Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Naxçıvanda yol polisi taksi sürücülərinin geyiminə nəzarət edir


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda taksi sürücülərinin yeni uniforma almağa məcbur edildiyi bildirilir.

Bu haqda AzadlıqRadiosuna məlumat verən bir qrup taksi sürücüsünün deməsinə görə, onları buna Dövlət Yol Polisinin əməkdaşları məcbur edir. Şikayət edənlər bildirirlər ki, forma almayan sürücüləri DYP əməkdaşları saxlayırlar. Daha sonra da onların avtomobillərini Naxçıvan MR DYPİ-nə aparıb orada cərimələyirlər.

«DEDİLƏR Kİ, UNİFORMANIZI DƏYİŞİB YENİ STİLDƏ TİKİLƏNİ ALMALISINIZ»

Taksi sürücüsü Mirabbas Fətullayev deyir ki, yeni qayda təxminən bir ay öncə tətbiq olunmağa başlayıb. Taksi sürücüsünün bildirməsinə görə, yeni qayda tətbiq olunmamışdan əvvəl köhnəldiyindən 55 manat verib əvvəlki formadan bir dəst alıb:

«Əvvəl şəxsi maşınımla taksi sürürdüm, sonra məcbur elədilər Naxçıvanda istehsal olunan «Lifan» avtomobili aldıq. Bundan sonra bizə dedilər ki, xüsusi geyim almalısınız. Etiraz eləmədik, aldıq. İki ildən çoxdur belə davam edirdik. Təxminə bir ay öncə isə dedilər ki, uniformanızı dəyişib yeni stildə tikiləni almalısız. Almayanı «QAİ» saxlayıb cərimələməyə başladı. Pulum yox idi almağa. Bir gün yolda saxladılar, müştəriləri maşından düşürüb, sürdülər Naxçıvan MR DYPİ-nin cərimə meydançasına. Apardılar taksi sürücülərinin işi ilə məşğul olan Cavad müəllimin yanına. Cavad müəllim dedi ki, formanı al, cəriməni də ödə, çıxar maşını. Mən dedim ki, özüm tikdirmək istəyirəm, bir az ucuz başa gəlsin. Dedi ki, yox, gedib filan dükandan almalısan. Getdim borc aldım, 55 manat verdim formaya, 50 manat da cərimə ödədim, buraxdılar maşını».

«YENİ FORMA GECƏ PALTARINA OXŞAYIR»

Mirabbas Fətullayev deyir ki, bu formalar yüksək vəzifəli şəxslərdən birinə məxsus olan tikiş fabrikində istehsal olunur:

«Kasıb adamlarıq. Pulum olmadığından məcbur qalıb «Lifan»ı kreditə götürmüşəm. Hər ay 400 manat maşının kreditinə verirəm. Gündə də bir qayda çıxarıb soyurlar bizi. Bilmirik kredit ödəyək, yoxsa uşaqlara çörək aparaq? Məqsədləri bizi soymaqdır. Yeni uniforma çox keyfiyyətsiz, xarici görünüşü də gülünc vəziyyətdədir. Gecə paltarına oxşayır. Utanırıq bu formada adam içinə çıxmağa. Özləri istehsal etdikləri formadır. Bu yolla sırıyırlar bizə. Bu yolla soyurlar camaatı. Elə bil hərbi rejimdəyik. Maşında birdəfəlik ülgüc gəzdiririk. Üzümüzü tüklü görəndə, bizi cərimə edirlər».

«100 FAİZ NƏZARƏTİMİZ ALTINDA KEÇİB YENİ UNİFORMAYA»

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYPİ ilə əlaqə saxladıq. Növbətçi taksilərlə bağlı yaranan problemlərin idarənin əməkdaşı Cavad Şabanova həvalə olunduğunu bildirdi. Cavad Şabanov taksi sürücülərinin yeni uniformaya keçməsini onun nəzarəti altında aparıldığını təsdiqləsə də, başqa açıqlama verməkdən boyun qaçırdı:

- 100 faiz nəzarətimiz altında keçib yeni uniformaya. Şəxsən nəzarət eləmişəm. Heç bir problem yoxdur.
Müzəffər Baxışov
Müzəffər Baxışov

- Bəs, sürücülər deyir ki, siz zorla onları məcbur edirsiniz forma almağa. Sizin belə hüququnuz varmı ki, taksi geyimlərinə nəzarət edəsiniz?

- Bu haqda danışmaq istəmirəm.

«MƏQSƏDLƏRİ HANSISA MƏMURUN İQTİSADİ MARAQLARINI HƏYATA KEÇİRMƏKDİR»

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, İnzibati Xətalar Məcəlləsində bu məsələ ilə bağlı məsuliyyət nəzərdə tutulmur:

«Taksi sürücülərinin uniformada olması ilə bağlı qanun yoxdur. Taksi sürücülərinin uniforma almağa məcbur edilməsi, onların buna görə məsuliyyətə cəlb olunması qanunsuzluqdur. Bu işin DYP əməkdaşları tərəfindən aparılması isə ikiqat qanunsuzluqdur. Nəqliyyat Nazirliyi özü belə bir təlimat tətbiq edib ki, taksi və avtobus sürücüləri uniformaya keçsinlər. Əslində, bu təlimat qanunvericiliyin tələblərinə uyğun deyil. Təlimatla isə hər hansı məsələyə görə inzibati məsuliyyət nəzərdə tutula bilməz. İnzibati məsuliyyəti yalnız Milli Məclis inzibati xətalara görə müəyyən edə bilər. DYP əməkdaşları belə bir addım atırlarsa, məqsədləri hansısa məmurun iqtisadi maraqlarını həyata keçirməkdir».
XS
SM
MD
LG