Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:57

ABŞ səfirliyi: «Hökumətlə açıq və qapalı şəkildə işləyirik»


Roland Kobia
Roland Kobia
-
İlin əvvəlindən ölkədə istər əsgər ölümlərindən, istərsə sosial tələblərdən qaynaqlanan etiraz aksiyaları keçirilib. Binədə, İsmayıllıda, eləcə də digər bölgələrdə etirazlar susdurulub. Yerli qanunvericiliyə həm QHT-lərlə bağlı, həm də icazəsiz aksiyalara görə cərimələri qaldıran dəyişikliklər olundu. Beynəlxalq hüquq-müdafiə təşkilatları son həbsləri, etiraz aksiyalarındakı zorakılıqları pisləyən bəyanatlar yaysa da, Bakıdakı diplomatik missiyalar, ATƏT, Avropa Şurası, Avropa Birliyi əksər hallarda susmağa üstünlük verib. Çox da yox, iki il öncəyədək, ölkədəki ictimai-siyasi olaylara bu qurumların daha çevik reaksiyasının şahidi olurduq.

ATƏT: «ÖLKƏDƏ BAŞ VERƏNLƏRİ İZLƏYİRİK»

Avropa Birliyi müxalifət fəallarını – İlqar Məmmədov və Tofiq Yaqublunu azadlığa buraxmağa çağırıb. Ancaq bu beynəlxalq birliyin Bakıdakı nümayəndəsi Roland Kobia 7 NİDA-çının həbsi barədə AzadlıqRadiosu müxbirindən eşitdiyini və bundan təəssüfləndiyini dilə gətirib:

«İrəliləyiş görmək istədiyimiz hər bir məsələ ilə bağlı Avropa Birliyi yetərincə yüksək səslə və aydın danışır. Verdiyimiz bəyanatlardan əlavə də iş görürük, dövlət qurumları ilə müzakirə edir, fikir mübadiləsi aparırıq. Bu görüşlərdə nələrdən danışıldığı barədə bir söz deyə bilmərəm, bu, diplomatiyadır. Mən sizə onu deyə bilərəm ki, bu məsələlərlə bağlı mən və həmkarlarım çox narahatıq, bəzi məsələlərə dair öz narahatlığımızı bildirmişik».

Roland Kobia fikrini belə yekunlaşdırıb:

«Diplomat bir söz demirsə, o demək deyil ki, o işləmir».

ATƏT
ATƏT
Avropa Şurasının Bakıdakı nümayəndəliyindən AzadlıqRadiosuna sualları yazılı göndərməyi məsləhət gördülər. Sonrakı zənglər cavabsız qaldı.

ATƏT-in Bakı ofisindən Rəşad Hüseynov bu barədə ətraflı danışmayacaqlarını deyir:

«Sadəcə, onu bildiririk ki, ölkədə baş verən hadisələri diqqətlə izləyir və mandatımız çərçivəsində onlara münasibət bildiririk».

ABŞ SƏFİRLİYİ AÇIQ VƏ QAPALI DANIŞIQLAR APARIR

Niyə diplomatik missiyalar ölkədə baş verənlərə dərhal reaksiya vermir, yalnız media sorğularının cavabında bəyanatlar yayır?

ABŞ səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirir ki, səfirlik və səfir bu məsələlərlə həm açıq, həm də qapalı şəkildə məşğuldur. ABŞ-ın mövqeyi birmənalıdır. Səfir Morningstar-ın fikrincə, Azərbaycan hökuməti böyük demokratik və iqtisadi potensialını o zaman reallaşdıra bilər ki, hökumət dinc toplaşma azadlığına hörmət etsin, hüququn aliliyini önə çəksin, qanuni şikayətləri araşdırmaq üçün vətəndaşlarla açıq dialoq aparsın. Səfirlik pərdəarxası məqamlara da toxunur:

- Hökumətlə qapalı danışıqlarımız görünməsə də, onları nəzərə almamaq olmaz.
Foto: Arxiv
Foto: Arxiv
Biz həm mülki cəmiyyət, həm də hökumətlə açıq və qapalı şəkildə Azərbaycanın demokratik gələcəyi üçün işləyirik.

– Xarici missiyalar hakimiyyətin tənqidi zamanı indi daha ehtiyatlı mövqe tutur?

– Azərbaycanın demokratik gələcəyinə dəstək – universal insan hüquq və azadlıqlarına dəstək ABŞ-ın buradakı siyasətinin qayəsidir. Siyasətimiz dəyişməyib. İnanırıq ki, hüququn aliliyi, fundamental azadlıqlar, dinamik mülki cəmiyyət quruculuğu və digər islahatlar Azərbaycanın ekstraordinar potensialının tam reallaşması üçün əsasdır. Biz buna inamımızı Azərbaycan hökumətindəki həmkarlarımızla ən yüksək səviyyədə bölüşür, onlarla əlaqə saxlayır, ehtiyac yarananda, spesifik insan hüquqları məsələlərini müzakirə edirik.

YENƏ RUSİYA?

Hüquq müdafiəçisi Arzu Abdullayeva beynəlxalq qurumların ehtiyatlı davranışı barədə rəyləri bölüşür və bunu hökumətin ATƏT-in Bakı ofisinin statusunun endirilməsi təklifi, səfirliklərə ayrı-ayrı vaxtlarda edilən xəbərdarlıq və notalarla bağlayır. Ancaq hüquq müdafiəçisi bu qurumların öz missiyasından kənara çıxa bilməməsini də vurğulayır:
Ərəstun Oruclu
Ərəstun Oruclu

«Mən bilirəm ki, bir çox səfirlər insan haqları müstəvisində Prezident Aparatı, güc strukturları ilə münasibət yaradıblar və danışıqlar aparırlar».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hazırkı durumu Qərb qurumlarının gözləmə mövqeyində olması ilə izah edir. Səbəb də, politoloqun fikrincə, Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginliklə bağlıdır. Belə ki, münasibətlərin formatı bəlli olmayınca, Qərb vəziyyəti nəzarət saxlamağa, ağırlaşdırmamağa çalışır:

«Qərb gözləyir ki, Azərbaycan hakimiyyəti öz münasibətini müəyyənləşdirsin. İstisna etmirəm ki, Qərbin Azərbaycanı necə görmək istəməsi haqqında İlham Əliyev hakimiyyətinə kifayət qədər açıq mesajlar verib. İndi onun nəticəsi gözlənir. Görünür bir zaman var, bu zaman başa çatandan və nəticələr olmasa, indiyəcən olmayan çox sərt fikirlər olacaq».
XS
SM
MD
LG