Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edildi


Əvəz Zeynallı
Əvəz Zeynallı

Martın 12-də «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxunub. Məhkəmə baş redaktoru 9 il müddətinə azadlıqdan məhrum edib

-
«Nəzərdə tutulmuş müsadirə olunmalı əmlak müəyyən edilmədiyinə görə bu müsadirə tətbiq edilməsin. Bir il müddətinə kommersiya və hüquqi şəxs kimi rəhbər və maddi vəzifə tutmaq hüququndan məhrum olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin».

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyeva «Xural» qəzetinin baş redaktoruna hökm oxudu. Apellyasiya instansiyası Əvəz Zeynallının cəzasını yüngülləşdirməsə, yaxud prezident onu əfv etməsə, baş redaktoru 9 illik məhbəs həyatı gözləyir. Hökmdə baş redaktora qarşı vergidən yayınma ittihamının da sübuta yetirildiyi göstərilir və ondan dövlət büdcəsinə 4 min 76 manat keçirilməsi tələb olunur.

HÖKMDƏ ADI KEÇƏNLƏR

Hökmə əsasən, Əvəz Zeynallıya qarşı ibtidai istintaqın irəli sürdüyü ittihamlar məhkəmədə təsdiqini tapıb. İttihamların birində qeyd olunurdu ki, baş redaktor Gülər Əhmədovanı deputat olduğu dövrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 10 min manat istəyib. İkinci ittihama görə, Əvəz Zeynallı özü haqqındakı cərimə və təkzib qətnamələrini icra etməyib. Ayrı-ayrı adamlardan şantaj yolu ilə pul alması baş redaktora qarşı 3-cü ittihamdır. Daha bir ittiham da qəzetin satışından əldə olunan gəlirin vergidən yayındırılması ilə bağlıdır. Müstəntiqin bu iş üzrə zərərçəkmişlər siyahısında «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİV-in İnkişafına Yardım Dövlət Fondunun (KİVDF) direktoru Vüqar Səfərli, müğənni Nüşabə Ələsgərova və başqaları vardı.

BAŞ REDAKTOR NƏ DEYİRDİ

Əvəz Zeynallı keçmiş deputat Gülər Əhmədovanın ərizəsi əsasında həbs olunsa da, ibtidai istintaq və məhkəmə onu zərərçəkmiş qismində deyil, şahid kimi dindirmişdi.

10 ay sürən məhkəmə prosesində baş redaktor ittihamları rədd edir və həbsini jurnalist fəaliyyəti ilə bağlayırdı. O, bütün məhkəmə iclaslarında həbsinin kökündə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı yazdığı tənqidi yazıları dayandığını qeyd edirdi:

«Ramiz Mehtiyevin tapşırığı ilə Əli Həsənovun torbasına düşmüşəm. Kimdir axı Gülər? 5 aydır burda deyirəm ki, məni Ramiz Mehdiyev tutdurub, Gülər Əhmədova da vasitədir. Həbsim ərəfəsində Gülər Əhmədovanın telefonuna mesajların, zənglərin kimlər tərəfindən gəlib-getdiyini bilmək istəyirəm. Nə vaxt Prezident Administrasiyasına girib, ordan ona hansı mesajları göndəriblər? Çünki son vaxtlar məlum oldu ki, Gülər Əhmədova bunların işlərini görürmüş».

Gülər Əhmədova
Gülər Əhmədova
CƏZA GÖZLƏNİLİRDİ, BELƏ AĞIRINDAN YOX...

Gülər Əhmədova ötən ili yayında məhkəmə iclasına qatılıb bir dəfə ifadə versə də, tərəflərin suallarını cavablandırmadan məhkəmə salonunu tərk etmişdi. Onun məhkəməyə çağırılmasına dair Əvəz Zeynallı vəsatətləri hər dəfə rədd olunub.

Baş redaktorun vəkili Mansur Bayramov ona belə ağır cəza kəsiləcəyini gözləmirmiş:

«Ədalətsiz bir hökm oldu. Nə qanuna söykənir, nə məntiqə. Cəzanın bu qədər ağır olacağını gözləmirdik... Konkret fakta söykənən, hüquqşünas dili ilə desək, danılmaz sübutların heç birinə rast gəlmədik. Baş verənlər bir daha sübut etdi ki, Əvəz Zeynallı sifarişlə həbs olunub».

Vəkilin hökm sənədini əldə etdikdən sonra apellyasiya şikayəti verəcəklərini deyir.
İntiqam Əliyev
İntiqam Əliyev

«SİFARİŞ İDİ»

Hüquq müdafiəçisi İntiqam Əliyev hökmü gözlənilməz saymır:

«Baş verən gözlənilən idi. Çünki Əvəz Zeynallının həbsi bir sifariş idi. Onun hökuməti sərt tənqid edən yazılarını hakimiyyətin bağışlamayacağı bəlli idi. Bu anlamda başqa bir qərar olsaydı, təəccüblü görünərdi. Hesab edirəm ki, Əvəz Zeynallı və başqa siyasi məhbuslar yaxın vaxtlarda azadlığa çıxacaqlar. Çünki ölkə çox böyük dəyişikliklər ərəfəsindədir və proseslərin qarşısı alınmazdır. Siyasi məhbuslarımız məhkəmə qərarları ilə yox, ölkədə gedən xalq hərəkatının yekunu olaraq azadlığa çıxacaqlar».

Prokuror Əvəz Zeynallıya 11 il həbs cəzası istəmişdi.

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb.

Baş redaktorun tutulmasına səbəb olmuş ərizəni yazan keçmiş deputat Gülər Əhmədovanın özü hazırda dələduzluq ittihamı ilə həbsdədir. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirən videonu yayandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
XS
SM
MD
LG