Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Azad Qaradərəlinin 20 Yanvar haqda hekayəsi


Azad Qaradərəli
Azad Qaradərəli
-

Ana qızılgül kollarının arasına sərilib zarıyan yaralını qaldırmaq istəyəndə çaşıb qaldı: bu onun oğlu Alxan idi! Bəs onda bayaqkı kim idi?


Azad Qaradərəli


ANANIN OĞULLARI


Şəhidlərimizin xatirəsinə

Qapı bərk döyüldü. Elə döyüldü ki, elə bil sındırmaq istəyirdilər. Ana qapıya yönələn oğlunu saxlamaq istəsə də, gec idi, o, artıq cəftəni qaldırmışdı.

İçəri hövlnak girən oğlan salamsız-kəlamsız mətləbə keçdi:

- Qoşun şəhərin girəcəyindədi. Təpədən-dırnağacan silahlıdırlar. Uşaqlar məsləhət gördülər ki, səni çağırım. Düşmənin qabağına necə çıxmağı götür-qoy eləməliyik…

Qonaq qəfil gəldiyi kimi də çıxıb getdi. Ayrı vaxt olsaydı, yəqin ki, bir stəkan çay içməmiş buraxmazdılar. Elə Alxan da qonağın dalınca çıxmaq istəyirdi, anası qoymadı. O, oğluna sirr açırmış kimi, xoflu-xoflu dedi:

- Qulaq as, gör nə deyirəm. Mən səndən bu uzun illərdə bir neçə sirri gizlətmişəm. Bu xalçanın altında divardan asılan tüfəng babanındır. Bu hökumət həmin tüfəngin üstündə babanı tutub güllələyib. Sonra atanı da xalq düşməninin oğlu kimi həbs etdilər… Mən bunları sənə ona görə deməmişdim ki, bu hökumətə qarşı nifrət bəsləməyəsən… Daha bunu səndən gizlətməyə elə bir ehtiyac yoxdur. İndi həmin hökumət sənin üstünə gəlir. Götür bu tüfəngi! Qana qan eləməyin çağı gəldi!

Oğlu anasının gözlərində qəribə bir işıq gördü – indiyə qədər görmədiyi işıq! Hamının həlim, mülayim qadın kimi tanıdığı anası məclislərin başında oturdurardı. Oğlunu zəhmətkeş böyütmüşdü. Həm də qəhrəmandı oğlu. Yox, o qəhrəmanlıqdan yox, bu hökumətin dövründə dəbdə olan əmək qəhrəmanı! Nədən ki, ananın oğlunun əlindən qılıncı alıb əvəzində çəkic vermişdilər. Oğlu çəkic qəhrəmanı idi… Indi anasının gözlərində gördüyü işıq haçansa tanış gələn işıq idi. Amma haçan görmüşdü o işığı? Nə işığıydı bu?! Oğlan nə qədər düşünsə də tapa bilmədi. Amma bir onu bildi ki, anasının gözlərindən süzülən işıq onun da qanını coşdurur. Axırda qanı o qədər coşdu ki, ürəyini çapalatdı, az qaldı sinəsini deşib çıxa. Birdən həmin döş cibindəki partbilet yadına düşdü və işıq-filan çəkilib getdi o dəqiqə. Üzünü anasına tutub dedi:

- Yox, anacan, biz onlarla silahla yox, musiqiylə, şeirlə vuruşacağıq!

Ana qiyyə çəkdi:

- Yox, qoymaram gedəsən! Əliyalın ordu üstünə gedərlər?! Yuxuda qan görmüşəm!

Alxan anasının saçlarını sığalladı:

- Özün deyərdin ki, qan qovuşuqdur. Narahat olma, o əsgərlərlə biz yaşıdıq. Bir-birimizi başa düşərik. Hələ bəlkə dostlaşdıq da…

- Gələn dedi ki, onlar təpədən-dırnağacan silahlıdırlar. Dolu silah boşaldılmalıdır! Mən bu hökuməti yaxşı tanıyıram. Bunun mayası qanla yoğrulub. Gəl, qayıt, getmə.

- Yox, ana. Əvvəla, səhər dost-tanışın üzünə çıxa bilmərəm. İkincisi də, biz onların qabağına çıxmasaq, elə bilərlər ki, bu şəhərin yiyəsi yoxdur…

Alxan qapıdan tülyan çıxdı. Ananı dərdiylə baş-başa qoydu.

Yer-göy ünnəşdi. Top səsi, şəhərin üstüylə uçuşan odlu güllələrin vahiməsi ananın qəlbini paralayırdı. Elə bil soyuq yanvar gecəsində şəhərə qırmızı dolu yağırdı. Bir az da 9 may atəşfəşanlığına bənzəyirdi.

Ana pəncərəylə qapının arasında qalmışdı. Qəfil qopan nalə ananı balkona atdı:

- Kömək edin! Qansızlar yaralıları güllələyirlər! Meyitləri yığıb aparırlar! Kömək ediiiiiin!

Qapıdan haçan çıxdığını bilmədi. Bir də gördü ki, qışqıran adamın yanındadır. O, sürüyə-sürüyə gətirdiyi cavanı anaya verib geri dönə-dönə qışqırdı:

- Bu gənci evlərin birinə sal, gəl dalımcan! Yaralıları, meyitləri onların əlindən almaq lazımdır!

Ana yaralını elə ilk blokun qapısındaca başqa bir adama təhvil verib, həmin adamın dalınca qaçdı. Ananın yan-yörəsindən güllələr şütüyüb keçirdi. Qəribə də olsa, ana bu güllələrdən qorunmurdu. Deyəsən, güllələr də anadan qaçırdı. Sağında-solunda partlayan güllələrin arasından boylanıb bayaqkı qadının sürüdüyü yeni yaralını gördü və özünü ona tərəf atdı. Növbəti yaralını həmin qadından alanda o dedi:

- Mən də yaralanmışam. Əgər qayıtmasam, bil ki, ölmüşəm. Bu cavanı da apar, sonra gəl dalımca. Orada bizim oğullarımızı maşınlara doldurub harasa aparırlar…
Ana yaralını artıq ona qoşulmuş qonşusuna verib geri döndü və qadının yeni bir gənci çox çətinliklə sürüdüyünü gördü. Anaya çatanda qadın yerə sərildi. Yaralı da al-qan içində inildədi. Ana yaralının gözlərini görəndə diksindi: bu onun ciyər-parası idi! Güllə köksünü dəlib keçmişdi!

Ana oğlunu köksünə sıxdı. Oğlunun qanı anasının sinəsinə axdı.

Ana oğlunu binalarına tərəf sürüyəndə yaralı qadın zəif səslə zarıdı:

- Bacı, ay bacı… Mən özümə görə demirəm… Orada hələ çoxlu yaralı var. Apardığın adam sənin nəyindi, bilmirəm. Çalış o biri yaralıları da xilas edəsən… Mənim daha gücüm qalmayıb…

Ana oğlunu arxasınca gələn qadına verib yalvardı:

- Qurbanınız olum, bu mənim oğlumdur. Onu tez xəstəxanaya çatdırın!

Özü də tez geri qayıtdı. Axı orada hələ yaralı çoxdu…

Ana qızılgül kollarının arasına sərilib zarıyan yaralını qaldırmaq istəyəndə çaşıb qaldı: bu onun oğlu Alxan idi! Bəs onda bayaqkı kim idi?

- Oğlum! Mən də bayaqdan elə bilirəm ki, səni xilas eləmişəm?! Düşmən gülləsi səni nə tez tapdı! Nə çox qan itirmisən, ay anan ölsün…

Ana yaralı oğlunu arxasınca gələn qadınlara verib bir də geri döndü. Belə-belə ana neçə-neçə yaralı xilas etdi – hamısı da oğlu Alxan cilidində! Küçələrdən, meydanlardan, barrikadalardan Alxanın səsi gəlirdi:

- Ana! Anacan! Mən burdayam! Gəl məni xilas elə! Gəl! Gəl!

Ana hər dəfə eşitdiyi səsə doğru qaçır, yaralı oğlunu qolları üstünə alaraq geri dönürdü.

Özü də indi bu yaralılara yazığı gəlmirdi. Elə bil onlar hansısa döyüşdən müzəffər bir əsgər kimi qayıtmışdılar!

Ana başı qayçılanmış bəzək kollarının arasından keçəndə zarıyan uşaq səsi eşitdi:

- Ana, ay, ana! Susamışam… Haradasan?

On-on iki yaşlarında bir oğlan al-qan içində gah sayıqlayır, gah da zarıyırdı. Uşağın səsi anaya o qədər doğma gəldi ki, əyilib nə vaxt bağrına basdığını bilmədi.

- Ana, ay, ana! Onlar şəhərimizi gülləbaran elədilər, igidlərimizi qırdılar, meyitləri özləri ilə yığıb harasa apardılar… Biri rusca o birinə deyirdi ki, aparıb yandıraq… Qoyma, anacan, məni də aparıb yandırarlar… Mən oddan qorxuram…

Ana əsim-əsim əsirdi:

- İlahi, bu nədir?! Bu yuxudu, ya mənim başıma hava gəlib? Bu ki mənim balaca Alxanımdır?! Məgər mənim Alxanım böyüyüb igid oğlan olmamışdımı? Bəs bu uşaq niyə mənə ana deyir? Ey qadir Tanrı! Sən mənə güc-qüvvət ver ki, mən dəli olmayım! Mən axı sənin məsləhətinlə dünyaya bircə oğul gətirmişdim… İndi bütün şəhərin döyüşən, çarpışan oğulları mənim oğlum olublar?!

Qanlı şənbənin səhəri ana şəhərin bütün məhəllələrini, küçələrini, meydanlarını gəzə-gəzə «Alxan hey!» deyib qışqırır, oğlundan bir xəbər bilmək istəyirdi. Amma onu gördüm deyən olmurdu.

Axşamüstü ana dünən tankların yarıb keçdiyi barrikadanın yanında gül kollarının arasında düşüb qalmış kəsik bir qol gördü.

Qol ananı görcək dil olub dilləndi:

- Ana! Anacan! Mənəm, Alxanın qoluyam! Əclaflar məni kəsib yerə saldılar… Elə bildilər ki, məni kəsməynən sənin oğlunu, igid Alxanı təslim edəcəklər… Amma mənim o biri tayım dartıb əsgərlərin birinin silahını əlindən aldı, düşmənləri qırıb tökdü!

Ana tələsik soruşdu:

- Bəs sonra nə oldu?!

- Sonrasını görə bilmədim… Bir onu bilirəm ki, bizi ağlamayın. Biz yağını onun üstünə əliyalın getməklə məğlub elədik…

Ana oğlunun düşmənlə döyüşdə şəhid olmuş əlini sinəsinə sıxıb şəhərin ən yüksək yerinə – şəhidlər evinə doğru irəlilədi. Ananın qoynunda uyuyan qəhrəman Əl isə ağır döyüşdən sonra ilk dəfə rahatlıq tapmışdı.

Yanvar 1998.
XS
SM
MD
LG