Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:36

ABŞ səfirliyi Zakir Qaralovdan məktub alıb


Zakir Qaralov
Zakir Qaralov
-
Yerli media Baş prokuror Zakir Qaralovun ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı səfir Richard Morningstar-a məktub göndərdiyini yazır. Xəbəri Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla Bizimyolinfo.com yayıb. Məlumata məktubun surəti də əlavə olunub:

Məktubda deyilir ki, prokurorluq orqanları Milli Demokratiya İnstitutunun «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» qanunları pozduğunu aşkarlayıb. İnstitutun eləcə də Nazirlər Kabinetinin «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələblərini pozduğu bildirilir.

Zakir Qaralov MDİ-nin 23.07.2012-ci ilə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığını yazır. MDİ-nin illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verdiyi bildirilir:

«Nümayəndəliyin rəhbəri Alex Grigorievs-in Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu ildən 13.12.2012-ci ilə kimi olan dövr ərzində 1 007 990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb».

SƏFİRLİYİN CAVABI

ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun müvafiq sorğusunu cavablandırıb:

«ABŞ səfirliyi məktubu alıb və baxılmaq üçün Milli Demokratiya İnstitutuna göndərib. Bir daha bildiririk ki, Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanın mülki cəmiyyətinin və demokratik inkişafının dəstəklənməsi naminə çalışır».

Bir müddət əvvəl Alex Grigorievs-in «Facebook» sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar xərclədiyi barədə xəbərlər yayılıb.
Ruslan Bəşirli
Ruslan Bəşirli
Azərbaycan rəsmiləri təşkilatın işinin araşdırıldığını, nəticələr bilinəndə MDİ-nin Azərbaycandakı fəaliyyəti barədə qərar veriləcəyini bildirib.

Bu bəyanatları Prezident Administrasiyasının rəsmiləri, Xarici İşlər naziri Elmar Məmmədyarov da səsləndirib.

2005-ci il parlament seçkiləri ərəfəsində də Milli Demokratiya İnstitutuna qarşı bənzər ittihamlar irəli sürülürdü. Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin MDİ-dən pul, inqilabları necə törətmək barədə xüsusi təlimatlar aldığı bildirilirdi. Ancaq MDİ o zaman da hər hansı çevrilişə bağlılığını inkar edirdi. MDİ-nin Avrasiya üzrə regional direktoru Nelson Ledsky bunların Amerika qanunlarına, eləcə də MDİ-nin siyasətinə və iş təcrübəsinə zidd olduğunu bildirirdi.

ƏDLİYYƏ NAZİRLİYİ: MDİ-NİN RƏSMİ QEYDİYYATI VAR

Faiq Qurbanov
Faiq Qurbanov
2011-ci ildə qeydiyyat məsələsi üzündən MDİ-nin Bakı ofisi bağlanmışdı. İlin sonuna qurum yenidən fəaliyyətə başladı. Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov MDİ-nin rəsmi dövlət qeydiyyatına alındığını AzadlıqRadiosuna təsdiqləyir:

«MDİ dövlət qeydiyyatına alınıb və mövcud qaydalara uyğun olaraq onlarla saziş də bağlanıb. Yəni, MDİ-nin fəaliyyəti üçün qanuni əsas mövcuddur».

Bu il martın 12-də 200 manatdan artıq qrant və ianələrin nağd şəkildə verilməsini qadağan edən dəyişikliklər qüvvəyə minib. Ancaq hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycan qanunvericiliyi ilə həm bank, həm də nağd ödənişlər mümkündür:

«Mülki Məcəllə də nağd ödəməni qadağan etmir. İnzibati Xətalar Məcəlləsinə son dəyişikliklər də mülki hüquqa ziddir. Son dəyişikliklər qüvvəyə minmədən öncəki məqam üçün belə hərəkətlərin qanunsuz təsvir edilməsi qanunvericiliyə uyğun deyil».

«ABŞ-IN SƏRT ÜZÜ DƏ VAR»

Politoloq Zərdüşt Əlizadə isə hakimiyyətin «dostlara hər şey, düşmənlərə qanun» prinsipi ilə işlədiyini deyir, ancaq hakimiyyətin özünə düşmən saydığı dövlət dünyanın supergücü olan ABŞ-dır:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Hələlik ABŞ məsələyə yumşaq yanaşır. Ancaq onun sərt üzü də var. Biz o sərt üzü «Ərəb baharı»nda gördük. «Ərəb baharı» istəyirlərsə, Amerikanı özlərinə düşmən etsinlər. İstisna etmirəm ki, ABŞ-ın hansısa təşkilatı nağd pul verib. Ancaq mən Zakir Qaralovun yadına salmaq istəyirəm ki, Azərbaycanda yüz milyonlarla dollar nağd şəkildə bir adamdan digərinə ötürülür. Odur ki, şüşə evdə oturub yoldan keçənə daş atmaq təhlükəlidir».

Bir müddət əvvəl YAP-çı deputatlar ABŞ-da keçirdikləri görüşlərdə ölkənin Şimaldan və Cənubdan gələn təhlükələr arasında qaldığını deyir, dəstək istəyirdilər. Hakimiyyət bir tərəfdən ABŞ-dan kömək istəyir, digər tərəfdən MDİ ilə bağlı mövqeyini daha da sərtləşdirir. Nə baş verir?

Politoloq Zərdüşt Əlizadə bütün bunları siyasi alver sayır və Azərbaycanda insan haqları durumunu nəzərə alaraq bu alverin təhlükəli olduğunu deyir:

«Kimin kimlə alver etməsi çox maraqlıdır. Qanunun nisbi məfhum olduğu ölkələrin beynəlxalq miqyasda mübahisəsiz zor gücünə malik ölkələrə meydan sulaması ağır nəticələr doğura bilər».
XS
SM
MD
LG