağı uğrunda vuruşub, bu, daha uğurlu olardı. Götürək Mel Gibsonun “Cəsur ürək” filmini. Niyə Mel Gibson film başlayan kimi göstərmir ki, Uilyam Voloss Şotlandiya uğrunda, onu əsarətdən qurtarmaq üçün vuruşur? Film onunla başlayır ki, qəhrəmanın sevgilisini ingilis zabiti öldürür, bundan sonra mübarizə başlayır və bu, genişlənir. Yəni tarixi filmlərə baxış dəyişməlidir. Türkçülük, azərbaycançılıq ideyalarını tarixi filmlərə gətirdikdə nəticəsi də bax bu cür olur.

Rövşən A:

- “Cəsur ürək” filminin ssenarisi bir variantdır. Ssenarini 50 cür, 150 cür yazmaq olar.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Cavad xan” da o cür yazılmalı idi?.. Bu gülüncdür. İkincisi, Cavad xan Rusiya ilə Gəncə xanlığı adından döyüşmür, Səfəvi dövləti adından döyüşmək istəyir. Bu tarixi filmləri bilmədən danışmaq olmaz. Cavad xanı cılızlaşdırmaq lazım deyil. Bunun Avropa ölkələri ilə yazışmaları var.

“SABİR RÜSTƏMXANLI PEŞƏKAR SSENARİST DEYİL... DİALOQLAR BİABIRÇILIQDIR...”

Sevda S:

- Mənim fikrimcə, “Cavad xan” filmi alınmayıb. Ona görə alınmayıb ki, bu film sadəcə, faktların illüstrasiyasıdır. Belə bir fikir var ki, tarixi film çəkirsənsə, tarix arxa plana keçməlidir, kino ön plana. Burda isə kino yoxdur! Sadəcə, quru faktların təqdimatını görürük. Ən böyük problem filmdə ssenari boşluğudur. Sabir Rüstəmxanlı peşəkar yazıçı ola bilər, ancaq peşəkar ssenarist deyil. “Cavad xan”da şüarçılıq var, pafos var. Mən ona baxanda Azərbaycanın faciəsini görmədim, Cavad xanın ağrısını hiss etmədim. Ordakı dialoqlar biabırçılıqdır. Sabir Rüstəmxanlı debatlarda, ictimai-siyasi polemikalarda necə danışırsa, filmdəki dialoqları da elə işləyib. Məsələn, orda belə bir fikir var: “Dünyanın ərəbi, farsı, rusu gəldi-gedərdi”. Bu fikir millətə təhqirdir. Təbii ki, bunu göstərməyəcəklər. Və ya deyir ki, yunan mədəniyyəti özündən qədim
Sevda Sultanova
Sevda Sultanova
ədəniyyətlərin düşməninə çevrilib. Bu, publisistika dilidir. Nədənsə, bizə elə gəlir ki, vətənpərvərlik filmi çəkəndə mütləq qışqırmaq, ağlamaq lazımdır. Bu sahədə əməkdaşlıq lazımdır, oxumaq, baxmaq və öyrənmək lazımdır.

“BU FİLM PAFOS TƏLƏB EDİR”

Rövşən A:

- Bu film Moskvada, Budapeştdə, Varşavada, Tehranda göstərilib. Orda filmi gözəl qarşılayıblar. Varşavada film göstərildi və səfirliklə birgə milli sərvət nazirinin müavini böyük ziyafət verdi. Film bir dəfə yalnız kino işçilərinə göstərildi və 3 saata yaxın onun müzakirəsi getdi. Mən anlayıram, kitablar oxuyub, özünü Berqmanın, Antonioninin, Tarkovskinin labarotoriyasında hiss etmək olar. Ancaq bu gün çəkdiklərimiz bir kərpicdir. Gələcək nəsil də onun üstünə iki kərpic qoysun. Tələbə vaxtı biz “Nəsimi” filminə baxırdıq. Bir yoldaşımız dedi ki, siz görmədiniz, orda siqaret kötükləri var idi, Hələbi göstərəndəsə kanalizasiya qapağı göründü. O boyda filmdə o ancaq onu görmək istəyirdi, onu da gördü. Kim nəyi görmək istəyirsə, onu da axtarır tapır.

Şahnaz B:

- Rövşən bəy, filmdəki pafos haqda fikirlərə münasibətiniz...

R.A:

- Hər filmin öz janrı var. Bu, tarixi dramdır, faciədir. Bu filmə yanaşmanın yolu bu idi. Mən belə hesab etmişəm ki, bu daha dəyərli, daha qısa yol idi. Olan imkanlardan istifadə edib bu filmi belə çəkmək olardı. Film öz dəyərini alacaq. Alıb da artıq. Dialoqların pafoslu olduğu deyildi. Orda çox səmimi səhnələr də var. Bütün film başdan-ayağa pafos üzərində qurulmayıb ki?.. Bu film pafos tələb edir.

“QƏHRƏMANLIQ HAQDA ZARILTI İLƏ DANIŞMAQ OLMAZ”

Sabir Rüstəmxanlı:

- Hər dövrün öz havası, ruhu var. Əvvəla, o ssenari hansı mətn əsasında yazılıb – “Ölüm zirvəsi” romanı ilə tanış olsunlar. Onda filmin əhatə etdiyi dövrün pafosunu yaxşı duya bilərlər. Qəhrəmanlıq filmi çəkilib. Qəhrəmanlıq elə pafosdur. Qəhrəmanlıq haqda zarıltı ilə danışmaq olmaz. Aqibəti bilə-bilə böyük bir imperiyanın ordusu ilə döyüşə getmək elə pafosdur. Bu başdan-başa ruhi vətəndaşlıq pafosudur. Onu ayrı necə çəkmək olar? Pafos bəyəm həmişə mənfidir? Pafos tarixi filmlər üçün son dərəcə önəmlidir. Ədəbiyyat pafossuz necə ola bilər?.. Pafosu bəlkə patetika ilə, ritorika ilə səhv salırlar?.. Biz hələ əksinə Cavad xanın döyüş pafosunu azaltmağa çalışmışıq.

Rövşən Almuradlı
Rövşən Almuradlı


İntiqam H:

- Rövşən Almuradlı deyir ki, “Cavad xan” xaricdə göstərilib. Söhbət kino biznesindən gedirsə, filmin xarici bazara çıxmasının yolu başqadır. Tutaq ki, Azərbaycan səfirliklərinin xəttiylə filmi mədəniyyət evində göstərmək onun xarici bazara çıxması deyil. Film onda dünya bazarına çıxır ki, hansısa prodüserdə maraq doğurur, o bu filmi alır və bilir ki, öz ölkəsində bunu göstərməklə pul qazanacaq. Pafos məsələsinə gəlincə, pafos da çərçivəsində gözəldir. Sevda xanımın da dediyi odur ki, kino danışıq dilini sevir. Xandırsa, o demək deyil ki, ancaq siyasi terminlərlə danışmalıdır. Bu da insandır və öz dilində danışdırmaq gərəkdir. İkincisi, Sabir müəllimə böyük hörmətim var, ancaq o bu romanı bir ssenaristə verə bilməzdimi ki, onun kinematoqrafik həllini tapsın? Sabir müəllim yaxşı yazıçıdır, amma yaxşı ssenarist deyil. Mən bunu açıq deyirəm. Bu problemlər də ordan qaynaqlanır.

“BİZ BAZAR ÜÇÜN FİLM ÇƏKMƏMİŞİK”

Sabir R:

- Kinonun dünya bazarına çıxması haqda dedikləri ilə razıyam. Amma bu gün kinoda da mafiya var. Kino bazarı bizim əlimizdə deyil. Kino bazarı ciddi tarixi filmlərə açıq deyil. Azərbaycanın tarixi bizim nə dostumuzu maraqlandırır, nə də düşmənimizi. Nazirlikdəki bəzi qüvvələr də bu cür filmlərimizin dünyaya çıxmasına əngəl olurlar. Bir də biz bazar üçün film çəkməmişik.

Rövşən A:

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
- Bu gün Azərbaycanda neçə kinoteatrımız var? Bu film harda göstərilsin?.. Bu filmi bir milyon manata çəkmişik. “Köçərilər” filmi 35 milyon manata çəkilib, Nevski haqda filmə 70 milyondan artıq pul xərclənib.

Şahnaz B:

- Sevda Sultanova deyir ki, filmə baxanda Cavad xanın faciəsini duya bilməyib...

Rövşən A:

- Amma mən 2 minə yaxın adamın Heydər Əliyev adına sarayda filmə baxandan sonra hönkürtü və bağırtı ilə ayağa qalxmasının şahidi olmuşam.

Sevda S:

- Məncə, “Dolu” filmi daha çox reaksiya doğurdu, daha isti qarşılandı, “Cavad xan”la bağlı buna rast gəlmədim. Filmin müəllifləri deyirlər ki, tarixi filmdə pafos olmalıdır. Mən bunu birinci dəfədir eşidirəm. Əslində, pafos ola bilər, ancaq konteksti olmalıdır, əgər o, yersiz səslənirsə, bayağı görünəcək. Bədii yox, sənədli film çəksəydilər, daha yaxşı olardı. Cavad xanı çox kiçildiblər, bayağılaşdırıblar... Hər şeyi də pulun üstünə atmaq olmaz.

Rövşən A:

- Təəssüf edirəm ki, Sevda xanım da, İntiqam bəy də hər şeyi qara gördülər.

Sevda S:

- Mən çox ümid edirəm ki, 10-15 il sonra Cavad xan temasına qayıdılacaq və çox keyfiyyətli film çəkiləcək.

Bu, proqramda deyilənlərin bir hissəsi idi. Aşağıda debatın videoyazısına tam baxa bilərsiz.

XS
SM
MD
LG