Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:43

10 mart aksiyasındakı qulaqbatıran LRAD


10 mart aksiyasında LRAD
10 mart aksiyasında LRAD
-
10 mart aksiyasından öncə bloqqer Həbib Müntəzir facebook səhifəsində aksiyaya gedənlərə «təcili xatırlatma» yaymışdı:

«Aksiyaçıları dağıtmaqdan ötrü dəhşətli səs effekti yaradaraq qulaq pərdələrini zədələyəcək gücə malik mikrodalğalı «Sonic weapon» adlı silahdan istifadə oluna bilər. Bunun üçün qulaqlarınızı qorumaqdan ötrü pambıq tıxayın və yaxud qulaqlıqdan istifadə edin».

«Əsgər ölümünə yox!» aksiyası zamanı bir neçə yerdə LRAD akustik səs dalğalandırma silahları göründü, ancaq istifadə olunmadı.

LRAD NƏ VAXT KARA GƏLİR

LRAD-(R) (Long Range Acoustic Device) adi səsgücləndiricidən daha uzaq məsafələrə mesaj, xəbərdarlıq, ziyanlı və ağrı oyadan səs tonları göndərmək üçün hazırlanıb. Çəkisi 6.8 - 150 kq arasında dəyişir. Bu akustik qurğular 500 metrlik radiusda tam təsir gücün\ malik olub, 700 metrəyədək dalğa yaya bilirlər.

LRAD 150 desibellik səs dalğaları yayır. Müqayisə üçün, reaktiv təyyarənin mühərrikinin səsi 120 desibel şiddətindədir, 130 desibel isə insanın qulaq pərdəsini zədələyir.

Güclü səs komandaları və xoflandırıcı səs tonları yaymaqla, qanunu pozan adamı, yaxud şübhəli şəxsi ələ keçirmək üçün yetərli təhlükəsizlik zonaları yaradıla bilər. LRAD vəhşi heyvanları hava limanlarından, nüvə enerjisi qurğularından, digər sənaye obyektlərindən uzaqlaşdırmaq üçün də istifadə olunur.

Gözyaşardıcı qazın gilizləri
Gözyaşardıcı qazın gilizləri
2008-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatası bildirib ki, Azərbaycan LRAD geniş radiuslu səs cihazlarını alıb.

Amerika Texnologiya Korporasiyasının (ATC) prezidenti və icraçı direktoru Tom Brown LRAd-R L-3 üzrə ikinci sifarişi qəbul etməkdən və Azərbaycanın qlobal LRAD qurğularının yerləşdirildiyi ölkələr siyahısına salınmasından məmnunluğunu dilə gətirib.

ABŞ-DA MÜZAKİRƏLƏR YARADAN SEVİMLİ SİLAH

AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, LRAD Avropa Birliyi ölkələrində demək olar ki, tətbiq edilmir. Ancaq ABŞ-da polisin sevimli silahı sayıla bilər. Etirazları səngitmək üçün həm ucuz, həm də təsirli olan bu silah köməyə gəlir.

Məsələn, Pittsburgh Polis Departamenti 2009-cu ilin sentyabrında G20 sammitinin gedişində narazı kütləni dağıtmaq üçün LRAD-dan istifadə edib. Nyu-York polisi 2004-cü ildə Respublika Milli Konvensiyası zamanı etirazlarda kütləni nəzarətdə saxlamaq və Times Square-da Yeni İl şənlikləri zamanı LRAD-dan yararlanıb.

Elə polisin, LRAD da daxil, hərbi silahlardan istifadəsi ABŞ-da müzakirə mövzusudur. Amerika Mülki Azadlıqlar Birliyi martın 6-da ölkə üzrə polis şöbələrinə müraciət edib və adətən, müharibə zonalarında işlədilən həmin silahların tətbiqinə dair sənədlər istəyib.

LRAD 2007-ci ilin noyabrında Tbilisidə də müxalifətçilərə qarşı tətbiq olunub.

Su şırnağı vuran maşın, LRAD
Su şırnağı vuran maşın, LRAD
Məlumatlara görə, həmin aksiyalarda 508 nəfər tibbi yardım üçün müraciət edib. Simptomlar isə şüurun pozulması, çaxnaşma, yaddaşın itirilməsidir.

LRAD VƏ İNSAN HAQLARI POZUNTULARI

ABŞ qanunvericiliyinə Leahy düzəlişində deyilir ki, ABŞ Hökumətinin müəyyən silahlar satdığı və xarici yardım ayırdığı ölkələrdə təhlükəsizlik qüvvələrinin yol verdiyi insan haqları pozuntularını tədqiq etmək öhdəliyi var. Dövlət Departamentinin həyata keçirdiyi bu təftiş xarici ordular, polisə, sərhəd xidməti və digər təhlükəsizlik qüvvələrində aparıla bilər.

Məqsəd yardımı qəbul eləyənlərin ciddi insan hüquqları pozuntularına yol verməsinin qarşısını almaqdır. Yoxlama prosesi hansısa pozuntu üzə çıxararsa, ABŞ yardımı dayandırıla bilər.

ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatında Azərbaycanda müxtəlif insan haqları pozuntuları sadalanır. Bu baxımdan Azərbaycana satılan LRAD qurğularına dair monitorinq aparılırmı?

ABŞ səfirliyi hələlik məsələyə dair açıqlama verməyib.

LRAD KORPORASİYASININ RƏSMİSİ: BU «SƏS BOMBASI» DEYİL

Kaliforniyada yerləşən LRAD Korporasiyasının sözçüsü Robert Putnam AzadlıqRadiosunun müxbiri Daisy Sindelar-ın suallarını cavablandırıb.

– LRAD necə işləyir?

– Ən böyük LRAD qurğuları quruda, suda, istənilən mühitdə 3.5 km məsafəyə yayıla bilir. Biz həyəcan siqnalı ilə insanların diqqətini çəkir, öz dillərində onlarla danışır və xəbərdarlıq edirik ki, yaxın gəlməsinlər. Yaxınlaşmağa davam edərlərsə, hərbi və ya kommersiya təhlükəsizliyi qurumları və digər orqanlar daha artıq gücdən yararlana bilər. LRAD-ın məqsədi uzaqdan potensial hücumçunun niyyətini müəyyənləşdirərkən, bilinməyən durumları danışıqlarla çözmək istərkən kommunikasiyadan istifadə və ən başlıcası, qarşı duran hər iki həyatını qurtarmaqdır.

Həyəcan siqnalı nə dərəcədə ziyan vura bilər?

Ən böyük LRAD qurğuları quruda, suda, istənilən mühitdə 3.5 km məsafəyə yayıla bilir
Ən böyük LRAD qurğuları quruda, suda, istənilən mühitdə 3.5 km məsafəyə yayıla bilir
– Siqnal, sadəcə, diqqət çəkir, heç nə etmir. Yalnız cihaza çox yaxın olanların eşitmə qabiliyyətini zəifləyə və ya zədələnə bilər. Çox adam uca səs eşidərkən, qulaqlarını əlləri ilə örtür, beləcə, səs azalır. Hətta ən böyük cihazımızın qarşısında duranda da, qulaqlarınızı bağlasanız, heç bir ziyan görməzsiniz. Bəziləri mediada bunu «səs bombası» adlandırır, ya buna oxşar nəsə deyirlər, – belə deyil. Bu, geniş radiusu əhatə edən kommunikasiya cihazıdır. Özüm bir neçə dəfə yoxlamışam.

– LRAD işlədiyi ölkələrdə insan haqlarının durumuna nə dərəcədə diqqət ayırır?

– Cihazı hansı ölkəyə satırıqsa, hökumətlə, hərbi qurumlarla, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində, yaxud vəhşi təbiətlə bağlı işlədirik. Şimali Koreya, İraq və digər bu kimi ölkələrlə iş görmək qadağan olunub. Eyni zamanda texnologiyanı dünyanın başqa ölkələrinə satmaq imkanlarımızı araşdırırıq.

LRAD 2000-ci ilin oktyabrında ABŞ esmineslərinə (mina daşıyan hərbi gəmilərə) terror hücumundan sonra ixtira olunub. Hücum vaxtı Yəmən terrorçuları gəmiyə yaxınlaşandan, amma ABŞ hərbçiləri onların kimliyini, məqsədlərini müəyyənləşdirə bilməyəndən sonra.

Bu cihazlar indiyədək hərbi, hüquq-mühafizə, kommersiya təhlükəsizliyi məqsədləri ilə dünyanın 60 ölkəsinə satılıb.

Ən ucuzu 5000 dollardır, ən bahasının qiyməti 100-190 min ABŞ dolları arasında dəyişir.

Bir məqam da maraqlıdır ki, LRAD Korporasiyası həmin cihazları başqa ölkələrə satmaq üçün ixrac lisenziyası tələb etmir. ABŞ hökuməti gözyaşardıcı qaz, rezin güllə və dəyənəklərin ixracına göz qoyur. Bu, LRAD-ın nisbətən yeni silah olması və bir çox ölkələrdə yeni cihazların nəzarət siyahılarına salınmasının vaxt alması ilə izah oluna bilər.
Foto: Arxiv
Foto: Arxiv

LRAD-I AZƏRBAYCANA ABŞ HÖKUMƏTİ SATMAYIB

«LRAD cihazlarını Azərbaycan hökumətinə Birləşmiş Ştatlar hökuməti satmayıb yaxud verməyib. Bu sövdələşmə özəl şirkətlə Azərbaycan hökuməti arasında aparılıb. Səfirlik şirkətlərlə xarici ölkələr arasında danışıqlara müdaxilə etmir».

Bunu ABŞ səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun 10 mart aksiyasında şəhərin bir neçə yerində görünmüş LRAD cihazları ilə bağlı sorğusuna cavab olaraq bildirib.

«ABŞ hökuməti daxilində belə silahların satışına icazə proseduru nədir? ABŞ Dövlət Departamentinin insan haqları hesabatı belə silahların satışına necə təsir edir?» sualına isə səfirliyin cavabı belə olub:

«Ümumiyyətlə, ABŞ istehsalı olan müdafiə təyinatlı məhsulları yaxud xidmətlərinin ixracı üçün ABŞ Dövlət Departamentinin ixrac lisenziyası tələb olunur. Birləşmiş Ştatlar istənilən ölkəyə hərbi avadanlıq təchizatı və birbaşa kommersiya satışının lisenziyalaşdırılmasında siyasi, hərbi, iqtisadi, silahlara nəzarət və insan haqlarının durumunu nəzərə alır. Bu, müvafiq sənədlərə uyğun olaraq həyata keçirilir. Ancaq LRAD ABŞ hökumətinin ixrac məhsulları və xidmətləri kateqoriyasına aid etdiyi «müdafiə təyinatlı məhsullar»a daxil deyil. Ticarət Departamentinin səlahiyyətinə aiddir».
XS
SM
MD
LG